Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-226/2025 04.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx.xx.1997–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 fevral 2025-cü il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan Rza adlı naməlum şəxsdən 80 (səksən) manat pulun müqabilində satın aldığı narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, sonra isə Şəmkir şəhəri ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə, saat 19:50 radələrində Şəmkir şəhəri, Cəlal Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən üstü yoxlanarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən “Prima” markalı siqaret qutusunun içərisində 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,828 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2022-ci il tarixdən narkotik vasitə istifadə edir, əvvəllər narkotik vasitənin marixuana növündən istifadə etmiş, sonradan isə narkotik vasitənin heroin növündən istifadə etməyə başlamışdır. 02 yanvar 2025-ci il tarixdə “Tiktok” sosial şəbəkəsində “Yuska57” adı altında istifadə etdiyi profilinə xatırlamadığı profildən mesaj gəlmiş və mesajın məzmununda “kakos var, ot var, istəsən bu nömrə ilə əlaqə ilə saxla ***-***-**-**” qeyd edilmişdir. Bundan bir neçə gün sonra “Vhatsapp” sürətli mesajlaşma sistemi vasitəsilə özünə məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə yazıb “Tiktok” sosial şəbəkəsində yazmasını demiş və ondan “Kakos” dediyi narkotik vasitə olan heroin istəmiş, ondan prosesi maraqlandıqda ona 5103 0714 0621 2239 nömrəli “Kapital Bank”a aid hesab nömrəsi göndərərək pulu ora göndərməyini, ona konum atacağını və gedib həmin konumdan heroini götürməyini demişdir. Həmin şəxs heroinin bir qramının qiymətini 100 manata olduğunu bildirmişdir. Həmin şəxs özünü ona Rza adı ilə təqdim etmiş, lakin həmin şəxsi ümumiyyətlə görməmiş, yalnız “Vhatsapp” sürətli mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamışdır. Rzadan iki dəfə narkotik almış, sonuncu dəfə isə 22 fevral 2025-ci il tarixdə saat 15 radələrində yenə Rzaya yazmış, ondan heroin istəmiş və xahiş edərək ona 80 manata verməsini demiş, Rza da razılaşmış və özünə məxsus 5239 1517 2462 7610 nömrəli “Kapital Bank”a aid kart hesabından Rzanın istifadəsində olan 5103 0714 0621 2239 nömrəli “Kapital Bank”a aid hesaba 80 manat pul göndərmiş və Rza da ona qarşılığında konum və heroini qoyduğu nöqtənin şəklini göndərmiş, konuma baxdıqda Göygöl rayonu Quşqara kəndi ərazisində olmasını görmüş və ora getmək üçün tanışı taksi sürücüsü olan Şahid7 zəng edərək yanına çağırmışdır. Natiq özünə məxsus “Qaz 31105” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yanına gəlmiş, Natiqə Göygöl rayonu Quşqara kəndində dostu ilə görüşəcəyini deyib onunla Göygöl rayonu, Quşqara kəndində olan dəmiryol keçid məntəqəsinin yanına getmiş, ora çatdıqda maşından düşüb konumun göstərdiyi nöqtəyə yaxınlaşıb orada fotoşəkildə olan nöqtədəki daşın altından kağız bükümdəki heroini götürüb cibində olan “Prima” markalı siqaret qabına qoymuş, daha sonra Şəmkir şəhərinə qayıtmışlar. Həmin tarixdə saat 19:50 radələrində Şəmkir şəhəri Cəlal Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində Natiqin maşınında hərəkətdə olan zaman polis əməkdaşları onları saxlatmış, videoçəkiliş aparılaraq polis əməkdaşları özlərini təqdim etmişlər, narkotik vasitə olması barədə onlarda məlumat olduğunu deyib üstünü yoxlanılacağını izah etmişlər. Bundan sonra o, onsuz da cibində olan heroinin aşkar ediləcəyini başa düşdüyü üçün heroini təqdim etmiş, həmin heroin kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,23 qram olmasını görmüşdür. Bundan sonra həmin heroin və mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun və Natiqin üstü, eyni zamanda Natiqin idarə etdiyi “Qaz 31105” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılmış, lakin başqa qanunsuz heç bir şey aşkar edilməmişdir. Bundan sonra onu Şəmkir RPŞ-nə gətirmişlər və üstünün yoxlanılması barədə tərtib edilmiş protokolu oxuduqdan sonra imzalamışdır. O, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 təqdim edilmiş və onun tərəfindən şübhəli şəxs qismində tutulmağı izah edilmiş, ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxt onaə təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 seçərək, hüquqlarını müdafiə edilməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi1 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı da ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində xəstə, yaşlı anasının olmasını məhkəmədən nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 22 fevral 2025-ci il tarixdə Şəmkir şəhəri, Nizami küçəsi ev 79-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi Şahid2 rəhbərliyi ilə ondan, CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3, CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid5, NMQ-in əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid6 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Cəlal Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs Şahid7 taksi olaraq idarə etdiyi “Qaz 3115” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olmasına görə saxlanıldığı izah edilmiş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində yoxlama aparılacağını bildirilmiş, həmin vaxt əməliyyat müvəkkili Şahid5 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisində kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan heroinə bənzər kütləni və falqaları təqdim etmiş, həmin kütləyə baxış keçirilmiş və elektron tərəzi vasitəsilə çəkilərək çəkisinin büküm ilə birlikdə 1,23 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə bükümlə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Prima” markalı siqaret aşkar edilmiş və həmin siqaret onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə olan heroini Tik-Tok vasitəsilə tanış olduğu Rza adlı şəxsdən almasını, həmin şəxsə 80 manat pul göndərməsini, bunun qarşılığında ona konum göndərilməsini və Göygöl rayonu Quşqara kəndi ərazisində ona gələn konumdan gedib narkotik vasitəni götürməsini bildirmiş, həmin vaxt mobil telefonunda da Rza adlı şəxsin istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən ona konum gəlməsini göstərmişdir. Təqsirləndirilən şəxs məxsus “Tecno” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan Şahid7 üstü yoxlanılmış, lakin onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, eləcə də onların saxlanıldığı və Şahid7 məxsus “Qaz 3115” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmış və avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş heç nə aşkar edilməmişdir. Bundan sonra Şəmkir rayon polis şöbəsinə gəlmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması barədə protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyevə təqdim edilmiş və sonuncu tərəfindən həmin zərf videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs və Şahid7 təhqiqatçı İbrahim Əliyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ev təmiri işləri ilə, eyni zamanda idarə etdiyi QAZ 31105 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs yaşadıqları evlərin yerləşdiyi küçələr yaxın olduğu üçün təxminən 4-5 ildir tanıyır, aralarında əvvəllər düşmənçilik və ədavətləri olmamış, normal münasibəti olmuşdur. xx.xx.2025-ci il tarixdə Yusif ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək onun yanına gəlməyini istəmiş və bir yerə gedəcəklərini bildirmişdir. O, təxminən 5-6 dəqiqədən sonra Yusifi yaşadığı Nizami küçəsindən götürmüş və 20 Yanvar küçəsinə doğru getmişdir. Yusif avtomobilə minərkən ondan yenə hara gedəcəyini soruşduqda o bir qədər sonra Quşqara kəndinə gedəcəklərini bildirmişdir. Quşqara kəndində yerləşən dəmir yolunun keçid məntəqəsinin yaxınlığında olan mağazanın yanında olarkən Yusif avtomobili saxlamağını istəmiş və onu avtomobildə gözləməyini, qısa müddətdə geriyə qayıdacağını bildirmişdir. Yusif dəmir yolu istiqamətində hərəkət etmişdir. Yusif təxminən 10-15 dəqiqədən sonra geri gələrək avtomobilə əyləşmiş və Şəmkirə qayıtmağını bildirmişdir. Şəmkir şəhərinə çatarkən Nizami küçəsi ilə Cəlal Əliyev küçəsinin kəsişməsində Yusiflə birlikdə idarə etdiyi avtomililə hərəkətdə olarkən onları polis əməkdaşları saxlatmış və özlərini təqdim edərək üzərilərinə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları onun yanında əyləşən Təqsirləndirilən şəxs üzərində olan “Prima” markalı siqaret qutusunun sellofanın içərisindən bir ədəd kağızda olan büküm aşkar etmişlər. Yusifin üzərindən aşkar olunan bükümdə narkotik vasitəyə bənzər maddənin olduğunu bildirmişlər. Onun üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Yusifin üzərindən aşkar olunaraq götürülmüş kağız büküm və bir ədəd mobil telefon zərflərə qoyularaq qablaşdırılmışdır. Sonra onları polis şöbəsinə aparmışlar. Həmçinin verilən suallara cavab olaraq Yusifin narkotiklə bağlı hər hansı bir əlaqəsinin olub-olmaması ilə bağlı məlumatının olmadığını, taksi fəaliyyəti ilə məşğul olan zaman müştəriyə haraya və niyə getməsi ilə bağlı suallar vermədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən onlara heç bir təziq olunmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 22 fevral 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixə, saat 19:50-də Təqsirləndirilən şəxs Şəmkir şəhəri, C.Əliyev küçəsi və Nizami küçəsinin kəsişməsində sürücü Şahid7 taksi kimi idarə etdiyi boz rəngli “QAZ3115” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobili ilə birlikdə saxlanılaraq saxlanıldığı yerdən üstü yoxlanılmış və onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd Prima markalı siqaret qutusunun içində kağıza bükülmüş heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Təqdim edilən əşyaya baxış keçirilməsi barədə” xx.xx.2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 22 fevral 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı İbrahim Əliyev tərəfindən Şəmkir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan heroin bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 20:50-də şübhəli şəxs olaraq tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 23 fevral 2025–ci il tarixli 16/178 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm heroinə bənzər kütlə 1 ədəd prima siqaretinin qutusu və falqalar» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd PRİMA markalı siqaret qutusunda olan 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,828 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Quşqara kəndi ərazisində tnarkotik vasitəni götürdüyü yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 0,778 qram narkotik vasitə olan heroin, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 15 mart 2025–ci il tarixli, 419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci ildən Şəmkir Rayon Poliklinikasında narkoloji kabinetdə dispanser qeydiyyatda dayanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 24 fevral 2025-ci il tarixli 120 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən üzərində 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin olunmuş cəzası xx.xx.2025-ci il tarixdə başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Şəmkir şəhər Mənzil-İstismar Kontorunun rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir şəhər Mənzil-İstismar Kontorunun rəisi tərəfindən verilmiş arayışdan görünür ki, anası Nümayəndə Təqsirləndirilən şəxs himayəsində yaşayır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin rəsmi arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Qismən Səfərbərliklə əlaqədar Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. 0305481 nomrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun həmin əməli törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün hər hansı əsas yoxdur, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, Müharibədə iştirak etməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, istintaq zamanı cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yəni azadlığın məhdulaşdırılması cəzasına məhkum edildiyində Cinayət Məcəlləsinin 18.4.4–cü maddəsinin tələbinə görə həmin məhkumluq cəza təyin edilməsi zamanı cinayətlərin residivi kimi müəyyən edilmir və nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4–cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əvvəllər AR CM-nin eyni maddəsi ilə məhkum olunması, cəza çəkdiyi halda yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal, həmçinin əvvəlki cəza nəticəsində islah olunmadığına, cinayətə meyilli şəxs olmasına dəlalət edən hal kimi, həmçinin təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, əvvəllər eyni maddə ilə məhkum olunmasını, cəza çəkdiyi halda yenidən eyni qəbildən olan cinayət törətməsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun 22 fevral 2025–ci il tarixdən 24 fevral 2025–ci il tarixədək tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2025–ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir rayon polis şöbəsinin Saxlanc anbarında saxlanılan 0,778 qram heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD-R disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 manat pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsə məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi görə 200 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2025–ci il tarixdən 24 fevral 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 04 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ–də saxlanılan, 0,778 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinim materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 320 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-226/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-226/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver