Məhkəmə qərarları › İş №1(076)-25/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-25/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-25/2024 25.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1984–cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2014–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 181.2.2, 185.2.1, 185.2.2, 326.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 13 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilməklə CM-nin 177.2.4-cü maddəsi hökümdən xaric edilərək cəza müddəti 06 ay azaldılmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.1, 229.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah hazırlama, əldə etmə, daşıma, gəzdirmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, dəqiq məlum olmayan tarixdə və mənbədən əldə etdiyi nömrəsiz təklüləli ov tüfənginin qundağını və lüləsini kəsərək kontruksiya dəyişikliyi edib atəş imkanını aradan qaldırmayan, təyinatını itirən ov tüfəngindən qəsdən odlu silah hazırlayaraq qanunsuz əldə edib daşımış və həmin odlu silahı idarə etdiyi “Xəzər” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq gəzdirmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 12 aprel 2023-cü il tarixdə saat 00:15 radələrində idarə etdiyi avtomobillə Şəmkir şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman ondan konstruksiya dəyişikliyi edilərək hazırlanmış odlu silah hesab edilən təyinatını itirmiş ov tüfəngi aşkar edilərək götürülmüş, bundan başqa onun idarə etdiyi “Xəzər” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda yerləşən sol günlüyündən 1 (bir) ədəd kağız bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 2-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış dövriyyəsi qadağan olunmuş ümumi təmiz çəkisi 0,513 qram miqdarda psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, taksi fəliyyəti ilə məşğul olur. 11 aprel 2022-ci il tarixdə o, idarə etdiyi avtomobillə Bakı şəhərindən Şəmkir rayonuna sərnişin gətirmişdir. Gecə təxminən saat 10-11 radələrində Şəmkir rayonuna çatmış və gecə olduğundan Şəmkir rayonunda qalmaq qərarına gələrək, qalmaq üçün ev axtarmağa başlamışdır. Bir-iki evə baxaraq qiyməti daha münasib evdə qalması üçün evlərə baxmağa davam edən zaman ona mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq onu şübhəli şəxs kimi Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ondan nə səbəbdən Şəmkir rayonuna gəlməsini soruşmuşlar. O, Şəmkir rayonunun ərazisinə sərnişin gətirməsini bildirərək, gecə olduğu üçün qalmaq qərarına gəldiyini və ev axtardığını bildirmişdir. Onlar onun adını portala vuraraq şəxsi məlumatlarında onun 17 il həbsdə olmasını görmüşlər. Şahid1 elə “Bizim axtardığımız adamsan silahla, malla getməlisən sənə nə desək yapışır” demiş, həmin vaxt o, etraz etmiş, lakin Şahid1 “Etiraz etsən avtomobilinə 1 kilo mal qoyacam” demişdir. Həmin vaxt o, təsir altında olduğundan məcbur olub Şahid1lə razılaşmış və videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən ona verilmiş silahın və narkotik vasitə olan metamfetaminin ona aid olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmasada, o, təzyiq altında olduğundan ilkin ifadəsində istintaq zamanı aşkar edilərək götürülmüş ov silahı mərhum babası Baldadaş Dadaşova məxsus olmasını və o öləndən sonra həmin silah yaşadıqları evdə qalmasını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş silah və avtomobilindən aşkar olunmuş narkotik vasitə ona aid olmamış, silah və narkotik vasitə də polis əməkdaşları tərəfindən qoyulmuşdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları, özünün xəstə olmasını və ailə vəziyyətini nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 aprel 2023-cü il il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və Şəmkir rayonu ərazisində odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olmuş, onun cinayət törədərkən, yaxud törətdikdən dərhal sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmişdir. Onun, eləcə də Şəmkir RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə saat 00:15 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində saxlanılaraq idarə etdiyi "Xəzər" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Təhqiqat bölməsinin təhqiqatçısı Elnur Sadıqov tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd nömrəsiz, lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan ov silahı və həmin silaha məxsus 5 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi "Xəzər" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol günlüyündən isə 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş psixotrop maddə metamfetamin elktron tərəzidə çəkilərək 0,65 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, onun konkter olaraq kimə silah satmaq istəməsi barədə məlumat əldə edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 12 aprel 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində odlu silah, narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sorşulmuş, Təqsirləndirilən şəxs üzərində odlu silah olduğunu deyərək əlində tutduğu qundağı və lüləsi qısaldılmış, üzərində heç bir yazı və nömrə olmayan bir ədəd yivsiz odlu silahı eləcədə ona məxsus olan 5 ədəd patronları təqdim etmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 12 aprel 2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Xəzər markalı **-PH-*** dövlət qeydiyat nişanlı ağ rəngli avtomobilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Bakı şəhərində gəzən zaman yerdən bir ədəd bükümdə metamfetamin tapdığını bildirərək, avtomobilin sürücü tərəfdə olan günlüyü açaraq bir ədəd qızılı sellofana bükülmüş bükümü təqdim etmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 12 aprel 2023–cü il tarixli, 16/414 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxsin avtomobilindən aşkar edilərək götürülən bir ədəd büküm” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı kağız bükümdə, təmiz çəkisi 0,513 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizası üzrə 13 aprel 2023-cü il tarixli, 23/286R nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş 960-K №-li keçmiş SSRİ dövlətində, Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin, həmin ov tüfəngini lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır, istifadəyə və atəşə yararlıdır. Cinayət işinin materiallarında olan, Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 18 iyul 2023–ci il tarixli, 1202 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Dadaşov X3 Rayon Məhkəməsinin 07 dekabr 2006–cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, 05 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2014–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 181.2.2, 185.2.1, 185.2.2, 326.2, 228.4-cü maddələri ilə təqsirli bilinərək, cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 13 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2014- il tarixli qərari ilə hökm dəyişdirilib CM-nin 177.3.2-ci maddəsi, CM-nin 177.2.1, 177.2.2, 1777.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, CM-nin 326.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, CM-nin 177.2.1, 177.2.2, 1777.2.3, 177.2.4, 181.2.2, 185.2.1, 185.2.2 maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 15 dekabr 2017-ci ildə qərari ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilməklə CM-nin 177.2.4-cü maddəsi hökümdən xaric edilərək cəza müddəti 06 ay azaldılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs törətmiş olduğu və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə dair müddəalar (“xeyli miqdarda”) hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 ilə endirilmiş və həmin cəza ilə Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsilə təyin edilmiş 10 il müddətinə CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti cəza 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 3035/2023/641 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs HİV və Hepatit “C” xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM–in 228.1, 229.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, həmin cinayət əməllərini törətməməsini bildirsə də, iş üzrə şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üstüstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Həmçinin, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərində və avtomobilində axtarış aparılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə qarşı hər-hansı formada təsir və təzyiq göstərilməsi, eyni zamanda təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən təzyiq altında olması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və tədqiq edilmiş digər sübutlar iş üzrə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 228.1, 229.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs HİV və Hepatit “C” xəstəliyindən əzab çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4–cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2–ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 12 aprel 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 13 aprel 2023–cü il tarixli qərarı Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 12 aprel 2023–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,463 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ov tüfəngi və 05 ədəd patronlar dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 4 (dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 24 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,463 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ov tüfəngi və 05 ədəd patronlar dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 24 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar