Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-21/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şəmkir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, təqsirləndirilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı kəndin ərazisindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı evdə saxlamış, 16 iyul 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində saxlanılaraq yaşadığı evə baxış keçirilmiş və evin həyətində olan yarım tikilidən sellofan paketdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq 450 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır, təxminən 1 ay yarım müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı Qaracəmirli kəndində artezianın yaxınlığında 1 ədəd çətənə şitili və 1 ədəd göy sellofanda qurudulmuş halda narkotik vasitə olan marixuana tapmışdır. Tapmış olduğ əşyanı yoxladıqdan sonra marixuana olmasını dəqiqləşdirmişdir. Tapmış olduğu çətənə şitilini isə evimin həyətində olan yarım tikilidə basdırıb qulluq etmişdir, marixuananı isə həmin yarımtikilinin içərisində gizlətmişdir. Həmin marixuanadan aradabir siqaretə doldurub istifadə etmiş, 16 iyul 2022-ci il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində evinin yaxınlığında piyada yol gedən zaman polis əməkdaşları onu saxlayıb evimdə narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün evimdə baxış keçirilməli olduğunu bildirmişlər. O da razılaşmış və baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsində olan yarım tikilidən 1 ədəd 1 metr 60 santimetr uzunluğunda çətənə kolu və 0.450 kiloqram çəkidə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra 1 ədəd çətənə kolu və qurudulmuş halda olan marixuana qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Kür PB-nə gətirilmiş və polis bölməsində onun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə psixotrop maddə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. Aqil Babayevin üzərində şəxsi axtarış keçirilən zaman heç bir narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, o isə protokola imza etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailə vəziyyətini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin Kür PB-in əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 16 iyul 2022-ci il tarixdə Şəmkir rayonu Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs narkotik maddə tərkibli bitkiləri qanunsuz olaraq əkib-becərməsi, yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdu. Bu barədə Şahid1 tərəfindən rəhbərliyə raportla müraciət edildikdən sonra digər polis əməkdaşlarının da iştirakı ilə rəhbərliyin göstərişinə uyğun olaraq saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq ona narkotik tərkibli bitkiləri əkib-becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirmişlər və yaşadığı evinə baxış keçirilməli olduğunu demişlər, həmin vaxt polis əməkdaşları eləcə də aqronom alimin iştirakı ilə Aqil Babayevin yaşadığı evinə baxış keçirilmişdir. Aqil Babayev polis əməkdaşlarının iştirakı ilə evinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir və bu barədə özü yazılı ərizə təqdim etmişdir. Bu zaman bütün hərəkətlər videoçəkiliş ilə qeydə alınmışdır. Daha sonra Aqil Babayevin yaşadığı evə baxış keçirilən zaman, evin həyətində yerləşən yarımtikilidən bir ədəd narkotik maddə tərkibli kol və bir ədəd göy sellofanda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin narkotik maddə tərkibli kol ölçülmüş və aqronom alim bildirmişdir ki, çətənə tərkibli kolun suvarılması üçün dibinin torpağı boşaldılmış, suvarılmış və dibi təmizlənməklə aqrotexniki qaydada qulluq olunmuşdur. Daha sonra aşkar edilmiş bir ədəd çətənə kolu torpaqdan çıxarılaraq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra bir ədəd göy sellofanda olan marixuanaya bənzər kütlə baxış zamanı elektron tərəzi vasitəsilə çəkilmiş və 0.450 qram təşkil etmişdir. Baxışın davamı olaraq Aqil Babayevin yaşadığı evin digər hissələrinə də baxış keçirilmiş lakin, qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-in Kür PB-nə gəlmiş, ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək. Kür PB-də Aqil Babayevin üzərində müdafiəçisi Müdafiəçi da iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə, psixotrop maddə, dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilən zaman da videoçəkilişdən istifadə edilmiş, fotoşəkillər çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, şahid X2 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2022-ci il tarixli 16/841 nömrəli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim olunmuş üzərində “Şəmkir rayon Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş sellofanda” yazı və imzalar kağız paketdəki, 1(bir) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “Şəmkir rayonu Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş çətənə tərkibli kol” adlar və imzalar olan 1(bir) ədəd sintetik kisədəki, sayı 1(bir) ədəd, ümumi təmiz çəkisi 80 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibliçətənə(kannabis) bitkiləridir. -Tədqiqata təqdim olunmuş 1(bir) ədəd polietilen torbada olan marixuana ilə 1(bir) ədəd sintetik kisədəki çətənə (kannabis) bitkisi tərkiblərinə görə müxtəlifdirlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 1319 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədən 1 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin və 450 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narktoik vasitə-qruduluş marixuananın aşkar edilərək götürülməsi videoçəkilişdən istifadə edilməklə aparılmış, bu barədə protokol tərtib edilmiş, eləcə də fotoşəkillər çəkilmişdir. Baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram, qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarındın artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, küllü miqdarın (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram olması göstərilmişdir. Şəmkir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi müəyyən edilmişdir. Şəmkir RİH Başçısının Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət xarakterli ərizə və şifahi məlumat daxil olmamışdır. Şəmkir RİH Başçısının Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014cü il təvəllüdlü Elnarə və xx.xx.2018-ci il təvəllüdlü Rəşad adlı uşaqları vardır. Cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir rayon Məhkəməsinin 4(076)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müstəntiqin vəsatəti əsasında verilmiş Şəmkir rayon Prokurorunun təqdimatı təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. və Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların mövcudluğu ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını 29 may 2022-ci il tarixdə çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində azyalı uşaqlarının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan seçilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulmuş, xx.xx.2022-ci il tarixdən hökm çıxan tarixədək olan müddətdə isə ev dustaqlığında olmuşdur. Odur ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun cəzasının əvvəlli tutulduğu vaxtdan hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 20-ci bəndinə (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Plenumun xx.xx.2021-ci il tarixli Qərarın 2.16-cı bəndi) əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrumetmə və intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsdə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məvburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Şəmkir RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 1(bir) ədəd iç-içə keçirilmiş polietilen torbada 449.95 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məvburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Şəmkir RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 1(bir) ədəd iç-içə keçirilmiş polietilen torbada 449.95 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-21/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-21/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver