Məhkəmə qərarları › İş №1(076)-208/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-208/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-208/2023 02.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1949–cu il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, evli, Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, odlu silah hesab olunan keçmiş SSRİ dövlətində, Tula zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli, yivli, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan 01 ədəd 69307 nömrəli “Naqan” sistemli revolveri və döyüş sursatı hesab olunan keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 x 38R kalibrli olmaqla, həmin kalibrli “Naqan” revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 (yeddi) ədəd patronu qanunsuz olaraq əldə edib saxlamaqla yaşadığı Gədəbəy rayonu, Düzrəsullu kəndinə daşımış və odlu silahı əynində olan qarışıq rəngdə şalvarın bel hissəsində və döyüş sursatını əynində olan sarı rəngli pencəyin sağ yan cibində gəzdirmiş, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, daşıması, saxlaması və gəzdirməsi barədə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB–nə daxil olmuş məlumat əsasında xx.xx.2023–cü il tarixdə polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB–nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan qarışıq rəngli şalvarın bel hissəsindən keçmiş SSRİ dövlətində, Tula zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli, yivli, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan 01 ədəd 69307 nömrəli Naqan sistemli revolver və əynində olan sarı rəngli pencəyin sağ yan cibindən döyüş sursatı hesab olunan keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x38R kalibrli olmaqla həmin kalibrli Naqan revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 (yeddi) ədəd patronlar aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 1992–ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmin döyüşlərdə işirak edən zaman Ermənistan ərazisindən 01 ədəd içərisində 7 ədəd patron olan “Naqan” modelli tapança tapmış və həmin tapançanı patronları ilə birlikdə özü ilə Gədəbəy rayonuna gətirib evində saxlamış, həmin tapançanı və 7 ədəd patronları özündə saxlayan zaman bu barədə heç kimin məlumatı olmamışdır. 09 may 2023–cü il tarixdə saat 09 radələrində evin çardaq hissəsində gizlətdiyi 01 ədəd tapançanı və 07 ədəd patronları heç kim görmədən götürmüş, tapançanı şalvarının bel hissəsinə, 07 ədəd patronları isə əynində olan pencəyin sağ yan cibinə yerləşdirib evdən çıxıb kənd mərkəzində yerləşən kənd camaatının toplaşdığı yerə getmişdir. Həmin vaxt həmkəndliləri Cəlal və Sərxananın yanına yaxınlaşaraq kafelərin birində yemək yeməyi təklif etmiş, onlarla birlikdə yemək yeməyə getmək istəyən zaman həmin vaxt Cəlalın dostları onların yanına gəlmiş, birlikdə Gədəbəy rayonu ərazisində yerləşən “Yanıq” kafeyə gedərək birlikdə yemək yemişlər. Həmin kafe Şəmkir rayonu ərazisinə çox yaxın olmuş, onlar yemək yedikdən sonra Cəlalın dostu olan və taksi sürücüsü olan adını bilmədiyi şəxs Gədəbəy rayonuna qayıtmaq üçün Şəmkir rayonu ərazisindən keçib getməyi və yolunun rahat olduğunu bildirmişdir. Ona etiraz etməmiş və ona getməyi bildirmişdir. Cəlalın dostu özünə məxsus “VAZ 2107” markalı avtomobillə Tovuz rayonu ərazisində yerləşən “Köhnə Qala” kafedən çıxıb Şəmkir rayonu ərazisindən keçərək Gədəbəy rayonu ərazisinə getməli olmuş, onlar Şəmkir rayonu, Sabirkənd kəndi ərazisinə çatmış, həmin vaxt əyləşdikləri “VAZ 2107” marrkalı avtomobili polis əməkdaşları saxlamış, onun üzərində silah saxladığı barədə şühəli olduqlarını bildirib Şəmkir Rayon Polis X3 bölməsinə aparmışlar. Bölmədə müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra video görünütü vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsini təklif etmişlər. O, masaya doğru yaxınlaşıb əynində olan qarışıq rəngli şalvarının bel hissəsində saxladığı 01 ədəd tapançanı və əynində olan sarı rəngli pencəyinin sağ yan cibindən 07 ədəd həmin aşkar edilmiş tapançanın patronlarını çıxarıb masaya qoymuş, sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Qeyd edilən 01 ədəd tapança və 7 ədəd həmin tapançanın patronları ekepertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. O, tərtib edilmiş protokola digər iştirakçılar kimi imza etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Yunis oğlu ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB–nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023–cü il tarixdə Şəmkir RPŞ–nin Zəyəm PB–nə Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşayan Təqsirləndirilən şəxs Firudun oğlunun qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra isə bölmə rəhbəri tərəfindən əməliyyat qrupu yaradılmış, həmin məlumatın yoxlanılması məqsədi ilə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB–nin rəhbərliyinin göstərişi ilə saat 16 radələrində onun, PB–nin əməliyyat müvəkkili Şahid2, PB–nin polis nəfəri, polis serjantı Şahid4 və PB–nin polis nəfəri, polis serjantı Şahid5 iştirakları olmaqla əməliyyat qrupu yaradılmış, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə birlikdə bölməyə məxsus xidməti avtomobilə əyləşib Şəmkir rayonu, Sabirkənd kəndi istiqamətinə hərəkətə başlamış, Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində Təqsirləndirilən şəxs olduğu “VAZ 2107” markalı avtomobil tərəflərindən saxlanılmış, həmin vaxt avtomobili Tovuz rayon sakini Şahid8 idarə etmiş, avtomobilin içərisində əyləşən, sonradan adını bildiyi Şahid7, Şahid6, Şahid9 və Rüstəm Azadov avtomobildən yerə düşmüş, Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatı saxlamasında şübhəli olduğunu bildirib Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB–də üzərində axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB–nin inzibati binasına gəlmiş, orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirərək dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmiş, Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qarışıq rəngli şalvarın belindən 01 ədəd silah, sarı rəngli pencəyinin sağ yan cibindən isə yeddi ədəd sarı rəngli patronları təqdim etmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin silahı və döyüş sursatı olan 07 ədəd patronları 1992–ci ildən özündə saxladığını və həmin silahı, patronları Ermənistan ərazisindən tapıdığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd silah və 07 ədəd patronlar iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Cehun Ələkbərov tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüş, daha sonra təhqiqatçı tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin Zəyəm PB–nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin bölmənin sahə polis nəfərləri, polis serjantları Şahid3, Şahid4 və Şahid5 da Şahid1 Yunis oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Onunla aralarında ədavəti və düşmənçilikləri olmamışdır. xx.xx.2023–cü il tarixdə həmkəndlisi Şahid6la birlikdə Tovuz rayonu, Xatınlı kəndində Şahid7la qohumunun yas mərasiminə getmək üçün kəndlərində yol kənarında maşın gözlədiyi zaman Tovuz rayonu, Qəribli kəndində yaşayan Yusif özünə məxsus “VAZ 2107” markalı minik maşını ilə içərisində Təqsirləndirilən şəxs və başqa bir gənc oğlanla onlara tərəf gəlmiş, Yusif onları tanıdığından yol kənarından onları da maşına götürmək üçün yanlarında dayanmış, onlar avtomobilə əyləşərək kəndlərindən Tovuz rayonu, Qovlar şəhəri istiqamətində Tovuz rayonu tərəfə gəlmişlər. Yolda “Könə Qala” yeməkxanasına çatıqdan sonra Yusif yemək üçün maşını saxlamış və onlar həmin yemkxanada yemək yemiş, sonradan avtomobilə əyləşərək yola düzəlmişlər. Onlar Tovuz rayonu ərazisində düşmək istəməklərinə baxmayaraq, Yusif onlarla birlikdə yaxın bir yerə dəyib qayıdacağına və onları lazım olan yerdə düşürəcəklərini demişdir. Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində olduqları zaman onlara yaxınlaşan mülki formalı polis əməkdaşları özlərini təqdim edərək onları Şəmkir RP–nin Zəyəm PB–nin gətirmiş, Zəyəm PB–də olduqları zaman Təqsirləndirilən şəxs üzərində silah gəzdirməsi məlum olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 da Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid8 və Şahid9 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid9 da Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış aparılması haqqında xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qarışıq rəngli şalvarın bel hissəsindən keçmiş SSRİ dövlətində, Tula zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli, yivli, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan 01 ədəd 69307 nömrəli Naqan sistemli revolver və əynində olan sarı rəngli pencəyin sağ yan cibindən döyüş sursatı hesab olunan keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x38R kalibrli olmaqla həmin kalibrli Naqan revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 (yeddi) ədəd patronlar aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2023–cü il tarixli 354 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 69307 nömrəli silah zavod üsulu ilə keçimiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli “Naqan” sistemli revolverdir, yivli odlu silahdır. Texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 x38 R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN–nin KTİ–də yerləşən “güllə giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəyi göstərilmiş, DİN–nin KTİ–də itirilmiş və oğurlanmış silahların qeydiyyatı aparılmadığından qərarın 1–ci sualında qeyd olunan “oğurlanmış və ya itirilmiş silahların siyahısında qeydiyyatdadırmı” sualına cavab verilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Gədəbəy RİHB–nin Düzrəsullu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 079896 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan birbaşa qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşını, müharibə veteranı olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 11 may 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–yə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 69307 nömrəli, 7,62 mm kalibrli “Naqan” sistemli revolver və 7,62 x38 R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 ədəd patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 may 2023–cü il tarixdən 11 may 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 69307 nömrəli, 7,62 mm kalibrli “Naqan” sistemli revolver və 7,62 x38 R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 ədəd patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar