Məhkəmə qərarları › İş №1(076)-22/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-22/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-22/2024 24.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmüş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 06 iyun 2023-cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən parkdan tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı evə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında o, 07 iyun 2023-cü il tarixdə, saat 08:00-da Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümün içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,998 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3-4 ildir ki, o, narkotik vasitə heroini iynə vasitəsi ilə damara vurmaqla qəbul edir. O, əvvəllər bir dəfə narkotik vasitə saxlamaqda və soyuq silah gəzdiməkdə təqsirləndirilərək məhkum olunmuş, 2022-ci ildə azadlığa çıxmış, o, azadlığa çıxdıqdan sonra o, bir müddət narkotik vasitə heroin istifadə etməsə də sonradan yenə də heroin istifadə etməyə, iynə vasitəsi ilə damara vurmağa başlamış, 06 iyun 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsində olan parkda gəzən zaman oradakı skamyanın üzərində nə isə büküm olduğunu görmüş, həmin bükümü açan zaman özü də istifadəçisi olduğu üçün bükümün içərisində narkotik vasitə olan, kokos adlandırılan heroin olduğunu görmüş, həmin kokosu özü istifadə etmək üçün cibinə qoyub yaşadığı evə getmiş, həmin gün yaşadığı evdə həmin kokosdan bir dəfə istifadə edib damara vurmuş, 07 iyun 2023-cü il tarixdə səhər 06 radələrində o, yaşadığı evdə yuxudan qalxıb yenə də narkotik vasitədən istifadə etmiş, bundan təxminən 1-2 saat sonra isə narkotik vasitə heroin istifadə etdiyi şpirisləri atmaq məqsədi ilə yaşadığı evdən çıxmış, o, evdən çıxıb həmin şpirisləri atmaq üçün heç kimin onu görməyəcəyi yer axtaran zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirməli olduqlarını deyib Şəmkir RPŞ-nə dəvət etmiş, o, həmin şəxslərlə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmiş, Şəmkir RPŞ-də o, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmiş, bu zaman o, dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə hüquq və vəzifələri izah edilmiş, bu zaman ondan üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, bu zaman o, əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bundan başqa şalvarının sağ yan cibində olan 2 ədəd saat qutusunu da polis əməkdaşlarına təqdim etmiş, həmin qutuların birinin içərisində 5 ədəd narkotik vasitə istifadə etdiyi şpirislər və 7 ədəd gümüşü falqalar götürülmüş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tərəzidə çəkilmiş, sonradan üzərində şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmiş, həmin kütlə qablaşdırılmış, üzəri imzalanmış, ona məxsus telefon da polis əməkdaşları tərəfindən götürülmüş, qalan bütün əşyalar və pulun hamısı isə geri qaytarılmışdır. O, heç vaxt heç kimə narkotik vasitə satmamış və bu barədə niyyəti olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir zor tətbiq edilməmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, barəsində həbslə bağlı olmayan cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, şöbəyə Firidun adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyatla müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 07 iyun 2023-cii il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üstünə şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması, həmin vaxt Şəmkir rayonu Çinarlı qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 və Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Şəmkir rayonu Çinarlı qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Şəmkir RPŞ-nə dəvət etmiş, Firudin Muxtərovu şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət edib Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 1,16 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürüldüyü, bundan başqa şəxsi axtarış zamanı üzərindən 5 ədəd narkotik vasitə istifadə etmək üçün istifadə olunan şpris və 7 ədəd gümüşü rəngli siqaret kağızları götürülüdüyü məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Rasim oğlu və Şahid3 da ifadələrində Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərdi ki, 07 iyun 2023-cü il tarixdə Şəmkir RPŞ-də xidmətdə olan zaman şöbəyə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyi üçün ona məlumat verilmiş, bu zaman təhqiqatçı Əli Eminlinin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, müdafiəçi X1 Muxtərovun müdafiəçisi kimi iştirakı təmin edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması, vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kiçik sellofan bükümü çıxararaq təqdim etmiş, həmin büküm açlan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi sellofan ilə birlikdə 1,16 qram təşkil etmiş, bundan sonra həmin büküm qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, bundan sonra Firudin Muxtərov üzərində olan 2 ədəd qutunu da təqdim etmiş, həmin qutulardan ümumilikdə 5 ədəd şpris və 7 ədəd gümüşü rəngli kağız aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan, xx.xx.1997-ci il təvəlludlü, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat yolu ilə daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu Çinarlı qəsəbəsində saxlanılaraq xx.xx.2023-cü il tarixdə saat 08.30-da Şəmkir RPŞ-yə gətirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix saat 09:15-də şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Şəmkir RPŞ-nin MSY-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşuldu. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibindən sellofan bükümü çıxararaq masanın üzərinə qoydu. Həmin sellofan bükümün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan böyük cibindən qara və narıncı rəngli qutunun çıxararaq masanın üzərinə qoydu. Həmin qtunun içərisində 7 ədəd gümüşü rəngli kağız və 5 ədəd şpris aşkar olundu. Təqsirləndirilən şəxs həmin şprislərdən narkotikin qəbulunda istifadə etməsini bildirdi. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs həmin kütləni və qutunu xx.xx.2023cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən parkdan tapmasını qeyd etdi. Həmin kütlə kiçik həcmli «Yingjoe» markalı tərəzidə çəkildi və kağız büküm birlikdə çəkisi 1,16 qram heroinəbənzər kütlə olması müəyyən edildi. Həmin kütlə və içərisində gümüşü kağız, şprislər olan qutu ayrı-ayrılıqda qablaşdırılaraq AR DİN-nin 118 nömrəli möhürü ilə möhürləndi və götürülərək ekspert tədqiqatına göndəriləcəkdir. Bundan sonra onun üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd yandıran və içərisində tütün olan qara rəngli “Manchester” markalı siqaret qutusu aşkar edildi və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Firidn Muxtərovun özünə qaytarıldı. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər diskə köçürülərək protokola əlavə ediləcəkdir. Bununla da şəxsi axtarış başa çatdı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video kamera ilə çəkilib köçürülən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,928 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Şəmkir RPŞ-nin saxlama anbarına saxlanca verilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/597 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində heroinə bənzər kütlı” yazı və imzalar olan kağız paktedəki 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,998 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 7 ədəd gümüşü kağız və 5 ədəd şpris olan qutu” yazı və imzalar olan kağız paketdəki 4 (bir) ədəd karton kağız qutudakı 3 (üç) ədəd 1ml-lik (100 vahid) istifadə olunmuş şpirislərin içərisində narkotik vasitə heroin izləri aşkar edildi, heoin iz şəklində olduğundan quru maddəsinin təmiz çəkisi müəyyən etmək mümkün deyil. 2(iki) ədəd 3ml-lik istifadə olunmuş şpirislərin içərisində və 7 (yeddi) ədəd gümüşü kağız parçaların üzərində narkotik vsaitə heroin və psixotrop maddə metafetamin izləri aşkar edilmədi. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(076)-120/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 10 iyun 2023-cü il tarixli 190-11251-1220 saylı əməliyyat tapşırığı əsasında Şəmkir rayonu polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs rayon ərazisində başqa hər hansı cinayət törətməsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı üzərindən aşkar edilən narkotik vasitəni heç kimə satmadığı, həmin narkotik vasitəni yerdən tapdığı müəyyən edilmişdir. Şəmkir RİHB-nın Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 819 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatdadır. Şəmkir RİHB-nın Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanması zamanı o, narkotik vasitə heroini tapdığı yerləri əyani olaraq göstərərək ifadəsi təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 1415 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə nəzərdə tutulan ittiham ona yenidən elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(076)-191/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 234.1, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 03 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il endirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin 30 noyabr 2021-ci il tarixli, “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərardan görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs amnisya tətbiq edilsin, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-329/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbiri ləğv edilmişdir. 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edilmiş, lakin qərar qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığından xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq silah və narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, daşıma əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 07 iyun 2023-cü il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalı və cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.928 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman görüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 1415 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.928 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman görüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar