Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-195/2023 04.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X4 qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir şəhəri, Nizami küçəsində yerləşən abidələr parkı ərazisindən şəxsi istehlak miqdarından artıq miqdarda tapdığı psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 12:00 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir şəhəri, Nizami küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 2-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış, dövriyyəsi qadağan olunmuş ümumi təmiz çəkisi 1,220 qram psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ildən narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şəmkir şəhəri, Nizami küçəsində yerləşən “Abidələr parkı”-nın yaxınlığında müştəri gözləyən zaman parkda əyləşib siqaret çəkmək qərarına gəlmişdir. Avtomobildən kənarlaşaraq parkda stulda əyləşmiş, siqaret çəkən zaman əyləşdiyi yerdən təxminən 3 metr kənarda ağ sellofan büküm görüb yaxınlaşıb götürmüşdür. Həmin bükümü açıb içərisinə baxan zaman özü metanfetamindən istifadə etdiyi üçün həmin bükümdəki kütlənin metanfetamin olduğunu görmüşdür. Kimsə görməməsi üçün həmin bükümü əynində olan şalvarının sol yan cibinə yerləşdirmiş, həmin bükümdə olan metamfetamini istifadə etmək üçün özünə məxsus avtomobilin yanına yaxınlaşmışdır. Həmin vaxt avtomobilə əyləşib sakitçilik olan yerə getmək istəmiş, lakin mülki şəxslərin yanına yaxınlaşdığını görmüşdür. Onlar onun yanına çatıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə Şəmkir rayon pollis şöbəsinə getməli olduğunu izah etmişlər. O, polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasına gəlmiş, rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra videogörüntü vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini təklif etmişlər. O, masaya doğru yaxınlaşıb əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə metanfetaminə bənzər kütləni çıxarıb masaya qoymuşdur. Onun təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümə baxış keçirildikdə həmin 01 ədəd bükümün içərisində metenfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə metanfetaminə bənzər kütlənin bükümlə birlikdə ilkin çəkisinin 1,29 qram olduğu müəyyən edilmiş, qeyd edilən 01 ədəd büküm ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər kütlə özünə məxsus olmuşdur. Törətdiyi əməldən səmimi peşmandır. Himayəsində iki yetkinlik yaşına çatmamış uşağı və qoca anası vardır. Ailədə qazanc gətirən yeganə şəxsdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə ona ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə və psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə həmin gün saat təxminən 12 radələrində Şəmkir rayon PŞ-nin əməkdaşları CAB-nin rəisi, polis mayoru Şahid1, Şəmkir RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid3 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Nizami küçəsində saxlayaraq ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu, Şəmkir rayon Polis Şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis Şöbəsinə gəlmişdir. Şəmkir rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək ona təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə psixotrop maddə olan metanfetaminə bənzər kütlə olduğunu bildirmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli toz şəkilli hissəcikləri aşkar olunmuş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin psixotrop maddəyə oxşar kütləni xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri, Nizami küçəsində yerləşən “Abidələr” parkından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin psixotrop maddə olan metanfetaminə bənzər kütlə sellofan bükümlə birgə elektron tərəzidə çəkildikdə 1,29 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfdə möhürlənmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 Süliddin oğlu oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 20 may 2023-cü il tarixli 16/528 nömrəli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1.220 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.(Tədqiqata sərf edildikdən sonra qalıq-1.120 qramdır.) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizasının 24 may 2023-cü il tarixli, 943 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla psixotrop maddə olan metamfetaminin çəkisinin Ədliyyə Nazirliyinin MEM-nin Gəncə regional bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 16/528 nömrəli rəyində göstərildiyi kimi götürülməsi qərara alınmışdır. -DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -xx.xx.2007-ci il tarixli, AZ-İ 942228 saylı və xx.xx.2011-ci il tarixli, AZ-İİ 745389 saylı doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Hüseyn və xx.xx.2011-ci il təvəllüdlü Arzu adlı uşaqları vardır. -Cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. -Polisin nəzarəti altına vermə qətimkan tədbirinin verilməsi haqqında 22 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olmasını və ailədə qazanc gətirən yeganə şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez- tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X5 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Qeyd olunan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003–ci il tarixli, 4 saylı Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan da islah və tərbiyə olunmasi inamına gəlir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilməli olan cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Şəmkir rayon PŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 1.120 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 32 manat 40 qəpik Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 78 manat pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM–in 346, 347– 349, 351–353, 381, 384 və 385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Şəmkir RPŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 1.120 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Şəmkir rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-195/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-195/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver