Məhkəmə qərarları › İş №1(076)-216/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-216/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-216/2023 23.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR-nın CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəmkir Rayon məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 7(076)-52/2023 saylı qərarı ilə çəkilməmiş qalan 04 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası 02 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ********* nömrəli cinayət işi üzrə 01 iyun 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin sentyabr-oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda yaşadığı Şəmkir rayonu, Düzqışlaq kəndi ərazisindəki su arxının kənarında yabanı halda bitmiş çətənə kollarının toxumlarını toplayıb 10 may 2023-cü il tarixdə özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq tərkibində narkotik maddələr olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 29 may 2023-cü il tarixdə Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindən 15 (on beş) ədəd, xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, anası X1, bibisi X11 və arvadı X12 və 8 yaşlı oğlu Eldəniz ilə birlikdə yaşayır. Uzun illərdir ki, marixuana istifadə edir, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda ayağında qandal var, cəzasının bitməsinə 3 ay qalmışdır. Özü istifadə etmək üçün yaşadığı evin həyətində çətənə kolları əkmək qərarına gəlmiş və təxminən 7-8 ay əvvəl Şəmkir rayonu, Təzəkənd kəndində su arxının kənarında yabanı halda bitmiş çətənə kollarından əldə edib saxladığı toxumları xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində zibil paketlərinə torpaq dolduraraq həmin toxumları paketlərə basdırmışdır. Ümumilikdə torbalarda 13 ədəd, evin həyətində isə 2 ədəd toxumu basdırmış və dibinə su tökməklə təxminən 15-20 gün qulluq etmişdir. 29 may 2023-cü il tarixdə saat 18 radələrində ona bir nəfər zəng edib polis olduğunu bildirib ondan yaşadığı evə gəlməsini tələb etmişdir. O, işlə bağlı Şəmkir rayonu, Qapanlı kəndində olduğunu demiş və sabah gələ biləcəyimi bildirmişdir. O, artıq polisin ona zəng etməsindən bilmişdir ki, evin həyətində əkdiyi çətənə kollarını aşkar ediblər. Bir gün Qaracəmirli kəndində qaldıqdan sonra yaşadığı evə gəlmişdir. Ona anası Firəngiz polislərin onun iştirakı ilə evə və evin həyətinə video çəkiliş ilə baxış keçirdiyini demişdir. Baxış zamanı evin həyətindən 15 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. O, evdə bir az olduqdan sonra Kür polis bölməsinə getmiş və onu oradan Şəmkir rayon polis şöbəsinə gətirmişlər. O, etdiyi əməldən peşmandır. Yaşadığı evin həyətində çətənə kollarını əkməsindən onun ailə üzvlərinin xəbəri olmamışdır. O, birinci dəfədir ki, belə şey edir. O, heç kimə marixuana satmamış və elə bir fikri olmamışdır. Özünü təqsirli bilir. Himayəsində iki nəfər azyaşlı uşağı var. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə saxlamağa görə məhkum olunmuşdur. 29 may 2023-cü il tarixdə Şəmkir rayonu, Düzqışlaq kəndində yaşadığı evdə olanda polis əməkdaşları gəlmiş və oğlu Mübariz ilə yaşadıqları evin həyətində qanunsuz olaraq narkotik vasitə əkməsi ilə əlaqədar yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, polislərlə razılaşıb oğlu Mübarizin evdə olmadığını bildirmişdir. Polis əməkdaşları ondan oğlu Mübarizin həyətində narkotik vasitə əkibəkmədiyimi soruşduqda o, həyətyanı sahədə olan çətənə kollarını təqdim etmişdir. Yaşadığı evin həyətindən ümumilikdə 13 ədəd qara rəngli sellofan torbada əkilmiş və 1 ədəd torpağa əkilmiş çətənə aşkar edilmişdir. Çətənə kolları onun iştirakı ilə həyətə gətirilib kökündən çıxarılmış, boyları ölçülmüşdür. Çətənə koluna bənzər kütlələr ekspertiza üçün torbaya qoyulub qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. O, da qablaşdırmaya imza etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmişdir. O, da tərtib edilmiş protokola imzalamışdır. Oğlu Mübarizin çətənə kollarını əkməsindən onun məlumatı olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin baş əməliyyat müvəkkili işləyir. Şəmkir rayonu, Düzqışlaq kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 29 may 2023-ci il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə onun tərəfindən raportla müraciət edildikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra bölmə rəhbəri tərəfindən əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərliyi ilə də həmin qrupun üzvləri təyin edilmiş və sonra əməliyyat qrupunun üzvləri, bölməyə məxsus xidməti avtomobilə oturub Şəmkir rayonu, Düzqışlaq kəndi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Düzqışlaq kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, qapını Təqsirləndirilən şəxs anası Şahid3 açmış və onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatı yoxlanılması üçün yaşadığı evə baxış keçiriləcəyini deyilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs evdə olmamış və anası Şahid3 yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alındıqdan sonra Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Rəşad Xəlilovun, aqronom alim Vaqif Dumanovun və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində müxtəlif ölçülü cəmi 15 ədəd çətənə kolları aşkar edilmişdir. Aqronom alim Vaqif Dumanov baxış zamanı aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqro texniki qaydada qulluq edildiyini demişdir. Aşkar edilmiş kollar ağ torbaya qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məxsus evdən, evin otaqlarında, həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmişdir. Protokolu imza etmişlər. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özü Şəmkir RPŞ-nin Kür PB-nə gəlmiş və Şəmkir RPŞ-nə təhvil verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmə” haqqında 30 may 2023-ci il tarixli, 517 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Şübhəli şəxsi tutma” haqqında 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə” haqqında 29 may 2023-ci il tarixli, 504 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evinə, evin həyətyani sahəsinə, ev sahibi Şahid3 və aqranom iştirakı ilə baxış keçirildi. Evin həyətinə baxış keçirilən zaman 13 ədəd qara rəngli sellofan torbada əkilmiş və 2 ədəd torpağa əkilmiş çətənə aşkar edilmişdir. Çətənə kolları həyətə gətirilib kökündən çıxarılmış, boyları ölçülmüşdür. Çətənə kolları ölçülən zaman 1-ci çətənə kolu 75 sm, 2-ci çətənə kolu 45 sm, 3-cü çətənə kolu 40 sm, 4-cü çətənə kolu 32 sm, 5-ci çətənə kolu 40 sm, 6-cı çətənə kolu 30 sm, 7-ci çətənə kolu 53 sm, 8-cı çətənə kolu 50 sm, 9-cu çətənə kolu 55 sm, 10-cu çətənə kolu 50 sm, 11-ci çətənə kolu 52 sm, 12-ci çətənə kolu 42 sm, 13-cü çətənə kolu 45 sm, 14-cü çətənə kolu 33 sm, 15-ci çətənə kolunun 44 sm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə bildirmişdir ki, yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində su arxının kənarında yabanı halda bitmiş çətənə kollarından əldə edib saxladığı toxumları xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində zibil paketlərinə torpaq dolduraraq həmin toxumları paketlərə basdırmışdır. Ümumilikdə torbalarda 13 ədəd, evin həyətində isə 2 ədəd toxumu basdırmış və dibinə su tökməklə təxminən 15-20 gün qulluq etməsini etiraf etmişdir. Götürülmüş 15 ədəd çətənə kolları 31 may 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. Cinayət işinin 46-cı vərəqində olan üst baxış aktından görünür ki, 26 iyin 1980-cı ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş və Düzqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərində 1 ədəd 20 manatlıq pul əskinazı, 1 ədəd alışqan, 1 ədəd Vikeroy markalı siqaret aşkar olunaraq götürülmüş və sonra özünə qaytarılmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə X7 Regional Bölməsi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli 16/563 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları” yazılar və imzalar olan kisədə ümumi sayı 15 (on beş) ədəd, ümumi çəkisi 400 qram bitki nümunələri əkib becərilməsi olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) 29 may 2023-cü il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. “Materialın aidiyyəti üzrə göndərilməsi” haqqında 30 may 2023-cü il tarixli, 518 nömrəli qərarından görünür ki, material Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 iyun 2023-cü il tarixli, 589 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 4(076)-111/2023 saylı, 01 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.1980-cı il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyata olmaqla, həmin kənddə yaşayan və Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan seçilməsi və həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 30 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 5(076)-143/2023 saylı, 31 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə dair, Şəmkir Rayon Polis Şöbəsinin Kür PBnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 29 may 2023-ci il tarixli qərarı qanuni hesab edilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında 20 iyun 2023-ci il tarixli, 644 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə Azərbaycan Rerspublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, 29 may 2023-cü il tarixdə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən evindən aşkar edilmiş 15 ədəd çətənə kolları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək saxlanılması üçün 31 may 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilməsi nəzərə alınsın, baxış zamanı çəkilmiş video görüntülərin yazıldığı 1 ədəd DVD disk isə cinayət işinə əlavə edilsin, Şahid3, X4 və X9 əməlində Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilsin, iş üzrə məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizasının rəyi və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilsin və cinayət işinə əlavə edilsin, cinayət işi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Şəmkir rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Şəmkir şəhəri İHB-nin Şəmkir Rayon Düzqışlaq kənd İnzibati ərazi darəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır. Şəmkir şəhəri İHB-nin Şəmkir Rayon Düzqışlaq kənd İnzibati ərazi darəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş portal çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində Eldəniz və Ayşən adlı iki nəfər azyaşlı uşaqları vardır. Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserin 09 iyun 2023-cü il tarixli, 1007 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cianyət işinin 127-128-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.5 və 62.1-vi maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü dəyişdirilərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2021-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə 04 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaqla) görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), əvvəllər cinayət məsuliyyətində cəlb edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilməsini və həmin cəzanı çəkib qurtarmadan yenidən hazırki cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) məhkumluğunun olması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 30 may 2023-cü il tarixli, 1192 nömrəli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 1(076)-244/2021 saylı, 06 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 il 07 ay 25 gününü çəkmiş, 04 ay 29 gün isə çəkilməmiş olaraq qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 1(076)-244/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci ildən 29 iyul 2021-ci ilədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 3 gün azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmi. Cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinin 7(076)-52/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərarı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(076)-244/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 29 (iyirmi doqquz) günü hissəsi, 02 (iki) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazır ki ********* saylı iş üzrə Şəmkir Rayon Məhkəməsinin 4(076)-111/2023 saylı, 01 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Həmçinin məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 7(076)-52/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərarı ilə 02 (iki) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq cəzası təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 1007 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi müsadirə ediləcək əmlak yoxdur, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş 15 ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə təyin olunmuş 02 ay 14 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkə müddətinin əvvəli bu iş üzrə tutulduğu 30 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəmkir RPŞ-də saxlanılan 15 (on beş) ədəd çətənə (kannabis) kolu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar