Məhkəmə qərarları › İş №1(076)-189/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-189/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-189/2024 04.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1974–cü il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı bir ədəd şəffaf polietilen torbada üzərində saxlamaqla daşımış, Şəmkir Rayon Polis X9 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə, saat 12:35 radələrində narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bilindiyindən, Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir Rayon Polis X9 Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietlien torbada, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 135,04 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yerləşən beton körpünün yanından piyada hərəkət edən zaman bir ədəd rəngsiz sellofana bükülmüş vəziyyətdə bükümü görmüş və həmin bükümə yaxınlaşaraq götürən zaman içərisində narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Həmin bükümün içərisində olan kütləni istifadə etmədən, Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən çayxanaya getmiş və çay içdikdən sonra çayxananın qarşısına çıxan zaman Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün barəsində tədbir görülməsi məqsədilə onu Zəyəm PB-nə gətirmiş, o Zəyəm PB-də olan zaman üzərində narkotik vasitəyə bənzər kütlənin olduğu üçün ona vəkil Müdafiəçi təqdim edərək üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparılan zaman o, üzərindəki rəngsiz sellofana bükülən kütləni üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş kütləyə baxış keçirilmiş və video çəkiliş aparılmışdır. Həmin kütlə video çəkiliş və iştirakçıların gözləri qarşısında elektron tərəziyə qoyulmuş və rəngsiz sellofana bükülmüş kütlə sellofan ilə birlikdə 140 qram təşkil etmişdir. Həmin kütlə 228 saylı möhürlə möhürlənərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O və iştirakçılar həmin qablaşdırmaya imza çəkmiş, bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş o da öz növbəsində protokola imza etmişdir. Hazırda əməlindən peşmandır. X13 İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilmişdir. Odur ki, qeyd etdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 aprel 2024-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinə Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunmuş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün o və Şəmkir RPŞ-nin Zəyəm PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməlyyət müvəkkili, polis kiçik leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, həmin gün o və əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs müəyyən etmək məqsədi ilə avtomobil ilə Şəmkir rayonu ərazisinə çıxmışlar, xx.xx.2024-cü il tarixdə saat 12:35 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sabirkənd kəndində yaxınlaşaraq özlərini təqdim etmiş, sonra şəxsiyyəti təsdiq edən sənədini təqdim etməsini xahiş etmişdir. O, Şəmkir rayonu, Sabirkənd kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu, lakin üzərində heç bir sənədinin olmadığını biklirmişdir. Həmin vaxt onlar narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu bildirərək barəsində olan məlumatların yoxlanılması və şəxsiyyətini dəqiqləşdirilməsi məqsədi ilə X10 RPŞ-nin Zəyəm PB-nə dəvət etmişlər. Sonra onlar avtomobil ilə birlikdə Şəmkir RPŞ-nin Zəyəm PB-nə gəlmiş, Şəmkir RPŞ-nin Zəyəm PB-nə gəldikdən sonra Müdafiəçi iştrakı ilə təhqiqatçı, polis baş leytenantı X5 tərəfindən Qabil Tağryevin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə, psixotrop maddə və prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən rəngsiz sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilən zaman içərisində marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqdim edilən kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 140 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılaraq DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş və ekspert tədqiqatına göndərilmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni Şəmkir rayonu, Düyərli kəndində olan beton körpünün yanından tapdığını bıldırmışdır. Şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülər diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 08 aprel 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən rəngsiz sellofana bükülmüş olan, təmiz çəkisi 140 qram çəkidə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 08 aprel 2024-cü il tarixli 16/425 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 135,04 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 16 aprel 2024–cü il tarixli, 641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2021-ci il tarixdən Şəmkir rayon Poliklinikasının narkoloji kabinetində “Həşiş narkomaniyası” diaqnozu ilə qeydiyyatda dayanır. Cinayət işinin materiallarında olan Goranboy Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Goranboy Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 05 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 7(076)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndində əsasən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılaraq cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Sabirkənd kənd İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 114784 nömrəli vəsiqənin surətindən görünür ki, X3 müddətsiz müharibə veteranı vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-3121 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X6 Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 2374 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-5534 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X6 Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-11976 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X6 Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-8943 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X6 Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-74057 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X6 Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, X13in İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətə görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 aprel 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 10 aprel 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 08 aprel 2024–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 134,99 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 134,99 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar