Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-244/2023 06.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəmkir rayon Mərkəzi Xəsdəxanasında qeydiyyatçı vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə ketməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7-ci hərbi polis bölməsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid1 2022-ci ilin yay aylarında ilkin olaraq 5000 (beş min) manat, daha sonra isə 1600 (bir min altı yüz) manat olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğində borc verdiyi pulun 2023-cü ilin yanvar ayınadək qaytarılacağı barədə Şahid1 vədinə əməl etməməsindən hiddətlənib Şəmkir hərbi prokurorluğuna ərizə ilə müraciət etməklə, guya sonuncunun ona qarşı dələduzluq cinayətini törədib xeyli miqdarda pulunu ələ keçirməsi barədə bilə-bilə yalan xəbərçilik edərək Şəmkir hərbi prokurorluğunun normal iş fəaliyyətini pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 həmkəndlisi kimi tanıyır. Şahid1 7-ci Hərbi polis bölməsində xidmət etmişdir. Tural ilə aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, ailəsi ilə birlikdə Şəmkir şəhərinə köçməsi səbəbindən onun Şahid1la münasibəti kəsilmişdir. O, Şəmkir rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləmişdir. Təxminən 2018-ci ildə o, işdə olarkən Tural oğlunu Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Belə ki, Turalın oğlunun başında anadangəlmə şiş olmuş və Tural buna görə uzun müddətdir ki, oğlunu müalicə etdirmişdir. Tural onu gördükdə ona yaxınlaşmış və onlar söhbət etmişlər. Şahid1 oğlu Razimi mütəmadi olaraq xəstəxanaya gətirmiş və onunla münasibəti yaranmışdır. 2022-ci ilin yay aylarında oğlu Razimin əməliyyatı üçün təcili olaraq pul lazım olmuş, lakin Turalın maddi vəziyyəti aşağı olduğu üçün pulu düzəldə bilməmişdir. 2022-ci ilin yay aylarında Tural xəstəxanaya gələrək oğlunun əməliyyatı üçün lazım olan pulu tapa bilmədiyindən ondan borc pul istəmişdir. O, Turalın oğluna yazığı gəldiyindən ona köməklik etmək qərarına gəlmişdir. Belə ki, o, həmin ərəfədə iş yoldaşları ilə lotereya oynayaraq 1500 manat məbləğində pul götürmüş və bundan başqa evində 3400 manat məbləğində pulu da olmuşdur. Bununla da o, Turala 5000 manat məbləğində pul verə biləcəyini demişdir. Təxminən bir neçə gün sonra o, yaşadığı fərdi yaşayış evinin yaxınlığında 5000 manat məbləğində pulu Turala vermişdir. Bir neçə gün sonra Tural həmin pulun əməliyyat üçün yetərli olmadığını bildirmiş və ondan əlavə pul istəmişdir. Lakin o, Turala bütün pulunu verdiyini bildirmişdir. Tural bankdan kredit götürmək istədiyini, lakin sənədləri düzgün olmadığı üçün kredit ala bilmədiyini demişdir. Bundan əlavə Tural ondan öz adına bankdan kredit götürməyini istəmişdir. Həmin vaxt onun da pula ehtiyacı olduğu üçün bankdan kredit götürməyə razı olmuşdur. O, öz adına bankdan 2500 manat məbləğində kredit götürmüşdür. O, həmin pulun 1600 manat məbləğində olan hissəsini Turala vermiş, yerdə qalan 900 manatı isə özünə götürmüşdür. O, 5000 manat məbləğində pulu yaşadığı evin yaxınlığında, 1600 manat məbləğində pulu isə Şəmkir şəhərində yerləşən “Beynəlxalq” bankın yaxınlığında Turala vermişdir. Tural ümumillikdə ondan borc olaraq aldığı 6600 manat məbləğində pulu 2023-cü ilin yanvar ayına kimi olan müddət ərzində mülkiyyətində olan bağ evini satıb borcunu qaytaracağına söz vermişdir. Lakin müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Belə olan halda o, Turaldan aidiyyatı orqanlara şikayət edəcəyini demişdir. Tural maddi vəziyyətinin aşağı olduğunu deyərək pulu qaytarmamışdır. Buna görə o, Şəmkir Hərbi prokurorluğuna gedib şikayət edəcəyini demişdir. Tural borc olaraq aldığı pulu notariat qaydada müqavilə bağlayaraq aylıq hissəhissə pulu qaytarmaq istədiyini demişdir. Onlar Şəmkir notariat kontoruna getmiş, lakin orada işləyən əməkdaşlar borc olaraq verdiyi pulun ilk öncə hesaba köçürülməli olduğunu bildirmişlər. Buna görə də notarial qaydada müqavilənin bağlanması mümkün olmamışdır. Belə olan halda onun Turaldan pulu geri almaq üçün başqa yolu olmadığı üçün və pulu geri qaytarmadığı üçün Turala əsəbiləşərək xx.xx.2023-cü il tarixdə Şəmkir Hərbi prokurorluğuna guya, Turalın onun iş yoldaşları ilə lotereya oynayaraq 6600 manat məbləğində pulu götürdüyünü, həmin oyunun şərtlərinə görə 6 ay müddətinə aylıq 1000 manat, 1 ay müddətinə 600 manat pul verməli olduğu halda aldadaraq vermədiyini bildirərək yalan məlumat vermişdir. Onun ərizə verdiyini bilən Tural ona zəng edərək onun şikayətinə görə işdən çıxarılacağı təqdirdə pulu qaytarmayacağını, buna görə də Şəmkir Hərbi prokurorluğunda izahat verərkən guya, onun 6600 manat məbləğində pulu Turala sələm olaraq verdiyini deməyini söyləmişdir. O da razılaşmış və izahat verərkən guya, pulu Turala sələm olaraq verdiyini demişdir. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olması və ifadəsində qeyd etdiyi halları həmçinin Şəmkir rayon Mərkəzi Xəsdəxanasında qeydiyyatçı vəzifəsində işləməklə əmək haqqı almasını nəzərə alaraq, ona məhkəmədən islah işləri növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur. O, Gülnarı hadisədən təxminən 2 il əvvəl olar ki tanımışdır. Onunla Gülnar arasında iş yoldaşı kimi normal münasibət olmuşdur. 2022-ci ilin yay aylarında iş yoldaşı Təqsirləndirilən şəxs ona 7 nəfər iş yoldaşları ilə birgə “lotereya” oynamaqlarını təklif etmişdir. O, Gülnarın dediyi ilə razılaşmışdır. Həmin yeddi nəfər şəxslər ilə onlar həmin ilin sentyabr ayında 250 manat məbləğdə pul qoyaraq hər ay bir nəfər lotereyanı götürəcəyi ilə bağlı razılaşmış və öz aralarında pulu ardıcıllıq üzrə hər ay kimin götürməsi barədə püşk atmışlar. Püşk atıldıqdan sonra o, yeddi nəfərdən dördüncü olmuşdur. 2022-ci ilin sentyabr ayında lotereya başlamış və o, dördüncü nəfər kimi dekabr ayında lotereyada olan pulu götürmüşdür. Lotoreya başlayan aydan 2023-cü ilin mart ayınadək o, razılaşmaya əsasən öz üzərinə düşən 250 manatı hər ay vermişdir. Onun iş yoldaşı Təqsirləndirilən şəxs sələmə pul verməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Bu barədə məlumatı olmadığı üçün heç nə deyə bilməmişdir. Onlar öz aralarında sadəcə olaraq razılıq əsasında lotereya oynamışlar. İş yoldaşı Təqsirləndirilən şəxs tanışı Şahid1 adlı şəxsi tanımamış və aralarında olan münasibətdən xəbəri olmamışdır. Lotereya oynadıqları yeddi nəfər arasında Tural adlı şəxs olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid6 Natiq qızı, Şahid5, Şahid3, Şahid7 ifadəsindən Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuşdur. O, Gülnarı uşaqlıqdan tanımışdır. Onun Gülnarla aralarında çox yaxşı münasibət olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Şəmkir şəhərinə köçmüşlər. Buna görə də onun Gülnarla əlaqəsi kəsilmişdir. O, 2012-ci il tarixdə X3 ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən Razim adlı övladları dünyaya gəlmişdir. Oğlu Razimin anadangəlmə başında şiş olduğundan mütəmadi olaraq həmin şişi müalicə etdirmişdir. 2018-ci ildə o, oğlu Razimi Şəmkir rayon Mərkəzi Xəstəxanasına apararkən orada Gülnarı görmüşdür. O, salamlaşıb Gülnara yaxınlaşmışdır. Söhbət əsnasında Gülnarın Şəmkir rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı olaraq çalışmasını öyrənmişdir. O, oğlu Razimi mütəmadi olaraq xəstəxanaya aparmış və hər dəfə də Gülnarla söhbət edib münasibət qurmuşdur. Beləcə onun Gülnarla çox yaxın münasibəti yaranmışdır. O, 2017-ci ilin dekabr ayından 7-ci Hərbi polis bölməsində, 2021-ci il tarixdən isə faktiki olaraq tutduğu vəzifədə, yəni 7-ci Hərbi polis bölməsinin kiçik əməliyyat müvəkkili (axtarış üzrə) olaraq çalışmışdır. O, 2019-cu ildə arvadı Jalə Məmmədovadan boşanmışdır. Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən aylıq əmək haqqının üçdə bir hissəsi, yəni onun aylıq 802 manat məbləğində əmək haqqı pulundan 303 manat aliment kimi tutulmuşdur. Yerdə qalan pul az olduğu üçün onun maddi vəziyyəti çox aşağı olmuşdur. 2022-ci ilin yay aylarında oğlu Razimin əməliyyatı üçün təcili olaraq pul lazım olmuşdur. Lakin, onun maddi vəziyyəti aşağı olduğu üçün pulu düzəldə bilməmişdir. Bunun üçün o, bütün qohum və tanışlarından, o cümlədən Gülnardan borc pul istəmişdir. Belə ki, Gülnar həmin ərəfədə iş yoldaşları ilə lotereya oynayaraq pul götürdüyü üçün Gülnarın pulu olmuşdur. Beləliklə Gülnar ona ümumillikdə 5000 manat məbləğində pul vermişdir. Həmin pul əməliyyat üçün yetərli olmadığından o, kredit götürmək qərarına gəlmişdir. Lakin sənədlərində çatışmazlıq yarandığı üçün ona kredit verilməmişdir. Belə olan halda o, Gülnardan öz adına kredit götürməsini xahiş etmişdir. Gülnar da onun xahişini nəzərə alaraq, öz adına onun üçün 2500 manat məbləğində kredit götürmüşdür. Gülnar həmin pulun 1600 manat məbləğində olan hissəsini ona vermiş, yerdə qalan 900 manatı isə özünə götürmüşdür. O, 5000 manat məbləğində pulu Gülnarın yaşadığı evin yaxınlığında, 1600 manat məbləğində pulu isə Şəmkir şəhərində yerləşən “Beynəlxalq” bankın yaxınlığında Gülnardan təhvil almışdır. O, ümumillikdə Gülnardan borc olaraq aldığı 6600 manat məbləğində pulu 2023-cü ilin yanvar ayına kimi olan müddət ərzində qaytaracağına söz vermişdir. Lakin, maddi imkanı zəif olduğu üçün o, pulu qaytara bilməmişdir. Belə olan halda Gülnar ona narazılığını bildirərək pulunu geri tələb etmişdir. Gülnar hər dəfəsində pulunu qaytarmayacağı təqdirdə ondan aidiyyatı orqanlara şikayət edəcəyini demişdir. Onun da maddi vəziyyəti hədsiz dərəcədə zəif olduğu üçün pulu heç cürə ödəyə bilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir Hərbi prokurorluğuna ərizə ilə müraciət edərək guya, onun Gülnar və iş yoldaşları ilə lotereya oynayaraq 6600 manat məbləğində pulu götürdüyünü, həmin oyunun şərtlərinə görə 6 ay müddətinə aylıq 1000 manat, 1 ay müddətinə 600 manat pul verməli olduğu halda aldadaraq vermədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs və iş yoldaşları ilə lotereya oynamamışdır. O, sadəcə olaraq 2022-ci ilin yay aylarında Gülnardan 6600 manat məbləğində borc pul alıb 2023cü ilin yanvar ayında qaytaracağına söz versə də, maddi imkanı çox zəif olduğu üçün pulu qaytara bilməmişdir. Belə olan halda Gülnar Şəmkir Hərbi prokurorluğuna ərizə ilə müraciət edərək guya onun Gülnar və onun iş yoldaşları ilə lotereya oynayaraq 6600 manat məbləğində pul götürdüyünü, həmin oyunun şərtlərinə görə 6 ay müddətinə aylıq 1000 manat, 1 ay müddətinə 600 manat pul verməli olduğu halda aldadaraq vermədiyini bildirərək bilə-bilə yalan xəbərçilik etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 10 aprel 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə ketməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Şəmkir şəhər Mənzil İstismar Kontorunun tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 93 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda əri və uşaqları ilə birlikdə yaşayır. Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Şəmkir şəhər Mənzil İstismar Kontoruna heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs elektron portal məlumatından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla bimayəsində xx.xx.2013-cü il təvəllüdlü Mələk adlı bir azyaşlı uşağı var. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində işləməklə əmək haqqı 591 manat təşkil edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-296.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinə əsasən Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə əməlinə görə cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə ilə cəzaları nzərədə tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, himayəssində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə cinayət törətməsi, himayəsində azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 296.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, ictimai işlər və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası yaşayış yeri üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə ketməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-244/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-244/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver