Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-197/2023 20.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,işləməyən, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri secilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu, Morul yaşayış masivində yerləşən Şəmkir çayının yaxınlığından tapdığı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorları siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ev istiqamətində daşımış, həmin tarixdə Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Şəmkir şəhəri, Vəli Xuluflu küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə, kustar üsulla hazırlanmış 1,125 qram miqdarında narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı dövründə verdiyi ifadəsində göstərdi ki, o, uzun illərdir ki, narkotik vasitə heroin istifadə edir. 06 may 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, Şəmkir rayonunda yerləşən Şəmkir çayının ətrafı ilə gəzən zaman çayın kənarında yerdə nə isə sellofan büküm olduğunu görmüş, əyilib həmin bükümü götürmüş, bükümü açıb içərisinə baxan zaman içərisində istifadəçisi olduğu üçün tanıdığı “kokos” adlandırılan narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin bükümü bağlamış, istifadə etmək məqsədi ilə cibinə qoymuş, bir qədər gəzişdikdən sonra həmin narkotik vasitə heroini istifadə etmək məqsədi ilə yaşadığı ev istiqamətinə hərəkətə başlamış, həmin gün saat təxminən 15 radələrində yaşadığı Şəmkir şəhəri, Vəli Xuluflu küçəsində olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Şəmkir Rayon Polis Şöbəsinə dəvət etmiş, o, polis əməkdaşlarına heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə avtomobilə oturub polis şöbəsinə gəlmiş, orada ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi tutmaq hüququ izah edilmiş, o, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanmış, orada ondan üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə sağ yan cibində saxladığı narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümdən başqa cibində olan telefonu, siqareti, pulları və digər əşyaları da stolun üzərinə qoymuş, sonradan onun üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, üzərindən aşkar edilmiş telefondan və narkotik vasitə heroindən başqa bütün əşyalar ona geri qaytarılmış, ondan həmin narkotiki haradan əldə etdiyi soruşulmuş, o, həmin şəxslərə narkotik vasitə heroini Şəmkir çayının ətrafından tapdığını demişdir. Həmin heroin elektron tərəzidə çəkilmiş, çəkisi büküm ilə birlikdə 1.21 qram təşkil etmiş, həmin aşkar edilmiş heroin qablaşdırılaraq zərfə qoyulmuş, üzəri onun və iştirakçıların tərəfindən imzalanmış, o, üzərindən aşkar edilən narkotik vasitəni 06 may 2023-cü il tarixdə Şəmkir çayının ətrafından tapmış, həmin narkotik vasitə heroini satmaq niyyəti olmamış, onun sadəcə olaraq həmin narkotikdən istifadə etmək niyyəti olmuşdur. Həmin narkotik vasitənin onun üzərində olmasından isə heç kimin məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır. Oğlu müddətli həqiqi hərbi xidmətdədir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, şöbəyə Arxeyin adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxsin ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 06 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üstünə şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması, həmin vaxt Şəmkir şəhəri, Vəli Xuluflu küçəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir o, Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 ilə birlikdə Şəmkir şəhəri Vəli Xuluflu küçəsinə getmiş, Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrin göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Şəmkir RPŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət edib Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman üzərindən 1.125 qram narkotik heroin aşkar edildiyi məlum olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlər X1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 06 may 2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamamışdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən sellofanda büküm çıxararaq masanın üzərinə qoymuş, həmin şəffaf rəngli sellofan büküm açılan zaman içərisində heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra aşkar edilmiş kütlə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilən zaman 1.21 qram olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, lakin əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 06 may 2023-cü il tarixli 16/483 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə” sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,125 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. (Qeyd: Heroinin təmiz çəkisi-1,125 qr., tədqiqata sərf edildi-0,05 qr, qalıq -1,075 qr) Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 06 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 08 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 67-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 66.5-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəcasının sonu ilə azad edilmiş, xx.xx.2020-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 971 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narikotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şəbəsi tərəfindən 26 oktyabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab edildiyindən hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 20 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni güvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2023-cü il tarixli, 1154 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.075 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı “DVD” disk və təqsirləndirilən şəxs dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 25 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 150 (bir yüz əlli) pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxs dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 1.075 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (bir yüz əlli) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı, Kod:805670, VÖEN:**********: Müxbir hesab: **********944, S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-197/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-197/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver