Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-188/2023 04.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1992-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 24 iyul 2022-ci il tarixdə saat 18 radələrində əmisi Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Əhmədli kəndində yerləşən evdən 1 kiloqramının qiyməti 3 manat 50 qəpik olan cəmi 350 manat dəyərində 100 kiloqram sarımsağı və 1 ədədinin qiyməti 3 manat olan cəmi 159 manat dəyərində 53 ədəd ot bağlamasını, ümumilikdə 509 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışdır. Bundan başqa o, təkrarən qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 24 iyul 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda əmisi Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Əhmədli kəndində yerləşən evdən 1 ədəd 120 manat dəyərində “Orski” markalı soyuducunu gizli talayaraq oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs doğma əmisidir, aralarında olan münasibətlər Şəmkir rayonu, Əhmədli kəndində yerləşən, mərhum nənəsinə məxsus olan və həmin ünvanda qeydiyyatda olduğu ata yurdu hesab edilən evə görə pozulmuşdur. 2017-ci ilə qədər həmin evdə yaşamışdır. Əhmədli kəndində yerləşən evin həyətyanı sahəsi 30-40 sotdan ibarətdir və orada təbii şəkildə ot bitir. O, 2022-ci ilin iyul ayının ortalarında kənddə olarkən əmisi Telmana orada olan otu biçməməyini və özünün biçib satacağını demişdir. Lakin, əmisi Telman onun sözlərinə məhəl qoymayaraq həmin yeri biçdirib ot presi halına salaraq evin həyətinə yığmışdır. Eyni zamanda evdən 60-70 metr aralıda yerləşən mərhum nənəsinə məxsus pay torpağı sahəsində kartof məhsulu əkmək istəmiş, lakin əmisi Telman orada ona məhəl qoymayaraq sarımsaq bitkisi əkmişdir. O, da əsəbləşib həmin ot presindən və sarımsaqdan payın olduğunu hesab etdiyinə görə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Əhmədli kəndində yerləşən evə getmiş, çəpərdən taxta qapını açıb içəri girmişdir. Evin qaraj hissəsinə baxanda ot preslərini, zirzəmidə isə sarımsaq bitkisini yerə sərilmiş halda görmüşdür. Onları götürmək üçün Çənlibel kəndindən olan adını xatırlamadığı şəxsə bir neçə şəxs vasitəsilə zəng etmiş və ot preslərini yükləmək üçün yük maşını ilə oraya gəlmişdir. 93 ədəd ot presini və zirzəmidə olan təxminən 40 kiloqram çəkisi olan sarımsaq bitkisini yeşiklərə yığılmış halda yük maşınına yükləmiş və yaşadığı evə gəlmişdir. Səhəri gün Qoşun adlı şəxsə 53 ədəd ot presini bir ədəd 3 manata olmaqla satmış, 150 manat pul əldə etmişdir. Sarımsağı isə bazarda 1 kiloqramı 1,80 manata sataraq 60 manat pul almışdır. O, evdən soyuducu götürməmişdir. 2018-ci ildə nənəsi Fatmanın sağlığında özlərinə məxsus 6 baş mal-qaranı və 8 ədəd yeşik arını anası xəstə olduğuna görə satmışlar. Həmin heyvanlar nənəsinə məxsus olmamışdır. O, ot presini və sarımsağı alana özünə məxsus olduğunu demişdir. O, başqa oğurluq etməmişdir. Hazırda zərərşəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs qardaşı oğludur, münasibətləri anasının adına Şəmkir rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evinə görə pozulmuşdur. Evi mərhum anası X2 vəsiyyətnamə əsasında oğlu X1 vermişdir. Evi oğlunun adına sənədləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs da həmin evə iddia edir və evdən payının olduğunu bildirmişdir. Təxminən 2022-ci ilin iyun ayının 20-21 tarixində həmin evin həyətindən bir həftə əvvəl 110 kiloqram sarımsaq məhsullarını çəkib qoymuş və evin zirzəmisində yerə sərmişdir. Təxminən 2022-ci ilin iyun ayının əvvəllərində isə evin həyətyanı sahəsində olan otu biçib evin arxa tərəfinə 53 ədəd ot presini halına gətirərək yığmışdır. xx.xx.2022-ci il tarixdə evin həyətində əvvəlcədən yığdığı arı yeşiklərini taksiyə yığdırıb Gədəbəy rayonu, Slavyanka kəndinə aparmışdır. Bir gecə orada qalmış və xx.xx.2022-ci il tarixdə səhər saatlarında qonşusu Kamal ona zəng edərək evin girişində olan qapının qıfılının sindirilmiş, qapıların isə açıq vəziyyətdə olmasını bildirmişdir. O, dərhal Əhmədli kəndinə gəlmiş və həqiqətən də qapının qıfılının sınıq vəziyyətdə olduğunu, zirzəmisində yığdığı təxminən 100 kiloqram sarımsaq məhsulunun və arxa tərəfdə yığdığı 53 ədəd ot presinin yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Ətrafda yaşayan insanlardan maraqlandıqda qardaşı oğlu Elminin gecə evə gəldiyini demişlər. O, oğurluğu Elminin etdiyini bilmiş və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, Elmin ot preslərini Şəmkir şəhər sakini Şahid1 1 ədədi 3 manatdan satmışdır. Evdən apardığı sarımsağı isə bazarda satmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə onun oğlu Seymur evə gedib baş çəkəndə evin qapısının qıfılının sındırıldığını və evin mətbəxində olan 1 ədəd iki qapılı, Rusiya istehsalı olan “Orski” markalı soyuducunu oğurladığını aşkar etmişdir. Həmin soyuducunu da Elmin oğurlamışdır. Çünki Elmin həmin günü kənddə görülmüşdür. O, bununla bağlı da şikayət etmiş və evə polislər gəlib baxış keçirmişlər. 2018-ci ildə anası Fatmanın sağlığında Elmin anasına məxsus 6 baş mal-qaranı və 8 ədəd yeşik arını oğurlamışdır. Sadəcə olaraq anası Fatma şikayət etmək istəməmiş və onlar da şikayət etməmişlər. 1 ədəd iki qapılı, Rusiya istehsalı olan “Orski” markalı soyuducunu 2018-ci ildə o, 220 manata almışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq qanuni qərar qəbul etməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs tanımır, heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yaşadığı evdə saxladığı iri buynuzlu heyvanları saxlamaqla süd və qatı məhsulu hazırlayıb satarkən tanışmışdır. Elmin onun müştərisidir. 25 iyul 2022-ci il tarixdə saat 18 radələrində Elmin onun yaşadığı evə gələrək bir ədədini 3 manata ot presi satdığını bildirmiş və ondan ot almaq istəyib- istəmədiyini soruşmuşdur. O, heyvana görə ot lazım olduğundan Elminlə razılaşmış və 53 ədəd ot presini 150 manat almışdır. Elmin həmin presləri Qazel markalı, nömrəsini xatırlamadığı avtomobil ilə gətirmişdir. Ot preslərini Elmin tək onun evin həyətinə tökmüş və pulu aldıqdan sonra getmişdir. O, ot preslərinin oğurluq olmasını bilməmiş, məlumatı olmamışdır. Elmin ona preslərin özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs ona otdan başqa heç nə satmamışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş 25 iyul 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evində baş vermişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə iş üzrə icraat dayandırlmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icraat təzələnmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 9/7020 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1 kiloqram sarımsaq-3,50 manat, 1 ədəd ot bağlaması- 3,00 manat olması müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2023-cü il tarixli, 9/9318 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd iki qapılı, 2018-ci ildə alınmış, Rusiya istehsalı olan “Orski” markalı soyducunun orta istismar müddəti və orta istismar intevsivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 yanvar 2023-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə və hökmlə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə odəyərək barşıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxslə barışdığını və qanuni qərar qəbul edilməsini xahiş etmsini nəzərə alıb, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törədilən cinayət əməlinə görə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, barışıq əldə etməsi səbəbindən, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığı məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalət və humanizm prinsiplərinə uyğun olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə məhkəmə xərci, müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi hüquqi yardımın göstərilməsi üçün 20 saat vaxt sərf etmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 120 manat vəsait dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir Rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs oğlunun üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-188/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-188/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver