Məhkəmə qərarları › İş №1(076)-214/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-214/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-214/2023 15.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1966–cı il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.2.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1–ci maddəsi ilə təqsirəndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq döyüş sursatları əldə etmiş və saxlamışdır. Belə ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəqiq məlum olmayan tarixdə və mənbədən əldə etdiyi döyüş sursatı hesab edilən 150 ədəd Tula patron zavodunda istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla (zirehdələn, yandırıcı güllələri olan 7,62 Б3 və 7,62 3 57–B3–231 və 57–3–231) həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AK–47”, “AKMS” markalı avtomat silahlarda, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə olunan atəşə yararlı patronları Bakı–Qazax yolunun şimal hissəsində Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində yerləşən istifadəsində olan toyuq fermasının dam örtüyünün altındakı tavanda bir ədəd sellofan torbanın içərisində gizlətməklə qanunsuz olaraq 09 mart 2023–cü il tarixədək saxlamış, 09 mart 2023–cü il tarixli qərara əsasən həmin ünvanda axtarış istintaq hərəkəti aparılan zaman döyüş sursatı hesab olunan 150 ədəd atəş açmaq üçün yararlı, 7,62x39 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 1991–1993–cü illərdə sovet qoşunları Azərbaycanı tərk edən zaman mərhum qardaşı X3 tanımadığı hərbçidən bir ədəd “Kalaşnikov” markalı avtomat və çoxlu sayda 7,62 mm kalibrli patronları alıb mərhum X8a hədiyyə kimi vermiş, atası həmin avtomatı və patronları yaşadıqları evdə öz otağındakı dolabda saxlamışdır. O, həmin avtomatı atası Əlinin otağında dəfələrlə görsə də, onun və ya qardaşlarının həmin silahdan istifadə etdiklərinin şahidi olmamışdır. Həmin avtomat saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı olmuşdur. Həmin silahı atası Əli 1995–1997–ci illərdə Şəmkir Rayon Polis Şöbəsinə aparıb könüllü surətdə təhvil vermiş, avtomatı təhvil verərkən polis əməkdaşları tərəfindən ona hər hansı rəsmi sənədin verilib–verilməməsi barədə məlumatı olmamışdır. X8 avtomatı təhvil verdikdən sonra 150 ədəd 7,62 mm kalibrli patronları ona məxsus Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən toyuq fermasının dam örtüyünün altındakı tavanda gizlətmiş və rəhmətə getməmişdən 2–3 il öncə onu fermaya apararaq həmin patronların yerini göstərmişdir. Axtarış zamanı aşkar olunmuş patronların üzərində pasa oxşar ləkələr olmuş, həmin patronlardan heç vaxt istifadə etməmiş və istifadə etmək fikri də olmamışdır. O, qeyrisi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında döyüş sursatı hesab edilən 150 ədəd 7,62 mm kalibrli patronları əldə edib Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən istifadəsində olan toyuq fermasının dam örtüyünün altındakı tavanda gizlətməklə qanunsuz olaraq saxlamamışdır. Həmin patronları mərhum X8 gizlətmiş və yerini bir dəfə ona göstərmişdir. Sadəcə patronların orada olduğunu unutduğu üçün onları könüllü surətdə hüquq–mühafizə orqanlarına təhvil verməmişdir. Hesab edir ki, o, qeyrisi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında döyüş sursatı hesab edilən 150 ədəd 7,62 mm kalibrli patronları əldə edib qanunsuz olaraq saxlamadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1–ci maddəsi ilə əsassız ittiham verilmişdir. Bununla belə patronları fermasının dam örtüyünün altındakı tavanda unudaraq saxladığı üçün həmin əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Çalburun kəndində qeydiyyatda olsa da, Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fermada arvadı Şahid2 ilə birlikdə işləyir. 09 mart 2023–cü il tarixdə saat 18 radələrində fermada olarkən Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları onu Təqsirləndirilən şəxs məxsus fermada axtarış aparılması üçün hal şahidi qismində dəvət etmişlər. Polis əməkdaşları ondan başqa arvadı Şahid2 da hal şahidi qismində dəvət etmişlər. Onlar heç bir etiraz etməmiş və axtarışda iştirak etməyə razılıq vermişlər. Müstəntiq tərəfindən onlara hal şahidlərinin hüquq və vəzifələri izah edildikdən sonra Əli Əhmədovun fermasına daxil olmuşlar. Müstəntiq Təqsirləndirilən şəxs axtarış aparılması haqqında qərarı elan edərək fermada hansı məqsədlə axtarış aparıldığını izah etmişdir. Təqsirləndirilən şəxs həmin qərarla tanış olaraq imzası ilə təsdiq etmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs ona məxsus fermada odlu silah, onun komplekt hissələri, döyüş sursatı və iş üçün əhəmiyyət kəsb edəcək əşya, sənəd və sair predmetlərin yerini könüllü surətdə göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs fermanın dam örtüyünün altındakı tavanda sellofan torbanın içərisində “Kalaşnikov” markalı avtomata məxsus patronların olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun və arvadı Müşgünazın iştirakı ilə Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni fermanın dam örtüyünə baxış keçirilmişdir. Baxış zamanı dam ortüyünün altında torpağa gizlədilmiş vəziyyətdə sarı rəngli sellofan torbanın olmasını görmüşdür. Onların iştirakı ilə həmin sellofan torba torpaqdan çıxarılmaqla açılmış və içərisində çoxlu sayda patronların olmasını görmüşdür. Axtarışda iştirak edən Şəmkir Rayon Polis Şöbəsinin adını xatırlamadığı əməkdaşı həmin patronların “Kalaşnikov” markalı avtomat silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62 mm kalibrli patronlar olduğunu bildirmişdir. Bundan sonra onların iştirakı ilə həmin patronlar sellofan torbadan çıxarılaraq söhbətgahın altındakı masanın üzərində düzülmüş və sayıldıqda 150 ədəd patronun olması müəyyən edilmişdir. Müstəntiq tərəfindən həmin patronların fotoşəkilləri çəkilmişdir. Bundan sonra həmin patronlar müvafiq qaydada qablaşdırılmaqla möhürlənmiş və götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, həmin patronları mərhum atası X4 fermanın dam örtüyünün altındakı tavanda gizlətmiş, ölümündən 2–3 il əvvəl patronların yerini ona göstərmişdir. Təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, 150 ədəd patrondan başqa ona məxsus fermada heç bir odlu silah və döyüş sursatı yoxdur. Bundan sonra müstəntiq və polis əməkdaşları tərəfindən fermada və onun ətrafında axtarış aparılmış, lakin hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Axtarışın nəticələrinə dair axtarışda iştirak edən müstəntiq tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir RPŞ–nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində ona məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fermada odlu silah və döyüş sursatı gizlətməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 09 mart 2023–cü il tarixdə onun, prokurorluq, rayon polis şöbəsinin əməkdaşları və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs məxsus fermada axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl müstəntiq tərəfindən həmin istintaq hərəkətində iştirak edən şəxslərə və hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs ona məxsus fermada odlu silah, onun komplekt hissələri, döyüş sursatı və iş üçün əhəmiyyət kəsb edəcək əşya, sənəd və sair predmetlərin yerini könüllü surətdə göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq fermanın dam örtüyünün altındakı tavanda sellofan torbanın içərisində “Kalaşnikov” markalı avtomata məxsus patronların olduğunu bildirmişdir. Bundan sonra fermanın dam örtüyünə baxış keçirilmiş, baxış zamanı dam örtüyünün altında torpağa gizlədilmiş vəziyyətdə sarı rəngli sellofan torbanın olması müəyyən edilmişdir. Həmin sellofan torba torpaqdan çıxarılmış və açıldıqda içərisində çoxlu sayda patronların olması müəyyən edilmişdir. Axtarışda iştirak edən Şəmkir RPŞ–nin baş inspektor– kriminalisti Sərxan Məmmədov həmin patronların “Kalaşnikov” markalı avtomat silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62 mm kalibrli patronlar olduğunu bildirmişdir. Daha sonra onların və hal şahidlərinin iştirakları ilə həmin patronlar sellofan torbadan çıxarılaraq masa üzərində düzülmüş, sayıldıqda 150 ədəd patronun olması müəyyən edilmişdir. Patronların bəzilərinin üzərində pasaoxşar ləkələr olmuşdur. Həmin patronlar müvafiq qaydada qablaşdırılmaqla möhürlənmiş və müstəntiq tərəfindən maddi sübut kimi götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, həmin patronları mərhum atası X4 fermanın dam örtüyünün altındakı tavanda gizlətmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 150 ədəd patrondan başqa ona məxsus fermada heç bir odlu silah, döyüş sursatı və dövriyyəsi qadağan edilmiş əşyalar yoxdur. Bundan sonra fermada axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Axtarışın nəticələrinə dair axtarışda iştirak edən müstəntiq tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, o, axtarışda iştirak edən digər əməkdaşlar, hal şahidləri və Təqsirləndirilən şəxs həmin protokolla tanış olaraq imzalamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin MSY– nin polis nəfəri, polis serjantı Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Böyük qardaşı İltifat Musayev 6 ildir ki, rəhmətə getmişdir. Təqsirləndirilən şəxs ailənin kiçik övladı kimi valideynlərinin yanında yaşamış, hərbi xidməti başa vurduqdan sonra bir müddət kənddə kafe işlətmiş, sonradan işləmək üçün Rusiyanın Moskva şəhərinə getmişdir. O, ailə həyatı qurduqdan sonra valideynlərindən ayrı yaşadığı üçün mərhum X8da “Kalaşnikov” markalı avtomat və ya başqa bir silahın olub– olmaması, mərhum qardaşı İltifat Musayevin “Kalaşnikov” markalı avtomat silahını alaraq mərhum X8a verməsi, atasının 1995–1997–ci illərdə həmin silahı Şəmkir Rayon Polis Şöbəsinə aparıb könüllü surətdə təhvil verməsi barədə heç bir məlumatı olmamış, atasının həmin silahı yaşadığı evdə saxlamasını görməmiş və eşitməmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 3(076)–317/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM–nin 510 və 535.1–ci maddələri əsasında təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 3(076)–317/2023 saylı qərarına əsasən barəsində 20 gün müddətində inzibati həbs tətbiq edilmiş Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərərkətlərinin aparılmasına etiraz edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Seyfəli kəndində yerləşən fermasında təxirə salına bilinməyən halları məhkəmənin qərarı olmadan axtarış aparılması qərara alınmış, həmin qərar Təqsirləndirilən şəxs elan edilmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində yerləşən fermada axtarış aparılmış və “Kalaşnikov” markalı avtomata məxsus 150 ədəd 7,62 mm kalibrli patronlar aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının 14 mart 2023–cü il tarixli, 3/454 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 150 ədəd patron 1952–ci ildə Tula patron zavodunda istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla (zirehdələn, yandırıcı güllələri olan 7,62 Б3 və 7,62 3 57–B3–231 və 57–3–231), həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AK–47”, “AKMS” markalı avtomat silahlarda, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, atəş üçün yararlıdır, pistonlarında silahın vurucusunun izi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023–cü il tarixli 3–13–11/2–3552/2023 nömrəli məktubundan görünür ki, 1995–1997–ci illərdə Şəmkir RPŞ–dən 1 ədəd “AKM” modelli, 2 ədəd “AKS” modelli silahlar Kriminalistik Tədqiqatlar İdarəsinə daxil olmuş, lakin kim(lər) tərəfindən RPŞ–yə təhvil verilməsi göstərilməmişdir. Cinayət işinin materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2017–ci il tarixdə “miokard” infarktı səbəbindən ölmüşdür. Cinayət işinin materiallarında olan Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 17 may 2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə tədqiq edilmiş sübutlar əsasında məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs döyüş sursatı hesab edilən 150 ədəd Tula patron zavodunda istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla (zirehdələn, yandırıcı güllələri olan 7,62 Б3 və 7,62 3 57–B3–231 və 57–3–231) həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AK–47”, “AKMS” markalı avtomat silahlarda, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə olunan atəşə yararlı patronları Bakı–Qazax yolunun şimal hissəsində Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində yerləşən istifadəsində olan toyuq fermasının dam örtüyünün altındakı tavanda bir ədəd sellofan torbanın içərisində gizlətməklə qanunsuz olaraq saxlamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, habelə iş materiallarında olan sənədləri müqayisəli təhlil edərək belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülərkən ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1–ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq döyüş sursatları əldə etməsi və saxlaması sübuta yetirilmir. Qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair ittiham tərəfi yeganə sübut kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə istinad etmişdir. Cinayət işinin materiallarında həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair əlavə heç bir mötəbər sübut yoxdur. Məhkəmə CPM–in tələblərinə əsasən qeyd edir ki, şəxsin cinayət törətməsinə dair etirafedici ifadələrinə o halda istinad edilə bilər ki, həmin əməlin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi digər mötəbər sübutların məcmusu ilə təsdiq edilsin. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadəsində xatırlamadığı tarixdə atasından gizli həmin silahı götürüb kəndin ətrafında olan meşəlik ərazidə avtomatdan bir neçə dəfə atəş açmasını qeyd etmişdir. İbtidai araşdırma orqanı həmin faktı əsas tutaraq təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan şəxs halında qanunsuz olaraq döyüş sursatı əldə etməsi və saxlamsı ilə bağlı ittiham vermişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs həmin xüsusatı da təkzib etmiş, ifadəsində mərhum qardaşı X3 çoxlu sayda 7,62 mm kalibrli patronları mərhum X8a hədiyyə kimi verdiyini, X8 150 ədəd 7,62 mm kalibrli patronları ona məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən toyuq fermasının dam örtüyünün altındakı tavanda gizlətdiyini və rəhmətə getməmişdən 2–3 il öncə onu fermaya apararaq həmin patronların yerini ona göstərdiyini, o atası rəhmətə gedəndən sonra qeyd olunan patronları unutduğu üçün onları könüllü surətdə hüquq–mühafizə orqanlarına təhvil vermədiyini bildirmişdir. Həmçinin iş üzrə dindirilmiş şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində və cinayət işinin materiallarında olan sənədlərdə təqsirləndirilən şəxsin qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq döyüş sursatları əldə etməsi və saxlamasını təsdiq edən sübutlar aşkar olunmamışdır. Cinayət hüququ cinayətdə birgə iştirakçılığı hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olmasını və bir–birini tamamlamasını, kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Birgə cinayətkar fəaliyyətdə iştirakçıların səyi birləşir, hər bir iştirakçı konkret cinayətdə öz payına düşəni icra edir, bununlada cinayətin başqa iştirakçılarının həyata keçirəcəkləri niyyətə az–çox kömək etmiş olurlar. Burada iştirakçıların hər birinin hərəkəti heç də başqasının hərəkətini labüd olaraq doğuran amilə çevrilmir. Cinayətdə iştirakçılıq üçün şəxslərin hərəkətləri arasında obyektiv asılılıq o halda müəyyən edilmiş sayılır ki, iştirakçının hərəkətinin başqa iştirakçının hərəkətinə şərait yaratdığı sübut edilmiş olsun. İştirakçılıq üçün birgə hərəkət edən şəxslərin funksiyası arasında asılılığı şərtləndirən xüsusiyyət xarakterikdir. Burada qarşılıqlı asılılıq dedikdə, elə obyektiv asılılıq başa düşülür ki, iştirakçılardan birinin hərəkəti başqa iştirakçının əməlinin edilməsinə imkan yaradan şərait rolunu oynayır. Cinayətin edilməsində birgə iştirakçılıq əlaməti ictimai təhlükəli nəticənin cinayətin iştirakçılarının hamısı üçün ümumi olmasını nəzərdə tutur. Birgə fəaliyyət adətən, iştirakçılıqda vahid obyekti ehtiva edir. Birgə kriminal fəaliyyət və ictimai təhlükəli nəticənin hamı üçün ümumi olması, eyni zamanda iştirakçıların hərəkətlərini faktiki bir hadisəyə bağlayır. Cinayətin birgə edilməsi üçün xarakterik olan göstəricilərdən biri də hər bir iştirakçının hərəkəti ilə iştirakçıların hanısı üçün ümumi olan nəticə arasında səbəbli əlaqənin olmasıdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini tövsif edərkən, onun törətmiş olduğu konkret cinayət əməlinin cəhətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1–ci maddəsinin dizpozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu düzgün müəyyən etməmişdir. Ona görə də məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1–ci maddəsi ilə deyil, həmin Məcəllənin 228.1–ci maddəsi ilə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008–ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7–ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri–müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusuiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsif, cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası CPM–in 28.5–ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülüən ittiham həm yetərlilik, həmdə inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər hansı digər şəxslə qabaqcadan hər hansı formada cinayətin törədilməsi üçün razılıq əldə etməsi, eləcə də, cinayəti törədərkən hər hansı digər şəxslə əlbir hərəkət etməsi barədə cinayət işinin materiallarında heç bir mötəbər sübut yoxdur. İbtidai araşdırma orqanı tərəfindən mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs cinayət törədərkən qeyrisi ilə əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq döyüş sursatları əldə etməsi və saxlamasına dair ittiham vermişdir. Azərbaycan Respublikası CPM–in 145.3–cü maddəsinə əsasən ittihamın sübut olunmasında yarana şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 124.1–ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Konstitusiya Məhkəməsi Plenumunun “CM–in 244.1–ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011–ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət–hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasındsa uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət–hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM–də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhkükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub– olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyət alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM–in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalər və hümanizm, həmçinin yuxarıda göstərilən kostitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə, yuxarıda sadalanan sübutlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə və saxlama cinayət əməlini törətmiş, bu səbəbdən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1–ci maddəsindən cinayər Məcəlləsinin 228.1–ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası daxilində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan birbaşa qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 28 mart 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 28 mart 2023–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 28 mart 2023–cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut qismində tanınmış, Bakı şəhəri Binəqədi RPİ–yə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs fermasından aşkar edilərək götürülmüş 150 ədəd atəş açmaq üçün yararlı, 7,62x39 mm kalibrli patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunub Bakı şəhəri Binəqədi RPİ–yə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs fermasından aşkar edilərək götürülmüş 150 ədəd atəş açmaq üçün yararlı, 7,62x39 mm kalibrli patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar