Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-214/2024 30.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984–cü il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 01 mart 2024-cü il tarixdə Şəmkir şəhəri, Ş.Qurbanov küçəsində yerləşən Şəmkir rayon Mərkəzi Xəstəxanasının keçmiş binasının ərazisindən taparaq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir şəhəri, Ş.Qurbanov küçəsinə daşıyaraq saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə, saat 12:55 dəqiqədə Şəmkir şəhəri, Ş.Qurbanov küçəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkcəsinin içərisindən ağ rəngli sellofan paketdə təmiz çəkisi 305 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir şəhəri, Ş.Qurbanov küçəsində yerləşən köhnə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həyətində olduğu zaman yerdə ağ rəngli sellofan görmüşdür. O, həmin sellofanı götürüb içərisini açıb baxdıqda sellofanın içərisində narkotik vasitə olduğunu müəyyən etmiş və öz istifadəsi üçün həmin sellofanı içərisində olan narkotik vasitə ilə birlikdə gödəkcəsinin içərisinə qoymuşdur. O, Ş.Qurbanov küçəsi ilə yaşadığı evə gəldiyi zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və özünü şübhəli apardığını bildirib onu Şəmkir RPŞ-nə dəvət etmişlər. Ona vəkil təyin olunmuş və şübhəli şəxs kimi tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, əynində olan tünd göy rəngli gödəkcəsinin içərisində saxladığı sellofanda olan narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 340 qram olmuşdur. O, heç kimə narkotik vasitə olan marixuana satmamışdır. Narkotik vasitə tapması barədə heç kimə deməmişdir. Polis şöbəsinə gətirildikdə ona qarşı hər hansı bir formada təzyiq və ya təsir göstərilməmiş, özü könüllü olaraq əməlini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 01 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən rayon polis şöbəsinin rəisinə raportla müraciət edilmişdir. Şəmkir RPŞ-nin rəisi tərəfindən razılıq verildikdən sonra onun tərəfindən tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə rəhbərliyi Şəmkir RPŞ-nin CAB-nin rəisi Vüqar Qarayev tərəfindən edilən, Şəmkir RPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, ondan və polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Ş.Qurbanov küçəsinə gedilmişdir. Şəhər ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Elsevər İbrahimov tərəfindən çağırılmış vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Aparılmış təhqiqatın nəticəsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə 340 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis bölməsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. O da rəhbərliyin göstərişi ilə təhqiqatçı Elsəvər İbrahimovun xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi1 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Elsəvər İbrahimov tərəfindən çağırılmış vəkil Müdafiəçi1 iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli gödəkçənin icərisindən ağ rəngli sellefon torbaya bükülmüş 340 qram narkotik vasitə hesab olunan marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təhqiqatcı tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi və yaşadığı evdə olub-olması soruşulduqda narkotik vasitə hesab olunan marixuananı xx.xx.2024cü il tarixdə Şəmkir şəhəri, Ş.Qurbanov küçəsində yerləşən köhnə Şəmkir RMX-nin həyətindən tapdığını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 01 mart 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki tünd göy rəngli gödəkçənin icərisindən ağ rəngli sellofana bükülmüş olan, təmiz çəkisi 340 qram çəkidə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 02 mart 2024-cü il tarixli 16/297 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki, ağ rəngli polietilen torbada təmiz çəkisi 305 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 27 mart 2024-cü il tarixli, 914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixdən Şəmkir rayon Poliklinikasının narkoloji kabinetində “Həşiş narkomaniyası” diaqnozu ilə qeydiyyatda dayanır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2022–ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM–nin 228.1 və 234.1–ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərar ilə Azərbaycan Respubikası CM–nin 76-cı maddəsinə əsasən 01 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3–cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 03 mart 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 01 mart 2024–cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 01 iyun 2024-cü il tarixli 40 AZ saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlama müddəti başa çatdığından həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 oktyabr 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 304,8 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarış zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 DVD-R disk üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 24 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 144 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 oktyabr 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 304.8 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarış zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 144 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-214/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-214/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver