Məhkəmə qərarları › İş №1(076)-232/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-232/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-232/2025 14.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 iştirakı ilə, X2, X6 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, o, qardaşı arvadı X4, qardaşı qızı X5 və qardaşı oğlu X1 şikayətçidir. Şikayətinin də əsas səbəbi yuxarıda adlarını çəkdiyi şəxslərin həm onun şərəf ləyaqətini alçaldan söyüşlər söyməsi, onu həm polislərlə, həm də Cavanşirin türmədə nazor işləməsi ilə hədə-qorxu gəlməsidir. O, bununla bağlı DİN-nin Şəmkir rayon X13, Şəmkir Rayon Prokurorluğuna bildirmişdir. Orada demişlər ki, söyüş məsələsinə ancaq məhkəmə hüquq mühafizə orqanı baxır. Ona görə də, X2, X6 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalandırılmasını istəmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi) qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri)təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X8, X2, X6 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, o,həmin şəxslərin hansı əməllərinə görə həmin Məcəllənin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə Qərara aldi: X2, X6 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar