Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-211/2025 26.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx.xx.1979–cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də bağban işləyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 05 mart 2025-ci il tarixdə yaşadığı Şəmkir rayonu Düzqışlaq kəndində dəmiryol keçidinin yaxınlığında bir ədəd ağ kağız bükümün içərisində tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla idarə etdiyi “VAZ 21074” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonunun ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir Rayon Polis Şöbəsinin X7 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə, saat 21:40 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi, Həzi Aslanov küçəsində saxlanılaraq üstü yoxlanarkən əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibində saxladığı 01 (bir) ağ kağız bükümdə ümumi təmiz çəkisi 11,68 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu Düzqışlaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi olaraq Şəmkir rayonunda yerləşən "xxxx" MMC-də bağban işləyir, boş zamanlarımda isə “VAZ-2107” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 10 ildir ki, narkotik vasitə istifadə edir. 05 mart 2025-ci il tarixdə saat 14 radələrində yaşadığı kənd ərazisində dəmiryol keçidinin yaxınlığında piyada hərəkətdə olan zaman yerdə ağ bükülü kağız görmüş, lotoreya ola biləcəyini ehtimal edərək götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə olan, qurudulmuş marixuana olmasını görmüşdür. O, narkotik vasitə marixuananı əvvəlcədən istifadəçisi olduğu üçün tanımış, bundan sonra həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə götürüb cibinə qoymuş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Elə həmin gün saat 21:40 radələrində özünə məxsus “VAZ-2107” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu Kür qəsəbəsi, Həzi Aslanov küçəsində hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar, maşından yerə düşmüşdür. Şəmkir Rayon Polis Şöbəsinin X7 əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitənin saxlanmasında şübhəli bilindiyini deyib video çəkiliş vasitəsilə üst başını yoxlayıb baxış keçirmişlər. Yoxlama zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibində olan bir ədəd kağıza bükülmüş nəşəni onsuz da aşkar olunacağını düşündüyü üçün təqdim etmişdir. Həmin bükümün içərisinə baxan zaman içərisindəki yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, elektron tərəzidə çəkilmiş və çəkisinin kağız bükümlə birlikdə 14,73 qram olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılaraq Аzərbaycan Respublikası DİN-in 118 nömrəli möhürü ilə möhürlənmişdir. Eyni zamanda ondan istifədəsində olan “Redmi” markalı mobil telefon da götürülmüşdür. Baxış zamanı üzərindən 20 manat pul, bir ədəd Magna siqareti, bir ədəd alışqan və qaz sayğac kartı aşkar edilmiş, pul və əşyalar özünə qayatarılmışdır. Daha sonra saxlanılan zaman idarə etdiyi “VAZ-2107” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi, lakin avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onu Şəmkir RPŞ-nin X9 gətirmişlər və üstünün yoxlanılması barədə tərtib edilmiş protokolu oxuduqdan sonra imzalamışdır. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə və mobil telefonun təhqiqatçıya təqdim edilməsində iştirak etmişdir. O, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradova təqdim edilmiş və onun tərəfindən şübhəli şəxs qismində tutulmağı izah edilmiş, ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, həmin vaxt ona təqdim edimiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 seçərək, hüquqlarını müdafiə edilməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi1 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərindən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin X7 cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 05 mart 2025-ci il tarixdə Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir Rayon Polis Şöbəsinin X7 rəisinə raportla müraciət etmiş və rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir RPŞ-nin Kür PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid4, Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis kiçik serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 21:40 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə barəsində əməliyyat məlumatının daxil olduğu, Şəmkir rayonu Düzqışlaq kəndində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsi, Həzi Aslanov küçəsində idarə etdiyi “VAZ-2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tərəfimizdən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt sahə polis nəfəri, polis baş serjantı Şahid4 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən ağ rəngli kağız bükümün içərisində, tünd rəngli, kəskin iyili marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonuncu narkotik vasitələrdən istifadə etdiyini və həmin marixuanaya bənzər kütləni həmin günü saat 14 radələrində Şəmkir rayonu, Düzqışlaq kəndi ərazisində yerdən tapmasını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə çəkisinin 14,73 qram olması müəyyən edilmiş, bundan sonra büküm zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra üzərində yoxlama aparılan zaman onun üzərindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Həmçinin onun üzərindən 20 manat pul və qaz sayğacına aid plastik kart aşkar edilmişdir ki, pul və kart iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs saxlanıldığı “VAZ- 2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə, salonun və mühərrik yerləşdiyi yerə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üst yoxlama və nəqliyyat vasitəsinə baxış prosesi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis X8 Bölməsinə gətirmişlər, polis bölməsində protokol tərtib edilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Kür PB-in rəisinə raportla məruzə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi və ona məxsus bir ədəd “Redmi” markalı mobil telefonu Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradova təqdim etmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Müşfiq Şahmuradova təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Verilmiş sualın mahiyyəti üzrə bildirmişdir ki, 05 mart 2025-ci il tarixdə saat 21:40 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsi, Həzi Aslanov küçəsində saxlanılan zaman üzərindən aşkar edilmiş təmiz çəkisi 11,64 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı o, həmin tarixdə saat 14 radələrində yaşadığı Şəmkir rayonu, Düzqışlaq kəndində yerdən tapmasını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, saxlanılan şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsinə dair” 05 mart 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsi, Həzi Aslanov küçəsində hərəkətdə olduğu VAZ-2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmış və onun əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən ağ kağız parçaya bükülmüş halda çəkisi 14,73 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan VAZ-2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin salonundan, yük yerindən və mühərrik yerləşən ön hissəsindən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi barədə” 05 mart 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 05 mart 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradov tərəfindən Şəmkir rayon Polis şöbəsinin X7 CAÜ-rə əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış ağ kağız parçasına bükülmüş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 23:05-də şübhəli şəxs olaraq tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 06 mart 2025–ci il tarixli 16/227 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş nakotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 11,68 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düzqışlaq kəndində Dəmiryolu keçid məntəqəsinin yaxınlığında tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 11,64 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 12 mart 2025–ci il tarixli, 383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 07 mart 2025-ci il tarixli 162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır cinayətlərə X10 Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.5 və 62.1-maddələrinə əsasən təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2009-cu il tarixli qərari ilə xx.xx.2009-cu il tarixli hökm dəyişdirilərək cəzası 01 il endirilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərari ilə 03 ay 12 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş,xx.xx.2010-cu il tarixdə cəzasının somu ilə azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarindan görünür ki, Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şəmkir RİHB-nın Düzqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Fidan adlı bir nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2012-ci ildə anadan olmuş mədinə adlı bir nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 11,68 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əvvəllər AR CM-nin digər maddəsi ilə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal, həmçinin təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2025–ci il tarixdən, 07 mart 2025–ci il tarixədək tutulduğu 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 26 may 2025–ci il tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,64 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 30, 40 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 991.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) saata görə 158 (yüz əlli səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2025–ci il tarixdən 07 mart 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ–də saxlanılan, 11,64 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinim materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 158 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-211/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-211/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver