Məhkəmə qərarları › İş №1(076)-250/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-250/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-250/2023 17.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində əkib yetişdirərək satış məqsədi olmadan şəxsi istehlak məqsədilə qurudub qanunsuz olaraq əldə etdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, çətənə (kannabis) bitkisindən hazırlanmış qurudulmuş marixuananı üzərində saxlamaqla Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Səbət bazarı” adlanan yerə daşımış, 27 may 2023-cü il tarixdə saat 12 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Səbət bazarı”nda saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sol cibindən iki ədəd iç-içə olan şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq, kustar üsulla hazırlanmış narkotik vasitə olan, ümumi təmiz çəkisi 5,82 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2023-cü ilin mart ayında, istintaqa məlum olmayan tarixdə əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki istilikxanada xeyli miqdarda əkərək onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, barəsində olan ilkin yoxlama materialı ilə əlaqədar davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 27 may 2023-cü il tarixdə, saat 15 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən istilikxanaya baxış keçirilərkən oradan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan, xeyli miqdarda yəni 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 1993-cü ildən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2023-cü ilin mart ayında narkotik vasitə qəbul edərkən içərisində çətənə bitkisinin toxumlarının olmasını görmüş və həmin toxumları saxlaraq mart ayının sonlarında toxumları həyətdə olan istixananın içərisinə atmışdır. Həmin toxumlardan yeddi ədədi bitərək inkişaf etməyə başlamışdır. Bundan sonra 7 ədəd bitkinin dibini boşaltmış, sulamış və inkişaf etməsi üçün qulluq etmişdir. 27 may 2023-cü il tarixdə səhər saatlarında o, həmin bitkinin yarpaqlarından qıraraq evdə olan elektrik sobasının qapısını açıq qoymaqla qurutmuş, özü qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 11 radələrində qurumuş marixuananı bir ədəd kiçik sellofana doldurub özü qəbul etmək üçün üzərinə götürərək cibində saxlamışdır. Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Səbət bazarına getdiyində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Orada ona müdafiəçilərin siyahısı təqdim olundu, o, müdafiəçi tutmaq imkanının olmadığını bildirdikdə ona Müdafiəçi qismində dəvət olunmuşdur. Müdafiəçiyə o, etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. O, da əynində olan şalvarın sol cibində olan özü qəbul etmək üçün saxladığı bir ədəd sellofanda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitəni özü qəbul etmək üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Ona həmin narkotik vasitə haradan əldə etməsi soruşulduqda o, yaşadığı evdə həyətyanı sahəsində istixanada əkdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirmiş və hazırda orada bitkilərin olduğunu qeyd etmişdir. Polis əməkdaşları ona narkotik tərkibli çətənə kolları əkib-becərməsi ilə əlaqədar yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, da polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş və orada videoçəkiliş vasitəsi ilə həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Polis əməkdaşları bir nəfər aqronom mütəxəssisdə dəvət etmişlər. Baxış zamanı o, əkdiyi çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Bundan sonra həmin bitkilər bir-bir kökündən çıxarılmışdır. Həmin bitkilər 50 santimetrdən 110 santimetrədək uzunluğunda olmuşdur. Bundan sonra bitkilər qablaşdırlaraq götürülmüşdür. Həyətyanı sahənin digər hissələrinə baxış keçirilərkən başqa qanunsuz heç nə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, o, da tərtib edilmiş protokola imza etmişdir. Hazırda əməlindən səmimi peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 may 2023-cü il tarixdə ona Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində narkotik vasitə saxlaması, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi barədə məlumat daxil olmuşdur. O, bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə saat təxminən 11:30 radələrində Şəmkir RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Səbət bazarı”nın yaxınlığında idarə etdiyi VAZ-2106 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlayaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. İlqar Məmədov əynində olan qara rəngli cins şalvarın sol yan cibindən iki qat sellofa bükülmüş bükümü təqdim edərək həmin sellofan bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər quru, spesifik iyi olan bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitəni həyətyanı sahəsində olan istixananın içərisində əkdiyi bitkidən toplayaraq qurudub və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 6.27 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Cavidan Həsənov tərəfindən şəxsi axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlarda həmin protokola imza etmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı maddi sübut aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə bir nəfər mütəxəssis aqronom dəvət edərək ona hüquq və vəzifələrini izah etməklə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmək üçün getmişlər. Həyətyanı sahəyə baxış keçirilərkən həyətyanı sahədə olan pomidor bitkisi əkilmiş istixanada yeddi ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkilməsi müəyyən olunmüşdür. Bitkilərin hər biri kökündən çıxarılmış hündürlüyünun 50 santimetrdən 110 santimetrədək olan 07 ədəd bitki olması müəyyən olunmuşdur. Həmin bitkilərin diblərinin torpağı boşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkiləri özünün gələcəkdə istifadə etmək üçün qurudulmuş marixuana əldə etmək üçün əkdiyini, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitəni də həmin bitkilərdən toplayaraq əldə etdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Həmin sahənin digər hissələrinə baxış keçirilərkən şübhəli heç bir şey aşkar olunmamışdır. Aşkar olunmuş bitkilər qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsindən Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 may 2023-cü il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-100-cü vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 27 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 27 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 117-119-cu vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərari ilə seçilmiş 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 15 (on beş) gün müddətinə, yəni 11 sentyabr 2023-ci il tarixədək uzadılmışdır. Cinayət icinin 64-65-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə bioloji ekspertizası üzrə 28 may 2023-cü il tarixli 1/1609 nömrəli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Şəmkir rayonu Qaracəmirli kəndində evinin həyətində istixanadan aşkar edilmiş çətənə koluna bənzər bitki” sözləri və imzalar olan, kağız bağlamadakı, ümumi sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi–650 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” sözləri və imzalar olan, qara rəngli kağız paketdəki 02 (iki) ədəd iç-içə olan şəffaf sellofan bükümdə təmiz çəkisi 5.82 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri orqonoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Cinayət işinin 151-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 04 avqust 2023-cü il tarixli, 1308 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-cı vərəqində olan Azərbaycan Respublikası Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə X10 Rayon Xəstəxanasının “X12” X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan, xx.xx.1973-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs X1 narkoloji və psixiatrik kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin 136-cı vərəqində olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Şəmkir rayon Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin 137-ci vərəqində olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 227 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı və oğlu ilə birgə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2.-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, cəzaların həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu, “həbs” və “ev dustaqlığında olduğu 04 (dörd) ay 20 (iyirmi) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə 5.8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada olan 7 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdən 17 oktyabr 2023-сü il tarixədək bu iş üzrə tutulduğu, “həbs” və “ev dustaqlığında olduğu 04 (dörd) ay 20 (iyirmi) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla, ona təyin olunmuş cəzadan 9 (doqquz) ay 10 (on) gün çıxılsın və üzərində 1 (bir) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə 5.8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada olan 7 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar