Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-215/2024 27.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987–ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2024-cü ilin iyun ayının əvvəllərində Şəmkir şəhəri, 20 Yanvar küçəsində, yolun kənarından tapdığı 1 (bir) ədəd qara rəngli polietilen torbanın içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, həmin marixuananın bir miqdarını şəxsi istifadəsi üçün götürərək üzərində saxlamış, qalan hissəsini isə etibarnamə əsasında idarə etdiyi “VAZ 21063” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin tərəfdən olan ön oturacağının qarşısındakı saxlanc yerində saxlayaraq Şəmkir rayonunun ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə 08 iyun 2024-cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 6,39 qram, xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin tərəfdən olan ön oturacağının qarşısındakı saxlanc yerində gizlədərək saxladığı 1 (bir) ədəd qara rəngli polietilen torbanın içərisində, ümumi təmiz çəkisi 405 qram, xeyli miqdarda tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, həm üzərindən, həm də idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş tərkiblərinə görə eyni olan, ümumilikdə təmiz çəkisi 411,39 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, bibisinin ərinin yas mərasimindən çıxıb bibisi oğlu ilə balığa getmək qərarına gəlmişlər və bibisi oğlu, dostu Vüqar ilə birlikdə Şəmkir şəhəri mərkəzi bazarın qabağına gəlmişlər. O, avtomobili orada saxlamış, dostu Vüqar avtomobildən düşərək, balıq ləvaziməti almaq üçün bazara getmişdir. Bu zaman adlarını sonradan bildiyi dörd nəfər polis əməkdaşı Şahid2, Şahid1, Hüseyn Hüseyinzadə və adını bilmədiyi digər bir nəfər polis əməkdaşı onun avtomobilinə əyləşərək, onu dayısı oğlunun yanından Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona üzərində və avtomobilində narkotik vasitə olmasını bildirmişlər, o, isə etiraz etdikdə Şahid1 tərəfindən ona psixi təsir göstərilmişdir. Həmin vaxt o, Şahid1 etiraz etsədə, zor tətbiq olunacağından qorxaraq, Şahid1lə razılaşmış, Şahid1 ona bir kibrit qutusu və sellofon torbada olan marixuana təqdim etmişdir. O, marixuananın çəkisinin çox olduğunu bildirərək etiraz etsədə, Şahid1 ona “qorxma birinci məhkumluğundur yaxşı olacaq” dedikdən sonra razılaşmış və kibrit qutusunu üzərinə, sellofan torbasını isə avtomobilinin saxlanc yerinə yerləşdirmişlər. O, həmin vaxt məcbur olub Şahid1 tərəfindən təqdim olunmuş kibrit qutusunu və sellofan torbasını qəbul etmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə onun üzərində və avtomobilində axtarış aparılmış və Şahid1 tərəfindən ona təqdim olunmuş narkotik vasitə olan marixuana aşkar edilmişdir. O, həmin vaxt məcbur olub cinayət əməli törətməsini etiraf etmiş, bu barədə protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmasada, o, təzyiq altında olduğundan üzərində şəxsi axtarış aparılan zaman və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən və avtomobilindən aşkar edilərək götürülən narkotik vasitənin özünə məxsus olmasını və Şəmkir şəhəri, 20 Yanvar küçəsində gəzən zaman yolun kənarında yerdə götürməsini, özünə məxsus “VAZ 2106” markalı avtomobilin ön saxlanc yerinə yerləşdirməsini bildirmişdir. Əslində onun üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitə ona aid olmamış, şöbədə polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə yerləşdirilmişdir. Buna görə də, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir şəhəri, Ü.Hacıbəyov küçəsi, ev-32 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 08 iyun 2024-cü il tarixdə Şəmkir şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq idarə etdiyi avtomobilində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Şəmkir RPŞ-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi Şəmkir Rayon Polis Şöbəsinin CAB-nin rəisi Şahid1 və PPXB-nün polis nəfəri Şahid3 ibarət olmuş, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə birlikdə polis bölməsinin xidməti avtomobilinə əyləşib Şəmkir şəhəri, 20 yanvar küçəsi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir şəhəri, 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı avtomobildə əyləşdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirib onlarla Şəmkir Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmiş, Niytaməddin Cəbrayılov onlara etiraz etməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında təhqiqatçı, polis baş leytenantı Elsevər İbrahimov tərəfindən hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulduğunu, şübhəli şəxs qismində tutulduqdan sonra üzərində videogörüntü vasitəsi ilə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparıldığını, onun üzərindən 9.44 qram narkotik vasitə olan marixuana aşkar edildiyi barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesi bitdikdən sonra CAB-nin rəisi, polis mayoru Şahid1, onun və Müdafiəçi1nm iştirakı ilə Təqsirləndirilən şəxs məxsus avtomobilinə baxış keçirilmiş və baxış zamanı Niyaməddinin idarə etdiyi “VAZ-2106” markalı avtomobilin ön saxlanc yerindən qara rəngli sellofan bükümdə sellofanla birlikdə 0,430 qram narkotik vasitə marixuanaya bənzər kütlə aşkar götürülmüşdür. Bundan başqa Şahid2 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, eləcə də Şəmkir Rayon Polis Şöbəsində ona qarşı heç bir şəkildə təsir, təzyiq, eləcədə işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Şəmkir şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 08 iyun 2024-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin CAB-nin rəisi Şahid1 və polis şöbəsinin digər əməkdaşları tərəfindən narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elsevər İbrahimov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra Şəmkir rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim olunmuş, təqdim olunmuş siyahı üzrə vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsini istədiyini bildirmiş, vəkil Müdafiəçi1 müdafiəçi qismində dəvət olunandan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, iştirakçılar tərəfindən şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunması barədə hər hansı bir narazılıq daxil olmamış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və prekursorları varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin kibrit qutusu açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və 9,44 qram olması müyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni Şəmkir şəhəri, 20 Yanvar küçəsindən tapdığını bildirmiş, həmin kütlə qablaşdırılaraq AR DİN-nin 118 nömrəli möhürü ilə möhürlənib ekspert tədqiqatı üçün götürülmüşdür. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 08 iyun 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit rutusu ümumi çəkisi 9,44 qram marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 08 iyun 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı **-DR-*** dövlət qeydiyat nişanlı avtomobilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin sol ön qapısını açaraq sağ ön sərnişin hissədə olan saxlanc yerindən bir ədəd qara sellofanda içərisində narkotik vasitə ümumi çəkisi 430 qram olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 09 iyun 2024–cü il tarixli 16/669 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,39 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı **-DR-*** dövlət qeydiyyyat nişanlı avtomobildən aşkar edilmiş marixuanaya bənzər kütlə” sözləri və imzaları olan qara rəngli polietilen torbada, təmiz çəkisi 405 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş l (bir) ədəd kağız paketdə və l (bir) ədəd qara rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan, Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 13 iyun 2024–cü il tarixli, 1070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il tarixdə anadan olmuş Eldəniz və xx.xx.2019-cu il tarixdə anadan olmuş Sona adlı iki nəfər azyaşlı uşağı var. İşə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 gün müddətə həbs edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini bildirsə də, iş üzrə şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən təzyiq altında ifadə verdiyini bildirsədə, məhkəməyə həmin halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı həmin hallarla bağlı hər hansı şübhəli məqamlar aşkar olunmamış, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman, eləcədə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamış, habelə ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 08 iyun 2024–cü il tarixdə saxlanılmış, 10 iyun 2024-cü l tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş, xx.xx.2024–cü il tarixdə isə işin istintaqını aparan müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sərbəst şəkildə ifadə verərək narkotik vasitəni tapdığı yeri göstərmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2– ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən mövcudluğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,34 qram və 404,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, avtomobilinə baxış keçirilən zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 03 DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 06 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 27 noyabr 2024cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,34 qram və 404.95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, avtomobilinə baxış keçirilən zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 03 DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-215/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-215/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver