Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-195/2024 10.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Dağ- Cəyir kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə ziyan vurmaqla özgə əmlakını ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 22 avqust 2022-ci il tarixdə Şəmkir rayonu, Atabəy kəndində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq ona Şəmkir rayon XDC İcraiyyə Komitəsinin 26 fevral 1991-ci il tarixli, 4 №-li iclasının qərarına əsasən tanışı X6 adına Şəmkir rayonu, “Kraz yolun” adlanan ərazidə ayrılmış və hazırda Şəmkir şəhər bələdiyyəsinin balansında olan 6 sot örüş otlaq sahəsini şəxsi torpaq sahəsi kimi təqdim edərək Şəmkir rayonu, 1 saylı notariat kontorunda 100 illik etibarnamə əsasında, əvvəlcə 300 (üç yüz) manat beh, sonradan əlavə olaraq 3000 (üç min) manat pulun qarşılığında sataraq, ümumilikdə Zərərçəkmiş şəxs 3300 (üç min üç yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Belə ki, Zərərçəkmiş şəxs onun yaxın dostu Şahid1 əmisi qızıdır. Şahid1 onun qonşusu olmaqla yanaşı, həm də yaxın dostudur. 2022-ci ilin avqust ayında Şahid1 ona zəng edərək yaşadığı Şəmkir şəhəri, Kraz Yolu yaşayış massivində satılası torpaq sahəsinin olub-olmadığını soruşmuşdur. O da Firdovsiyə mülkiyyətində olan və Kraz Yolu yaşayış massivində yerləşən 6 sot torpaq sahəsini 3500 manata satdığını demişdir. Belə ki, o, sözügedən torpaq sahəsini təxminən 4-5 il bundan qabaq Şəmkir şəhər sakini olan Fariz adlı şəxsdən etibarnamə ilə almışdır. Torpaq sahəsi onun aldığı vaxtdan istifadəsiz qalmışdır. Onun maddi sıxıntıları olduğundan sözügedən torpaq sahəsini satmaq qərarına gəlmişdir. O, torpaq sahəsini 3500 manata satışa qoysa da, Firdovsi onun dostu olduğu üçün Firdovsinin xətrinə 200 manat endirim edib 3300 manata satacağını sonuncuya bildirmişdir. Təxminən bir neçə gün sonra İradə qayınatası Şahid2lə birlikdə sözügedən torpaq sahəsinə baxmışlar. Onlar torpağı bəyənmiş və almaq qərarına gəlmişlər. O, ilkin beh olaraq Şəmkir rayonu, Atabəy kəndində, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində 300 manat pul almışdır. Təxminən 2-3 gün sonra onlar Şəmkir 1 saylı notariat kontorunun qarşısında görüşmüşlər. İradə yenə qayınatası Şahid2lə birlikdə gəlmişdir. Torpaq faktiki olaraq onun istifadəsində olsa da, əvvəlki sahibi Farizin adına olmuşdur. Buna görə də o, Farizi də gətirmiş və Fariz torpaqdan istifadə üçün İradə Abdlyevaya 100 illik etibarnamə vermişdir. Daha sonra o, Şahid2 yerdə qalmış 3000 manat pulu da alıb ayrılmışdır. Təxminən 1 ay sonra Firdovsi ona zəng edərək bələdiyyə işçilərinin sözügedən torpaq sahəsinin örüş sahəsi olduğunu və tikintiyə icazə verilmədiyini demişdir. O bu məsələni araşdırdıqda torpağın Şəmkir şəhər bələdiyyəsinin balansında olan örüş otlaq sahəsi olduğunu demişlər. Zərərçəkmiş şəxs və Şahid2 də işin alınmadığını görüb ondan 3300 manatı geri istəmişlər. Lakin o, həmin pulu ehtiyacları üçün xərclədiyindən geri qaytara bilmək üçün İradə və qayınatasından vaxt istəmişdir. Ancaq onun maddi imkanı olmadığı üçün o, pulu qaytara bilməmişdir. Belə olan halda Zərərçəkmiş şəxs onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Torpağı satın aldığı Fariz adlı şəxs isə vəfat etmişdir. O, Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində bir nəfər azyaşlı uşağı var və ailədə qazanc gətirən yeganə şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Şəmkir şəhəri, Kraz Yolu ərazisindən torpaq sahəsi almaq qərarına gəlmişlər. Onun əmisi oğlu Şahid1 Kraz Yolu ərazisində yaşadığından 2022-ci ilin avqust ayında o, Firovsiyə zəng edib yaşadığı, Kraz Yolunda satdıq torpaq sahəsi olub-olmadığını soruşmuşdur. Firdovsi maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra əmisi oğlu Şahid1 ona zəng edərək Kraz Yolunda satdıq 6 sot torpaq sahəsi olduğunu və torpağın sahibi olan Ramin adlı şəxsin torpağı 3300 manata satdığını bildirmişdir. O, qayınatası Şahid2lə birlikdə sözügedən torpaq sahəsinə baxmışdır. Firdovsi və torpağın sahibi Ramin adlı şəxs də orada olmuşlar. Onlar torpağı bəyənmiş və almaq qərarına gəlmişlər. Təxminən 2-3 gün sonra onlar Firdovsi və Raminlə sözləşərək Şəmkir 1 saylı notariat kontorunun qarşısında görüşmüşlər. O yenə qayınatası Şahid2lə birlikdə getmişdir. Onlar notariat kontorunun binasının çölündə gözləyərkən Firdovsi sənədlər üçün 200 manat pul verməli olduqlarını demişdir. Onun qayınatası Təbriz Firdovsiyə 200 manat pul vermişdir. Onlar həmin gün saat 18:00-dək Şəmkir 1 saylı notariat kontorunun qarşısında gözləmişlər. Saat 18:00-da onlar içəri daxil olmuş və Fariz adlı kişinin adından torpaqdan istifadə üçün ona 100 illik etibarnamə vermişlər. O, Firdovsidən bu kişinin kim olduğunu soruşduqda, Firdovsi torpağın faktiki sahibi Ramin olsa da, torpağın Farizin adına olduğunu demişdir. Onlar etibarnaməni və torpağın arxivdən çıxarışını götürüb evə qayıtmışlar. 2-3 gün sonra onlar metal tor və dəmir borular alaraq torpaq sahəsinin ətrafını çəpərləmək üçün Şəmkir şəhəri, Kraz Yolunda yerləşən sözügedən torpaq sahəsinə getmişlər. Onlar orada işləyərkən Şəmkir şəhər bələdiyyəsinin işçiləri və polis əməkdaşları onlara yaxınlaşaraq bu torpaq sahəsinin Şəmkir bələdiyyəsinin balansında olan örüş sahəsi olduğunu bildirmişlər. Onlar işi dayandırmış və Şəmkir şəhər bələdiyyəsinin sədri Vüqar Həsənovun qəbulunda olmuşlar. Vüqar müəllim həmin torpaq sahəsinin Şəmkir bələdiyyəsinin balansında olan örüş sahəsi olduğunu və onların aldadıldıqlarını söyləmişdir. Belə olan halda onlar Şahid1 yaşadığı evə gedib bu məsələni sonuncudan soruşmuşlar. Firdovsi qısa müddət ərzində sənədlərin düzələcəyini və onların orada tikinti apara biləcəklərini demişdir. Lakin Firdovsi verdiyi vədlərin heç birini tutmayaraq hər dəfəsində müxtəlif bəhanələr gətirərək onların pulunu qaytarmamışdır. Belə olan halda o, hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2013-cü il tarixdən faktiki olaraq tutduğu vəzifədə, yəni Şəmkir şəhər 1 saylı notariat ofisində hüquqşünas olaraq çalışır. Hüquqşünas olaraq onun əsas vəzifəsi vətəndaşların qəbul edilməsi, onlara hüquqi izahlar verilməsi, sənədlərin qəbulu və hazırlanaraq icrası üçün işçilərə yönləndirilməsindən ibarətdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. 22 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs əvvəllər onun tanımadığı Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və X9 ilə birlikdə Şəmkir şəhər 1 saylı notariat ofisinə gəlmişlər. Belə ki, Fariz Pənahov mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 6 sot torpaq sahəsini 100 illik etibarnamə ilə Zərərçəkmiş şəxs vermək istəmişdir. O, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının k-1-583 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı əsasında Fariz Pənahova ayrılmış Şəmkir şəhəri ərazisində yerləşən 6 sot torpaq sahəsini 100 illik müddətinə İradə Abdıyevə verilməsinə dair etibarnamə tərtib etmişdir. X7 tərəfindən könüllü olaraq imzalanmışdır. Bundan əlavə torpağın faktiki sahibi olan Təqsirləndirilən şəxs rüsum olaraq Rabitə bankın hesabına 17,25 manat pul ödəmişdir. Daha sonra hər iki tərəf onlardan razı halda Şəmkir şəhər 1 saylı notariat ofisindən ayrılmışlar. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 da təqsirləndirilən şəxs X3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, 16 iyul 2020-ci il tarixli qərarla X1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Dağ Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona vurduğu zərəri aradan qaldırsa da, əvvəllər Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyi üçün, hazırki cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad edilməsi halı istisna edilir və məhkəmə, ona təqsirli bildindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilsə də, məhkəmə hesab edir ki, həmin mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.3–cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsaəsn təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, 10 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə verərək, dəymiş ziyan tam olaraq ödənildiyindən mülki iddiadan imtina etdiyini və ərizəsinin nəzərə alınaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-195/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-195/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver