Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-204/2023 05.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 11 radələrində BD 201392 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X1 adına olan və ƏN- İV № 069341 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi faktiki mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21063 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, “Daş Karxanası” yolunda Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun qeyd olunan tələblərini pozaraq idarə etdiyi avtomobili yolun hərəkət hissəsindən sağ kənarına çıxararaq, orada yerləşən beton dirəyə dəyməsi nəticəsində ehtiyyatsızlıqdan həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli, qapalı, yerdəyişməli sınığı ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli aşağıdakı istintaq sübutları ilə tam sübuta yetirilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “VAZ-21063” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil atası Sahib Mustafayevin mülkiyyətindədir və həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 17 noyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi “VAZ-21063” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, “Daş Karxanası” yolunda Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil qarşısında gedən “Kamaz”ı ötmə edərkən onun yoluna çıxmış, buna görə avtomobili yolun sağ tərəfinə çəkmiş, bu zaman idarə etməni itirmiş və avtomobil yoldan sağ tərəfə çıxaraq avtomobilin sol tərəfi yolun kənarındakı beton dirəyə çırpılmışdır. Ondan sonra huşunu itirmiş və ayılanda Şəmkir rayon mərkəzi xəstəxanasında olduğunu, sol ayağından sınıq xəsarəti aldığını bilmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşmiş tanışı Zərərçəkmiş şəxs da xəsarətlər aldığı üçün xəstəxanaya aparılmışdır. Hadisə zamanı avtomobili təxminən 70 km/saat sürətlə idarə etmiş, avtomobildə heç bir texniki nasazlıq olmamışdır. İdarə etdiyi avtomobildə sərnişin və ya yük olmamış, hadisə zamanı spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışmağa cəhd etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 17 noyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21063” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri “Daş Karxanası” yolunda Şəmkir şəhəri istiqamətində gedərkən avtomobildə qabaq oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs qarşıdakı avtomobili ötmə edib yenidən öz yoluna qayıdan zaman idarə etməni itirmiş, bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21063” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil yoldan sağ tərəfə çıxmış və avtomobilin sol tərəfi yolun kənarındakı beton dirəyə çırpılmışdır. Ondan sonra huşunu itirmiş və ayılanda Şəmkir rayon mərkəzi xəstəxanasında olduğunu, sağ qolundan sınıq xəsarətləri aldığını bilmişdir. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs də xəsarət aldığı üçün onu da xəstəxanaya aparmışlar. Hadisədən sonra ailə üzvlərinə məlumat verilmiş və dayısı Şahid xəstəxanaya gəlmişdir. Hadisə zamanı yolda tanımadığı avtomobillər olmuş, ancaq yolda adamlar olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs “VAZ-21063” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə etmiş, ancaq hansı sürətlə idarə etdiyini bilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə ondan başqa sərnişin olmamışdır. Təqdirləndiirlən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndiirlən şəxsdən şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. 17 noyabr 2023-cü il tarixdə saat 11:20 radələrində Şəmkir rayon mərkəzi xəstəxanasından ona Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsində xəsarət aldığı barədə məlumat verilmiş və dərhal xəstəxanaya getmişdir. Ayxan Aşiralıyevin deməsinə görə həmin günü saat 11 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21063” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, “Daş Karxanası” yolunda gedən zaman Təqsirləndirilən şəxs qarşıdakı avtomobili ötmə etdikdən sonra idarə etməni itirmiş, avtomobil yoldan sağ tərəfə çıxaraq beton dirəyə çırpılmışdır. Zərərçəkmiş şəxs sağ qolundan sınıq xəsarətləri almış, eləcə də avtomobilin sürücüsü Təqsirləndirilən şəxs də xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Sərxoşluğun müayinəsinə dair 256 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. -Azərbaycan Respublikası DİN BDPYİ Tovuz RQİTBŞ tərəfindən verilmiş BD 302170 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Tovuz RQİTBŞ tərəfindən xx.xx.2021-ci il tarixdə B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sənədin etibarlılıq tarixi xx.xx.2031-cü il tarixədək müəyyən edilmişdir. -xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-21063” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ünvan 2 ünvanında qeydiyyatda olan X1 adına rəsmiləşdirilmişdir. -ƏN-Vİ 069341 nömrəli etibarnamədən görünür ki, “VAZ-21063” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində nəqliyyat vasitəsini idarə etməyə dair xx.xx.2022-ci il tarixdə 9 il 1 ay 1 gün müddətinə, yəni xx.xx.2031-ci il tarixədək mülkiyyətçi X3 tərəfindən Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir şəhəri, “Daş Karxanası” yolunda baş vermişdir. Avtomobil yolu asfalt örtükdən ibarət olmaqla düz və qurudur, sürücünün hərəkəti üçün təhlükəsizdir və yol yaşayış məntəqəsinə daxildir. Yol iki hərəkət zolağından ibarət olmaqla hərəkət istiqamətləri 1.1 üfüqi nişanlanma xətti ilə ayrılır. Yolun hərəkət hissəsinin eni 7 metrdir. VAZ-21063 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir rayonu istiqamətində hərəkətdə olmuş və idarə etməni itirərərk yolun sağ kənarında yerləşən beton dirəyə dəymişdir. -Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1389 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli, qapalı, yerdəyişməli sınığı küt əşyanın təsirindən törəmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 17 noyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. -Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3484 saylı rəyindən görünür ki, VAZ-21063 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. -Gədəbəy RİHB-nin İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263- 1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini (CM- 59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-204/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-204/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver