Məhkəmə qərarları › İş №1(076)-186/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-186/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-186/2024 05.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1996–cı il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Şəmkir şəhəri, Hərbi Şəhərcik DOS-1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 06 may 2024-cü il tarixdə saat 10 radələrində Şəmkir şəhəri, Hərbi Şəhərcik DOS-1 ünvanında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona burun yəhərinin qançırları ilə müşayət olunan burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 06 may 2024-cü il tarixdə saat 10 radələrində Şəmkir şəhəri, Hərbi Şəhərcik DOS-1 ünvanında yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ondan mobil telefonu istəmiş, lakin mobil telefonu vermədiyi üçün onların aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, əli ilə bir dəfə arvadı Aynurun sifətinə vurub xəsarət yetirmişdir. Bununla belə hadisədən sonra arvadı Aynurəyə dəymiş ziyanı tamamilə ödəmiş onunla barışmış və birlikdə mehriban yaşayırlar. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 06 may 2024-cü il tarixdə saat 10 radələrində Şəmkir şəhəri, Hərbi Şəhərcik DOS-1 ünvanında yaşadığı evdə əri Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonu istəmiş, lakin Tuğay mobil telefonu vermədiyi üçün onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Tuğay yumruqla bir- iki dəfə onun sifətinə vurub xəsarət yetirmişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs etdiyi hərəkətdən peşman olaraq ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda birlikdə yaşayaraq mehriban ailə həyatlarını davam etdirirlər və onun Tuğaydan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı ifadəsi elan edilmiş Şahid ibtidai araşdırma zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı, Təqsirləndirilən şəxs isə yeznəsidir. 06 may 2024-cü il tarixdə bacısı Aynur onun mobil telefonuna zəng edib onu yaşadığı evdən aparmasını demişdir. O, Aynuru aparan zaman sifətinin qan olmasını görüb nə baş verməsini soruşduqda Aynur ona Tuğay tərəfindən döyülməsini bildirmişdir. Cinayət işinin materiallarında olan 08 may 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 06 may 2024–cü il tarixli, 398 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–burun yəhərinin qançırı ilə müşayət olunan burun sümüyünün sınığı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 06 may 2024–cü il tarixə uyğun gəlir. Ağırılıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmayıb. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Əliyaqublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci ildə anadan olmuş Renat adlı bir nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 06 may 2024–cü il tarixdə saat 10 radələrində yaşadığı Şəmkir şəhəri, Hərbi Şəhərcik DOS-1 ünvanında yerləşən yaşadığı evinin içərisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifətinə vuraraq ona burun yəhərinin qançırları ilə müşayət olunan burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar