Məhkəmə qərarları › İş №1(076)-254/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-254/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-254/2023 12.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə yaşadığı evin yaxınlığında olan, həmin vaxt sahibsiz qalan tanışı Rusiya Federasiyasında yaşayan X1 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evin həyətyanı sahəsində əkib yetişdirərək satış məqsədi olmadan şəxsi istehlak məqsədilə qurudub qanunsuz olaraq əldə etdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, çətənə (kannabis) bitkisindən hazırlanmış qurudulmuş marixuananı üzərində saxlamaqla Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Səbət bazarı” adlanan yerə daşımış, 27 may 2023-cü il tarixdə saat 11 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Səbət bazarı”nda saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq, kustar üsulla hazırlanmış narkotik vasitə olan, ümumi təmiz çəkisi 5,97 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq, həmin vaxt sahibsiz qalmış, Rusiya Federasiyasında yaşayan tanışı X1 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evin həyətyanı sahəsində xeyli miqdarda əkərək onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, barəsində olan ilkin yoxlama materialı ilə əlaqədar davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 27 may 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən X1 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan, xeyli miqdarda yəni 05 (beş) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrıları olduğu üçün narkotik vasitə olan marixuanadan istifadə edir. O, normalda həmin marixuananı yaşadığı kənddə, həmin kəndin yaxınlığında olan kəndlərdə yabanı halda bitən kolları qurutmaqla əldə etmişdir. 2022-ci ilin yay aylarında ölən dostu Bəxtiyar Məmmədovun qardaşı, hal-hazırda Rusiya Federasiyasında yaşayan X1 məxsus evin həyətyanı sahəsində Bəxtiyarla birlikdə iş görüb orada olan kol-kosu təmizləmiş, sonra birlikdə spirtli içki pivə qəbul etmiş, daha sonra onlar birlikdə narkotik vasitə marixuana qəbul etmişlər. Marixuananı qəbul etdikdən sonra o, marixuanadan qalan toxumların bitməsi ehtimalını düşünüb gələcəkdə istifadə etmək üçün evin məhləsinə atmış, sonradan həmin məhləyə getməmiş, bir neçə ay sonra o, narkotik vasitə marixuana axtaran zaman həmin məhləyə atdığı toxumları xatırlamış, bu səbəbdən də həmin məhləyə gedib oraya atdığı toxumlardan çətənə kolu bitibbitməməsinə baxmaq üçün evin hasarından məhləyə daxil olmuş, telefonun fənəri ilə evin həyətini axtarmağa başlamış, bu zaman evin həyətində bitmiş kollardan iki ədədinin yarpaqlarını qoparıb cibinə qoyub oradan çıxmışdır. Sonradan həmin yarpaqları yaşadığı evin zirzəmisində yerləşən lampanın içərisində qurutmuş, həmin əldə etdiyi qurudulmuş marixuanadan bir hissəsini qəbul etmiş, bir hissəsini isə üzərində saxlamışdır. 27 may 2023-cü il tarixdə səhər saatlarında o, Şəmkir rayonunda yerləşən “Səbət bazarı”na lobya satmaq üçün getmiş, həmin lobyanı satıb çıxan zaman saat təxminən 11 radələrində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirməli olduqlarını deyib onu Şəmkir RPŞ-nə dəvət etmişlər. Həmin şəxslərlə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmiş, Şəmkir RPŞ-də o, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmiş, bu zaman o, dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə hüquq və vəzifələri izah edilmiş və ondan üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə kağızla birlikdə 7,94 qram gəlmişdir. Sonradan üzərində şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar edilməmişdir. Sonradan həmin kütlə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmış, ona məxsus telefon da polis əməkdaşları tərəfindən götürülmüş, qalan bütün əşyalar və pulun hamısı isə ona geri qaytarılmışdır. Bundan sonra onun tanışı Qəhrəman Məmmədova və ona məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evlərə baxış keçirilmiş, baxış zamanı Qəhrəman Məmmədova məxsus evin həyətindən onun əkdiyi 05 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. O, uzun müddət narkotik vasitə marixuana istifadə etmişdir. O, heç vaxt narkotik vasitə satmamış, narkotik vasitə satmaq niyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, şöbəyə Xəyyam adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi, istifadə etməsi və əkməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxsin Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 27 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması, həmin vaxt Şəmkir rayonunda yerləşən “Səbət bazarı”nın ərazisində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid4 və Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Bayam Quliyev ilə birlikdə Şəmkir rayonu, “Səbət bazarı”na getmişlər. Onlar Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edib, Şəmkir RPŞ-nə dəvət etmişər. Onlar Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət etmiş, Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman üzərində şalvarın cibindən kağız bükümdə 7,94 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüş, sorğu zamanı həmin narkotik vasitəni Şəmkir rayonu, Qaracəmirli kəndində dostunun qardaşı X1 məxsus evin həyətində əkdiyi kollardan topladığını dediyi məlum olmuşdur. Bu səbəbdən də o, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Bayam Quliyev, Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1, aqronom Vaqif Dumanov, təhqiqatçı Əli Eminli ilə birlikdə Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən X1 məxsus evə getmiş, orada Qəhrəman Məmmədovun anası Nərgiz Məmmədovanın da razılığı ilə həmin evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində olan narkotik tərkibli çətənə kollarının yerini göstərmiş, həmin kollara mütəxəssis tərəfindən baxılaraq rəy verildikdən sonra aşkar edilən 05 ədəd çətənə kolu təhqiqatçı Əli Eminli tərəfindən qablaşdırılmış, üzəri imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evə gedilmiş, həmin evə Təqsirləndirilən şəxs da razılığı ilə baxış keçirilmiş, baxış zamanı qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində, həmçinin cinayət prosesi tərəflərinin razılığı ilə iş yerinin dəyişdiyi üçün məhkəmə iclasında iştirak etməyən Şahid1 elan edilmiş ifadəsində, Şahid2 ifadəsində göstərdiyi xüsusatlar təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 27 may 2023-cü il tarixdə Şəmkir RPŞ-də olan zaman onu Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı Əli Eminlinin otağına çağırmış, bu zaman adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirəcəyi məlum olmuş, həmin şəxs müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş, bu zaman Təqsirləndirilən şəxsdan üzərində qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmiş, həmin büküm açılan zaman içərisində narkotik vastitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, həmin kütlə kağız ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 7.94 qram olmuş, Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində, tanışı Qəhrəman Məmmədovun həyətində əkdiyini, həmin narkotikdən öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmiş, bu səbəbdən də Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Bayam Quliyev, Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1, aqronom Vaqif Dumanov, təhqiqatçı Əli Eminli ilə birlikdə Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən X1 məxsus evə getmiş, orada Qəhrəman Məmmədovun anası Nərgiz Məmmədovanın da razılığı ilə həmin evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində olan narkotik tərkibli çətənə kollarının yerini göstərmiş, həmin kollara mütəxəssis tərəfindən baxılaraq rəy verildikdən sonra aşkar edilən 05 ədəd çətənə kolu təhqiqatçı Əli Eminli tərəfindən qablaşdırılmış, üzəri tərəflərindən imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evə gedilmiş, həmin evə Təqsirləndirilən şəxs da razılığı ilə baxış keçirilmiş, baxış zamanı qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 may 2023-cü il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 107-109-cu vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 27 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 27 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 107-109-cu vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 27 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 27 may 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddlər ilə ittiham elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə bioloji ekspertizası üzrə 28 may 2023-cü il tarixli 16/557 nömrəli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs (şübhəli şəxs) iştirakı ilə X1 məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş” sözləri və imzalar olan, kisədəki, ümumi sayı 05 (beş) ədəd, ümumi təmiz çəkisi-150 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim eidlmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan, kağız paketi açdıqda, içərisindəki 01 (bir) ədəd ağ kağız bükümdə tütünlə qarışıq yaşıl rəngli, tütünlə birlikdə ümumi təmiz çəkisi 5,97 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 5,67 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş çətənə(kannabis) bitkiləri və marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Cinayət işinin 151-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 09 avqust 2023-cü il tarixli, 1331 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 157-158-ci vərəqlərində olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 356 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs arvadı və 2018-ci il təvəllüdlü oğlu ilə birgə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsaslanaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2.-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, cəzaların həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 27 may 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, məhkəmə xərci olaraq ekspertizası tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 5,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 5 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 06 (altı) ay 15 (on beş) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 01 (bir) il 01 (bir) ay təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 5,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 5 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar