Məhkəmə qərarları › İş №1(076)-218/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-218/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-218/2023 11.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1998–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin və ya yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə–qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 01 aprel 2023–cü il tarixdə tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq əldə etmək niyyəti ilə həmkəndlisi, azyaşlı Zərərçəkmiş şəxs məxsus 050–978–91–44 saylı mobil nömrənin “Whatsapp” yazışma şəbəkəsinə içərisində sonuncuya məxsus rüsvayedici məlumatlar olan videogörüntüləri atmış, bundan sonra Zərərçəkmiş şəxs atası Şahid1 ilə telefon əlaqəsi saxlayaraq ondan yaxın qohumu hesab edilən oğlunun haqqında rüsvayedici məlumatlar olan videogörüntüləri sosial şəbəkələrdə yayma hədəsi ilə sonuncudan 1.000 (bir min) manat məbləğində pulu hədə–qorxu ilə tələb etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2023–cü ilin aprel ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində Gülbəniz adlı qadınla danışmağa başlamış, o, həmin qadınla danışan zaman Gülbəniz onun Şəmkir rayonu, Seyfəli kəndində yaşadığını bilmiş, Gülbəniz onunla eyni kənddə yaşayan bir nəfər şəxsin 2 il əvvəl lüt videolarını atdığını bildirmişdir. Daha sonra Gülbəniz ona həmin videoları atmış, ondan həmin şəxsi tanıyıb–tanımadığını soruşmuş, o isə videoya baxan zaman həmin şəxsin həmkəndlisi “Şoşu” ləqəbli Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Elə həmin gün həmkəndlisi Mərhəmət Hüseynovun ad gününə getmiş, orada spirtli içki qəbul etmiş, daha sonra ağlına Nəcəfin etdikləri gəlmişdir. Bir müddət əvvəl yaşadığı Şəmkir rayonu, Seyfəli kəndində, evlərinin yaxınlığında yerləşən çayxanadan tapdığı 050–988–71–57 saylı mobil nömrəyə “Whatsapp” açmış, Nəcəfə məxsus 050–978–91–44 saylı mobil nömrəyə həmin videoları atmış, özünün kim olduğunu Nəcəfə deməmiş, sadəcə olaraq videoda kimin olmasını, tanıyıb–tanımadığını Nəcəfdən soruşmuş, Nəcəf isə ona “videoda olan mən deyiləm”–demişdir. O, Nəcəfə “oldu sağ ol” yazdıqdan sonra Nəcəf “Whatsappda” onu yığmağa başlamış, Nəcəfə başqa yerdə olduğunu, onu yığmamasını demiş, bu zaman Nəcəf onu blok etmişdir. Bundan bir qədər sonra ona xatırlamadığı nömrədən bir nəfər mesaj yazaraq Nəcəfin atası olduğunu deyib videonu silməyini istəmiş, o da həmin şəxsə oğlunun səhv etdiyini, sosial şəbəkələrdə özünü paylaşdığını demiş, o, həmin vaxt sərxoş vəziyyətdə olduğundan əsəbləşmiş, bu səbəbdən də Nəcəfin atasına guya ki, həmin video üçün 400 manat pul verdiyini, ümumilikdə ona 1.000 manat pul verməsə həmin videoları yayacağını, hamısını biabır edəcəyini demişdir. Nəcəfin atasına Şahid2 Vüsal qızına məxsus kartı da pul göndərməsi üçün atmışdır. Videonu ona atan şəxsin isə anket məlumatlarını bilməmişdir. Həmin günün səhərisi polis əməkdaşları ona zəng edib polis şöbəsinə çağırmış, o da polis şöbəsinə gedib öz əməlini səmimi olaraq etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslə və qanuni nümayəndəsi ilə razılıq əldə edərək, barışmışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşayır və onu uşaq vaxtından tanıyır. Onun Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 01 aprel 2023– cü il tarixdə saat təxminən 16 radələrində 050–978–91–44 saylı mobil nömrəsinin “Whatsapp”ına 050–988–71–57 saylı mobil nömrədən onun bir neçə il əvvəl “İnstagram” sosial şəbəkəsində tanımadığı profilə atdığı lüt görüntüləri olan 3 ədəd video gəlmişdir. O, həmin şəxsə ilkin olaraq həmin videolarda olan şəxsin o, olmadığını demiş, həmin şəxs onu bloka atmışdır. Bundan sonra həmin şəxsin videoları yaymasından qorxub bu barədə anasına zəng edib məlumat vermiş, anası isə həmin şəxsin telefon nömrəsini ondan alıb atasına vermişdir. Bundan təxminən 1–2 saat sonra anası və atası onun həmin vaxt olduğu, nənəsinin yaşadığı Seyfəli kəndində yerləşən evə gəlmiş, oradan onlar birlikdə Şəmkir Rayon Polis Şöbəsinə getmiş, bu zaman ona həmin şəxsin atasına da həmin videoları atdığı, atasından 1.000 manat pul istədiyi, pulu vermədiyi halda onun görüntüləri olan həmin videoları yayacağını dediyini bilmişdir. Həmin vaxt vidaoları atan şəxsin kim olduğunu bilməsələr də, 2 gün sonra həmin şəxsin onlarla eyni kənddə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şahid1 Şahin oğlu kimi tanımış, Bakirlə bir neçə ay əvvəl sosial şəbəkədə tanış olmuş, tanış olduqdan sonra onların arasında sevgili münasibətləri yaranmışdır. Həyatda Bakiri bir neçə dəfə görmüş, Bakirlə sevgili olduqdan sonra Bakı şəhərində tələbə olduğu üçün bəzən özünə məxsus 6815–3331 saylı “Leo Bank”–a məxsus kartını ona pul atması üçün Bakirin telefonuna atmış, Bakir isə ona 5–10 manat arası xırda məbləğdə pullar atmışdır. 2023–cü ilin mart ayında isə onun kartına ümumilikdə 48 manat pul göndərmiş, Bakir hər dəfəsində özü o, demədən kartına pul atmış, bundan başqa Bakir onun kartına heç vaxt böyük məbləğdə pul atmamışdır. Həmçinin, qeyd edir ki, Bakirin bu cür hərəkətlər etməsindən məlumatlı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Oba” marketin yanında telefon aksesuarları, telefon nömrələri sataraq öz gəlirini əldə edir. Təqsirləndirilən şəxs bir müddətdir ki, tanıyır, Bakirlə heç bir ədavət və düşmənçiliyi olmamış, Bakiri sadəcə olaraq işlədiyi ərazidə yaşayan bir şəxs kimi tanımışdır. Şəmkir rayonu, Seyfəli kəndində yaşayan Xalid adlı şəxsi də tanıyır, 2023–cü ilin təxminən fevral ayının əvvəllərində Xalid ona telefonunun daşını dəyişdirtmiş, onun Xalidə etdiyi xidmət 25 manat olsa da Xalidin üzərində 15 manat pul olduğu üçün ona 15 manat vermiş, qalan 10 manatı gözləməyi üçün isə özünə məxsus şəxsiyyət vəsiqəsini onun yanında qoyub getmişdir. Bundan bir neçə gün sonra Bakir onun yanına gələrək ondan Xalidin vəsiqəsini istəmiş, o, Bakirə Xalidin vəsiqəsini pulu verdikləri halda verəcəyini demiş, bundan bir neçə gün sonra Bakir ona Xalidin şəxsiyyət vəsiqəsinin şəklini və onun işlədiyi mağazadan almadığı üçün xatırlamadığı nömrəni atmış, həmin nömrəni qeydiyyatdan keçirmiş, lakin o, Bakirə həmin nömrəni onlardan almadığını demiş, Bakir isə nömrəni onlardan almadığını təsdiq etmiş, ona hörmətini edəcəyini deyib nömrəni qeydiyyatdan keçirməyini xahiş etmişdir. O, həmin xatırlamadığı nömrəni qeydiyyatdan keçirtmiş, keçirtdikdən sonra qeydiyyatdan isə Bakirin istəyi ilə özünə məxsus kartı Bakirə atmış, kartı Bakirə atsa da Bakir ona pul atmamış, onun da başı qarışıq olduğu üçün Bakirə bu barədə heç nə deməmişdir. 06 aprel 2023–cü il tarixdə isə polislər tərəfindən ona Bakirin həmin nömrə ilə cinayət əməli törətdiyi deyilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, Bakirlə Rusiya Federasiyasında tanış olmuş, Azərbaycan Respublikasına gəldikdən sonra isə Bakiri bir neçə dəfə yaşadığı kənddə görmüşdür. 2021–ci ilin dekabr ayında Bakirlə əlaqə saxlayıb ona borca 150 manat pul tapmasını xahiş etmiş, Bakir isə ona şəxsiyyət vəsiqəsi ilə sələm verdiklərini demiş, ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, o da Bakirə şəxsiyyət vəsiqəsinin şəklini atmışdır. Bundan bir müddət sonra o, Şəmkir Rayon Polis Şöbəsinə dəvət edilmiş, adına 050–988– 71–57 saylı mobil nömrənin sənədləşdirildiyini, həmin nömrənin cinayətdə istifadə edildiyi deyilmiş, sonradan o, bu barədə araşdırma aparmış, ona və polisə həmin nömrənin Bakir tərəfindən onun şəxsiyyət vəsiqəsi ilə 18 fevral 2023–cü il tarixdə alındığı məlum olmuşdur. O, həmin tarixdə Şəmkir rayonunda olmamış, Samux rayonunda olmuş, Bakir onun icazəsi və xəbəri olmadan şəxsiyyət vəsiqəsi ilə nömrə almışdır. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan sənədlərin texniki ekspertizasının xx.xx.2023–cü il tarixli, 5/760 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A30S” markalı mobil smartfon hazırda işlək vəziyyətdədir. Həmin telefonun yaddaşında mövcud olan məlumatlar və yaddaşından pozulmuş məlumatlar müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023–cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022–ci il təvəllüdlü Allahverdi adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2023–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017–ci il tarixdən xx.xx.2018–ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2020–ci il tarixdən hərbi təlim toplanışlarına cəlb edilmiş və xx.xx.2021–ci il tarixədək qismən səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuşdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin və ya yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə–qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 182.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə İİ Qarabağ müharibəsində iştirak etməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum olunmuş, qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir. İbtidai istintaq zamanı həmin hal cinayətlərin residivi kimi ağırlaşdırıcı hal olaraq nəzərə alınsa da, habelə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilsə də, onun azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunması həmin Məcəllənin 18.4.4–cü maddəsinin tələbinə görə həmin məhkumluq cəza təyin edilməsi zamanı cinayətlərin residivi kimi müəyyən edilmir və nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4–cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, hərəkətlərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini yüngülləşdirən hal kimi qəbul edərkən nəzərə alır ki, səmimi peşmançılıq və zərərçəkmiş şəxslə barışıq əldə etmə kimi hərəkətlər şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdığından, cəzanın məqsədlərinə xidmət edən belə davranış yüngülləşdirici hal kimi cəza təyin edilməsi zamanı mütləq şəkildə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62–ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı–ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirib, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62–ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının müəyyən edilmiş aşağı həddindən də az cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 aprel 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 05 aprel 2023–cü il tarixdən hesablanmışdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung Galaxy A30 markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalı, məhkəmə– komputer texniki ekpsertizasından daxil olmuş 1 ədəd yaddaş qurğusu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdırr. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62–ci maddəsi tətbiq edilməklə ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung Galaxy A30 markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın, məhkəmə– komputer texniki ekpsertizasından daxil olmuş 1 ədəd yaddaş qurğusu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar