Məhkəmə qərarları › İş №1(076)-209/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-209/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-209/2025 25.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991–ci il tarixdə Lerik rayonu Hamarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, Lerik rayonu Hamarmeşə kəndində ünvanında qeydiyyatda olmaqla, Şəmkir rayonu Çənlibel kənd ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Çənlibel kəndində yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində yəni Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyinə görə sonuncuya irad bildirməsinə görə baş vermiş mübahisə zamanı, Təqsirləndirilən şəxs bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifətinə vuraraq ona burun yəhərinin əzilmiş yarası və sol gözaltı nahiyyənin qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun baldızıdır. Onların normal münasibəti olub. 21 mart 2025-ci il tarixdə şam edən zaman spirtli içki qəbul edib sərxoş olmuşdur. Saat 19:30 radələrində Şəmkir rayonu Çənlibel kəndində yerləşən evinə getmişdir. Evə gələn zaman arvadı Əminə ona spirtli içki qəbul etməsinə görə irad bildirmişdir. Bu səbəbdən onların aralarında sözlə mübahisə baş vermişdir. Saat 20 radələrində baldızı Elnurə yaşadığı evə gəlib ona spirtli içki qəbul edib Əminə ilə mübahisə etməsinə görə irad bildirən zaman onların aralarında mübahisə baş vermişdir. Həmin vaxt o, sərxoş olduğu üçün etdiyi hərəkətləri xatırlamır. Sərxoş olduğundan o, yatmışdır. Sonradan arvadı Əminə ilə qayınanası Nazilə onun Elnurəni döyməsini demişdir. 23 mart 2025-ci il tarixdə sərxoş vəziyyətdə baldızı Zərərçəkmiş şəxs ilə qayınanası Nazilənin birgə yaşadığı evə getmişdir. O, Elnurə ilə Naziləyə Əminənin mağazadan aldığı ərzaqların pulunu siz verin demişdir. Elnurə ona pul verəsi deyiləm sən mənim burnuma xəsarət yetiribsən dedikdə o, Elnurəyə səni qardaş kimi vurmuşam demişdir. O, mübahisə olmaması üçün Şəmkir rayonu Çənlibel kəndinə yaşadığı evə getmişdir. Sonradan Zərərçəkmiş şəxs ondan şikayət etməsini bildirmişdir.Hazırda əməlindən peşmandır və zərərçəkmişlə barışmışdır,məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Əminənin əridir. Onun Vasiflə normal münasibəti yoxdur. Buna səbəb Vasif spirtli içki qəbul edən zaman yaşadığı evə gəlib onunla mübahisə etməsidir. 21 mart 2025-ci il tarixdə axşam tərəfi Şəmkir rayonu Çənlibel kəndində yaşadığı evdə olan zaman bacısı Əminə onun mobil telefonuna zəng edib Vasifin sərxoş vəziyyətdə evdə münaqişə yaratmasını demişdir. O, hər hansı bir mübahisə olmaması üçün saat 20 radələrində bacısı evinə getmişdir. O, evə daxi' olan zaman Vasifə mübahisə etdiyi üçün iradını bildirmişdir. Həmin vaxt Vasif ona Təhqir edici sözlər işlədib sən kimsən ki, mənim ailəmə qarışırsan deyib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Vasif bir dəfə yumruqla onun sifətinə vurmuşdur. Nəticədə o, burun, sol göz nahiyyəsindən xəsarət almışdır. Vasifi bacısı Əminə sakitləşdirib aralamışdır. Onların səsinə gələn anası Nazilə onun sifətinin qan olmasını görüb ona köməklik etmişdir. Anası Nazilə nə baş verməsini soruşduqda o, Naziləyə Vasif tərəfindən döyülməsini demişdir. Anası Nazilə onu yaşadığı evə aparmış, lakin o, şikayət etməmişdir. 23 mart 2025-ci il tarixdə axşam tərəfi Şəmkir rayonu Çənlibel kəndində olan zaman Vasif sərxoş vəziyyətdə evə gəlib anası Naziləni nalayiq sözlərlə təhqir edib sizin nəsildə bir kişi yoxdur ki, mənim qarşıma çıxsın demişdir. O, hər hansı bir mübahisə olmaması üçün bu barədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Sonra döyülməsi ilə əlaqədar polisə ərizə ilə müraciət etmişdir.Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): 23 mart 2025–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 23 mart 2025–ci il tarixli, 210 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– burun yəhərinin əzilmiş yarası və sol gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 21 mart 2025-ci il tarixə uyğun gəlir.Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 07 ay 04 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Şəmkir RİHB–nın Çənlibel kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır Beləliklə, məhkəmə,cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 7 saat üçün nəzərdə tutulan 42 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 7 saat üçün nəzərdə tutulan 42 (qırx iki) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar