Məhkəmə qərarları › İş №1(076)-227/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-227/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-227/2023 02.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, X3 məzuniyyət pulunun az olmasını təhsil sektoru ilə araşdırmasını xahiş etmişdir. X6 ilə Şəmkir Rayon Təhsil sektorunun əməkdaşlarına WhatsApp vasitəsi ilə səs göndərərək bildirmişdir ki, “salam nətərisən nə var nə yox, bizdə o, Məmmədova Kəmalə var ey İsbəndiyar qızı biologiya müəllimi səlvər, cındır o, zəng edib ki, mənim opusnoyum az kəsilib, düzgün hesablamayıblar, boşluğa düşəndə birdənə qadası baxıb mənə deyərsən” ifadələrini işlətmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Ceyhun Əhmədov səhvən onu Şəmkir Rayon Təhsil Sektorunun əməkdaşı bilib səsi ona atmış, o isə səsə qulaq asdıqdan sonra ona iradını bildirdikdə Ceyhun Əhmədov ondan üzrxahlıq etmişdir. Qeyd etdiyi təhqiramiz ifadələr olan səs yazısı, Şəmkir Rayon Təhsil sektorunun əməkdaşları, Şəmkir Rayon Əliyaqublu Tam Orta Məktəbin müəllim kollektivi və bir çox Şəmkir Rayon Əliyaqublu kənd sakinləri arasında yayılmışdır. Səs yazısının necə yayılmasından məlumatsızdır. Belə ki, həmin səs yazısını özü yaymamış, bu səbəbdən də düşünür ki, Ceyhun Əhmədov yaymışdır. Məhkəmə iclasında X6 ifadəsində göstərdi ki, 2023-cü ilin təxminən may ayında ona evdən zəng gəlmiş, azyaşlı uşağını arı vurmasını bildirərək vəziyyətinin yaxşı olmamasını demişlər. Evə getməyə tələsən zaman Kəmalə Məmmədova ona telefonla məzuniyyət pulunun az olmasını bildirərək maraqlanmasını xahiş etmişdir. O isə öz növbəsində tələsik səs atan zaman səhvən Kəmalə Məmməvanın özünə səs atmış, səs atan zaman digər mobil telefona zəng gəldiyi üçün həmin zəngə görə əsəbləşib qeyd edilən ifadələri işlətmişdir. Həmin ifadələri Kəmalə Məmmədova barəsində deməmişdir. Eyni zamanda həmin səs yazısı barədə heç kimə deməmiş, səs yazısını o yaymamışdır. O, Kəmalə Məmmədovadan üzr istəyib. O, “WhatsApp” vasitəsi ilə səs yazısını Kəmalə Məmmədovanın şəxsisinə göndərmiş, başqa heç kimə göndərməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il) qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri)təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs K.Məmmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də Ceyhun Əhmədovun hansı əməllərinə görə (qeyd edilən WhatsApp səs yazısının Ceyhun Əhmədov tərəfindən yayılmasını bildirsə də bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir) həmin Məcəllənin 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar