Məhkəmə qərarları › İş №1(076)-241/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-241/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-241/2023 01.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və nüdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X8 müdiri vəzifəsində işləyən, məhkum olunmamış, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus VAZ-21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhərindən rayonun Bayramlı kəndi istiqamətində hərəkətdə olarkən Şəmkir rayonu, Bayramlı kəndinin girişində “X12” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafə saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda qeyd olunanlara əməl etməyərək, yol hərəkəti qaydalarını pozmaqla onunla eyni istiqamətdə yolun kənarı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs təpə ənsə nahiyyəsinin əzilmiş yarası, baş beyin toxumasına qansızma və baş beyinin kontuziyası, sağ tərəfli pnevmatoraks, qarının qapalı küt travması, sidik kisəsinin cırılması, sol böyrəküstü vəzin hematoması, sağ sirkə kasasının, sağ və sol bud sümüklərinin qapalı yerini dəyişmiş sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildən X5 direktoru vəzifəsində işləmişdir. Onun özünə məxsus VAZ-2107 markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmçinin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsidə olmuşdur. 26 fevral 2023-cü il tarixdə saat 21 radələrində o, şəxsi işi ilə bağlı idarə etdiyi avtomobili ilə yaşadığı kənddən çıxaraq Şəmkir rayonu, Bayramlı kəndinə getmişdir. Təxminən Şəmkir rayonu, Bayramlı kəndinin girişinə yaxınlaşdıqda avtomobili 70-80 kilometr saat sürətlə idarə etmişdir. Hava tam olaraq qaralmışdır. Həmin vaxtı qarşıdan başqa bir avtomobildə gəlmiş, avtomobil ona çatdığı anda avtomobilinə zərblə nəsə dəymişdir. O, nə baş verdiyini başa düşməmiş, tez avtomobili saxlayaraq yerə düşmüşmüşdür. Həmin andanda onu keçən avtomobildə saxlamışdır. O, arxada iki nəfər oğlan olmasını görmüşdür. O, həmin şəxslərdən nə baş verməsini, onun avtomobilinə nəyin dəyməsini soruşduqda həmin şəxslər ona yanları ilə gedən şəxsi avtomobil ilə vurduğunu bildirmişlər. O, baxdıqda yolun kənarında bir nəfərin yerdə hərəkətsiz olduğunu görmüşdür. Həmin şəxsin sonradan Şəmkir rayonu, Bayramlı kənd sakini Zərərçəkmiş şəxs olmasını bilmişdir. Tez həmin şəxsi orada dayanan digər tanımadığı avtomobilə oturtmuş və Şəmkir rayon mərkəzi xəstəxanasına yola salmışdır. O, özüdə onların arxasınca xəstəxanaya getmişdir. Xsarət alan şəxsin yanında olan şəxslərdən biridə onun avtomobilinə əyləşmişdir. O, xəsarət alan şəxsi birinci Şəmkir rayon mərkəzi xəstəxanasına, daha sonra X13 xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs xəsarətləri ciddi olduğundan bundan sonra həmin şəxsi Bakı şəhərinə xəstəxanaların birinə aparmışdır. Hazırda əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurulmuş ziyanı tam ödəmişdir, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığına dair ərizə vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 26 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində həmkəndliləri X10 və Şahid1 ilə birlikdə Şəmkir rayonu Sabirkənd kəndi ərazisində yerləşən adını bilmədiyi kafedə yemək yeyərək spirtli içki qəbul etmişlər. Saat təxminən 21 radələrində kafedən çıxaraq piyada şəkildə yaşadığı kənd istiqamətində getməyə başlamışlar. Bakı-Qazax avtomobil yolunu keçəndən sonra Bayramlı kəndinin içərisində yolun sağ ehtiyat hissəsi ilə gedirmişlər. Onlar yanbayan gedirmiş, o da yol tərəfdə olmuşdur. Həmin vaxtı arxadan avtomobil arxadan düşən işıqdan avtomobil gəlməsini hiss etmiş, lakin tez tez başqa avtomobillərdə keçdiyindən buna fikir verməmişdir. Həmin andan sonra heçnə xatırlamamış, özünə gəldiyində Bakı şəhərində xəstəxanaların birində olmasını görmüşdür. Bundan sonra o, yaxınlarının deməsindən həmin vaxtı onu VAZ-2107 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu, bunun nəticəsində ağır bədən xəsarətləri alaraq bir aya yaxın komada qaldığını bilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, bu barədə ərizə də vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul ollur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 26 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs və digər həmkəndlisi olan Şahid2 oğlu ilə birlikdə taksi ilə Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən adını bilmədiyi kafeyə yeyib içmək üçün getmişlər. Orada bir neçə saat oturaraq yemək yeyərək spirtli içki qəbul etmişlər. Saat təxminən 21 radələrində onlar kafedən qalxaraq yaşadığı kənd istiqamətində getməyə başlamışlar. Həmin vaxtı çöldə yaxşı hava olduğundan piyada getmək qərarına gəlmişlər. Həmin kafe ilə onların kəndin arası təxminən 1.5-2 kilometr ollmuşdur. Onlar piyada şəkildə gəzə gəzə yaşadığı kəndin girişinə çatmışlar. Həmin vaxtı Çingiz yolun asfalt tərəfi, yolun kənarı tərəfdə qıraqda, Səbuhi isə onların ortasında getmişdir. Həmin anda qəfildən arxadan gələn VAZ-2107 markalı avtomobil Çingizi vurmuş və Çingiz onlardan bir neçə metr qabağa yolun kənarına düşmüşdür. Avtomobil isə bir qədər irəli getmiş, onlar dərhal Çingizə yardım etmək üçün yanına qaçmışlar. Həmin avtomobilin sürücüsü isə avtomobilini arxaya verərək yanlarında saxlamışdır. Həmin şəxsdən qabaq isə onların yanında kəndən çıxan Rusiya Federasiyasında yaşayan Ruslan adlı şəxs saxladığından onlar tez Çingizi həmin avtomobilə qoyaraq Səbuhi ilə birlikdə xəstəxayanaya yola salmışlar. Daha sonra isə Çingizi vuran şəxsin avtomobilinə əyləşmiş və həmin şəxslə birlikdə Çingizin arxasında X6 getmişlər. Xəstəxanaya çatdıqda o, bilmişdir ki, Çingizin xəsarətləri ağır olduğundan əməliyyata götürmüşlər. Həmin vaxtı Çingizi vuran avtomobilin sahibidə onların yanında olmuşdur. O, həmin şəxsin Şəmkir rayonu Dəllər Cəyir kənd sakini olmasını bilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs onun əridir. 26 fevral 2023-cü il tarixdə axşam tərəfi Çingiz yoldaşları ilə yemək yeməyə gedəcəyini bildirmişdir. Bundan əvvəl onunla birlikdə Çingizin dayısıgilə getmiş, o, orada dayanmış, Çingiz isə yoldaşları ilə getmişdir. O, bir qədər oturmuş, Çingiz gecikdiyindən ev yaxın olduğundan özü evə getmişdir. Saat təxminən 21 radələrində xatırlamadığı qonşularından biri ona zəng edərək kəndin girişində Çingizi avtomobil vurduğunu, xəstəxanaya aparıldığını bildirmişdir. O, tez qonşuların birinin avtomobili ilə Şəmkir mərkəzi rayon xəstəxanasına gəlmiş və orada həkimlərin Çingizə ilkin yardım göstərdiklərini, lakin xəsarətlərinin ciddi olduğunu görmüşdür. Həkimlərin məsləhəti ilə onlar X9 xəstəxanasına aparmışlar. X11 xəstəxanasındada Çingizə köməklik edə bilmədiklərindən yenədə orada olan həkimlərin məsləhəti ilə həmin xəstəxananın ayırdığı təcili tibbi yardım avtomobili ilə Çingizi Bakı şəhərində yerləşən “X16” xəstəxanasına aparmışlar. Orada Çingizi xəstəxanaya qəbul etmək üçün on min manat depozit pul istəmişlər. Lakin onun o qədər pulu olmamışdır. Həmin vaxtı Çingizi avtomobillə vuran şəxs xəstəxanaya on min manat pul köçürmüş və bundan sonra Çingizi xəsətxanaya qəbul etmişlər. Çingiz bundan sonra təxminən 9 gün həmin xəstəxanada müalicə almış, onlar özü də əlavə olaraq müalicə xərcləri üçün on altı min manat pul köçürmüş, lakin komada olduğundan 2023-cü il martın 7-də Çingizi Respublika Mərkəzi Klinik xəstəxanasına köçürülmüş və mart ayının sonlarında Çingiz komadan ayılmışdır. Bir müddət sonra Çingiz özünə tam gəldikdən sonra onlar Çingizi Şəmkir rayonuna gətirmişlər. Lakin hal hazırda da Çingizin sağlamlığı tam olaraq bərpa olunmamışdır. O, sonradan bilmişdir ki, Çingiz yanında olan yoldaşları ilə yaşadığı ev istiqamətində gəldiyi zaman onu yolun kənarında olduğu zaman yol keçən avtomobil vurub yolun kənarına atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. Həmişə münasibətləri yaxşı olub. 26 fevral 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olduğu zaman Mirzəağa ona zəng edərək Şəmkir rayonu, Bayramlı kəndində getdiyi zaman yolda idarə etdiyi avtomobillə adam vurduğunu, adamı xəstəxanaya gətirdiyini bildirmişdir. O, da bundan sonra dərhal paltarını geyinərək xəstəxanaya getmişdir. X1 kəndində getdiyi zaman yolun kənarı ilə gedən şəxsi vurduğunu bilmişdir. Həmin şəxsi bir sıra müayinələrdən keçirmişlər, daha sonra daha dərin müayinə elətdirmək üçün X13 xəstəxanasına aparmışlar. Orada vurulan şəxsi müayinə elədikdən sonra vəziyyəti ağır olduğundan Bakı şəhərinə “X16” xəstəxanasına aparılmalı olduğunu demişlər. Onlar təcili yardım avtomobili ilə xəstəni Bakı şəhərinə yola salmış, eyni zamanda xəstəxana ilə danışdığı zaman oradan xəstənin əməliyyat olunması üçün on min manat pulu xəstəxananın depozit hesabına qoyulmalı olduqlarını demişlər. Onlar da həmin gecə on min manat pul düzəldərək tez Bakı şəhərinə göndərmiş və vurulan şəxs Zərərçəkmiş şəxs adına keçirtmişlər. Həmin vaxtı onlara xəstəxanadan əlavə hər hansı pul lazım olmayacağını, Çingizin həmin pulla sağlamlığını tam bərpa edəcəyini bilmişlər. Çingiz orada əməliyyat olunduqdan sonra Respublika Mərkəzi Klinik xəstəxanasında yatmışdır. Sonra isə onlar Çingizin Şəmkir rayonuna sağalaraq qayıtdığını eşitmişlər. Sonradan isə Mirzəağa ona Çingizin yaxınlarının ondan əlavə on altı min manat pul istədiklərini bildirmişdir. Sonra isə o, həmin hadisə barədə cinayət işi başlandığını eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 8-17-ci vərəqələrində olan olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolla müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi Şəmkir rayonu, Bayramlı kəndinin girişində olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu düz, asfalt örtüklü olmaqla quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin ümumi eni 6 metr və hərəkət hissəsi iki tərəfli olmuşdur. Hadisə VAZ-21074 markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə olmuşdur. Baxış zamanı hadisə yerində VAZ-21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Toqquşma yeri yolun sağ ehtiyyat hissəsindən 0.8 metr yolun hərəkət hissəsində olmuşdur. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 15-ci vərəqində olan 26 fevral 2023-cü il tarixli 61№-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Cinayət işinin 36-38-ci vərəqələrində olan Məhkəmə tibbi ekspertizasının 14 aprel 2023-cü il tarixli, 358 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-təpə ənsə nahiyyəsinin əzilmiş yarası, baş beyin toxumasına qansızmalar və baş beyinin kontuziyası, sağ tərəfli pnevmatoraks, qarının qapalı küt travması, sidik kisəsinin cırılması, sol böyrəküstü vəzin hematoması, sağ sirkə kasasının, sağ və sol bud sümüklərinin qapalı yerini dəyişmiş sınıqları KÜT əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 26 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aidirlər. Cinayət işinin 42-43-cü vərəqələrində olan məhkəmə yol nəqliyyat hadisələri ekspertinin 08 may 2023-cü il tarixli, 8/1170 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 18--ci vərəqində olan DİN BDYPİ-nin Qİİ Gəncə ASAN xidmət tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək “B1,B,C1C” kateqoriyalı, AC-639600 saylı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum edilməmişdir. “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Cinayət iş materiallarına əlavə olunmuş Şəmkir Rayon İHB-nin Şəmkir Dəllər-Cəyir kəndi üzrə nümayəndəliyinin xasiyyətnamədən görünür ki, xx.xx.1974-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs barəsində Şəmkir rayonu Dəllər Cəyir kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Belə ki, Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, məhkum olunmamış, əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirli bilinməli və cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir (CPM-132). Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, cinayət işi üzrə maddi sübut- “VAZ-2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışması əsası ilə barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut- “VAZ-2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 114 (bir yüz on dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar