Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-257/2025 13.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1993–cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə, xx.xx.1991–ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə 08 fevral 2025-ci il tarixdə saat 21 radələrində hazırda Rusiya Federasiyasında yaşayan qohumu X1 məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətyanı sahəsinə keçib oradan da yaşayış binasının giriş qapısının yuxarı hissəsindəki şüşəni sındıraraq taxta materialından olan qapıya zor tətbiq edərək açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağındakı istifadə olunmuş 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində 55 düyümlük “Sony” markalı televizoru gizli yolla talayaraq, Telli Əmiraslanovaya ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2025-ci ilin fevral ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən tarixdə hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan qohumu X1 məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətyanı sahəsinə keçib oradan da Təqsirləndirilən şəxs2 yaşayış binasının zirzəmisinin qapısına zor tətbiq edərək açıb saxlanc yeri hesab edilən zirzəminin içərisinə qanunsuz daxil olaraq oradan istifadə olunmamış 1 (bir) ədəd 1000 (bir min) manat dəyərində “Bosch” markalı qabyuyan avadanlığı gizli yolla talayaraq, Telli Əmiraslanovaya ümumilikdə 1000 (bir min) manat məbləğində zərər vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2025-ci ilin fevral ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən tarixdə hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan həmkəndlisi X1 məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından aşaraq həyətyanı sahəsinə keçib oradan da yaşayış binasının zirzəmisinin qapısına zor tətbiq edərək açıb saxlanc yeri hesab edilən zirzəminin içərisinə qanunsuz daxil olaraq oradan istifadə olunmamış 1 (bir) ədəd 1000 (bir min) manat dəyərində “Bosch” markalı qabyuyan avadanlığı gizli yolla talayaraq, Telli Əmiraslanovaya ümumilikdə 1000 (bir min) manat məbləğində zərər vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, X2 tanıyır, onun qohumudur, aralarında normal münasibətlər vardır. Telligilin yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində fərdi yaşayış evləri vardir və üzün müddətdir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayırlar. Həmin ev onlarla qonşuluqda yerləşir və evdə heç kim yaşamadığı və pula ehtiyacı olduğu üçün Telliyə məxsus evə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. 08 fevral 2025-ci il tarixdə saat 21 radələrində özünə məxsus və idarə etdiyi VAZ 21154 markalı, rus dövlət nömrə nişanlı avtomaşınla Telliyə məxsus evin arxa tərəfinə gəlmişdir. Heç kimin gəlmədiyini və sakitçilik olduğunu görüb evin hasarına dırmaşmış və həyətyanı sahəyə düşmüşdür Həyətə düşdükdən sonra isə evin həyətinə daxil olmaq üçün qapı bağlı olduğundan yenidən hasara çıxıb üstündə tullanıb həyətə daxil olmuşdur. Pilləkənlə çıxıb evin giriş qapısına yaxınlaşıb qapının yuxarısında yerləşən şüşəni əli ilə vuraraq sındırmış və əlini oradan salıb qapının kilidini açmışdır. İçəri otağa daxil olmuş və dəyərli olacağını bildiyi üçün otaqları axtarmadan birbaşa baş tərəfdə qoyulmuş “Sony” markalı 55 düymlük televizoru oradan götürmüş və həyətdə gizlətmişdir. Eyni zamanda evin zirzəmisinə də düşüb orada Bosch markalı qabyuyan aparatının da olduğunu görüb onu sonradan oğurlamaq qərarına gəlmişdir. Daha sonra isə çıxıb getmişdir. Səhəri gün xx.xx.2025-ci il tarixdə isə saat 09 radələrində yenidən həmin evə gəlmiş və hasardan aşaraq həyətə daxil olmuşdur. Televizoru gizlətdiyi yerdən görürüb arxa tərəfdən həyətyanı sahədən çıxartmış və idarə etdiyi avtomaşına yükləyib kəndin girişinə gəlmişdir. Orada həmkəndliləri Aminlə Nurlana zəng edib olduğu yerə çağırmışdır. Onlar da Aminin idarə etdiyi VAZ 21074 markalı, **-NE-*** dövlət qeydiyyat nışanlı avtomaşınla yanına gəlmişlər. Onlara televizoru olduğunu və satmaq lazım olduğunu, lakın vəsiqəsinin olmadığını bildirmişdir. Nurlan da vəsiqəsinin olduğunu və onunla sata biləcəklərini demişdir. Bundan sonra televizoru öz maşınından Aminin maşının salonuna qoymuş və birbaşa Şəmkir şəhəri, 20 yanvar küçəsinə onu satmaq üçün Elşad adlı şəxsin mağazasına gəlmişlər. Nurlan maşından düşmüş və Elşada yaxınlaşıb söhbət edərək Sony markalı televizoru Elşənin satmaq istədiyini demişdir. Elşad da televizora baxıb 150 manat pul müqabilində ala biləcəyini bildirmişdir. Nurlan da onun təklifi ilə razılaşmış və televizoru 150 manat müqabilində satmışlar. Daha sonra isə maşında həmin puldan 20 manat da benzin pulu kimi Aminə vermişdir. Təxminən 10-15 gün sonra isə həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng edərək kəndin mərkəzinə çayxananın yanına çağırmış və onunla işi olduğunu demişdir. Saat 21 radələrində Aminlə danışdıqları yerdə görüşmüş və Aminə qohumu Tellinin evində heç kəsin olmadığını və birlikdə orada gördüyü qabyuyan aparatı oğurlamaq məqsədilə evə girmək istədiyini demişdir. Amin də onunla razılaşmış və ona məxsus VAZ 21074 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Telliyə məxsus evin arxa tərəfinə getmişlər. Heç kimin gəlmədiyini və sakitçilik olduğunu görüb evin hasarına dırmaşmış və həyətyanı sahəyə düşmüşdür. Həyətə düşdükdən sonra isə evin həyətinə daxil olmaq üçün qapı bağlı olduğundan yenidən hasara çıxıb üstündə tullanıb həyətə daxil olmuşdur. Qapını açmış və Amin də həyətə daxil olmuşdur. Zirzəmiyə daxil olmuş və orada olan Bosch markalı qabyuyan aparatı Aminlə birlikdə həyətə çıxarmışlar. Qabyuyan aparatını birlikdə evin arxa tərəfinə aparmış və hasardan düşürdüb Aminin maşınına yükləmişlər və avtomaşını Amin idarə edərək birlikdə kəndin çıxışına doğru getmişlər. Orada maşını çöllükdə boş ərazidə köhnə tikilinin yanına sürüb saxlamış və qabyuyanı orada gizlədib üstünü örtüb maşınla oradan çıxıb getmişlər. Səhəri gün yenidən oraya Aminin maşını ilə gedərək qabyuyanı götürərək Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsində Xəlil adlı şəxsin işlənmiş məişət avadanlıqları satışı mağazasının qarşısına getmişlər. Amin özü maşından düşüb Xəlil adlı şəxslə danışıb 400 manat müqabilində qabyuyan aparatı satmış və birlikdə kəndə qayıtmışlar. Ona verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 08 fevral 2025-ci il tarixdə qohumu, hazırda Rusiya Federasiyasında yaşayan X1 məxsus qonşuluğunda yerləşən yaşayış olmayan evin həyətinə hasardan aşma yolu ilə daxil olmuş, daha sonra evin pəncərisinin şüşəsini sındırıb evə daxil olmuş, qonaq otağında olan “Sony” markalı televizoru götürüb həyətdə gizlətmiş, növbəti gün isə həyətə gedib televizoru götürüb kəndin girişinə aparmış, oradan isə tanışları Nurlan və Amin ilə birlikdə aparıb Şəmkir şəhəri, 20 Yanvar küçəsində Nurlanın şəxsiyyət vəsiqəsi ilə Elşad adlı şəxsə 150 manata satmışlar. Pulun 20 manatını isə Aminə vermişdir. Təxminən 10-15 gün sonra tanışı Amin ilə razılaşıb birlikdə yenidən həmin ünvana getmiş, həmin evin zirzəmisinə daxil olub orada olan “Bosch” markalı qabyuyan aparatı oğurlamış, yaxınlıqda olan boş evdə gizlətmiş və növbəti gün aparıb Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsində Xəlil adlı şəxsə 400 manata satmışlar. Amin və Nurlana televizorun özünə məxsus olmasını demişdir, lakin benzinpulu olaraq Aminə 20 manat vermiş, Nurlan isə bilməyərəkdən ona televizoru satmaqda köməklik etmişdir. Onlar onun televizoru oğurladığını bilməmişlər. Hadisə yerində o, oğurluq yerini, əşyaları gizlətdikləri yerləri göstərə bilər. Bildirmişdir ki, o qeyd etdiyi oğurluqdan başqa heç bir oğurluq etməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, Elşən onun həmkəndlisidir, onunla normal münasibətləri olmuşdur. 09 fevral 2025-ci il tarixdə səhər saatlannda o, həmkəndlisi və dostu Nurlanla birlikdə özünə məxsus VAZ 21074 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla kənddə gəzən vaxt kəndin mərkəzindən keçən zaman Elşən əl edib onları saxlatmış və onlara evdə televizoru olmasını, pula ehtiyacı olduğu üçün həmin televizoru aparıb satmaq istəməsini, onu aparmalarını demişdir. Həmçinin onun maşınına 20 manat benzin tökəcəyini demişdir. Həmçinin Nurlana da pul verəcəyini deyib televizoru satmaqda ona kömək etmələrini demişdir. Onlar də razılaşmış və Elşənin evinin qarşısına getmişlər. Elşən yaşadığı evdən televizoru götürüb onların maşınına gəlmişdir, televizor böyük ekranlı “Sony” markalı olmuşdur. Onlar birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsinə gəlmiş, orada məişət avadanlıqları təmiri mağazasının qarşısında dayanmışlar. Nurlanın şəxsiyyət vəsiqəsi üstündə olmuş və onlar mağazanı işlədən şəxslə danışıb televizoru həmin şəxsə 150 manata satmışlar. Həmin puldan isə Elşən 20 manat onun maşınına benzin tökmüş, xatırlamasına görə ya 20 ya da 25 manat isə Nurlana vermişdir. Bundan bir neçə müddət keçmişdir. 2025-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Elşən ona zəng edərək onu kənddə çayxanaya çağırmış, çayxanada olan zaman Elşən ona qonşuluğunda qohumunun evi olmasını və qohumunun Rusiyada olmasını, orada təzə qabyuyan görməsini deyərək həmin qabyuyanı oğurlayıb satmağı təklif etmiş, onun da həmin vaxt pula ehtiyacı olduğu üçün razılaşmışdır. Elə həmin gün saat 21 radələrində VAZ 21074 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hava qaraldıqda Elşənlə birlikdə qonşuluğunda olan evin arxa tərəfinə getmişlər. Heç kimin gəlmədiyini və sakitçilik olduğunu görüb evin hasarına dırmaşmış və həyətyanı sahəyə düşmüşlər. Həyətə düşdükdən sonra zirzəmiyə daxil olmuş və orada olan Bosch markalı qabyuyan aparatı Elşənlə birlikdə həyətə çıxarmışlar. Qabyuyan aparatını birlikdə evin arxa tərəfinə aparmış və hasardan düşürdüb onun maşınına yükləmiş və avtomaşını idarə edərək birlikdə kəndin çıxışına doğru getmişlər. Orada maşını çöllükdə boş ərazidə köhnə körpünün yanına sürüb saxlamış və qabyuyanı orada gizlədib üstünü örtüb maşınla oradan çıxıb getmişlər. Səhəri gün onun maşınında yenidən oraya gedib qabyuyanı götürmüş və Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsində Xəlil adlı şəxsin işlənmiş-məişət avadanlıqları satışı mağazasının qarşısına getmişlər. O, maşından düşüb Xəlil adlı şəxslə danışıb 400 manat müqabilində qabyuyan aparatı satmış və birlikdə kəndə qayıtmışlar. Pulu isə o götürmüşdür, Elşənlə razılaşmalarına əsasən qabyuyanın pulunu tam olaraq o götürmüşdür. Ona verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Elşən onun həmkəndlisidir və onunla normal münasibəti var. 09 fevral 2025ci il tarixdə o qardaşına məxsus VAZ 21074 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nurlan ilə birlikdə kənddə gəzən zaman Elşən onları saxlatmış və pula ehtiyacı olduğu üçün öz evində olan özünə məxsus televizoru satmaq istəməsini, ona maşını ilə rayona gətirməyi, Nurlana da satmağa kömək etməyi demişdir. Onlar da razılaşmışlar və Elşən öz evindən televizor götürüb onun maşınına qoymuş, birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində məişət avadanlıqlarının təmiri mağazasının qarşısına gəlmişlər, Nurlan televizoru öz şəxsiyyət vəsiqəsi ilə 150 manata satmışdır. Elşən həmin puldan əziyyət və benzin haqqı olaraq 20 manat ona, 20 ya 25 manat isə Nurlana vermişdir. Lakin təxminən 10-15 gün sonra Elşən ona oğurluq barədə təklif edən zaman əslində həmin televizoru da həmin evdən oğurlamasını demişdir. Lakin Nurlanla o televizoru aparıb satmağa kömək edən zaman Elşənin həmin televizoru oğurlamasını bilməmişlər. Elşənin televizorunu aparıb satdıqdan təxminən 10-15 gün sonra dəqiq xatırlamadığı tarixdə Elşən onu kənddə olan çayxanaya çağırmış və orada keçən dəfə satdıqları televizoru əslində Rusiyada yaşayan qohumunun evindən oğurlamasını, həmin evdə qabyuyan avadanlıq da olmasını deyərək ona həmin avadanlığı da oğurlamağı təklif etmiş, onun da pula ehtiyacı olduğu üçün razılaşmışdır. Həmin tarixdə qardaşına məxsus VAZ 21074 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş və həmin evin arxasına gəlmişlər. Hasardan tullanaraq həyətə düşmüş və evin qıfilı olmayan zirzəmisinə daxil olub orada olan qabyuyanı götürüb köməkli olaraq hasardan keçirib maşına yükləmişlər. Kəndin çıxışına tərəf gəlib qabyuyanı köhnə körpünün altında gizlətmişlər. Növbəti gün səhər saatlarında isə qabyuyanı oradan götürüb Şəmkir şəhərinə Xəlil adlı şəxsə 400 manata satmışlar. Pulu isə 200:200 olmaqla aralarında bölmüşlər. İlkin ifadəsində səhv demişdir, qabyuyanın 400 manatı pulunu o götürmüşdür. VAZ 21074 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında atası X10 və qardaşı X6 məxsusdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs Telli Əmiraslanovaya dəymiş ziyanı tamamilə ödəmişdir. Belək 1000 manat dəyərində olan “Bosch” markalı qabyuyan aparatı geri qaytarmışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, onlar ailəlikcə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayırlar. Onların Şəmkir rayonu, Şiştəpə kəndində evləri var, həmin evə bacısının eltisi Qətibə nəzarət edir, arada gedib həm evi havalandırır, həm də kənar müdaxilə olub-olmamasına baxır. Onun evi əşyalarla dolu vəziyyətdədir. 2024-cü ilin dekabr ayında Qətbəgil aləlikcə Rusiya Federasiyasına getmişlər və mart ayında gəlmişlər. Qətibə ona evindən oğurluq olması barədə məlumat vermişdir. Oda 27 mart 2025-ci il tarixdə bacis Zərərçəkmiş şəxs zəng edərək evindən televizorun və qabyuyan aparatın oğurlanmasını deyərək bu barədə DİN-in 102 xidmətinə məlumat verməyini xahiş etmişdir. Bacısıda da bu barədə DİNin 102 xidmətinə məlumat vermişdir. Sonradan isə bilmişdir. ki, evindən onun qohumu Təqsirləndirilən şəxs1 və həmkəndlisi Təqsirləndirilən şəxs2 daxil olaraq oğurluq etmişlər. O, elə əvvəlcədən oğurluğu Elşənin etdiyindən şübhələnmişdir. Elşən onların qohumudur və evi ilə qonşuluqda yaşayır. Ona dəymiş ziyan ödənilmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Sərxanlı küçəsi ev 65-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi iş yeri yoxdur, fərdi olaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən icarə əsasında işlətdiyi obyektdə məişət avadanlıqlarının təmiri ilə məşğul olura, Bundan başqa yararsız vəziyyətdə olan məişət əşyalarını alıb onların ehtiyyat hissələrindən təmir zamanı istifadə edir. 09 fevral 2025-ci il tarixdə onun yanına əvvəlcədən tanımadığı Şahid1 onun yanına gəlmişdir, o, “Vaz 2107” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir, maşında ondan başqa iki nəfər şəxs də olmuşdur. Nurlan ona televizoru olmasını və satmaq istədiyini demiş, ondan televizorun oğurluq olub-olmamasını soruşduqda o, inamlı formada öz televizorları olmasını, təzəsini aldıqlarını demişdir. Bundan sonra Nurlanın şəxsiyyət vəsiqəsini götürüb şəklini çəkmişdir. Televizor “Sony” markalı, 55 düymlük olmuşdur. Nurlan həmin televizora 250 manat qiymət demiş, lakin Elşad televizorun köhnə buraxılış olmasını, internetə çıxışı olmamasını deyib 150 manat təklif etmişdir və onlar razılaşmışlar. Nurlana 150 manat pul vermişdir və Nurlan, televizoru verib getmişdir, həmin televizoru obyektdə qoymuşdur. 04 aprel 2025-ci il tarixdə isə Şəmkir RPŞ-nin polis əməkdaşları gələrək televizor alıb-almamağını soruşmuş, o da həmin televizoru təhqiqatçıya təqdim etmişdir. Ona verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, həmin televizor köhnə modeldir, televizorun intemefə çıxışı olmadığından alıcısı yoxdur, 0 da televizoru müştəri olarsa satmaq, olmazsa da ehtiyyat hissələrindən istifadə etmək üçün almışdır. 0 televizoru ona satan şəxsi ətraflı danışdırmış və həmin şəxs televizorun özlərinə məxsus olmasını demişdir, bundan başqa həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini və ora gəldikləri maşının nömrəsinin şəkillərini çəkmişdir. Bundan başqa Nurlanın 070-732-01-5$ mobil nömrəsini də özündə qeyd etmişdir. Onun televizorun oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, heç bir yerdə işləmir, evdar qadındır. Mahiyyət üzrə bildirmişdir ki, mərhum qaynının arvadı X1 məxsus məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evi vardır, Telli Əmiraslanova ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və onun öz xahişi əsasında mütəmadi evə gedib baş çəkib nəzarət edir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə evə gedib baxdıqda hər bir şeyin yerində olduğunu və heç bir problem olmadığını görmüşdür. Həmin tarixdə həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasına bir müddətlik getmişdir. xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasından qayıtmışlar və həmin gün Telliyə məxsus evə baş çəkmək üçün gəlmişdir. Darvazanın sol tərəfində yerləşən qapını açarla açıb içəri daxil olmuş, evin əsas giriş qapısına baxdıqda isə yuxarı tərəfdə yerləşən şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmış vəziyyətdə olması və qapının da açıq vəziyyətdə olmasını aşkar etmişdir. Bundan sonra isə evin zal otağına daxil olduqda baş tərəfdə qoyulmuş və Telliyə məxsus “Sony” markalı 55 düymlük televizorun yerində olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, eyni zamanda evin digər otaqlarına, həmçinin zirzəmiyə baxdıqda orada əvvəlcədən qoyulmuş “Bosch” markalı qabyuyan avadanlığın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra isə bu barədə Telliyə və onun qohumlarına məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Tellinin xahişi ilə bacısı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan isə müəyyən olunmuşdur ki, həmin oğurluğu Elşən və amin adlı həmkəndliləri etmişdir. Qeyd etmişdir ki, elşən Tellinin qohumudur. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, Şəmkir rayon Məhkəməsinin 30 iyul 2025-ci 11 tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və hazırda həmin cəzanı çəkir. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onun həmkəndlisidir, aralarında normal münasibətlər vardır. 2025-ci ilin fevral ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə nahar vaxtlarında yaşadığı Şiştəpə kəndində yerləşən “AT” marketin qarşısında tək halda dayanmışdır. Bu vaxt təsadüfən həmkəndlisi Aminlə rastlaşmış və Amindən onu evin yaxınlığına düşürməsini xahiş edib idarə etdiyi avtomaşına əyləşmişdir. Bir qədər irəliləmiş və döngədə Elşənlə rastlaşmışlar. Elşən əl edib maşını saxlatmış və Aminin maşınına əyləşmişdir. Maşında onlara televizorunun olduğunu və satmaq üçün vəsiqəyə ehtiyacının olduğunu, həmçinin öz vəsiqəsinin olmadığını demişdir. O da öz vəsiqəsini verə biləcəyini demişdir. Bundan sonra isə Amin maşını birbaşa Elşənin evinə sürmüş və Elşən “Sony” markalı televizoru götürüb maşının salonuna qoymuşdur. Hər üçü də Aminin maşını ilə Şəmkir şəhəri, 20 yanvar küçəsinə gəlmişdir. Orada televizor satışı mağazasına daxil olmuş və Elşən televizoru adını sonradan bildiyi Elşad adlı şəxsə satmışdır. Çölə çıxdıqda isə ona 25 manat pul vermişdir. Daha sonra isə birlikdə kəndə qayıtmışlar. O, Elşənlə birlikdə Telli adlı şəxsin evinə oğurluq məqsədilə daxil olmamışdır və oğurluq etməmişdir. Ona verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Elşən yalan deyir, Elşən yolda Aminlə gedən zaman onlara əl edib saxladıb, özünün televizoru olduğunu, satmaq istədiyini deyib sənəd lazım olmasını demiş, o isə ona onun şəxsiyyət vəsiqəsi ilə sata biləcəyini demişdir, onlar Elşənin evinə getmiş, Elşən, evdən “Sony” markalı televizoru gətirib maşına qoymuş və birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsinə getmişlər, orada satıcı ilə 150 manata razılaşmış və o öz şəxsiyyət vəsiqəsini vermişdir. Həmin pulu Elşən almış, ona isə 25 manat siqaret pulu vermiş, Aminin maşınına isə 20 manatlıq benzin tökmüşdür. Onun televizorun oğurluq olmasından xəbəri olmamışdır. Elşən yəqin ki, elə düşünür ki, ona pul verdiyini desə o da məsuliyyətə cəlb ediləcək. Belə düşünür ki, Elşən buna görə ona pul vermədiyini deyir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 27 mar 2025-ci il tarixli protokoldan görünür ki, hadisəsinin baş verdiyi fərdi yaşayış evinə Şahid3 iştirakı ilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. “Baxış keçirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş televizora baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və Telli Əmiraslanovaya məxsus Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən fərdi yaşayış evindən televizoru və qabyuyan avadanlığı talayaraq oğuraldığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 08 may 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və Telli Əmiraslanovaya məxsus Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən fərdi yaşayış evindən qabyuyan avadanlığı talayaraq oğuraldığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 26 may 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 600 manat cərimə cəzası təyin edilmiş, 11 oktyabr 2017-ci il tarixdə cəriməni tam ödəmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məslisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5 bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının şəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Şəmkir RİHB-nın Şiştəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir RİHB-nın Şiştəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 may 2025-ci il tarixdə Şəmkir rayonu ərazisində saxlanılaraq tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X4 05 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 07 aprel 2025-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs X3 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayətişi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu hissə); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir (19cu hissə); bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür (20-ci hissə). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilən hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllərdə dəfələrlə talama və digər cinayətlərə görə müxtəlif cəzalara məhkum olunmuşdur. Həmçinin o, 2021-ci ildə Rusiya Federasiyasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161 (soyğunçuluq), 150 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) cinayətlərinin törədilməsində təqsirli bilinərək 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məhkumluq nəzərə alınmasa da, qeyd edilən hallar Təqsirləndirilən şəxs1 şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 münasibətdə qeyd edir ki, o, 2021-ci ildə AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin o, əvvəllər Rusiya Federasiyasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162 (quldurluq) cinayətinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məhkumluq nəzərə alınmasa da, qeyd edilən hallar Təqsirləndirilən şəxs2 şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələrini, əməllərindən peşman olmalarını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onların şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindikləri Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddində cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 may 2025–ci il tarixdən, 24 may 2025–ci il tarixədək tutulduğu 01 (bir) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 13 avqust 2025–ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 isə cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 05 aprel 2025–ci il tarixdən hesablanmalıdır. Maddi sübut hesab olunan 55 düymlük “Sony” markalı televizorun qanuni sahibinə qaytarilması nəzərə alınmalı, 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 may 2025–ci il tarixdən 24 may 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab olunan 55 düymlük “Sony” markalı televizorun qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut hesab olunan 01 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 231 manat, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-257/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-257/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver