Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-219/2025 20.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sabirkənd kəndində passport qeydiyyatında olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə, tanışı Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Şahid6 xahişi ilə sonuncunun onun "xxxx" ASC-yə məxsus bank kartına göndərdiyi 140 (bir yüz qırx) manat məbləğində pulun 20 (iyirmi) manatını yol pulu olaraq xərcləyərək Tovuz rayonu, Aşağı Quşcu kəndinə getmiş, orada istintaqa məlum olmayan mənbədən qalan 120 (bir yüz iyirmi) manat pulun müqabilində aldığı 1 (bir) ədəd ağ kağız bükümdə 9,98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq taksi fəaliyyəti ilə məşğul olan Şahid7 idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Şəmkir rayonu, Qarabağlar kəndinə daşıyaraq həmin gün saat 22 radələrində 1 (bir) ədəd ağ kağız bükümdə olan 9,98 qram çəkidə qurudulmuş marixuananı Şahid6 vermiş, sonuncu həmin qurudulmuş narkotik vasitədən az miqdarda, yəni 0,80 qramını şəxsi istifadəsi üçün ona vermiş, qalan hissəsini isə üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Şahid6 və Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə, saat 22:30-da Şəmkir rayonu, Qarabağlar kəndində Şahid7 idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid1 tərəfindən Şahid6 üstü yoxlanılarkən əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ kağız bükümün içərisində ümumi təmiz çəkisi 9,18 qram, xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda Şəmkir rayon polis şöbəsinin Kür Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ kağız bükümün içərisində Şahid6 ona verdiyi qurudulmuş marixuana ilə eyni tərkibli, ümumi təmiz çəkisi 0,80 qram az miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, təxminən 15-20 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. Şahid6 onun mərhum dostu Xasayın bacısı oğludur. Xasay təxminən 2 il bundan əvvəl rəhmətə getmişdir. 07 mart 2025-ci il tarixdə saat 14 radələrində Elcan ona zəng edərək marixuana lazım olduğunu demiş, o da qonaqlıqda olduğunu, tapsa xəbər edəcəyini demişdir. Həmin gün, saat 18 radələrində Elcana zəng edərək 1 kibrit qutusunun qiymətinin 120 manat, yol pulunun isə 20 manat olmasını bildirmiş, Elcan razılaşaraq ona məxsus “Kapital bank “ a aid plastik kart hesabına 140 manat pul göndərmişdir. Pul hesaba daxil olduqdan sonra tanımadığı taksi ilə Tovuz rayonu Aşağı Quşcu kəndində getmiş, kəndin giriş hissəsində düşdükdən sonra taksiyə 15 manat pul vermiş və yolun əks istiqamətinə keçmiş, həmin vaxt təxminən 3-4 ay əvvəl marixuana götürdüyü taksi sürücüsünü görmüş, ona yaxınlaşaraq marixuana lazım olduğunu bildirmiş, o da təşkil edəcəyini demiş, sürücüyə 120 manat pul vermişdir. Təxminən 30 dəqiqədən sonra sürücü qayıdıb gələrək ona bir 01 ədəd kağız bükümdə marixuana vermişdir. O, marixuananı götürüb əynində olan gödəkçənin cibinə qoyub yol taksisi ilə Şəmkir rayonu Sabirkənd kəndində gəlmiş və taksiyə 5 manat verərək yaşadığı ünvanda düşmüş, Elcana zəng edərək təxminən 1-2 saata onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Bundan sonra o qonşuluqda yaşayan və taksi fəaliyyəti ilə məşğul olan İmdada zəng edərək onu Şəmkir rayonu Qarabağlar kəndində aparmağını bildirmiş, sonuncu razılaşmışdır. Ona məxsus VAZ 2106 markalı avtomobillə əyləşib Şəmkir rayonu Qarabağlar kəndində getmək üçün yola düşmüşlər. Qeyd edilən kəndin giriş hissəsinə catdıqdan sonra Elcana zəng edib kəndin giriş hissəsinə gəlməyini bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra Elcan ora gəlmiş, onların içində olduqları və dayanmış halda olan avtomobilin arxa oturacağında oturmuşdur. O, gödəkçənin cibində olan kağız bükümdəki marixuananı çıxardıb Elcana vermiş, verərkən də öz istifadəsi üçün üzərindən bir qədər özünə götürmüş, götürdüyü marixuananı gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin vaxt, saat 22:30 radələrində polis əməkdaşları maşına yaxınlaşıb onlara düşmələrini demişlər, üstləri yoxlanılmış, Elcandan və ondan qeyd olunan marixuana aşkar edilmişdir. İmdadın onun üzərində narkotik vasitə olması barədə heç bir məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun mərhum dayısı Xasayın dostudur. 07 mart 2025-ci il tarixdə o, saat 14 radələrində Təqsirləndirilən şəxs zəng edərək marixuana lazim olduğunu bildirmiş, saat 16 radələrində Məqsəd ona zəng edərək bir adam olmasını, axşama hazır olacağını demiş, saat 18 radələrində Məqsəd ona zəng edərək 1 kibrit qutusunun qiymətinin 120 manat, yol pulunun isə 20 manat olmasını bildirmiş, o da razılaşaraq M 10 hesabından Məqsədin ona göndərdiyi “Kapital bank “a aid plastik kart hesabına 140 manat pul göndərmişdir. Həmin gün, saat 22 radələrində Məqsəd ona zəng edərək Şəmkir rayonu Qarabağlar kəndində olduğunu bildirmişdir. Onlar kəndin girişində görüşmək brədə razılığıa gəlmişlər. O, kəndin girişinə getmiş, orada Məqsədin sonradan adını bildiyi İmdad adlı şəxsə məxsus avtomobillə gəldiyi məlum olmuş, o, dayanmış halda olan avtomobilin arxa oturacağına oturmuş, orada Məqsəd kağız bükümdə olan marixuananı ona vermiş, verərkən də üərindən az miqdar öz istifadəsi üçün götürmşdür. Məqsədin verdiyi içərisində marixuana olan bükümü cibinə qoymuş, bu vaxt polis əməkdaşları yaxınlaşıb ölərini təqdim etmişş, üstlərini videoçəkilişlə yoxlamışlar. Yoxlama zamanı onun və Məqsədin üzərindən qeyd olunan marixuana aşkar edilmişdir. Məhkəmə baxışı istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birgə yaşayır, taksilik fəaliyyəti ilə məşğul olur. 07 mart 2025-ci il tarixdə Məqsəd ona mobil telefon vasitəsilə zəng edərək onu Şəmkir rayonu, Kür qəsəbəsi, Qarabağlılar kəndinə taksi kimi apara biləcəyini soruşduqda o, ona həmin yolu tanımadığını bildirmiş, o, isə ona yolu göstərəcəyini demişdir. Bundan sonra o, VAZ 2106 markalı etibarnamə əsasında idarə etdiyi maşınıma minərək Şəmkir rayonu, Sabirkənd kəndinə gedib Məqsədi 07 mart 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvandan götürərək onun göstərdiyi istiqamət üzrə Şəmkir rayonu, Kür qəsəbəsi, Qarabağlılar kəndinə aparmış, kəndin giriş hissəsində avtomobili saxlamış, sonradan adının Elcan olmasını bildiyi şəxs avtmobilə, arxa oturacağa oturmuş, sonra Məqsəd cibindən kağız bükümdə kütlənin bir hissəsini üstündən götürüb qalanını Elcana vermişdir. Bu vaxt üç nəfər polis əməkdaşı xidməti maşınla onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan onların nə etdiklərini soruşduqda o, Məqsədin cibindən narkotik çıxararaq bir hissəsini özünə götürdüyünü yerdə qalan hissəsini isə kağız bükümün içərisində arxa oturacaqda əyləşən Elcan adlı şəxsə verdiyini demişdir. Bundan sonra polis əməkdaşları Məqsəd və Elcanı maşından düşürərək üstlərini yoxlayıb hər ikisinin üzərindən narkotik maddəni aşkar etdikdən sonra onun icazəsi ilə həm üzərini, həm də avtomobilini yoxlamışlar, lakin nə üzərindən, nə də avtomobilimdən qanunsuz heçnə aşkar edilməmişdir. O, Məqsədin Qarabağlılar kəndi ərazisinə nə məqsədlə getdiyini əvvəldən bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkili vəzifəsində polis kiçik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayon Sabirkənd kənd sakini Təqsirləndirilən şəxs və Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu Qarabağlılar kəndində yaşayan Şahid6 xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 07 mart 2025-ci il tarixdə Sabirkənd kənd sakini Təqsirləndirilən şəxs və Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu Qarabağlılar kəndində yaşayan Şahid6 qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən həmçinin rəhbərliyi ilə, Şəmkir RPŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis leytenantı Şahid8, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis nəfəri, polis baş serjantı X2, Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfərləri polis serjantları Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 22:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə sonradan adını bildikləri Şəmkir rayon Qarabağlılar kəndində Şəmkir rayon Sabirkənd kəndində yaşayan Şahid7 idarə etdiyi VAZ 21063 markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin icərisində tərəfimizdən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduqlarını bildirib onların üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri X2 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Şahid6 üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Şahid6 əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol cibində saxladığı ağ rəngli kağızı təqdim etmiş və ağ kağızın içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər, Şahid6 həmin marixuananı, Təqsirləndirilən şəxs aldığını, öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə onun tərəfindən elektron tərəzi ilə çəkilmişqablaşdırılıb götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol cibində saxladığı ağ rəngli kağızı təqdim etmiş və ağ kağızın içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər. Məqsəd qeyd olunan marixuananı bir qədər əvvəl öz istifadəsi üçün Elcana gətirmiş olduğu marixuanadan götürdüyünü, onu isə Tovuz rayonundan tanımadığı şəxsdən 120 manata aldığını demişdir. Məqsədin üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Şahid7 üzəri yoxlanmış, onun üzərindən və avtomobilindən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8, Şahid2, X2, Şahid4 və Şahid5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 07 mart 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 22:30-da Şəmkir rayonu Qarabağlar kəndində saxlanılaraq üstü yoxlanılmış və onun əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən ağ kağız parçasına bükülmüş vəziyyətdə bükümlə birlikdə 1,73 qram çəkidə yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. “Baxış keçirilməsi haqqında” 08 mart 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 08 mart 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Şəmkir RPŞ-nin Kür PB-nin CA üzrə polis kiçik leytenantı Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2025-ci il tarixdə, saat 22:30-da tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və Şəmkir RPŞ-nin MSY-dən dərhal azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 08 mart 2025–ci il tarixli 16/236 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid6 üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 9,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,80 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şahid6 üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 9,18 qram olan qurudulmuş marixuana və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağz bükümdə təmiz çəkisi 0,80 qram olan qurudulmuş marixuana, tərkiblərinə görə eynidir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 13 mart 2025–cü il tarixli, 412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 08 mart 2025-ci il tarixli 176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Əliyev X3 Rayon Poliklinikasında psixiatrik dəri-zöhrəvi və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Şəmkir RİHB-nın Sabirkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir RİHB-nın Sabirkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı iki nəfər yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində biri azyaşlı və biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə əldə etməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza təyini məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəaritinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, o, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Şəmkir RPŞ–də saxlanılan 0,76 qram qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD-R disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22), hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 200 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2025–ci il tarixdən 09 mart 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində 02 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və Şəmkir RPŞ–də saxlanılan 0,76 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD-R disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 200 (iki yüz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-219/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-219/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver