Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-242/2024 09.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə 14 avqust 1983-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və saatda Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisindəki "Beton zavodu" adlanan ərazidə yol kənarından 01 (bir) ədəd kibrit qutusunda tapdığı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısının İ bəndi, həmçinin "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Dəllər qəsəbəsi ilə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə, saat 16:15 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində saxlanılaraq Şəmkir rayon Polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ümumi təmiz çəkisi 6.68 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər tikinti materialları bazarında fəhlə işləmişdir. X5 ilə evli olub boşanmış, birgə nikahlarından doğulan 2004-cü il təvəllüdlü X9, 2006-cı il təvəllüdlü X10 və 2010-cu il təvəllüdlü X1 Məmmədova ilə birgə yaşayırlar. Təxminən iki il müddətdir ki, narkotik vasitə olan nəşə kimi tanıdığı marixuana qəbul edir. 30 may 2024-cü il tarixdə səhər saatlarında Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində "Beton zavod" adlanan ərazidən piyada keçərək, qəsəbənin mərkəzi istiqamətində gedərkən yol kənarında gözünə kibrit qutusu sataşmış, adətən nəşə kimi tanınan narkotik vasitə kibrit qutusunda saxlandığı üçün diqqətini çəkmişdir. O, əyilib yerdən həmin kibrit qutusunu götürmüş və içərisini açıb baxdıqda narkotik vasitə marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitə ilə dolu olan kibrit qutusunu götürüb, cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin kibrit qutusu da cibində qalmışdır. 30 may 2024-cü il tarixdə, saat 16 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. Şəmkir rayon Polis şöbəsində üzərinə hüquqlarını müdafiə edən vəkil X6 iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı narkotik vasitə istifadə edib etmədiyi, üzərində narkotik vasitə və sair qanunsuz əşya, predmet olub-olmaması barədə sual verildikdə, narkotik vasitə istifadəçisi olduğunu bildirərək, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə ondan götürülərək, elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra müdafiəçi Mahir Kazımovun iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində bundan başqa narkotik vasitə aşkar edilməmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsini bildirmişdir. Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən, üzərindən aşkar edilmiş narkotik vasitəni, Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində "Beton Zavod" adlanan ərazidə yol kənarından tapmasını, heç kimdən narkotik vasitə almamasını, üzərindən aşkar edilmiş narkotik vasitəni isə şəxsi istifadəsi üçün əldə edib saxlamasını, o, narkotik vasitə olan marixuanadan heç kimə satmamasını, həmçinin həmin narkotik vasitədən satmaq niyətinin olmamasını, yaxud kiməsə hədiyə də verməməsini bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 30 may 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Şahid3 rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə, saat 16 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsinə gedilmişdir. Həmin tarixdə, saat 16:15 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq, ona narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilərək, Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin tahqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş, Asif Mammadov maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt təhqiqatçı İbrahim Əliyev tərəfindən X17 rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmiş və Asif Mammadov ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili X11 hüquqlarını müdafiə etmək üçün seçmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, vəkil X6 iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunu çıxarmaqla təqdim etmiş və həmin kibrit qutusunun içərisində narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusu təhqiqatçı İbrahim Əliyev tərəfindən açılmış içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab olunun marixuananı 30 may 2024-cü il tarixdə, səhər saatlarında Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində "Beton zavod" adlanan yerdən piyada keçərək, həmin qəsəbənin mərkəzinə doğru gedərkən, yol kənarından tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid2 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadələr verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması haqqında” 30 may 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim edir, içərisində olan təmiz çəkisi 9,73 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 31 may 2024-cü il tarixli, 16/638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş marixuanaya bənzər narkotik vasitə ...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,68 qram bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 6,68 qram tədqiqata sərf edildi-0,03 qr, qalıq – 6,65 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 22 iyul 2024–cü il tarixli, 1263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Dəllər qəsəbə MİM-in tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” 30 may 2024-cü il tarixli protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 01 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X8 azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 6,65 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 60 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 6,65 qram olan marixuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz iki manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-242/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-242/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver