Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-21/2024 03.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Şəmkir rayonu, Düzqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 23:30 radələrində arvadı Zərərçəkmiş şəxs saçlarını qırmızı rəngə boyaması ilə əlaqədar aralarında yaranmış mübahisə nəticəsində saçlarını kəsərək və yumruqla vuraraq sonuncunun baş və qol nahiyələrinə zərbələr endirib döyməklə ona sol gözün bayır qurtaracağının şişkinlik fonunda dərialtı hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ yanağın, burun əsasının, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin və sağ saidin orta üçdə birinin bayır səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və iş materialları ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş Azərbaycan Respublikasının CM-nin 133.2.6-cı maddəsində təqsirli bilməyərək, verdiyi ifadəsində göstərdi ki, əvvəllər məhkumluq həyatı yaşamamış, rəsmi olaraq heç bir yerdə işləmir, Şəmkir rayonu Düzqışlaq kəndində bər-bər işləyib ailəsini dolandırır. 2019-cu ilin əvvəllərində həmkəndlisi olan Tamella ilə ailə həyatı qurmuş, birgə nikahdan üç övladları dünayaya gəlmişdir. Bu günədək aralarında hər hansı narazılıq olmamış, 16 may 2023-cü il tarixdə Tamella ona, onu baxıb böyütmüş nənəsi Qənimətgilə getmək istədiyini bildirmiş, həmin vaxt saat təxminən 20 radələrində Tamellanı uşaqları ilə birlikdə taksi ilə nənəsigilə aparıb düşürmüş, özü isə bərbərxanaya qayıtmışdır. Saat təxminən 22 radələrində taksi ilə gedərək Tamella və uşaqlarını götürmüş və yaşadıqları evə gəlmişdir. Nənəsigildən çıxmazdan qabaq Tamella nənəsinin başına rəng qoyduğunu bildirmiş, lakin orada Tamellanın saçına fikir verməmiş, evə gəldikdən sonra Tamella yenidən ona nənəsinin başına rəng qoyduğunu bildirmiş, o, baxdıqda Tamellanın saçının qırmızı rəngə boyandığını görmüş, ona qırmızı rəngin cavan gəlinin saçına qoyulan rəng olmadığını deyərək ona irad bildirmiş, Tamella isə “yaxşı eləmişəm nənəm qoymuşdur” deyə cavab vermişdir. Bu zaman onların arasında mübahisə yarandığın da evdən parça kəsən qayçı götürərək Tamellanın saçının daha çox qırmızı rəngə boyanmış hissələrini kəsmiş, bundan sonra yatmışlar, səhər duraraq işə getmiş, nahar vaxtı isə evə gələrək naharını etmiş və yenidən işə qayıtmışdır. Həmin vaxtda Tamellada heç nə hiss etməmiş, həmin gün saat təxminən 16 radələrində atası Kamil ona zəng edərək Tamellanın evdə olmadığını, axtarsalarda tapa bilmədiklərini demiş, bundan sonra qohumlarına zəng edərək Tamellanın onlara gəlib gəlməməsini soruşmuş, lakin qohumları Tamellanı görmədiklərini bildirmişlər. Bundan sonra kənd ərazisində müəyyən yerlərə baxsa da Tamellanı tapa bilməmiş, saat təxminən 20 radələrində o, Tamellanın nənəsi ilə birlikdə yaşayan xalası Sevincə zəng etdikdə indi gəldiyini bildirmiş, bir qədər sonra isə nənəsi Qənimət ilə xalası Sevinc Tamellanı onlara gətirib gəlmişlər. Ona Tamellanın saçını kəsməyə görə irad bildirmişlər, bu zaman onların arasında mübahisə yarandığından onlar Tamellanı yenidən aparıb getmişlər. Sonradan o, bilmişdir Tamella onun barəsində polisə şikayət etmişdir. Daha sonra məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək çıxışında göstərdi ki, mübahisə yarandığı zaman Tamellaya saçına qoyduğu rəngə görə irad bildirmiş, Tamella həmin vaxtı yaxşı etdiyini bildirdiyində əsəbləşərək qayçı ilə onun saçlarının daha çox boyanmış yerlərini kəsmiş, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı Tamellanı əli ilə vuraraq yüngül xəsarət yetirdiyinə görə əməlindən səmimi peşmandır. Onların ailəsində bir dəfə mübahisə yaranmış, əvvəllər onların hər hansı problemləri olmamışdır. Həmin hadisədən sonra zərərçəkmiş şəxslə barışmış və bir ailə olaraq mehriban birlikdə yaşayırlar, cinayət işinə məhkəmədə baxılarkən dördüncü uşaqları doğulmuşdur. Odur ki, məhkəmədən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi ilə zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yuxarıda qeyd olunan ünvanda yaşayır, əvvəllər psixi xəstəliklər keçirməmiş, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Atası ilə anası ayrıldığından o, nənəsi Qənimətin himayəsində böyümüş, 2019-cu ildə həmkəndliləri olan X3 ilə ailə həyatı qurmuş, birgə nikahdan onların 3 övladı dünayaya gəlmişdir. Orxan özü kənd ərazisində olan bərbərxanada bərbər işləyir. Əvvəllər münasibətləri yaxşı olmuşdur. 16 may 2023-cü il tarixdə o, Orxana nənəsinin yanına getmək istədiyini bildirmiş, Orxan taksi ilə onu nənəsigilə aparmış, orada olduğu zaman nənəsi ona saçına rəng qoymaq üçün boya aldığını görmüş və bu barədə Orxana zəng edərək məlumat vermişdir. Orxanda heç bir etiraz etməmiş, o, rəngi saçına qoyduqda görmüşdür ki, saçı nisbətən qırmızıyaçalar olmuş, bir qədər sonra Orxan gəldiyində o, saçını göstərmiş, Orxan ona heç nə deməmişdir. Saat təxminən 23 radələrində onlar birlikdə öz yaşadıqları evə getmiş, evə çatdıqda Orxan rəngə görə ona etiraz bildirdikdə ona yeni rəng aldığında dəyişəcəyini bildirmişdir. Orxanda heç nə deməmiş, bir qədər sonra isə qaynatası içəri daxil olaraq rəngə görə irad bildirmiş və gələn dəfə sarı rəng qoyacağını demişdir. Bundan sonra Orxanla aralarında mübahisə yaranmış, mübahisə zamanı Orxan onu yumruq və şillə ilə vuraraq qolundan tutaraq zorla onun saçının bir hissəsini kəsmiş, ona etiraz etsə də heç bir nəticəsi olmamışdır. O, baxdıqda saçının çox pis vəziyyətdə olmasını görmüş, buna görə özünü təhqir olunmuş hesab etmiş, lakin, gecə olduğundan heç yerə çıxa bilməmişdir. Gecəni qalmış, səhər Orxanın saçını səliqəyə salmasını gözləsə də Orxan ona fikir verməmişdir. O, saçının kəsik vəziyyətdə olduğuna görə özünü təhqir olunmuş hesab edirmişdir, günorta Orxan evə gəldikdə yenə ona fikir verməmiş, Orxan getdikdən sonra qaynanası və qaynatasının ona baxıb güldüklərini görmüş, buna görə də günorta uşaqları yatdırdıqdan sonra evdən sakitcə çıxaraq kənddə olan babasının qəbir üstünə getmişdir. Dərdini babası ilə bölüşmək istəmiş, Orxanın ona qarşı etdiyi hərəkəti qəbul edə bilmirmişdir. O, orada olduğu zaman gecə yarı tanımadığı şəxs təsədüfən həmin yerə gəlmiş və onu görərək nənəsinin yanına aparmışdır. O, həmin hadisədən qısa müddtə sonra Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi olmamışdır, uzun müddətdir barışmışlar və bir ailə olaraq bir yerdə yaşayırlar, məhkəmədə işə baxılan dövrdə onların dördüncü uşaqları dünyaya gəlmişdir, ər-arvad olaraq mehriban yaşayırlar. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Həmçinin zərərçəkmiş şəxs şayeva Tamella İmran qızı məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı qızı, Təqsirləndirilən şəxs isə yeznəsidir. xx.xx.2023-cü il tarixdə Tamella onların yaşadığı ünvana qonaq gəlmiş, saçına rəng qoymaq isdədiyini bildirmiş, anası evə saç rəngi aldığı üçün Tamellaya bildirmişdir ki, gəl nənənin aldığı rəngi saçına qoyaq. O, yaşadıqları ünvanda Tamellanın sacına rəng qoymuş, sonuncunun saçı qırmızı rəngdə olmuş, həmin gün axşam Tamella həyat yoldaşı ilə birlikdə yaşadığı ünvana çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Orxan saat 15 radələrində ona zəng edərək Tamellanın onlara gəlib-gelmədiyini soruşmuş, o, isə gəlmədiyini bildirmiş, telefonla danışanda Orxanın anası ona bildirmişdir ki, hər evdə söz söhbət olur. Həmçinin ona bildirmişdir ki, axşam Tamellanın sacına qırmızı rəng qoymasına görə evdə narazılıq yaranıb və Orxan onun sacını kəsmişdir. O, da Orxanın anasına bildirmişdir ki, onların evindən gülə-gülə çıxıb gediblər. Saçının rəngi xoşuna gəlməsəydi Orxanı onu aparmazdı. Bundan sonra Tamellanın gəlmədiyini görüb DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, saat 23-24 radələrində tanımadıqları şəxs Tamellanı qəbirsanlıqdan taparaq yaşadıqları ünvana gətirmiş, həmin vaxt Tamellanın saçının kəsik olduğunu və bədən üzərində xəsarət olduğunu görmüş, bundan sonra Orxan haqqında şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Tamellanın saçına qırmızı rəng qoyduğu üçün onun saçını qayçı ilə kəsmişdir. O, Tamella ilə Orxanı mehriban ər-arvad olaraq bilmiş, onların ailəsini münaqişəli ailə kimi bilməmiş və əri tərəfindən Tamellanın döyülməsini eşitməmiş, həmin vaxtdan ər-arvad olaraq birlikdə yaşayırlar, həmin vaxtdan sonra mühabisə etdiklədirini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun nəvəsi, Təqsirləndirilən şəxs isə yeznəsidir. xx.xx.2023-cü il tarixdə Tamella onların yaşadıqları ünvana qonaq gəlmiş, sacına rəng qoymaq isdədiyini onlara bildirmişdir. O pensiyanı alarkən evə saç rəngi aldığı üçün Tamellaya bildirmişdir ki, gəl aldıdığım rəngi sacına qoyaq. Qızı Sevinc yaşadığı ünvanda Tamellanın saçına rəng qoymuş və Tamellanın saçı qırmızı rəngdə olmuşdur. Həmin gün axşam Tamella həyat yoldaşı ilə birlikdə yaşadığı ünvana çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Orxan qızına saat 15 radələrində zəng edərək Tamellanın onlara gəlib-gəlməməsini soruşmuş, qızı isə onlara gəlmədiyini bildirmişdir. Telefonla danışanda Orxanın anası onlara bildirmişdir ki, hər evdə söz söhbət olur. Həmçinin onlara bildirdi ki, axşam Tamellanın saçına qırmızı rəng qoymasına görə evdə narazılıq yaranıb və Orxan onun saçını kəsmişdir. Qızı Orxanın anasına bildirdi ki, onların evindən gülə-gülə çıxıb gediblər. Saçının rəngi xoşuna gəlməsəydi Orxanı onu aparmazdı. Bundan sonra Tamellanın gəlmədiyini görüb qızı DİNnin 102 xidmətinə zəng edib məlumat vermiş, saat 23-24 radələrində tanımadığı şəxs Tamellanı qəbirsanlıqdan aparaq yaşadığı ünvana gətirmişdir. Həmin vaxt Tamellanın saçının kəsik olduğunu və bədən üzərində xəsarət olduğunu görmüşdür. Bundan sonra Orxan haqqında şikayət ərizəsi ilə müraciət etmişlər. O, Tamella ilə Orxanı mehriban ərarvad olaraq bilmiş, onların ailəsini münaqişəli ailə kimi bilməmiş və əri tərəfindən Tamellanın döyülməsini eşitməmiş, həmin vaxtdan ər-arvad olaraq birlikdə yaşayırlar, həmin vaxtdan sonra mühabisə etdiklədirini eşitməmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində təyin olunmuş məhkəmə tibbi ekspertizasının 18 may 2023-cü il tarixli 536 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-sol gözün bayır qurtacağınının şişkinlik fonunda dərialtı hematoması, sağ yanağın, burun əsasının, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin və sağ saidin orat üşdə birninin bayır səthinin qançırları küt əşyalarıın təsirindən törənmişlər, törəmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözün bayır qurtaracağının şişkinlik fonunda dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ yanağın, burun əsasının, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin və sağ saidin orta üçdə birinin bayır səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcləri təyin edilmir. 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ********* nömrəli cinayət işi İB-nin sabiq müstəntiqi polis mayoru X5 tərəfindən icraata götürülüb və istintaqı aparılmışdır. 23 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə saat 17:30 da Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis mayoru Vüqar Emçiyev tərəfindən Azərbaycan Respublikası CM-nin 133.2.6-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis mayoru Vüqar Emçiyev tərəfindən Azərbaycan Respublikası CM-nin 133.2.6-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 4(076)-103/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis mayoru X5 xidməti yerini dəyişdiyi üçün ********* nömrəli cinayət işinin istintaqı aparılması 07 avqust 2023-cü il tarixdə icrası Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Toğrul Rəhimliyə tapşırılmış və cinayət işi icraata qəbul edilməklə istintaqı aparılır. AZ-İV 590333, AZ-İV 441533, AZ-İV 759741 saylı doğum haqqında şəhadətnamələrin surətindən və portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Hüseyn, xx.xx.2020-ci il təvəllüdlü Zəhra, xx.xx.2022-ci il təvəllüdlü Həsən və xx.xx.2024-cü il təvəllüdlü Cavad adlı uşaqları var. İşdə olan Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla arvadı, qızı və 2 nəfər oğlu ilə birlikdə yaşayır. İşdə olan Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə 11 avqust 2023-cü il tarixdə Şəmkir rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, Şəmkir rayon prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmov tərəfindən 11 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində cəmiyyətdən təcridetmə ilə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması haqqında qərar qəbul edilmişdir. 11 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 23 avqust 2023-cü il tarixdən hesablanmaqla “polisin nəzarət altına vermə” qətimkan tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. AZ-İİ 314959 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs əməli 16 may 2023-cü il tarixdə, saat 23:30 radələrində arvadı Zərərçəkmiş şəxs saçlarını qırmızı rəngə boyaması ilə əlaqədar qısqanclıq niyyəti ilə aralarında yaranmış mübahisə nəticəsində ona qarşı rəhimsizlik və qəddarlıq nümayiş etdirərək, ona əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq zərərçəkmiş şəxsə fiziki və psixi iztirablar vermək niyyəti ilə onu yumruqla vuraraq sonuncunun baş və qol nahiyələrinə zərbələr endirib döyməklə ona sol gözün bayır qurtaracağının şişkinlik fonunda dərialtı hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ yanağın, burun əsasının, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin və sağ saidin orta üçdə birinin bayır səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə saçlarının kəsilməsi şəklində qeyri-insani, ləyaqəti alçaldan psixi iztirablar verib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə cinayət əməlini törətməsi kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar, işgəncə vermə əməli onu nəzərdə tutur ki, cinayətin obyekti insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir, cinayət subyektiv cəhətdən qəsdən törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, bunun zərərçəkmiş şəxsə güclü fiziki ağrılar və ya psixi iztirablar yetirəcəyini qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir (birbaşa qəsd) və ya onun baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Cinayət tərkibinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə; b) belə əməllərin CM-in 126-cı və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmaması. «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı» 10 dekabr 1984-cü il tarixli Konvensiyaya (AR-in Milli Məclisi Konvensiyanı 31 may 1996-cı ildə ratifikasiya etmişdir) görə, işgəncə dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və ya əzablar bu anlayışa daxil deyildir. İşgəncə vermənin üsullarından biri mütəmadi olaraq döymədir. Burada mütamadilik döymənin üç və daha artıq dəfə törədilməsini göstərir. Bu zaman ayrı-ayrı döymə aktları ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcılıqla birləşmiş davranışını yaratmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmə istintaqında verdikləri ifadələri və tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb 16 may 2023-cü il tarixdə, saat 23:30 radələrində arvadı Zərərçəkmiş şəxs saçlarını qırmızı rəngə boyaması ilə əlaqədar ər-arvad arasında mübahisəli münasibət bir dəfə yaranmış və qeyd edilən mübahisəli münasibət uzun müddət davam etməmiş və davamlı olmamışdır. Həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçlarını qırmızı rəngə boyanmış hissələrini kəsərək və yumruqla vuraraq sonuncunun baş və qol nahiyələrinə zərbələr endirib döyməklə ona sol gözün bayır qurtaracağının şişkinlik fonunda dərialtı hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ yanağın, burun əsasının, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin və sağ saidin orta üçdə birinin bayır səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mehriban ər-arvad olaraq bilinmiş, onların ailəsini münaqişəli ailə kimi tanınmamış, Tamellanın əri tərəfindən dəfələrlə döyülməsi, işgəncə verilməsi, digər zorakı hərəkətlər edilməsi və mühabisə etmələri, Tamellaya mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab və işgəncə verilməsi öz təsdiqini tapmamış, həmin hadisədən sonra ər-arvad olaraq birlikdə mehriban yaşayırlar. Həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ər-arvad olaraq bir dəfə mübahisə etməsi, mübahisəyə səbəb Zərərçəkmiş şəxs saçlarını qırmızı rəngə boyamasının olması və bu zəmində yaranmış mübahisə zamanı Oraxan tərəfindən Tamellanın sakının qızardılmış hissələrinin kəsməsi və əlləri ilə vurması, həmin mübahisəli münasibətin uzun müddət davamlı olaraq təkrarlanmaması və tərəflər arasında mübahisəli münasibətin dəfələrlə baş verməməsi, onların daim mehriban ər-arvad olaraq tanınmaları onu göstərir ki, Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab və işgəncə vermək deyil, aralarında yaranmış mübahisənin həll yolu kimi Zərərçəkmiş şəxs tənbeh edilməsi və nəticədə sağlamlığa yüngül zərər vurmaya aid zərər vurması olmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə cinayət əməlini törətməsi kimi qiymətləndirilməsinə tənqidi yanaşır və ittiham tərəfinin mövqeyini işin haktiki hallarına uyğun hesab etmir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları cinayətin tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə cinayət əməlini törətməsini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Məhkəmə yekun olaraq məhkəmə istintaqında tədqiq edilmiş sübutları və müvafiq qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs iradəsi və törətdiyi əməl Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab verməyə yönəlməmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi mübahisə nəticəsində əli ilə vuraraq sonuncunun baş və qol nahiyələrinə zərbələr endirib döyməklə ona sol gözün bayır qurtaracağının şişkinlik fonunda dərialtı hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ yanağın, burun əsasının, sol əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin ön səthinin və sağ saidin orta üçdə birinin bayır səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yumruqla sifət nahiyəsinə və əli ilə bədəninin müxtəlif nahiyyələrinə vurub ona yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirildiyindən, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma” cinayətin tərkibi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə və ya ictimai işlər və ya islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulub. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi göstərdiyi 20 saatlıq hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-21/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-21/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver