Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-188/2024 28.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla maddi neməti vahid niyyətlə istəyərək almışdır. (nüfuz alveri etmişdir). Belə ki, o, tanışı Şahid4 vasitəsi ilə Şahid1 təhsili davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilməsinə dair həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin noyabr ayında özünə müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon idarəsinin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid1 təhsili davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilməsi məsələsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (min beş yüz) manat pul vəsaitini Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsində görüşləri zamanı istəyib, Şahid1 700 manat pul vəsaiti verəcəyinə dair razılığını alaraq, həmin niyyətlə 2023-cü il noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon idarəsinin qarşısında sonuncudan özü üçün şəxsən bir başa yolla maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, eyni niyyətlə cinayətkar niyyətini davam etdirərək Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin dekabr ayında özünə müraciəti ilə əlaqədar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon idarəsinin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat pul vəsaitini həmin tarixdə Şəmkir rayonu ərazisində görüşləri zamanı istəyib, Şahid1 5.000 manat pul vəsaiti verəcəyinə dair razılığını alaraq, həmin niyyətlə Şahid1 tərəfindən 07 mart 2024-cü il tarixdə Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim” marketdə “Milli ÖN” ödəmə terminalı vasitəsilə özünə məxsus "xxxx" ASC-də açılmış 4169-7388-7586-2470 nömrəli bank kartına 1200 manat göndərilməklə, eyni niyyətlə sonuncudan 11 mart 2024-cü il tarixdə Şəmkir şəhəri, Heydər Əliyev prospektində, “Bravo” marketin qarşısında özünə məxsus ağ rəngli “VAZ 2107” markalı avtomobilində 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilikdə Şahid1 özü üçün şəxsən bir başa yolla maddi nemət olan 5.700 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb, şəxsi ehtiyaclarına sərf etməklə, həmin hərəkətləri öz həqiqi təsir imkanlarından istifadə edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon idarəsi tərəfindən Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə hərbi biletin tərtib edilməsinə nail olaraq, vəzifəli şəxsin qərarına qanunsuz təsir etməklə vahid niyyətlə nüfuz alveri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şahid1la onu 2023-cü ilin yay aylarında Gəncə şəhərində yaşayan tanışı Şahid4 tanış etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin "Həqiqi Hərbi Xidmətə Çağrış" Bölməsinin rəisi Şahid2 ilə onun yaxın münasibəti olmuş, bu səbəbdən də Şahid4 ondan xahiş etmişdir ki, Şahid1 hərbi xidmətdən möhlət verilməsi məsələsini həll etsin. Elə həmin ərəfədə Şahid1la zəngləşərək Şəmkir rayonunda yerləşən "Bravo" marketin yaxınlığında görüşmüşlər. Şahid1 Türkiyə Cümhuriyyətində yaşadığını və orada ali təhsil aldığını və bu səbəbdən çağırışdan möhlət almaq istədiyini ona bildirmişdir. Şahid1 ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində tanımadığı şəxsin ondan möhlət hüququnun verilməsi üçün 1500 manat istədiyini ona bildirmişdir. O, Salmanla danışıb ona kömək etməyə çalışacağını və tanışları vasitəsi ilə ona möhlət hüququ alacağını bildirmişdir. Aralarındakı danışıq əsasında Salmana bu işi yerinə yetirmək üçün 1500 manat alacağını bildirmişdir. Şahid1 onunla razılaşaraq ona 700 manat pulu vermiş və Bakı şəhərinə yollanmışdır. Həmin vaxt Şahid1 yanında Cavid adlı şəxs də olmuşdur. Bundan sonra o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində Çağırış şöbəsinin rəisi vəzifəsində çalışan tanışı Şahid2lə maraqlanarkən o, Şahid1 ali təhsil alması ilə bağlı sənədlərinin çalışdığı Şöbəyə daxil olmadığı üçün ona çağırışdan möhlətin verilməyin mümkün olmadığını bildirmişdir. O da 2023-cü ilin noyabr ayında Şahid1la əlaqə saxlayaraq ona bu barədə məlumat vermiş və 700 manatını geri qaytarmaq üçün bank kartı məlumatlarını bildirməsini xahiş etmişdir. Aralarındakı danışıq zamanı Şahid1 ondan pulu geri istəməyərək hərbi xidmətə yararsız olmasına dair hərbi bilet təşkil etməyini xahiş etmişdir. Belə ki, o, cinsi oriyentasiyası ilə bağlı hərbi xidmətə yararsız olduğunu və tez bir zamanda hərbi bilet əldə etmək istədiyini və bunu etməkdə ona köməklik göstərməyini xahiş etmişdir. O, həmin ərəfədə Şahid2lə əlaqə saxlayarkən o, Şahid1 cinsi oriyentasiyası ilə bağlı zəruri həkim komissiyalarının keçiriləcəyini və onun həqiqətən də hərbi xidmətə yararsız olması ehtimalının yüksək olduğunu və həkim yoxlamalarından sonra yekun qərarın qəbul olunacağını bildirmişdir. Bu söhbətdən sonra o, Şahid1la əlaqə saxlayaraq ona hərbi xidmətə yararsızlığı ilə bağlı biletin əldə edilməsi ilə əlaqədar ondan 700 manatdan əlavə 5000 manat pul alacağını bildirmişdir. Salman razılaşmış, pulu hazırladıqdan sonra əlaqə saxlayacağını demişdir. Bir müddət sonra o, Şahid2lə əlaqə saxlayıb Şahid1 işi ilə maraqlanarkən o, Şahid1 həqiqi hərbi xidmətə yararsız olması ilə bağlı yekun rəyin olduğunu və bununla bağlı hərbi biletinin də hazır olduğunu bildirmişdir. O, Şahid2 Şahid1 Şəmkir rayonuna gələ bilmədiyini bildirib onun hərbi biletini götürməyinə şərait yaratmasını xahiş etmişdir. Aralarında olan səmimi münasibətlərə görə Emin etiraz etməmiş və Şöbəyə yaxınlaşıb işçilərdən hərbi bileti götürməyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə yaxınlaşmış və orada Şahid1 yerinə imza edərək onun hərbi biletini götürmüşdür. 2024-cü il mart ayının 7-də o, Qarabağ və Bayer Leverkusen oyununa baxmaq üçün Bakı şəhərinə gəlmiş, Şahid1la mobil telefonla əlaqə saxlayaraq, Bakı şəhərində olduğunu və qalan pulu verməklə onda olan hərbi biletini götürməyini bildirmişdir. O, işləri olduğundan görüşə gələ bilmədiyini bildirərək, bank kartı məlumatlarını istəmişdir. O, öz adına olmaqla, "xxxx" ASC-yə məxsus kartın məlumatlarını ona bildirmişdir. Salman bir neçə dəqiqə sonra kartına 1200 manat pul yükləmişdir. Qalan 3800 manatı isə bir neçə gün sonra Şəmkir rayonuna gələndə verəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Şahid1 onunla zəngləşərək növbəti gün görüşməyi təklif etmişdir. 11 mart 2024-cü il tarixdə təxminən saat 11:30 radələrində Şəmkir rayonunda "Bravo" marketin qarşısında Şahid1la baş tutan görüşlərində o 38 ədəd 100 manatlıq əskinazlardan ibarət ümumilikdə 3800 manat pulu ona vermiş və o Şahid1 məxsus olan hərbi bileti təqdim etmişdir. Bir neçə dəqiqə sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək onu Şəmkir rayon prokurorluğuna dəvət etmişlər. Təqsirləndirilən şəxs sualları cavablandırarkən qeyd etdi ki, Şahid1 götürdüyü 5700 manat pulu özü üçün istədiyini, ondan heç kimə vermədiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin əməkdaşları onun Şahid1 ümumilikdə 5700 manat pul almağından xəbərsiz olmuşdur. Lakin o, Şahid1 inandırmaq üçün hər dəfə ona bu işi Komissarlığın vəzifəli şəxsin etdiyini bildirməklə aldatmışdır. O, hər hansı şəxsə həmin puldan hər hansı bir məbləğdə pul verməmişdir. O, Şahid1 guya ki, onun həqiqi hərbi xidmətə yararsız olması ilə əlaqədar hərbi biletinin alınmasını onun təşkil etməyinə inandırıb aldatmaqla ondan 5700 manat pulu öz şəxsi ehtiyaclarını ödəmək üçün almışdır. Hazırda əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən yeganə şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2016-cı ildə X4 şəhərində yerləşən özəl “İstanbul Kültür” Universitetinə qəbul olmuşdur. Orada təhsil aldığı müddət ərzində tələbə olmağı ilə bağlı lazımi bütün sənədləri hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Şəmkir rayon şöbəsinə göndərmişdir. O, İstanbulda oxumaqla yanaşı həmdə işlədiyinə görə müəyyən dərsləri buraxmış və imtahanlardan kəsrləri olmuşdur. Buna görə 4 il müddətinə təhsilini tam başa vura bilməmiş, oxuduğu universitetin qaydasına əsasən 4 il müddəti ilə yanaşı universiteti bitirmək üçün əlavə 3 ildə təhsil müddəti verilmişdir. Daha sonra 2020-ci ildə olan pandemiya ilə əlaqədar təhsil sistemi əyani olaraq bağlanmış, iş yerləri bağlanmışdır. O, da işləyə bilmədiyinə görə təhsil haqqını ödəyə bilmədiyindən təhsilinə davam edə bilməmişdir. Beləcə onun universiteti bitirmək məsələsi uzanmışdır. Pandemiyadan sonra son 3 il olar ki, o, tələbə olmağı ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə heç bir sənəd göndərməmişdir. O, bu illər ərzində bir neçə dəfə Bakıya gəlib-getsə də ona heç bir maneə törədən olmamış, o da heç bir problemin olmadığını görüb rahat şəkildə Bakıya gəlib qayıtmışdır. 2023-cü ilin oktyabr ayında şəxsiyyət vəsiqəsini dəyişərək yeni növ şəxsiyyət vəsiqəsi almaq və Şəmkir rayonunda yaşayan nənəsinə baş çəkmək üçün Azərbaycana gəlmək istəmişdir. Beləliklə gəliş və qayıdış biletlərini alaraq 10 noyabr 2023-cü il tarixdə Bakıya gəlib 15 noyabr 2023-cü il tarixdə İstanbula qayıdacaqdır. 10 noyabr 2023-cü il tarixdə Bakıya gəlmiş və 1 gün ərzində dövlət rüsumunu ödəyərək yeni nəsil şəxsiyyət vəsiqəsi almış, bununla yanaşı burada olduğu vaxt xarici pasportunuda dəyişmək istəmişdir. Lakin müraciət etdikdə hərbi bilet lazım olduğunu demişlər. Digər şəxsi işləri ilə əlaqədar Bakıda qalmış, Şəmkirə gedib nənəsinə baş çəkə bilməmişdir. O, Bakıya Türkiyə vətəndaşı olan qız tanışı ilə birlikdə gəlmişdir. 15 noyabr 2023cü il tarixdə bərabər İstanbula qayıdanda qız tanışı hava limanında sərhəd xidmətindən keçdikdə onu əməkdaşları saxlayıb onun adına stop olduğunu deyib ölkədən çıxışına qadağa qoylduğunu bildirmişlər. O, Türkiyədə təhsil aldığını, tələbə olduğunu deyib əməkdaşlara tələbə sənədini göstərdikdə onlar həmin sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu Şəmkir rayonu üzrə müvafiq şöbəyə təqdim etməyini bildirmişlər. Sonra o, Türkiyədən tanışı olmuş Cavid adlı dostuna zəng edib məsələni danışmışdır. Caviddə Türkiyədə təhsil aldığından bu sahələri yaxşı bilmişdir. Cavidin deməsi əsasında o, türk dilində olan tələbə sənədini Bakı şəhəri Nizami rayonunda yerləşən Türkiyə Cümhuriyyəti müşavirliyinə təqdim etmişdir. Ora müraciət etdikdən 1 həftə sonra bütün sənədlərini hazırlayıb həqiqətəndə Türkiyə Cümhuriyyətida ali təhsil almağı ilə bağlı sənədləri ona vermişlər. O, türk dilində olan sənədlərini 1 nömrəli notariat ofisində tərcümə etdirib təsdiqlətdirmişdir. Səhəri gün həmin sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə aparmışdır. O, Bakıya gəldikdə Türkiyədən olan qız tanışı ilə birlikdə “Fairmont” otelində qalmışlar. Orada Emin adlı şəxslə tanış olmuş, söhbət zamanı Emin əslən Gəncə şəhərindən olduğunu, orada yaşadığını, işlə əlaqədar Bakıya gəlib-getdiyini bildirib Gəncə şəhərində şərab zavodunun sahibi olduğunu bildirmişdir. Eminlə aralarında yaranan münasibət əsasında o, mobil nömrəsini onalara verib nə lazım olarsa ona müraciət edə biləcəklərini demişdir. O, da Şəmkirə getdikdə Eminə zəng edib bu barədə ona nəsə köməklik edər deyə ona bildirmişdir. O, dostu Cavidlə birlikdə Şəmkirə qatarla yollanmışdır. Emində onların qarşısına avtomobil göndərmiş və 4 gün Gəncədə qalmağı təmin etmişdir. İlk olaraq o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə getmiş və orada onu adını xatırlamadığı şöbə rəisi qəbul etmişdir. O, vəziyyəti ona başa saldıqdan sonra onun təqdim etdiyi sənədləri Elm və Təhsil Nazirliyinə göndərəcəklərini, oradan cavab aldıqdan sonra ona cavab verəcəklərini, həmin cavabın 3-4 ay müddətində gələcəyini bildirmişlər. O, rəisin yanından qəbuldan çıxdıqdan sonra Eminin ona təhkim etdiyi adını xatırlamadığı sürücü ilə danışıb vəziyyəti ona demişdir. O, Eminə zəng edib bu barədə kömək istəmişdir. Emində ona Xəlil adlı şəxsin nömrəsini göndərib onunla əlaqə saxlamağını deyib Xəlil ona kömək edəcəyini bildirmişdir. Sonra o, özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən Xəlilin ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, danışıq zamanı Xəlil məsələni 5-6 gün ərzində həll edəcəyini bildirib bunun müqabilində ondan 700 manat pul istəmişdir. Danışığa əsasən səhəri gün, yəni 23 noyabr 2023-cü il tarixdə Cavidlə birlikdə taksi ilə Şəmkirə gələrək, ilk olaraq Xəlilin öz mobil nömrəsinin Whatsapp tətbiqi vasitəsilə onun Türkiyə nömrəsinin Whatsapp mobil tətbiqinə göndərdiyi yerləşmə adresinə, yəni Şəmkir rayonu, Füzuli Hüseynov küçəsinə getmişlər. Oradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə getmişlər. Şöbənin qarşısında o, özü şəxsən əlbəəl Xəlilə 700 manat pulu vermişdir. X7 birlikdə şöbəyə tərəf getmiş, Cavid şöbənin giriş qapısı qarşısında dayanmış, Xəlil isə içəri daxil olub təxminən 20 dəqiqə sonra çıxmışdır. Sonra onlar avtomobilə tərəf gəlmiş, Xəlil isə məsələni həll etdiyini, 3 gün ərzində ölkədən çıxa biləcəyini bildirmişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. Daha sonra o, Xəlilə hər dəfə zəng etdikdə Xəlil hər dəfə bir bəhanə gətirərək növbəti 3 gün, növbəti 5 gün ərzində məsələni həll edəcəyini bildirmişdir. O, Xəlilin onda olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə özünə məxsus mobil nömrələrlə həm adi qaydada, həmdə həmin nömrələrin Whatsapp mobil tətbiqi vasitəsilə danışmış, təxminən 2023-cü ilin dekabr ayının ortalarında onun bir tanışı əsl həqiqətdə olduğu kimi cinsi azlıq olmağı ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib birdəfəlik hərbi bilet almağını məsləhət görmüşdür. Bundan sonra o, bu barədə Xəlillə danışdıqda Xəlil həmin məsələni həll edə biləcəyini bildirmişdir. Sonra o, yenidən Şəmkirə gəlmiş və Xəlilin deməsi əsasında hərəkət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə ərizə ilə müraciət edib cinsi azlıq olduğunu, hərbi xidmətə yararsız olduğunu qeyd etmişdir. Bundan sonra orada ona həkim komissiyasından keçmək üçün Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya xəstəxanasına müraciət etməyini bildirmişlər. 26-27 dekabr 2023-cü il tarixlərdə o, həmin xəstəxanada komissiyadan keçmiş, lazım olan müayinələri vermişdir. Bundan sonra o, Xəlillə danışdıqda Xəlil məsələnin müsbət həll olunması müqabilində ondan 5.000 manat pul istəmişdir. Xəlil 5.000 manat pulu məhdudiyyətin götürülməsi və hərbi biletinin tez verilməsi müqabilində ondan istəmişdir. O, da Xəlilin bu hərəkətindən əsəbləşib Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Daha sonra Xəlillə danışıb xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim marketdəki Milli ÖN” ödəmə terminalı vasitəsilə Xəlilin ona göndərdiyi 4169-7388-7586-2470 nömrəli bank kartına Baş İdarə tərəfindən protokolla təqdim edilən 1200 manat pul göndərmişdir. Daha sonra Xəlillə danışığına əsasən xx.xx.20204-cü il tarixdə Baş İdarənin əməkdaşları tərəfindən üzərində texniki vasitə quraşdırılmış və 3.800 manat məbləğində protokollaşdırılaraq təqdim edilmiş 100 manatlıq əskinaslar ona təqdim olunmuşdur. O, da pulları götürüb xx.xx.2024-cü il tarixdə saat təxminən 11:30 radələrində Xəlillə Şəmkir rayonunda “Bravo market”in həyətində yerləşən dayanacaqda görüşüb onun ağ rəngli VAZ-2107 markalı avtomobilinə əyləşib avtomobilin içində 3800 manat pulu ona vermişdir. Pulu verdikdə Xəlil ona məxsus hərbi bileti təqdim etmişdir. Lakin o, Xəlilin onun hərbi biletini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən götürməsi ilə bağlı ona heç bir etibarnamə verməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 9-cu sinifdə oxuduğu dövrlərdə Şəmkir rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsində ilkin qeydiyyata duraraq ilkin hərbi qeydiyyat vəsiqəsi almışdır. Şahid1 məktəbi bitirdikdən sonra Türkiyə Cümhuriyyətində ali təhsil alması barədə arayışı Çağırış Bölməsinə göndərmişdir. Son dövrlərdə Şahid1 möhlət hüququnun verilməsindən ötrü təhsillə bağlı yeni illik arayışı təqdim etmədiyinə görə Şəmkir rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsindən Polis İdarəsinə və yerli prokurorluğa məlumat verilməklə sonuncu sərhədkeçmə məhdudiyyət siyahısına keçirilmişdir. 2023-cü ilin noyabr ayında Şahid1 ölkə sərhədindən daxil olarkən bu barədə məlumat verilmişdir. Şahid1 özü bundan sonra bölməyə yaxınlaşaraq sərhədkeçmə məhdudiyyət siyahısından adının çıxarılmasını şəxsən xahiş etmişdir. O, Şahid1 qanuni qaydada möhlət hüququnun verilməsindən ötrü həmişəki kimi təqdim etdiyi təhsil arayışının təqdim etməsini izah etmişdir. Bundan sonra X5 getmək istədiyini və oradan arayış göndərəcəyini bildirmiş və səsli şəkildə bölmədə etirazını bildirmişdir. Bir neçə dəfə bölməyə eyni etirazla yaxınlaşsada ona eyni qaydada qanuni şəkildə arayışı təqdim etməyi bildirmişdir. Lakin Salman istədiyinə nail ola bilmədiyi üçün tanışı Təqsirləndirilən şəxs növbəti dəfə yanına göndərmişdir. O, Xəlilə bildirmişdir ki, Salmana görə etdiyi xahişini ancaq qanuni çərçivədə edə bilər, baxmayaraq ki, Xəlillə rayon sakini kimi çörək kəsmiş və münasibəti vardır. Xəlil birdə Salmanı götürüb bölməyə gəlmiş, onun dediklərini Salmana o da izah etmişdir. X5 getmək üçün digər çıxış yolunu göstərməyi xahiş etmişdir. O, Şahid1 bildirmişdir ki, o, arayış təqdim etmədiyi üçün onu qanuni qaydada çağırışa cəlb edib həkim komissiyasından keçmək üçün göndərməlidir. Şahid1 razılığını bildirmiş və onsuzda oriyentasiyası qeyri-müəyyən olduğu üçün yararsız olacağını bildirmişdir. Onu həkim komissiyasına cəlb etmişlər. Yoxlanışdan keçməsi üçün 1 nömrəli psixiatriya xəstəxanasına göndəriş verilmişdir. Sözügdən 1 saylı Psixiatriya xəstəxanasından daxil olan akta əsasən Şahid1 şəxsiyyət pozğunluğu (cinsi azlığ) aşkar edilmişdir. Bundan sonra Salman dinc dövrdə hərbi xidmətə yararsız və müharibə dövründə məhdud yararlı (18B) hesab edilmiş və barəsində qərarın təsdiqlənməsi üçün SHXÇDX-nın MHHK-a təsdiq olunması üçün göndərilmişdir. Qobu qəsəbəsində yerləşən Mərkəzi Hərbi Həkim Komissiyasına çağırılaraq xəstəliklə bağlı qərarı təsdiqlənmişdir. Şahid1 şəxsi işi şöbəyə daxil olduqdan sonra Xəlil müraciət edərək Salmanın sənədləri ilə bağlı xəbər soruşmuş, o, Xəlilə Salmanın sənədlərinin gəldiyini bildirmiş və Salmanın gəlib hərbi biletini götürə biləcəyini söyləmişdir. Xəlil Bakıya gedəcəyini bildirərək hərbi bileti aparıb Bakı şəhərində Salman Məmmdova verəcəyini söyləmişdir. Şahid1 tanışı kimi Xəlil dəfələrlə Salmanla bərabər yanına gəldiyinə və şəxsən Xəlili rayon sakini kimi tanıdığına görə bu barədə Şöbə rəisi Mehman Rəhimova bildirmiş və o, isə Şahid1 xəstəliyini və narazı tipli vətəndaş olduğunu nəzərə alaraq hərbi biletin Salmana çatdırılması üçün Xəlilə verilməsinə razılıq vermişdir. Bundan sonra Səfərbərlik Bölməsinin müfəttişi Şahid3 rəisin razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs Şahid1 hərbi biletini verərək Xəlilə cədvəli imzalatdırmışdır. O, Şahid1 hərbi xidmətə yarasız olması barədə hərbi biletin verilməsi üçün Təqsirləndirilən şəxs hər hansı şəxsdən hər hansı mələğdə pul tələb edib almamışdır. Təqsirləndirilən şəxs Şahid1 sonuncunun yararsız olması barədə hərbi biletin verilməsindən ötrü 5700 manat məbləğində pul alması barədə isə heç bir məlumatı yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon X2 və Səfərbərlik bölməsinin müfəttişi vəzifəsində 01 fevral 2016-cı il tarixdən çalışır. Şahid1 hərbi biletini o, yazmış, onu şəxsən tanımasa da cinsi azlıq kimi görünüşü olduğundan yadında qalmışdır. Belə ki, 07 mart 2024-cü il tarixdə Şahid2 ona yaxınlaşaraq bildirmişdir ki, rəhbəri yəni, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin rəisi Mehman Rəhimov göstəriş verib ki, Şahid1 gəlib şöbədə özünə məxsus cinsi azlığ tərzində səs-küy edib şou yaratmasın deyə onun tanışı Şəmkir rayon sakini Təqsirləndirilən şəxs hərbi bilet təhvil verilsin ki, o da öz növbəsində aparıb Bakı şəhərində Şahid1 versin. O, da rəhbəri Mehman Rəhimovun göstərişinə əsasən Təqsirləndirilən şəxs cədvələ imza etdirməklə Şahid1 hərbi biletini vermişdir. Təqsirləndirilən şəxs Şahid1 sonuncunun yararsız olması barədə hərbi biletin verilməsindən ötrü 5700 manat məbləğində pul alması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 2023-cü ildə Bakı şəhərində Səbail rayonu ərazisində yerləşən restoranda qonşu stolda əyləşən Şahid1 və yanında adını bilmədiyi bir xanıma yaxınlaşıb tanış olmuşdur. Söhbət zamanı məlum olmuşdur ki, Şahid1 sosial şəbəkələrin aktiv iştirakçısıdı və çoxlu sayda izləyicisi vardır. Şahid1la danışıq zamanı müəyyən olmuşdur ki, o Türkiyə Cümhuriyyətində yaşayır. Bir müddətdən sonra yenidən görüşəndə Şahid1 ona Şəmkir rayonunda qeydiyyatda olduğunu və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsi tərəfindən sərhədkeçmə məhdudiyyəti qoyulduğundan Türkiyəyə qayıda bilmədiyini bildirmişdir. O, özü Gəncəli olduğu üçün qonşu rayondan olan Şəmkirli dostu Xəlili xatırlamışdır. Xəlilə zəng edərək Şahid1 kömək etməsini xahiş etmişdir. O isə öz növbəsində öz nömrəsini Salmana verməyi söyləmişdir. Sonradan Salman ona bildirmişdir ki, Xəlil onun sərhədkeçmə məhdudiyyətini götürmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən xahiş etsə də orada xahişinə baxan olmamışdır. Daha sonra onun öz işləri olduğu üçün Salman və Xəlillə maraqlana bilməmişdir. Sonradan xəbər tutmuşdur ki, Salman Xəlildən hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şahid1 Şəmkir rayonunda qeydiyyatda olduğu üçün Şəmkirli dostu Xəlillə tanış etmişdir. Belə ki, hərbi çağırışla bağlı Şahid1 problemləri olduğu üçün düşünmüşdür ki, Xəlil rayon sakini kimi orada çalışan dövlət işçilərini tanıyar. Çünki Xəlil yaşadığı rayonda hər kəsin hörmətini qazanmış və buna görə də ondan bir hörmətli rayon sakini kimi Salmana köməklik göstərməsini bildirmişdir. Daha sonra Salmanla Xəlilin aralarında hansı söhbətlərin baş verməsindən xəbərsiz olmuşdur. Şahid1 Səfərbərlik xidmətində olan işinin düzəlməsi ilə bağlı hər hansı şəxsə pul qiymətli hədiyyə və s. verməsi barədə məlumatı yoxdur. O, sadəcə Xəlil ilə Salmanı tanış etmiş, bundan sonra onların arasında baş verənlərdən məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Pul əskinaslarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında” 07 mart 2024-cü il tarixli protokoldan və 100 manatlıq 12 ədəd pul əskinaslarının fotoşəkilindən və Milli Ön elektron ödəmə sisteminin qəbzindən görünür ki, 1200 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin kart hesabına ödənilmişdir. Cinayət işinin materiallarında olan “Texniki vasitənin təhvil alınması haqqında” 11 mart 2024-cü il tarixli trotokoldan görünür ki, Şahid1 38 ədəd 100 manat dəyərində, cəmi 3800 manat pulu Təqsirləndirilən şəxs verən zaman əməliyyat tədbirinin keçirilməsi, yəni danışıqların audio və video yazısının aparılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə sonuncunun üzərinə quraşdırılmış “Stayer” markalı xüsusi texniki avadanlq vasitəsilə qeydə alınmış video görüntü 1 ədəd “CD” diskə yazılaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin ay üzrə hərbi bilət blanklarının verilməsi cədvəlindən görünür ki, 07 mart 2024-cü il tarixdə Şahid1 adına olan Hərbi bileti Təqsirləndirilən şəxs imza edərək götürmüşdür. Cinayət işinin materiallarında olan sənədlərin-texniki ekspertizasının 16 aprel 2024-cü il tarixli 5/351 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 38 ədəd C20773737, C10500227, C06797017, A65163413, A03157837, B05622157, A95970122, C64764025, A59879236, A24121834, C12820414, A62626365, C91739170, D13146847, C48859743, A24712352, C30888013, D05871805, C43718393, D21146736, C08164025, C72488596, A20945799, C69367374, B08528496, C20156074, A57749355,C80125532, C95883102, C98855138, C37158465, C02805022, C91823659, A49486402, A94743522, A64853422, A75162079, C61812987 nomrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik teşkil edir. Təqdim edilmiş 10 ədəd C95883102, C98855138, C37158465, C02805022, C91823659, A49486402, A94743522, A64853422, A75162079, C61812987 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “Nəzarət 2024” yazıları aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu ildə anadan olmuş Rəsul və xx.xx.2014-cü ildə anadan olmuş Ramal adlı iki nəfər yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 312- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsində ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə ailədə yeganə qazanc gətirən şəxs olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 312-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin cərimə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 13 mart 2024–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4–cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Baş prokurorluğunun maddi-texniki təminat şöbəsinə saxlanc üçün verilmiş 3800 manat və Baş prokurorluğun depozit hesabına qoyulmuş 1200 manat məbləğində pul vəsaiti dövlət nəfinə müsadirə edilməlidir. Axtarış fəaliyyəti zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 2 ədəd DVD-R disk və 1200 manatlıq qəbz iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 70 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 17 (on yeddi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.4–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2024–cü il tarixdən 13 mart 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində 7.500 (yeddi min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Baş prokurorluğunun maddi-texniki təminat şöbəsinə saxlanc üçün verilmiş 3800 manat və Baş prokurorluğun depozit hesabına qoyulmuş 1200 manat məbləğində pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Axtarış fəaliyyəti zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 2 ədəd DVD-R disk və 1200 manatlıq qəbz iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-188/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-188/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver