Məhkəmə qərarları › İş №1(076)-190/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-190/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-190/2023 18.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1983–cü il tarixdə Şəmkir rayonu, Dəllər–Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2020–ci ilin yay aylarında Şəmkir rayonu Dəllər–Cəyir Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən 0,0837 hektar örüş, həmçinin 0,00626 və 0,0076 hektar kənd təsərrüfatı təyinatlı torpaqları qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini dəmir materialından olan şiferlə özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2020–ci ildə həmkəndlisi Ema adlı qadından Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən 0,08 ha torpaq sahəsini 7.000 (yeddi min) manata almış və həmin torpaq sahəsi həyat yoldaşı X1 adına sənədləşdirilmiş, torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Həmin torpaq sahəsinin kənarında yerləşən, sonradan bələdiyyəyə məxsus olduğunu bildiyi 0,08 ha boş torpaq sahəsi heç kimin istifadəsində olmadığı üçün həmin sahəni də arvadına məxsus olan həyətyanı sahəyə əlavə etmiş və dəmirlə hasara almışdır. Belə ki, qeyd olunan ərazidəki boş torpaqlar kənd sakinləri tərəfindən tutularaq təyinatına uyğun istifadə edilir. Bu səbəbdən o da, mübahisəli torpaq sahəsini hasarlamış və bunun qanunsuz olmadığını düşünmüşdür. Təxminən 3–4 ay əvvəl Dəllər–Cəyir Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ona həmin ərazinin bələdiyyəyə məxsus olduğunu və ərazinin ətrafına çəkdiyi hasarı sökməsini bildirmişdir. Bələdiyyə sədrinə həmin ərazilərdə başqaları tərəfindən hasarlar söküləndən sonra o da hasarı sökəcəyini demişdir. Hazırda özünü təqsirli hesab etmir. Belə ki, qeyd olunan ərazidə yalnız o deyil, başqa şəxslər də torpaq sahələrini hasarlamışlar. Belə olan halda təkcə onun barəsində cinayət işinin başlaması əsaslı sayıla bilməz. Həmçinin, qeyd edir ki, Dəllər–Cəyir Bələdiyyəsi ona qarşı məhkəmədə “torpağın zəbtdən azad edilməsi və şiferin sökülməsi” tələbinə dair iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bu isə bir daha onu sübut edir ki, o, bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 2020–ci ildən Şəmkir rayonu Dəllər–Cəyir Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsi bələdiyyəyə məxsus örüş torpaq sahəsinin qonşuluğunda yerləşir. Təqsirləndirilən şəxs 2020–ci ilin yay aylarında bələdiyyəyə məxsus təxminən 0,08 ha torpaq sahəsini özünə məxsus həyətyanı sahə ilə birlikdə dəmir şiferlə hasara alaraq zəbt etmişdir. Təqsirləndirilən şəxsla dəfələrlə söhbət edərək bələdiyyəyə məxsus örüş sahəsinin hasarını sökməsini və zəbtdən azad etməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs təxminən 0,08 ha torpaq sahəsinin Bələdiyyəyə məxsus örüş sahəsi olduğunu bildiyi halda həmin torpaq sahəsini zəbtdən azad etməmişdir. Zəbt edilmiş torpaq sahəsinin bir hissəsi Şəmkir rayon İcra Hakimiyyətinin xx.xx.2019–cu il tarixli, 11 nömrəli sərəncamı ilə kənd sakini Məzahir Bayramova istifadə üçün ayrılmışdır. Lakin torpaq sahəsi zəbt edildiyi üçün Məzahir Bayramov tərəfindən istifadə edilməmişdir. Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus 0,08 ha örüş torpaq sahəsini hazırda da zəbt altında saxlayır. Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 0,08 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kateqoriyasına aiddir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəmkir rayonu Dəllər–Cəyir Bələdiyyəsinin üzvüdür. Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsi bələdiyyəyə məxsus örüş torpaq sahəsinin qonşuluğunda yerləşir. Təqsirləndirilən şəxs 2020–ci ilin yay aylarında bələdiyyəyə məxsus təxminən 0,08 ha torpaq sahəsini özünə məxsus həyətyanı sahə ilə birlikdə dəmir şiferlə hasara alaraq zəbt etmişdir. Bələddiyyə sədri Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxsla söhbət edərək bələdiyyəyə məxsus örüş sahəsinin hasarını sökməsini və zəbtdən azad etməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsini zəbtdən azad etməmişdir. Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus 0,08 ha örüş torpaq sahəsini hazırda da zəbt altında saxlayır. Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş, Dəllər–Cəyir Bələdiyyəsinə məxsus təxminən 0,08 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kateqoriyasına aiddir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 10 noyabr 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək üzərində tikinti apardığı torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan torpaq sahəsinin Dəllər–Cəyir kənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfat təyinatlı örüş sahəsi olması, habelə həmin torpaq sahəsinin eninin 20 metr, uzunluğunun isə 41 metr olmaqla, dəmir şiferlə hasarlanması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli, 3–21–3–40/2–3049/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəmir şiferlə hasarlanmış torpaq sahəsinin 0,0837 ha hissəsi Şəmkir rayonu, Dəllər–Cəyir Bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsi, 0,00626 ha hissəsi 146C, 0,0076 ha hissəsi isə 145 C nömrəli Dövlət Aktı ilə (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə) üst–üstə düşür. Cinayət işinin materiallarında olan Dəllər–Cəyir kənd bələdiyyəsinin xx.xx.2022–ci il tarixli, 89 nömrəli arayışından görünür ki, Şəmkir rayon, Dəllər– Cəyir kənd sakini Təqsirləndirilən şəxs Dəllər–Cəyir kənd bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfat təyinatlı örüş sahəsini qanunsuz zəbt edərək metal şiferlə hasarlamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər–Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005–ci il təvəllüdlü Gülər və 2006–cı il təvəllüdlü Kərim adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər–Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şəmkir Rayon Dəllər–Cəyir kənd bələdiyyəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı “torpağın zəbtdən azad edilməsi və şiferin sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidin ifadələri qoyulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində Dəllər–Cəyir Bələdiyyəsinin ona qarşı məhkəmədə “torpağın zəbtdən azad edilməsi və şiferin sökülməsi” tələbinə dair iddia qaldırmasını və məhkəmənin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsini, dolayısı ilə özünün bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməməsini bildirsə də, işin araşdırılmış halları, o cümlədən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə müəyyən edilir ki, Dəllər– Cəyir Bələdiyyəsi tərəfindən məhkəməyə sübut təqdim olunmadığı üçün iddia rədd edilmişdir. Hazırki cinayət işinə əlavə edilmiş sənədlərlə isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi Dəllər–Cəyir Bələdiyyəsinin mülkiyyətindədir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, həyat və sağlamlıq əleyhinə olan ehtiyatsızlıqdan törədilən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar