Məhkəmə qərarları › İş №1(076)-26/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-26/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-26/2023 23.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X2 iştirakı ilə xx xxxxxx 2006-cı il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Şəmkir rayonu Çaparlı kənd orta məktəbinin 11-ci sinif şagirdi, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Çaparlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 12 mart 2022-ci il tarixdə saat 18 radələrində tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə həmkəndlisi, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan, xx.xx.2009-cu il təvəllüdlü Şahid2 Şəmkir rayonu, Çaparlı kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən ərzaq mağazasının içərisinə arxa qapısından qanunsuz daxil olmasına yardım edib sonuncunun vasitəsilə orada olan siyirmənin içərisindən 40 (qırx) manat, pul kassasının içərisindən isə 1.400 (bir min dörd yüz) manat və həmin tarixə olan məzənnə ilə 170 (bir yüz yetmiş) manat dəyərində olan 100 ABŞ dolları məbləğində pulu oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1.610 (bir min altı yüz on) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadəsində göstərdi ki, 12 mart 2022-ci il tarixdə evdə olduğu zaman həmkəndlisi Şahid2 onlara gəlmiş, bir qədər onlarda dayandıqdan sonra mağazaya siqaret almaq üçün getmək istədiyini bildirmiş və ondan 10 qəpik pul istəmişdir. O, üzərində olan 10 qəpiyi çıxardaraq Elmirə vermişdir. Elmir getdikdən bir qədər sonra qayıdaraq mağazanın qapısının bağlı olduğunu bildirmişdir. Bundan sonra ona başqa mağazaya gedib siqaret almağı təklif etmişdir. Onlar birlikdə aşağı küçədə olan mağazaya getdiyi zaman Elmir ona Nurlangilin evində başqa kimsənin olmadığını bildirib mağazanın içərisindən siqaret oğurlayacağını demişdir. Ona mağazadan kənarda dayanmağı demişdir. O, Elmirlə razılaşmış, Elmir ona gələn şəxs olacağı halda fit çalaraq məlumat verməyi demişdir. O, əks tərəfə, Elmir isə Nurlangilin mağazasına tərəf getmişdir. Elmir hasarın alçaq yerindən qalxaraq həyət tərəfə düşmüş, o isə küçənin baş tərəfində dayanaraq Elmiri gözləmişdir. Təxminən on dəqiqə sonra Elmir qayıdıb gəlmişdir. Elmir onun yanına gəldikdən sonra onlar oradan bir qədər uzaqlaşmış və Elmir cibindən 100 manatlıq əskinaslar çıxartmışdır. O, Elmirə yalnız siqaret götürəcəyini xatırlatmış və pulu qaytarmasını demişdir. Lakin Elmir onun sözünə məhəl qoymamış və pulu qaytarmamışdır. Bundan sonra Elmir həmin puldan ona 300 manat vermiş, qalan pulun isə özünə lazım olduğunu bildirmişdir. O, pulu götürdükdən sonra öz yaşadığı evə getmişdir. O, Elmirin ona verdiyi pulu öz ehtiyaclarına xərcləmiş, habelə borcuna vermiş, qalan pulla isə özünə 17 ədəd göyərçin almışdır. 15 mart 2022-ci il tarixdə həmkəndlisi Mayılı gördüyündə Mayıl ondan göyərçinləri hansı pulla aldığını soruşmuş, o, X5 mağazasından pul götürdüyünü və ona da verdiyini bildirmişdir. Sabahı gün isə Nurlan atası ilə onu çağırmış və pulu ödəməyi demişdir. Atası pulu ödəməyə imkanı olmadığını bildirdikdə Nurlan polisə şikayət edəcəyini bildirmiş və həmin vaxtıda polis şöbəsinə gedərək onların barəsində ərizə yazmışdır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyandan 300 manat ödəmiş, qalan ziyanı isə həm maddi imkanı olmadığından ödəyə bilməmiş, həm də düşünmüşdür ki, oğurlanmış puldan o, cəmi 300 manat götürmüş, həmin pulu da zərərçəkmiş şəxsə qaytarmışdır. Bununla belə hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən əlavə olaraq qeyd etmişdir ki, Elmirlə aralarında olan razılaşmaya əsasən mağazadan yalnız siqaret götürməli olmuş, lakin pulu Elmir öz təşəbbüsü ilə oğurlamışdır. Bu səbəbdən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, həyətyanı sahəsində olan ərzaq dükanını işlədir. 12 mart 2022-ci il tarixdə axşam saatlarında dükanı bağlayaraq Gəncə şəhərinə getmiş, gecə Gəncə şəhərində qalaraq səhər saat 08 radələrində kənddə gəlib həyətə keçmədən birinci dükanın yol tərəfdə olan jalüzlü qapısını açmışdır. Dükanın içərisinə girdiyində dükanın həyət tərəfdə olan qapısının açıq vəziyyətdə olmasını görmüşdür. Kassa aparatına yaxınlaşdığında yerdə bir neçə ədəd bir manatlıq əskinaların olmasını görmüşdür. Həmin vaxt dükanın kassa aparatının altında olan dolabın siyirməsini açdıqda orada saxladığım 1.400 manat və 100 ABŞ dollarının, habelə kassa aparatının içərisində olan 40 manat pulun olmadığını görmüşdür. Dükandan oğurluq olmasını başa düşmüş və bu barədə heç kəsə bir söz deməmişdir. O, dükandan oğurluq edən şəxslərin kənd sakinləri olacağını bilmiş, ona görə də kənddə kimlərin çox pul xərcləməsinə fikir vermişdir. Kənddə olan Samirənin azyaşlı oğlu Elmir və Elsevərin oğlu Zahidin çox pul xərcləməsini müşahidə etmişdir. Həmin şəxslərin hər ikisinin kasıb ailənin uşaqları olduğundan həmin uşaqların artıq pul xərcləmələri onun diqqətini cəlb etmişdir. Hətta, 13 mart 2022-ci il tarixdə Zahid dükana gələrək atasının göndərdiyini bildirərək ona 100 manat pul vermiş və iki ədəd üç manatlıq sim kontur, bir qutu kent siqareti, kolbasa çörək, kola və fanta alaraq getmişdir. Sonradan o, Zahidin 50 manatlıq göyərçin almaq istədiyini eşitmişdir. Daha sonra Elmirin kiməsə 900 manat pul və 100 ABŞ dolları verməsini eşitmişdir. O, Elmirlə Zahidin dükandan oğurluq etməsinə tam əmin olduqdan sonra Elmiri görərək bu barədə söhbət etmişdir. Elmir birinci xəbəri olmadığını bildirsə də, sonradan dükandan Zahidlə birlikdə oğurluq etdiyini, Zahidin onu hasardan keçirdiyini, daha sonra dükanın həyət tərəfdən plastik qapısını açaraq dükana daxil olduğunu və dükanda olan 1.440 manat və 100 ABŞ dollarını oğurladığını, həmin puldan 300 manatını Zahidə verdiyini, qalan pulu isə xərclədiyini bildirmişdir. Bundan sonra o, polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, cinayət nəticəsində ona dəymiş ziyanda yalnız 300 manat ödənilmişdir. Hazırda tələbi qalan pulun da ödənilməsindən ibarətdir. Əks halda təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən əlavə olaraq qeyd etmişdir ki, oğurluq hadisəsi baş verməmişdən əvvəl Zahid onun mağazasına gəlmiş, həmin vaxt o, 100 manatlıq əskinasları və 100 ABŞ dollarını kassa aparatının aşağısında olan siyirməyə qoymuş, Zahid də onu görmüşdür. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 12 mart 2022-ci il tarixdə saat 18 radələrində həmkəndlisi olan Vüsalgilə quşlara baxmağa getmiş, orada olduğu zaman Zahid adlı həmkəndlisi də oraya gəlmişdir. Zahid ona 10 qəpik verərək mağazaya siqaret alamağa getməsini demişdir. O, kənddə yerləşən Nurlanın işlətdiyi mağazaya getmiş və mağazanın qapılarının bağlı olduğunu görərək geri qayıtmış, Zahidə mağazanın bağlı olduğunu bildirmişdir. Bundan sonra Zahidlə birlikdə yenidən mağazaya gəlmiş və Zahid özü də mağazaya baxaraq bağlı olduğunu görmüşdür. Ona plan qurub mağazadan oğurluq etməyi təklif etmiş, evə tərəf baxdıqda evin işıqlarının yanmadığını görmüşlər. Zahid evdə kimsənin olmadığını bildirmiş və ona təklif etmişdir ki, onu hasardan həyətə keçirsin, o da dükanın arxa qapısından içəri daxil olaraq oradan pul oğurlasın. Özü yolda dayanaraq ətrafa baxacağını, gələn olacağı halda fit çalaraq məlumat verəcəyini demişdir. O Zahidlə razılaşmış, bundan sonra Zahid onu qaldıraraq hasardan keçirmiş, o, həyətə düşmüş və dükanın həyət qapısına baxdıqda açıq olmasını görmüşdür. İçəri daxil olaraq kassa aparatına baxmış, orada olan beş manatlıq, on manatlıq əskinasları, eləcə də kassa aparatının aşağısında olan siyirmədən 100 manatlıq əskinasları və 100 ABŞ dollarını götürərək geri qayıtmışdır. Hasarın yanında olan nərdivanla hasara qalxmış və yola çıxmışdır. O, mağazadan götürdüyü pulların hamısını Zahidə vermiş, Zahid həmin puldan 340 manatını götürüb qalan pulu ona vermiş və saxlamasını, lazım olduğu halda gəlib götürəcəyini bildirmişdir. O, Zahiddən ayrılaraq evə getmiş, üzərində qalan pulu yolda olan ot tayasının altında gizlətmişdir. Həmin gün axşam həmkəndlisi Anar onlara gəlmişdir. Anar onlardan getməzdən əvvəl o, pul saxladığı yerə gedərək 100 manat götürüb geri qayıtmış və Anar getdiyi zaman 100 manat pulu Anara vermişdir. Anar ondan həmin pulun nə pul olmasını soruşduqda o, tapdığını bildirmişdir. Anar da ona bir qutu siqaret vermişdir. Bundan sonra o, bir dəfə Zahidi görmüş, Zahidin yanına getdiyində Zahid qaçıb getmişdir. Bir neçə gün sonra o, kənddə olduğu zaman “Babaş” ləqəbli Mayılı görmüş, Mayıl onu yanına çağıraraq ondan oğurluq barədə soruşduqda o, Zahidlə birlikdə Nurlanın mağazasından pulu oğurladığını bildirmişdir. Mayıl da ona pulu gətirib verməyi, əks halda onu Nurlanın yanına aparacağını bildirmışdır. O Mayıla pulun onda olmadığını, Ülvü adlı şəxsə verdiyini bildirmişdir. Mayılın yanında qohumu Əli və Anar adlı həmkəndlisi də olmuşdur. Onlar birlikdə kənddə yerləşən çaxxayanaya getmiş, o, orada Ülvüni Mayıla göstərərək pulu Ülvüyə vediyini bildirmişdir. Mayıl Ülvüni çayxanadan çağıraraq kənarda onunla söhbət etmiş, daha sonra isə onu Nurlanın yanına aparmışdır. Həmin vaxt o, Nurlana hadisəni danışmış, Nurlan da zəng edərək Zahidi atası ilə birlikdə çağıraraq pulu qaytarmağı, əks halda isə polisə şikayət edəcəyini bildirmişdir. Zahidin atası pulu verə bilməyəcəyini bildirdikdə Nurlan polisə bu barədə ərizə vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayının ortalarında həmkəndlisi olan Zahidin çoxlu göyərçin almasını eşitmiş, ona Zahidin göyərçin alması ailə vəziyyətinə görə maraqlı gəlmişdir. Ona görə də 15 mart 2022-ci il tarixdə axşam tərəfi Zahidin kənddə mağazada siqaret aldığını görmüş və Zahiddən həmin göyərçinləri hansı pulla almasını soruşmuşdur. Zahid ona başqa bir həmkəndlisi olan azyaşlı Elmirin kənddə yerləşən Nurlanın dükanından 1.300 manat pul oğurladığını və həmin puldanda özünə 300 manat pul verdiyini bildirmiş və bu barədə kimsəyə bir söz deməməyi ondan xahiş etmişdir. 16 mart 2022-ci tarixdə axşam tərəfi Elmirin kənddə yerləşən dayanacağa gəldiyini görmüşdür. O, Elmiri yanına çağırıb söhbət etdiyi zaman başqa həmkəndliləri Anarla Əli də oraya gəlmişlər. O, Elmirin Nurlanın dükanından oğurluq etdiyini bildirmiş və bu barədə Elmiri sorğu-sual etməyə başlamışdır. Elmir oğurluğa Zahidlə getdiyini, Zahidin onu içəri saldığını və oradan oğurladığı puldan 340 manatını Zahidə verdiyini bildirmişdir. O, Elmirdən qalan pulu nə etdiyini soruşduqda, Elmir pulu başqa şəxsə verdiyini, lakin həmin şəxsi tanımadığını bildirmişdir. O, Elmirə pulu on dəqiqə ərzində gətirməyəcəyi halda Nurlanın yanına aparacağını bildirmişdir. Bu zaman Elmir ağlayaraq pulu verdiyi şəxsi üzdən tanıdığını bildirmişdir. O, həmin şəxs barəsində soruşduqda çox vaxt Nurlanın mağazasının qarşısında olduğunu bildirmişdir. Onlar birlikdə Nurlanın mağazasının qarşısına getmiş və orada olan şəxsləri Elmirə göstərmiş, lakin Elmir orada olan şəxsləri tanımamışdır. Bundan sonra yaxınlıqda olan çayxanaya girmiş və orada Elmir həmkəndlisi olan Ülvüni göstərərək mağazadan götürdüyü puldan özündə qalan 9 ədəd yüz manatlığı və 100 ABŞ dollarını Ülvüyə verdiyini bildirmişdir. Onlar Elmirin sözündən sonra Ülvüni çölə çağırmış və orada Ülvüni tək kənara çəkərək Elmirin dediklərini Ülvüyə bildirmişdir. Ülvü isə belə bir halın baş vermədiyini, kimdənsə pul götürmədiyini demişdir. Bu zaman Elmir onların yanına gəlmiş və Elmirə təkrar Ülvüyə baxmasını, dəqiq olaraq pulu götürən şəxsin Ülvü olub-olmadığını soruşmuşdur. Elmir Ülvünin üzünə baxaraq pulu ondan Ülvünin götürdüyünü bildirmişdir. Bundan sonra onlar Elmiri götürüb Nurlanın yanına aparmışlar. Elmir Nurlanın da yanında hadisə barədə danışmış və özündə qalan pulu Ülvüyə verdiyini bildirmişdir. Bundan sonra Nurlan zəng edərək Zahidi atası ilə birlikdə çağırmış və ziyanı ödəməyi, əks halda polisə şikayət edəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 12 mart 2022-ci il tarixdə saat təxminən 21 radələrində saxladığı göyərçinlərinə baxmaq üçün Elmirin yanına getmişdir. O, Elmirgilə getdiyi zaman həyətdə Elmir cibindən 100 manat pul çıxardaraq ona vermişdir. O, Elmirdən nə pul olmasını soruşduqda “sənlik deyil, götür”-demişdir. O da Elmirdən daha heç nə soruşmadan oradan çıxmış və yaşadığı evə gedərək həmin pul barədə ailə üzvlərinə məlumat verərək pulu evdə saxlamışdır. 16 mart 2021-ci il tarixdə kənddə yerləşən avtobus dayanacağına getdikdə orada həmkəndlisi olan Mayılı və Elmiri görmüşdür. O, Mayıldan nə etdiklərini soruşduqda, Mayıl Elmirin kənddə yerləşən Nurlanın dükanından 1.400 manat pul oğurladığını bildirmişdir. Onlar Elmirlə söhbət etdiyi zaman Elmir həmkəndlisi olan Zahidlə birlikdə getdiklərini, Zahidin onu hasara qaldıraraq həyətə saldığını, arxa qapıdan dükan tərəfə keçərək pulu götürüb çıxdığını, 340 manat pulu Zahidə verdiyini bildirmişdir. Mayıl Elmirə “sənə 10 dəqiqə vaxt verirəm, pulu nə edibsən deməsən səni polisə ya da Nurlanın yanına aparıram”-demişdir. Mayıl Elmirin pulu nə etdiyini bilmək və Nurlanın pulunu qaytarmaq istəmişdir. Elmir həmin vaxt ağlayaraq qalan pulu üzdən tanıdığı həmkəndlisinin ondan zorla götürdüyünü bildirmişdir. Onlar kənddə yerləşən çayxananın qarşısına getmiş və Elmirə pulu götürən şəxsi tanıyarsa onlara göstərməsini demişlər. Onlar çayxanaya girdiyi zaman Elmir həmkəndlisi olan Ülvüni göstərərək pulu Ülvünin götürdüyünü bildirmişdir. Daha sonra onlar Ülvü ilə birlikdə çayxananın arxasına keçmişlər. Orada Ülvü ilə söhbət edərək pulu qaytarmasını və az olarsa birlikdə pulun üstünü düzəldərək sahibinə qaytarmağı demişlər. Ülvü isə heç bir kəsdən pul almadığını, onda hər hansı pul olmadığını bildirmişdir. Daha sonra onlar Elmiri Nurlanın yanına aparmışlar. Həmin vaxt Ülvü onlardan əvvəl Nurlanın yanına gedərək oğurluq edən şəxslər barədə məlumat vermişdir. Əlavə olaraq qeyd edir ki, Elmirin ona verdiyi 100 manat pulu Nurlana qaytarmışdır. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 16 mart 2022-ci il tarixdə saat 20 radələrində kənddə yerləşən çayxanada olan zaman həmkəndlisi Mayıl onu çağırmış, o da çölə çıxaraq Mayılın yanına getmişdir. Həmin vaxt Mayılın yanında azyaşlı uşaq da olmuşdur. Mayıl ona həmin uşağın Nurlana məxsus mağazadan pul oğurlamasını, həmin puldan ona verməsini demiş, o isə uşağın ona pul vermədiyini, həmin uşağı ümumiyyətlə tanımadığını demişdir. Bundan sonra Mayıl həmin uşaqlar birlikdə onun yanından uzaqlaşmışdır. O isə Nurlana zəng edərək həqiqətən mağazasından oğurluq olub-olmamasını soruşmuş, həmçinin yanına gələn şəxslər barəsində məlumat vermişdir. Sonradan eşitmişdir ki, Nurlana məxsus mağazadan Elmir və Zahid adlı uşaqlar oğurluq etmiş, Nurlan da bu barədə polisə şikayət etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs Məhəməd oğlu yaşadığı evin həyətyanı sahəsində kiçik ərzaq dükanı açaraq işlədir. 12 mart 2022-ci il tarixdə onlar şəxsi işləri ilə əlaqədar ailəlikcə Gəncə şəhərinə getmiş, gecəni orada qalmışlar. Səhər tezdən qayıtdıqda isə Nurlan mağazanı açmaq üçün getmişdir. Dükanın qarşısında olan jalüz yoldan açıldığından, Nurlan yola getmişdir. Bir qədər sonra Nurlan geri qayıdaraq mağazada olan pulun oğurlandığını bildirmişdir. Dükana girən şəxs həyətdən daxil olaraq dükandan 1.440 manat və 100 ABŞ dolları pul oğurlamışdır. Birinci Nurlan bu barədə kimsəyə bir söz deməmiş, lakin bir neçə gün sonra məlum olmuşdur ki, dükandan oğurluq edən şəxslər həmkəndliləri Elsevərin oğlu Zahid və Samirənin oğlu Elmir olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Çaparlı kəndində yerləşən ərzaq mağazasına baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çaparlı kəndində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasını, eləcə də, mağazadan təxminən 50-60 metr məsafədə özünün dayandığı yeri göstərməklə törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsindən çıxarılmış sənəddən görünür ki, 10-16 mart 2022-ci il tarixlərində 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.7 manat olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Çaparlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə saat 18 radələrində tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə həmkəndlisi, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan, xx.xx.2009-cu il təvəllüdlü Şahid2 Şəmkir rayonu, Çaparlı kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən ərzaq mağazasının içərisinə arxa qapısından qanunsuz daxil olmasına yardım edib sonuncunun vasitəsilə orada olan siyitrmənin içərisindən 40 (qırx) manat, pul kassasının içərisindən isə 1.400 (bir min dörd yüz) manat və həmin tarixə olan məzənnə ilə 170 (bir yüz yetmiş) manat dəyərində olan 100 ABŞ dolları məbləğində pulu oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1.610 (bir min altı yüz on) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, eləcə də, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, təqsirləndirilən şəxsin cinayət əməlini qismən etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2006-cı il təvəllüdlü olmaqla cinayət törədən zaman yetkinlik yaşına çatmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələblərini rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs 1.610 manat maddi ziyan vurulmuş, həmin ziyandan 300 manat ödənilsə də, qalan 1.310 manat ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar