Məhkəmə qərarları › İş №1(076)-24/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-24/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-24/2025 14.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997–ci il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 15 mart 2024-cü il tarixdə dəqiq məlum olmayan vaxtda Şəmkir şəhəri Posanlı yaşayış massivi ərazisindən keçən su arxının kənarından bir ədəd ağ rəngli polietilen paketdə taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 16 mart 2024cü il tarixdə, saat 15:40 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir şəhəri “İpək yolu” yaşayış massivi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ rəngli polietilen paketdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 285 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Şəmkir rayonu Posanlı ərazisində piyada hərəkətdə olan zaman “Ceyhun” şadlıq sarayının yanında Şahid3 və digər tanımadığı iki nəfər polis əməkdaşları onu saxlayaraq məcburi şəkildə Şəmkir Rayon Polis Şöbəsinin inzibatı binasına gətirmişlər. X10 Adıgözəlov tərəfindən onun cibinə narkotik vasitə olan qurudulmuş marixuana qoyulmuşdur. Şahid3 ona həmin əməli etiraf etməsini, əks halda onun vəziyyətinin daha ağır olacağını demişdir. O, qorxduğu üçün əməli etiraf edəcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmış və ona təqdim olunmuş narkotik vasitə olan marixuana aşkar edilmişdir. O, həmin vaxt məcbur olub cinayət əməli törətməsini etiraf etmiş, bu barədə protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmasada, o, təzyiq altında olduğundan üzərində şəxsi axtarış aparılan zaman və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən aşkar edilərək götürülən narkotik vasitənin özünə məxsus olmasını və Şəmkir şəhəri Posanlı yaşayış massivi ərazisindən keçən su arxının kənarından tapdığını və özündə saxladığını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş narkotik vasitə ona aid olmamış, onun üzərinə Şahid3 tərəfindən polis şöbəsində yerləşdirilmişdir. Özünün xəstə olmasını və məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əldə edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən şöbənin rəisinə raportla müraciət edilmiş, Şəmkir RPŞ-nin rəisi tərəfindən razılıq verildikdən sonra tərəfindən əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin qrupa rəhbərlik CAB-nin rəisi Şahid2 tapşırılmış, əməliyyat qrupu ondan Şəmkir RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 və PPX bölüyünün polis nəfəri Şahid4 ibarət olmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, İpək yolu yaşayış massivinə gedilmişlər, Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Sərxan Nəbiyev tərəfindən dəvət edilmiş vəkil Mahir Kazımovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. O, şəxsi axtarış aparılmasanda şəxsən iştirak etməmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd sellofan torbada 320 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxslə şifahi sorğu sual zamanı narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Şəmkir rayon Posanlı yaşayış massivi ərazisində su kanalının kənarından tapdığını qeyd etmiş, Təqsirləndirilən şəxs qeyd etdiyi həmin xüsusat əməliyyat yolu ilə də müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə hər hansı məlumat daxil olmamışdır. Bundan başqa Şahid1 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, eləcə də Şəmkir Rayon Polis Şöbəsində ona qarşı heç bir işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid5 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonunda yaşayır. Şəmkir rayon polis şöbəsinin X9 polis nəfəri vəzifəsində xidmət edir. Şəmkir rayon Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, özü və ailə üzvləri ilə aralarında hər hansı ədavət, düşmənçilik nə də qohumluq əlaqəsi olmamışdır. 16 mart 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsində növbədə olduğu zaman bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan Şəmkir rayon polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməsini bildirmişlər. O, rəhbərliyin göstərişi ilə təhqiqatçı Sərxan Nəbiyevin xidməti otağına getmiş, orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi X4 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunduqda sonuncu əynində olan qəhvəyi rəngli gödəkçənin iç hissəsindən bir ədəd ağ rəngli paketi çıxarıb təqdim edərək, həmin paketin İçərisində narkotik vasitə olduğunu bildirmişdir. Həqiqətən də həmin paketə baxış keçirilən Zaman İçərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan narkotik vasitə elektron tərəzidə çəkildikdə çəkisinin 320 qram olması müəyyən edilmişdir. Daha sonra isə həmin paket qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxslə şifahi sorğu sual zamanı həmin narkotik vasitəni Şəmkir rayon Posanlı kəndi ərazisində su kanalının kənarından tapdığını, öz istifadəsi üçün saxladığını və üzərində gəzdirdiyini və həmin gün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdirmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 16 mart 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərində olan qəhvəyi rəngli gödəkcənin sol iç yan cibindən ağ rəngli selofanda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 320 qram miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 17 mart 2024–cü il tarixli 16/360 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə marixuanaya bənzər 320 qr kütlə” yazı və imzalar kağız paketdəki 1 (bir) ədəd ağ rəngli polietilen paketdə təmiz çəkisi 285 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan, Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 22 aprel 2024–cü il tarixli, 686 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay müddət vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(076)-99/2022 saylı hökmü ilə təyin edilmiş, azadlıqdan məhrum elmə cəzasının çəkilməmiş 01 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində qeydiyata alınmış və 10 aprel 2023-cü il tarixdə cəzası başa çatdığı üçün şöbənin qeydiyatından çıxarılmışdır. İşdə olan Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 18 mart 2024–cü il tarixli 251 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini və Şəmkir Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona psixoloji təsir göstərildiyini, şəxsi axtarış zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən təzyiq altında ifadə verdiyini bildirsədə, məhkəməyə həmin halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamış, habelə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 16 mart 2024–cü il tarixdə saxlanılmış, 21 may 2024–cü il tarixdə isə müdafiəçisinin iştirakı ilə ifadənin yerində yoxlanması zamanı yenidən sərbəst şəkildə ifadə verərək üzərindən aşkar olunmuş narkotik vasitəni tapdığı yeri göstərmiş, həmin vaxt ona polis tərəfindən saxlanılarkən hər hansı təzyiq göstərilməsini bildirməmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən onun cəzasınını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3–cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq–aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 mart 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 18 mamart 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 16 mart 2024–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 284,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 284,8 qaram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar