Məhkəmə qərarları › İş №1(076)-222/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-222/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-222/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştiraklrı ilə, xx.xx.1968–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəmkir Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il muddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, X6 küçəsi, ev-17 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 29 mart 2025-ci il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsi ilə Şəmkir rayonu, Yeni-Həyat kəndi istiqamətində piyada hərəkətdə olduğu zaman yerdən tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, sonra isə Şəmkir rayonu ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə, saat 18 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən üstü yoxlanarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01(bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,13 qram bitki mənşəli kütlə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 29 mart 2025-ci il tarixdə o, Şəmkir şəhəri, 20 Yanvar küçəsi ilə Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətində piyada hərəktədə olan zaman su kanalının yaxınlığında yerdə sellofan torpacıq olduğunu görmüş, diqqətini çəkdiyi üçün həmin sellofan torbacığı yerdən götürərək içərisinə baxdıqda marixuana olduğunu görmüş və içərisində marixuana olan həmin sellofan torbacığı daha sonra istifadə etmək məqsədi ilə əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq yoluna davam etmişdir. Bir qədər piyada gəzdikdən sonra o, yaşadığı evə qayıdarkən, həmin gün saat 18 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsi ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan üç nəfər polis əməkdaşı onu saxladıb, özlərini Şəmkir RPŞ-nin Cinayət-axtarış bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğu bildirilmiş, üzərinə üst baxış keçirilmiş, proseslər fasiləsiz videoçəkilişlə çəkilmişdir. Üst baxışı keçirilən zaman polis əməkdaşları cibində və üzərində nə varsa çıxarmağı ona təklif etmişlər. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd sellofan torbacığa bükülü halda olan marixuananı polis əməkdaşlarına təqdim etmiş, qurudulmuş marixuana olmasını və yerdən tapdığını demişdir. Bundan əlavə onun üzərindən 01 ədəd mobil telefon, 01 qutu “West” markalı siqaret, 01 ədəd alışqan və 01 ədəd qırılmış şəkildə olan möhür aşkar olunmuşdur. Təqdim etdiyi marixuana və mobil telefon polis əməkdaşları tərəfindən ayrı-ayrı zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzərindən çıxan digər əşyalar ona geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Şəmkir Rayon Polis Şöbəsinə aparılmış, Rayon Polis Şöbəsində olan zaman müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakıyla fasiləsiz video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır, səhətində olan problemləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 29 mart 2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi Vüqar Qarayevin rəhbərliyi ilə ondan, CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, əməliyyat müvəkkili Şahid3 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Onun tərəfindən üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan torbacıq çıxararaq təqdim etmişdir və içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli, yaşıl rəngli ot kütləsi olmasını görmüşlər. Təqsirləndirilən şəxs marixuananı elə həmin gün Şəmkir şəhəri 20 Yanvar küçəsi ilə Yeni Həyat kəndi istiqamətində piyada hərəkətdə olan zaman su kanalının yaxınlığında yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir, həmin kütlə onun tərəfindən sellofan torbacıq ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin torbacıq ilə birlikdə 6,84 qram olması müəyyən edilmiş, sellofan torbacıq içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İMEO” markalı mobil telefon, 01 qutu “West” markalı siqaret və 01 ədəd alışqan və 01 ədəd qırılmış şəkildə olan möhür aşkar edilmişdir. Həmin mobil telefon da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Digər predmetlər isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin və “İMEO” markalı mobil telefonun qablaşdırıldığı 02 ədəd zərf onun tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısına təqdim edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 29 mart 2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən baş əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi Vüqar Qarayevin rəhbərliyi ilə ondan, CAB-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt əməliyyat müvəkkili Şahid3 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Baş əməliyyat müvəkkili Şahid1 tərəfindən üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan torbacıq çıxararaq təqdim etmişdir və içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli, yaşıl rəngli ot kütləsi olmasını görmüşlər. Təqsirləndirilən şəxs marixuananı elə həmin gün Şəmkir şəhəri 20 Yanvar küçəsi ilə Yeni Həyat kəndi istiqamətində piyada hərəkətdə olan zaman su kanalının yaxınlığında yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir, həmin kütlə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən sellofan torbacıq ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin torbacıq ilə birlikdə 6,84 qram olması müəyyən edilmiş, sellofan torbacıq içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İMEO” markalı mobil telefon, 01 qutu “West” markalı siqaret və 01 ədəd alışqan və 01 ədəd qırılmış şəkildə olan möhür aşkar edilmiş, mobil telefon da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qoyularaq möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Digər predmetlər isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə aparıb keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmiş, Təqsirləndirilən şəxs, onun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin və “İMEO” markalı mobil telefonun qablaşdırıldığı 02 ədəd zərf baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısına təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 29 mart 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, 20 yanvar küçəsində saxlanılaraq saxlanıdığı yerdən təxminən 100 metr aralıda Ağdağlar adlanan ərazidə üstü yoxlanılmış və onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş vəziyyətdə yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. “Təqdim edilən əşyaya baxış keçirilməsi barədə” 29 mart 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 29 mart 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan Bayramov tərəfindən Şəmkir RPŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 19:25-də şübhəli şəxs olaraq tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 30 mart 2025–ci il tarixli 16/328 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd selofan bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 6,13 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuanadan 0,04 qramı ekspertiza tədqiqatına həsr edilmiş, 6,09 qram qurudulmuş marixuana qalmışdır. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Ağ dağlar adlanan ərazidə su kanalının yaxınlığında tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 6,09 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 17 aprel 2025–ci il tarixli, 602 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 01 aprel 2025-ci il tarixli 230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixdən narkoloji kabinetdə “həşiş narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatda dayanır. Şəmkir Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay muddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay muddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci ildə anadan olmuş Gülər, xx.xx.2012-ci ildə anadan olmuş Murad və xx.xx.2013-cü ildə anadan olmuş Nihat adlı üç uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun həmin əməli törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün hər hansı əsas yoxdur, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin, hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2025–ci il tarixdən 31 mart 2025–ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025–ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir rayon polis şöbəsinin Saxlanc anbarında saxlanılan 6,09 qram qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə edilmiş 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 manat pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 08 saata görə 88 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2025–ci il tarixdən 31 mart 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-nin Saxlanc anbarında saxlanılan 6,09 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü, cinayət işinin materillarına əlavə edilmiş 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 88 (səksən səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar