Məhkəmə qərarları › İş №1(076)-219/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-219/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-219/2023 02.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 09 avqust 1988-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonunun Dəllər- Cəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Şəmkir rayonu, Əhməd Cavad küçəsində yerləşən “DEGİS” adlı paltar mağazasının içərisində yaxın dostu Şahid1 Şəmkir rayonu, Dəllər Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etdiyini görərək onlara yaxınlaşıb məsələ ilə maraqlanan zaman, Zərərçəkmiş şəxs onu mağazadan çıxararaq qəsdən yumruq və ayaq zərbələri ilə döyməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onun sinə nayihəsinə istintaqa xarici əlamətləri dəqiq məlum olmayan bıçaqla qəsdən vuraraq, ona döş qəfəsinin ön səthində döş sümüyü nahiyyəsinin səthi kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən, həmçinin döş qəfəsinin sağ yarısının ön divarının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə o, yaşadığı kənddə həmkəndlisinin toyunda olmuşdur. Toyda o, həmkəndlisi və tanışı olan Hüseynalı ilə birlikdə oturmuşdur. Onlar orada yemək yeyərək spirtli içki qəbul etmişlər. Saat təxminən 17 radələrində onlar toydan çıxmış və Hüseynalıya məxsus “Chevralete Cruze” markalı avtomobilə oturmuşlar. Kənddə olan çay evlərindən birində oturub çay içmiş, həmin vaxtı həmkəndliləri olan Ürfan və Seymurda gəlib onlarla oturub çay içmişlər. Bu zaman Hüseynalı onlara Şəmkir şəhərinə getməyi təklif etmişdir, lakin nəyə görə getmək istədiyini deməmişdir. Onlar etiraz etmədən avtomobilə oturmuş və Hüseynalı ilə birlikdə Şəmkir şəhərinə gəlmişlər. Hüseynalı avtomobili paltar dükanlarının birinin qarşısına sürmüş və avtomobili dükandan 15-20 metr aralıda saxlayaraq dükana gedib gələcəyini bildirmişdir. O, Hüseynalının özünə paltar alaraq qayıdacağını düşünmüşdür. Ona görə də avtomobildə oturmuşdur. Təxminən 20 dəqiqə keçdikdən sonra Hüseynalı gəlmədiyindən o, Hüseyalının niyə gecikməsinə baxmaq üçün dükana getmiş, dükandan içəri daxil olduqda qapının qarşısında Hüseynalının bir nəfərlə mübahisə etməsini görmüşdür. O, Hüseynalının nəyə görə mübahisə etməsini bilməmişdir. Baxdıqda Hüseynalının üzündə xəsarət olmasını görmüş və Hüseynalıdan onu kimin vurmasını soruşduqda Hüseynalı ona mübahisə etdiyi adamı göstərərək “aldır bunu” demişdir. O, həmin şəxsə tərəf çevrildiyində yaşadığı kənddə “doppa” kimi tanınan adının sonradan Rusif olduğunu bildiyi şəxs ona gözləmədiyi anda yumruqla vurmuşdur. Zərbədən o, çölə çıxmış, yerə yıxıldıqda Rusif onun üzərinə gələrək onu yumruqla vurmağa başlamışdır. Daha sonra onları aralamağa çalışan Hüseynalıyada bir neçə dəfə vurmuşdur. O, ayağa qalxdıqda görmüşdür ki, Rusif onlardan əl çəkməyəcəkdir. Ona görə də şalvarının belində olan düyməli bıçağı çaxardaraq Rusif yenidən onun üzərinə gələcəyi halda Rusifi vuraraq özündən kənarlaşdırmaq üçün hazır vəziyyətdə saxlamışdır. Həmin anda da Rusif yenidən onun üzərinə gələrək onu vurmağa başlamışdır. O, da Rusifi özündən kənarlaşdırmaq üçün iki dəfə bıçağı Rusifə vurmuşdur. Bıçağın Rusifin hansı nahiyyəsindən dəyməsini bilməmişdir. Rusif ondan aralaşan kimi o, da oradan aralaşmış, Hüseynalı nəyə görə aralaşdığını soruşduqda o, Hüseynalıya “gedək mən onu bıçaqla vurdum” deyərək avtomobilə oturmuşdur. Hüseynalı onun əlində bıçaq olduğunu gördüyündə ona Rusifi bıçaqla vurduğuma görə irad bildirmişdir. Bundan sonra o, tutulacağından ehtiyat edərək Bakı şəhərinə getmiş və yol getdiyi zaman xatırlamadığı yerdə bıçağı atmışdır. Bir neçə gün sonra isə Rusifin ciddi xəsarətləri olmadığını, yaxşı olmasını eşitdikdən sonra Şəmkir rayonuna qayıtmışdır. X1 heç bir ədavət və ya düşmənçiliyi olmamış, Rusifi yalnız özündən kənarlaşdırmaq üçün bıçaqla vurmuşdur. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şəmkir şəhəri ərazisində kişi geyimləri mağazası işlədir. “Mosu” ləqəbli Hüseynalını əvvəllər sadəcə üzdən tanımış və Hüseynalı ilə heç bir münasibəti olmamışdır. Rahib adlı şəxsi isə o, ümumiyyətlə tanımamışdır. 08 noyabr 2022-ci il tarixdə o, Dəllər Cəyir kəndində qaynatası Sənaninin yanında olduğu zaman Sənaninin yanına Hüseynalı gəlmişdir. Orada o, bilmişdir ki, qaynatası Sənaninin kənd sakini olan Fizuli adlı şəxslə problemi olmuş və Hüseynalı da həmin söhbətə görə qaynatasının yanına gəlmişdir. O, həmin vaxtı onların söhbətinə qarışmamışdır. Hüseynalı bir qədər qaynatası Sənani ilə söhbət etdikdən sonra getmişdir. Hüseynalı 09 noyabr 2022-ci il tarixdə ona zəng edərək söhbət etmək istədiyini bildirmişdir. O, Hüseynalıya Şəmkir şəhərində paltar mağazasında olduğunu bildirmişdir. Həmin gün saat təxminən 17 radələrində Hüseynalı mağazaya gəlmişdir. Hüseynalı bir gün əvvəl qaynatası ilə olan söhbəti ona danışaraq qaynatasının səhv hərəkət etdiyini bildirmişdir. O, danışığından Hüseynalının çox aqressiv olduğunu görmüşdür. Ona görə də Hüseynalıya o qədər də fikir verməmişdir. Mağazanın içərisində Hüseynalı ilə mübahisəsi yarandığı zaman mağazaya başqa bir şəxs adının sonradan Rahib olduğunu bildiyi şəxs daxil olmuşdur. Rahib içəri girdiyində o, Rahibin Hüseynalı ilə gəldiyini və onu vurmaq istədiyini başa düşmüş və Rahib əlini qaldırıb onu vurana kimi o, yumruqla Rahibi vurub mağazadan çölə çıxarmışdır. O, mağazanın içərisində dava olmasını və mağazanın dağılmasını istəməmişdir. Rahibi vurub çölə çıxardığında Hüseynalıda onların arxasınca çölə çıxmışdır. Rahibi çöldə yerə yıxaraq vurmuş, daha sonra isə Hüseynalını vurmuşdur. Rahib ayağa qalxıb üzərinə gəlmək istədikdə o, yenidən Rahibi vurmuş və həmin vaxtı Rahibdə onun bədəninə vurmuşdur. O, ilk əvvəl ağrı hiss etsə də nə olmasını anlamamışdır. Kənarda olan şəxslərdən biri ona xəsarət aldığını bildirmişdir. O, baxdıqda sinə nahiyyəndən xəsarət aldığını və qan axmasını görmüşdür. Rahibin onu bıçaqla vurmasını başa düşmüşdür. Ona görə də o, dərhal orada olan tanımadığı taksiyə əyləşərək xəstəxanaya getmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 1367 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthində döş sümüyü nahiyyəsinin səthi kəsilmiş yarası və döş qəfəsinin sağ yarısının ön divarının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə yetirilmişdir, yetirilmə müddətləri 09 noyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sağ yarısının ön divarının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, döş qəfəsinin ön səthində döş sümüyü nahiyyəsinin səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. “Sübutların qiymətləndirilməsi haqqında” 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.3, 181.2.5, 67.1, 68.2, 15.4 56.1.2-ci maddələri ilə təqsirli bilinib 10 il azadlıqda məhrum etmə və 2860 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar