Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-236/2024 17.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qızı 19 aprel 2024-cü il tarixdə saat 21:30 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “İnternet Klub” adlı kafedə həmkəndlisi 2-ci Qarabağ müharibəsinin veteranı Zərərçəkmiş şəxs “44 günlük Vətən Müharibəsi zamanı əldə olunmuş qələbədə qazi və veteranların heç bir əməyinin olmaması” sözlərinin deməklə yaranmış narazılıq və mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan istintaqa məlum olmayan bıçaqla qəsdən onun bədəninin müxtəlif yerlərindən vuraraq sonuncuya boyunun yan səthinin, sol bazunun aşağı üçdə birinin bayır səthinin və qarının sol yan divarının daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Qeyd olunanlar məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən ibtidai istintaq orqanının mövqeyi ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 19 aprel 2024-cü il tarixdə saat 22 radələrində o, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən tanışı Eltonun işlətdiyi kafeyə getmiş və orada tək oturmuşdur. Həmin vaxtı Elmar yadında qalmayan şəxslərlə kafeyə gəlmiş, onlar söhbət etmiş və söhbət zamanı o, yanında olan bir nəfərə veteranla qazinin arasında heç bir fərq yoxdur deyə soruşmuş, veteran onların dilində, qazi Türk dilində olduğunu bildirmişdir. Həmin oğlan Elmardan veteran ilə qazinin fərqinin olub-olmadığını soruşan zaman Elmar ilə aralarında mübahisə yaranmış, belə ki, Elmar həmin vaxt sərxoş olmuş və durduğu yerdə əsəbiləşməyə başlamış və qışqırmağa başlamışdır. Sonra ona söyüş etmiş, onlar oradan çıxaraq Eltona məxsus "İnternet Klub"-un qarşısında dayanıb söhbət edəndə Elmar onu söyməyə davam etmiş və yaxasından tutub onu vurmayanı söymüş, Zərərçəkmiş şəxs onu söydüyünə görə üzərində olan bıçağı çıxarıb onu vurmuş, vuran zaman yanlarında heç kim olmamış, sonradan orada olan şəxslər onları aralaşdırmış, sonra o, oradan evə gedən zaman Elmara xəsarət yetirdiyi bıçağı yolda bilmədiyi yerə atmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "İkinci Qarabağ müharibəs"-ində iştirak etmiş, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuş, müharibə veteranıdır. Döyüş vaxtı sağ ayağından yaralanmış, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Onun müharibədə iştirak etməsinə görə mahnı yazılmışdır. 19 aprel 2024-cü il tarixdə saat 21:30 radələrində o özünə məxsus "Priora" markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə kəndə getmiş, o, həmkəndlisi Eltonun işlətdiyi kafenin qarşısında dayanıb avtomobildən düşmüş və həmin vaxtı avtomobildə onun adına yazılmış mahnı oxumuş, o, kafeyə daxil olmuş, Hüseyn həmin vaxtı içəridə oturmuş, orada olan üzdən tanıdığı şəxslə ona yaxınlaşaraq "salam qazi qardaş" deyib görüşmüşlər. Hüseyn oradan "bu qazilər, veteranlar nə ediblər ki?" sözlərini deməyə başlamış, o onun dediyi sözə inanmamı və dediyi sözü bir daha təkrar etməsini istəmişdir. Hüseyn bir daha demiş ki, "veteranlar, qazilər ediblər ki, Qarabağı alanlar xüsusi təyinatlılar alıb” deməyə başlamış, onun dediyi sözə əsəbləşmiş, qazi və veteranları müharibədə heç bir əməyinin olmamasını yalandan deyənin sonra o, çönüb orada olan şəxslərlə söhbət etmiş, onlar ona sakitləşməsini istəmişlər. Hüseyn bir anlıq yerdən qalxıb harasa getmiş, bir müddət sonra onu Hüseyn gələrək arxadan iki dəfə sol böyür nahiyəsinə əlində olan bıçaqla vurmuş, orada həmin vaxt heç kim olmamış, daha sonra aralıda dayanmış şəxslər onları ayırmışlar. O, Hüseynə "kişisənsə üzbəüz gəl vur demiş və onu əli ilə vurmaq istəyən zaman tutub arxaya çəkmişlər. Həmin vaxtı Hüseyn əlində olan bıçaqla onu üz nahiyəsindən vurmaq üçün bıçağı ona atmış, o, arxaya çəkildiyi üçün bıçaq boynunun sol hissəsini kəsmişdir. Sonra o, bıçaqla sol qol nahiyəsinə vurmuş, orada olan şəxslər onu kafedən çıxarıb avtomobilinə otuzdurmuş və xəstəxanaya aparmışlar. Ona xəstəxanada həkimlər tərəfindən ilkin tibbi yardım göstərilmiş və sonra yaşadığı evə getmişdir. Bundan başqa, mübahisə 5 dəqiqə davam etmiş, mübahisə zamanı orada tanıdığı şəxslər Röyal olmuşdur. Mübahisə kafenin çərisində baş vermiş, mübahisə zamanı o, Hüseynin əlində olan bıçağı görə bilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Rafayıl oğlu ifadəsində göstərmişdir ki, ailə üzviləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Yaşadığı Çinarlı qəsəbəsində internet klub işlədir. İşlədiyi obyektdə işçi işləmir, özü həmin obyekti tək işlədir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində kafenin içərisində mübahisələri olmuş, mübahisəni ayırdıqdan sonra kafeni bağlayıb evə getmiş, o evdə olmuş, səs küyə çıxmış, o çıxıb kafenin qarşısına gələn vaxt artıq hadisə olub bitmişdir. Hadisə kafenin qarşısında baş vermişdir. Hüseynin xəsarətini görməmiş, Hüseyndən hadisəni soruşmuşdur. Həmin vaxt hadisədən sonra ora sonradan gəlmiş Röyal onu özünə məxsus “Priora” markalı avtomobillə Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmasını eşitmişdir. Bundan başqa, hadisə xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən özünə məxsus "İnternet Klub"-un qarşısında baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onun yaşadığı qəsəbədə yaşayırlar. Onlarla münasibəti yaxşı olmuş, heç bir narazılıqları və ədavətləri olmamışdır. xx.xx.2024cü il tarixdə saat 22 radələrində yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Həmidə məxsus çay evinin həyətində çay içən zaman həmin çay evinə yaxın olan Elton Bədirliyə məxsus "İnternet Klub"-un qarşısında ucadan səs küy gəldiyini və söyüş səslərini eşitmiş, bu vaxt dostu Şahid3la çay içib domino oynamış, onlar həmin səs küyü eşidən kimi stoldan qalxaraq həmin klubun qarşısına çatmışlar. Elmarın yanına yaxınlaşmış və Elmara nə baş verdiyini soruşan zaman Zərərçəkmiş şəxs yıxılmaq istəmiş və o, Elmarı tutmuşdur. Bu vaxt Şahid3la köməkli şəkildə ona məxsus "Priora" markalı avtomobilin arxa qapısını açıb əyləşdirib özü sükan arxasına keçib avtomobili Şəmkir rayon Mərkəzi Xəstəxanasına doğru hərəkət etdirməyə başlamış, o, yolda Elmardan hadisənin necə baş verdiyini soruşan zaman Elmar ona Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 aprel 2024-cü il tarixli 354 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyunun yan səthinin, sol bazunun aşağı üçdə birinin bayır səthinin və qarının sol yan divarının daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətlə, ola bilsin ki, bışaqla yetirilmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İbtidai istintaq orqanının mövqeyinə görə isə Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə saat 21:30 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində, insanların gur toplandığı "İnternet Klub" adlı kafenin içərisində və qarşısında həmkəndlisi, 2-ci Qarabağ müharibəsi veteranı, aralarında əvvəllər hər hansı bir mübahisə və narazılıq olmayan Zərərçəkmiş şəxs "44 günlük Vətən Müharibəsi zamanı əldə olunmuş qələbədə qazi və veretanların heç bir əməyinin olmaması" sözlərinin deməklə yaranmış narazılıq və mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış ydaları ilə bir araya sığmayan, həmin vaxt kafedə istirahət edən şəxslərin və ətrafda kənd sakinlərinin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs şəxsiyyətini təhqir edib əlində olan istintaqa məlum olmayan bıçaqla qəsdən onun bədəninin müxtəlif yerlərindən vuraraq sonuncuya boyunun sol yan səthinin, sol bazunun aşağı üçdə birinin bayır səthinin və qarının sol yan divarının daxilə keçməyən deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət dilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin tərkibinin olmadığını göstərir. Ümumilikdə hadisələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs ilə hazırkı iş üzrə şahid qismində dindirilmiş şəxslər və zərərçəkmiş şəxs onun tanışlarıdır. Eyni zamanda şahidlərin ifadələrindən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı münaqişə zamanı orada olmadıqlarını, mübahisədən sonra gələrək Elmarı xəstəxənaya apardıqları müəyyən edilir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən "İnternet Klub" adlı kafenin qarşısında heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək döyməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki tədqiq edilmiş sübutlardan hadisənin şahidlərinin yalnız təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin mübahisəsindən sonra həmn əraziyə gəlməsi, həmkəndli olmaları, ərazinin yaşayış yeri olmamaqla ümumiyyətlə insanların toplaşdığı bir yer olmaması aydın görünür. Belə olan halda ictimai qaydanın hər hansı formada pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən ittiham aktında ümumi ifadələrlə hadisə yerinə çoxlu şəxslərin toplaşdığı bildirilsə də həmin şəxslərdən heç birinin müəyyən edilməməsi bu hadisənin həqiqətən də yalnız zərəçəkmiş şəxs və təqsirləndirilən şəxsin tanışların yanında baş verdiyini təsdiq edir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyməsi səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin hər iki şəxsin təşəbbüsü və aralarında baş vermiş mübahisədən sonra baş verməsini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminin nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirərək onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Bununla belə işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs bu maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİnin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş maddi və mənəvi ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs bu barədə şifahi olaraq məlumat verməklə yanaşı məhkəməyə eyni məzmunlu yazılı ərizə də təqdim etmişdir. Təqsirləndirilən şəxs oğlu əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 1(076)-147/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzanı çəkməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı gündən sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-236/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-236/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver