Məhkəmə qərarları › İş №1(076)-26/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-26/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-26/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər– Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Ədil oğlunun və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1973–cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 əri X9 xəstəliklə bağlı əlillik təqaüdü düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2019–cu ilin fevral ayından 2020–ci ilin aprel ayının ortalarınadək olan müddətdə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşadığı evdə ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 Ədil oğluna Şəmkir Rayon Polis X7 Azərbaycan Respublikası CM–nin 128 və 127.1–ci maddələri ilə istintaqı aparılan cinayət işində təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi yardım göstərmək adı ilə aldadıb 2019–cu ilin yay aylarından həmin ilin oktyabr ayınadək olan müddətdə Şəmkir rayonu Zəyəm qəsəbəsində onun ümumilikdə 3.000 (üç min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 yalan vədlər verib xəstəliklə bağlı təqaüd düzəltmək adı ilə aldadıb 2019–2020–ci illərdə iki dəfə olmaqla müxtəlif vaxtlarda Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşadığı evdə onun ümumilikdə 5.000 (beş min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yalan vədlər verib İİ Qarabağ müharibəsində yaralanmış oğlu Elməddin Allahverdiyevə əlilliklə bağlı pensiya düzəltmək adı ilə aldadıb 2020–ci ilin dekabr ayından 2021–ci ilin iyun ayının əvvəllərinə kimi olan müddətdə Şəmkir şəhəri İsrafil Məmmədov küçəsində Mərkəzi poçtun yaxınlığında onun 3.500 (üç min beş yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs5 keçmiş əri X10 ilə aralarında Şəmkir Rayon Məhkəməsinin baxışında olan mülki iddiaya görə hüquqi yardım göstərmək adı ilə aldadıb 2022–ci ilin aprel ayında Şəmkir şəhəri ərazisində onun 1.500 (bir min beş yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2011–ci il tarixdə Şəmkir rayon, Zəyəm qəsəbə sakini Ülviyyə Cəlilova ilə ailə həyatı qurmuş, bundan sonra Zəyəm qəsəbəsinə köçərək orada ev tikmiş və həmin evdə yaşamağa başlamışdır. Təxminən 2019–cu ilin oktyabr–noyabr aylarında onlarla qonşuluqda yaşayan Şəqayiq onu gördüyündə əri Ələddinin əlilliyi olduğunu və ərinə sənədləri toplamaqda köməklik göstərməyi demişdir. O, həmin vaxt Şəqayiqlə razılaşmış, Şəqayiqin ərinə hüquqi yardım göstərmək üçün müəyyən məbləğ lazım olduğunu bildirmişdir. Həmin vaxtlar o, Şəmkir şəhərində tanış vəkillərin birinin məsləhəti ilə Şəmkir şəhərində hüquq məsləhətxanası açaraq işlətmişdir. O, Şəqayiqdən hüquqi yardım göstərmək üçün 2.500 manat pul almışdır. Şəqayiqin bir çox sənədlərinin toplanmasına köməklik göstəmiş, lakin Şəqayiqgilin işlərini düzəldə bilməmişdir. O, Şəqayiqdən götürdüyü pulu qaytarmaq istədiyində Şəqayiq pulu istəməyərək işini düzəltməyi demişdir. Həmin vaxtlarda arvadı Ülviyyənin işlədiyi məktəbdə müəllimə işləyən Saranı görmüşdür. Sara ilə ailəvi münasibətləri yaxşı olduğundan borca pul istəmişdir. Birinci Sara müəllimə ona 800 manat borca pul vermişdir. Bir müddət sonra o, Saradan yenidən borca pul istədikdə Sara ona xatırladığı qədər 700 manat pul vermişdir. Bir dəfə Sara müəllimə ilə söhbət etdikdə Sara müəlimə işləyə–işləyə pensiyaya çıxmaq istədiyini bildirmişdir. O isə elə bir işin onluq olmadığını bildirmişdir. Lakin belə bir iş düzəldən adam olsa xəbər edəcəyini demişdir. Həmçinin, elə bir işin 4– 5 min manata əmələ gələ biləcəyini demişdir. Sara müəlimə də ona əlavə pul verərək onda olan pulu ilə birləşdirib tapacağı adama verib pensiyasını düzəltməyi demişdir. Bu minvalla Sara ona cəmi 5.000 manat pul vermişdir. Lakin o, Saranın işini düzəltmək üçün adam tapa bilməmiş, ailəsində isə sonradan problemlər yarandığından həmin pulları xərcləmiş, Saraya qaytara bilməmişdir. 2021–ci ilin əvvəllərində Şəmkir rayon Zəyəm qəsəbə sakini Zərərçəkmiş şəxs2 onun yanına gələrək oğlu Elməddinin Vətən müharibəsində iştirak etdiyini, müharibə zamanı xəsarətlər aldığını, lakin bununla təqaüd ala bilmədiyini demişdir. O, Elnarəyə köməklik edə biləcəyini, lakin sənədlərini toplamaq üçün müəyyən xərcləri olacağını bildirmişdir. Həmçinin, o, Elnarənin oğlunun işlərinin dalınca hər yerə gedəcəyini bildirmişdir. Elnarə onunla razılaşaraq ilkin olaraq ona 500 manat, daha sonra isə bir neçə dəfəyə ümumilikdə 3.000 manat pul vermişdir. O da Elnarənin oğlunu Bakıya müayinəyə aparmış, bir çox işlərinin arxasınca getmişdir. Lakin həmin müddətlərdə ailəmsində problemlər olduğundan Elnarənin işini axıra çatdıra bilməmişdir. Bundan başqa 2021–ci ildə Zəyəm qəsəbə sakini Şahid2 adlı şəxs onun yanına gələrək atasını kimlərinsə döyməsini, araşdırmanın nəticəsindən narazı olduğunu, pozulmuş hüquqlarının bərpasına köməklik etməyi xahiş etmişdir. O da Elnurun işlərinə köməklik edəcəyinə, lazımı instansiyalara bununla bağlı müraciətlər göndərəcəyini bildirmişdir. Bunun müqabilində Elnurun ailəsindən 3.000 manat pul almışdır. Lakin o, Elnurun atasına köməklik edə bilmədiyindən Elnuru atası ilə birlikdə Bakı şəhərinə çağırmış və başqa vəkil tutmağı məsləhət görmüşdür. Lakin Elnur onunla razılaşmayaraq pulu tələb etmişdir. O isə pulu xərclədiyindən Elnurun ailəsinin pulunu qaytara bilməmişdir. Bundan başqa 2022–ci ilin aprel ayının ortalarında tanışlarından birinin onun yanına göndərdiyi Şəmkir şəhər sakini Əfsanə adlı qadın onun yanına gələrək ərindən boşandığını, torpaq mübahisələrinin olduğunu və ona məhkəmə işində köməklik göstərməsini xahiş etmişdir. O da Əfsanəyə köməklik etməyi 1.500 manata danışmış və Əfsanə ona 1.500 manat pul vermişdir. Lakin o, Əfsanənin işində heç bir köməklik göstərə bilməmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 2.000 manat, Zərərçəkmiş şəxs4 500 manat, Zərərçəkmiş şəxs3 500 manat, Zərərçəkmiş şəxs2 1.400 manat və Zərərçəkmiş şəxs5 1.100 manat pul ödəmişdir. Qalan pulu isə qısa zamanda ödəməyə söz verir. Hazırda əməlindən peşmandır, özünün səhhətində problemləri vardır və onkolji xəstəlikdən əziyyət çəkir. Bununla bağlı mütəmadi həkim müayinə və müalicələrində olduğundan ziyanı tam şəkildə ödəyə bilməmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əri Ələddin Salahov təxminən 10 il olar ki, şəkər xəstəliyindən əziyyət çəkir. Əvvəllər onların qonşuluğunda yaşamış Mahirlə əri yolda söhbət etdiyi zaman Mahir Ələddinə pensiya düzəldə biləcəyini demişdir. Mahir Quba rayonundan olsa da, qəsəbə sakini olan Ülviyyə ilə ailə quraraq Zəyəm qəsəbəsində yaşamışdır. Bundan sonra onlar evdə məsləhətləşmiş, o özü də Mahirlə bu barədə danışmışdır. Mahir ona özünün vəkil olduğunu və tanışları vasitəsi ilə İİİ qrup pensiyanı düzəldə biləcəyini demişdir. Onlar Mahirdən bunun üçün nə qədər pul lazım olmasını soruşduqda Mahir onlara bunun üçün 3.000 manat pul lazım olduğunu bildirmişdir. O, əlində o qədər pul olmadığından Mahirlə pulu hissə–hissə verməyə razılaşmışlar. Bundan sonra Mahir onlara rayon xəstəxanasında analizlər verməyi, müəyyən sənədləri toplamağı tapşırmışdır. Onlar da Mahirin dediyi kimi əri Ələddinlə birlikdə sənədlər toplamağa başlamışlar. Şəmkir rayon mərkəzi xəstəxanasında analizlər vermiş və cavabları alaraq Mahirə vermişlər. 2020–ci ilin fevral ayının ortalarında Mahir təcili onların işlə bağlı Bakıya gedəcəyini, təcili olaraq 1.000 manat pul verməli olduğunu demişdir. Onlarda həmin vaxt tez 1.000 manat pul tapmış və öz yaşadığı evdə özü sayaraq Mahirə vermişdir. Bundan sonra Mahir Bakı şəhərinə gedib gəldikdən az sonra pandemiya başladığından Mahir pensiyanın bir müddət yubandığını bildirmişdir. 2021–ci ilin fevral ayında pandemiya ilə bağlı müəyyən yumşalmalar olduğundan Mahir pensiyanı düzəldə biləcəyini demiş və həmin ayın sonuncu ongünlüyündə onlardan əlavə olaraq 1.000 manat pulu öz yaşadığı evin həyətində Mahirə vermişdir. Mahir bundan sonra bütün sənədləri və pulu Sosial Müdafiə Fondunda olan tanışlarına verəcəyini və həmin şəxslərin vasitəsi ilə pensiyanı düzəldəcəyini bildirmişdir. Sonradan Mahiri gördüyündə sənədlər tam hazır olduğunu və imzalanma üçün verildiyini demişdir. Lakin Mahir həmin vaxt sənədlərin kimə imzalanmağa verildiyini deməmişdir. Təxminən 2021–ci ilin aprel ayının əvvəllərində Mahir gələrək 500 manat pulu istəmiş və qısa müddətə pensiya kartını gətirib verəcəyini bildirmişdir. Həmin vaxt da o, 500 manat pulu Mahirə vermiş və Mahir pulu götürərək getmişdir. Qalan 500 manat pulu da kartı gətirəndə götürəcəyini bildirmişdir. Bunda sonra onlar dəfələrlə Mahiri görərək pensiya barədə soruşduqda Mahir az vaxta düzələcəyini demişir. Lakin heç bir nəticəsi olmamışdır. 2022–ci ilin əvvəllərində eşitmişdir ki, Mahir arvadı Ülviyyədən boşanaraq Quba şəhərinə getmişdir. Bundan sonra o, bilmişdir ki, Mahir onları aldatmışdır. Arvadı Ülviyyədəndə bu barədə soruşduqda Ülviyyə Mahirlə heç bir əlaqəsi olmadığını demişdir. Bundan sonra Mahir barəsində polisə şikayət etmişdir. Bununla belə dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən 2.000 manat ödənilmiş, 500 manat isə ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmasa da, tələbi qalan 500 manatın ödənilməsindən ibarətdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, İİ Qarabağ müharibəsi başlanılan zaman oğlu X1 rayonunda hərbi xidmətdə olmuşdur. 28 sentyabr 2020–ci il tarixdə Elməddin zəng edərək onu döyüşə apardıqlarını bildirmişdir. Həmin vaxtdan sonra o, Elməddindən heç bir məlumat ala bilməmişdir. 10 oktyabr 2022– ci il tarixdə ona məlum olmuşdur ki, Elməddin Qaraxanbəyli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə yaralanmışdır. Sonradan 2020–ci ilin dekabr ayında Elməddin orduya yararsız olduğundan ordudan təxris olunmuşdur. Həmin vaxt o, oğlunun orduya yararsız olduğunu görərək ona pensiya düzəltdirmək istəmişdir. Bu barədə kənddə maraqlandıqda qəsəbə sakini olan Zəyəm qəsəbə orta məktəbinin direktoru işləyən Ülviyyə müəllimənin əri Mahirin belə işləri görə bildiyini demişlər. O, maraqlanmaq üçün Ülviyyə müəlliməgilə getmişdir. Onunla birlikdə oğlu Elməddin də getmişdir. Onları qarşılayan Ülviyyənin əri Mahir sabahı gün sənədləri götürərək Şəmkir şəhərində yerləşən ofisinə gəlmələrini demişdir. Onlar da özlərində olan bütün sənədləri götürərək Mahirin Şəmkir şəhərində yerləşən ofisinə getmişlər. Mahir orada sənədlərinə baxaraq oğluna asanlıqla pensiya düzəltdirə biləcəyini demişdir. O, nə qədər pul lazım olmasını soruşduqda Mahir 3.500 manat pul lazım olduğunu, həmin pulu pensiyanın düzəldilməsinə xərcləyəcəyini, oğlunun pensiyası düzəldikdə isə ona əlavə pul verəcəyini bildirmişdir. Onlar Mahirlə razılaşmış, lakin bir dəfəyə 3.500 manat verə bilməyəcəyini bildirmişdir. Mahir isə ona pulu az–az verməyini demişdir. 2020–ci ilin dekabr ayının sonunda 600 manat pul düzəldərək Şəmkir şəhərində işlədiyi ofisindən Mahirə vermişdir. Həmin vaxtdan sonra 2021–ci ilin iyun ayına kimi hər ay 500–600 manat olmaqla cəmi 3.500 manat pulu Mahirə vermişdir. Lakin bir müddət Mahirdən xəbər çıxmadığından o, yenidən Mahirin yanına getdiyində hər dəfə bir sənəd taparaq həmin sənədi düzəltməyi demişdir. 2022–ci ilin yayında o, Mahirdən konkret nəticə tələb etdiyində Mahir ona 2023–cü ilin yanvar ayına kimi gözləməyi və həmin vaxtdan sonra məhkəmə yolu ilə oğluna pensiya düzəldəcəyini bildirmişdir. O da daha Mahirə heç bir söz deməmişdir. Lakin az sonra eşitmişdir ki, Mahir arvadı Ülviyyədən boşanmış və öz ata yurdu Qubaya getmişdir. Ondan sonra Mahirlə heç bir əlaqəsi olmamış, həmçinin başqa şəxslərdən də pul alaraq aldatdığını və qaçıb getməsini eşitmişdir. Bundan sonra Mahir barəsində polisə şikayət etmişdir. Bununla belə dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən 1.400 manat ödənilmiş, 2.100 manat isə ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmədiyindən ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayon Zəyəm qəsəbə 1 saylı tam orta məktəbdə dil–ədəbiyyat müəlliməsi vəzifəsində işləyir. Təxminən 2015–ci ildən məktəbdə Ülviyyə müəllimə direktor vəzifəsində işləmişdir. Ülviyyə müəllimənin əri, əslən Quba rayonundan olan Mahir adlı şəxs olmuşdur. Bəzən müəyyən sənədlər lazım olduqda Mahir özü gələrək maraqlanmışdır. Həmişə də Mahirlə onun xoş münasibəti olmuşdur. Onlar bir dəfə söhbət etdiyində Mahir pensiya çıxmaq istəyən şəxsləri çıxarada bildiyini demişdir. O, Mahirdən pensiyaya çıxa bilib–bilməyəcəyini soruşduqda Mahir ona işləyə–işləyə pensiyaya çıxa biləcəyini, həm maaş alacağını, həm də pensiya alacağını bildirmişdir. O, Mahirdən belə bir pensiyanın necə düzəldəcəyini soruşduqda Mahir Bakı şəhərində nazirlikdə tanışlarının olduğunu, həmin şəxslərin vasitəsi ilə onu göz problemi ilə pensiyaya çıxaracağını bildirmişdir. Lakin bu barədə kimsəyə bir söz deməməyi ona demişdir. O, Mahirlə razılaşmış və bunun üçün nə qədər xərcinin çıxacağını soruşduqda Mahir ona bunun üçün 5.000 manat pul lazım olduğunu, ilkin olaraq 4.000 manat pul verməli olduğunu, 1.000 manat pulu isə kartını aldıqdan sonra verəcəyini bildirmişdir. O da Mahirlə razılaşmışdır. Həmin vaxt, yəni 2019–cu ilin avqust ayında o, Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşadığı evin həyətyanı sahəsində 4.000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Mahirə vermişdir. Mahir ona təxminən 6 aya kimi onun pensiyasını düzəldəcəyini demişdir. Yenə də ona heç bir kəsə bir söz deməməyi xahiş etmişdir. O da buna görə direktoru Ülviyyə müəlliməyə bu barədə bir söz deməmiş, həmçinin Mahirin bu işi düzəldə bilib–bilməyəcəyini soruşmamışdır. 2020–ci ilin yay aylarında Mahirdən pensiya barədə soruşduqda Mahir əlavə 1.000 manatın da lazım olduğunu, bundan sonra pensiyanın düzələcəyini bildirmişdir. O da həmin vaxt 1.000 manat pulu Mahirə vermişdir. Bundan sonra o, dəfələrlə Mahirdən pensiya barədə soruşduqda Mahir hər dəfə müxtəlif bəhanələr gətirərək gah pandemiyaya görə ləngidiyini, gah da ki, müharibə başladığına görə ləngidiyini bildirirmişdir. 2022–ci ilin yayında eşitmişdir ki, Mahir çox adamları aldatmış, Ülviyyə müəllimə ilə boşanaraq Şəmkirdən getmişdir. O, aldanıldığını bildikdən sonra Mahirin barəsində polisə şikayət etmişdir. Bununla belə dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən 500 manat ödənilmiş, 4.500 manat isə ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmasa da, tələbi qalan 4.500 manatın ödənilməsindən ibarətdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Ədil oğlu ifadəsində göstərdi ki, 2019–cu ilin əvvəllərində qonşuluğunda yaşayan X6 ilə aralarında olan yola görə problemlər olmuş və onlar mübahisə zamanı dalaşdıqda Eyvaz və qardaşları onu döyərək xəsarət yetirmişlər. O, bu barədə X18 şikayət etmiş və orada onun müraciəti barədə araşdırma getmişdir. O, araşdırmanın nəticəsindən narazı olmuşdur. Həmin vaxt uzaq qohumu Ülviyyənin əri Mahir onlara gələrək onlara köməklik edə biləcəyini demişdir. O, Mahirin onlara necə köməklik edəcəyini soruşduqda, Mahir məhkəmədə qarşı tərəfə təzminatla bağlı iddia qaldıracağını və onlara pul ödətdirəcəyini bildirmişdir. O da Mahirlə razılaşaraq bu işin neçəyə başa gələcəyini soruşmuşdur. Mahir bunun üçün 5.000 manat pul lazım olduğunu demişdir. O isə o qədər pulu olmadığını bildirmiş və 3.000 manat verə biləcəyini, ilkin olaraq isə 1.000 manat verəcəyini demişdir. Mahir onunla razılaşmışdır. 2019–cu ilin yay aylarında xatırlamadığı tarixdə Mahir onlara gəlmiş, o, Mahirə ilkin olaraq 1.000 manat pul vermişdir. Bundan sonra Mahir onun işi ilə məşğul olduğunu bildirmiş və o, bir neçə aya Mahirə hər dəfə müxtəlif məbləğlərdə pulu aparıb Zəyəm qəsəbəsində yaşadığı evində vermişdir. O, cəmi 3.000 manat pulu Mahirə verdikdən sonra heç bir nəticə olmadığını görmüş və məhkəmələrdə qarşı tərəfin xeyrinə hökm çıxarılmışdır. O, heç bir nəticə olmadığından Mahirlə əlaqə saxlamış, Mahir ona Bakı şəhərində olduğunu bildirdiyindən o, oğlu Elnurla Bakı şəhərinə getmişdir. Orada o, Mahirlə görüşdüyündə Mahir Şəmkir Rayon Məhkəməsinə gələcəyini, məhkəmədə iddia qaldıracağını, təxminən 20.000 manat ona təzminat verdirəcəyini bildirmişdir. O da Mahirin sözünə inanaraq Şəmkir rayonuna qayıtmışdır. Lakin Mahir dediyi vaxt Şəmkir rayonuna gəlməmiş və zənglərinə cavab verməmişdir. Bundan sonra onlar qəsəbədə Mahirin başqa şəxsləri də aldadaraq pullarını aldığını eşitmişdir. Mahirin onu aldatdığını başa düşdüyündən bu barədə polisə müraciət etmişdir. Bununla belə dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən 500 manat ödənilmiş, 2.500 manat isə ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmədiyindən ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, 2010–cu il tarixdə Şəmkir rayon sakini X10 ilə ailə həyatı qurmuş, birgə nigahdan bir oğlu dünyaya gəlmişdir. 2014–cü ildə isə ailə münasibətləri yaxşı olmadığından Sərxandan ayrılmışdır. Birgə nikah dövründə onların əldə etdiyi mülk olmuş və o, həmin mülklə bağlı iddia qaldırmaq istəmişdir. Həmin vaxt onun məhkəmə işlərindən başı çıxmadığından özünə vəkil axtarmağa başlamışdır. Bu zaman tanışlarından biri Şəmkir rayon, Zəyəm qəsəbəsində Mahir adlı vəkili tanıdığını, həmin şəxsin ona köməklik edəcəyini bildirmişdir. O, Mahirin telefon nömrəsini əldə edərək danışmış və problemlərini Mahirə bildirmişdir. Mahir də ona köməklik edə biləcəyini demişdir. Həmin vaxt o, maraqlandıqda Mahirin arvadının Zəyəm qəsəbəsində məktəb direktoru işlədiyini eşitmişdir. Həmçinin, Mahir ona bütün problemlərə köməklik edə biləcəyini dediyindən Mahirə inanmışdır. Mahir ona ilkin olaraq 1.500 manat, daha sonra isə əlavə 1.000 manat da verməli olduğunu demişdir. O da Mahirlə razılaşmışdır. Həmin vaxt təxminən 2022–ci ilin aprel ayının əvvəlləri olmuşdur. Onun işlərini aparması üçün Mahirə etibarnamə və iddia etdiyi mülkün şəkillərini vermişdir. 2022–ci ilin aprel ayının 7–də Mahir ona zəng edərək onun işi ilə bağlı Bakı şəhərinə getdiyini və 1.500 manat pulun lazım olduğunu bildirmişdir. Həmin vaxt o, 1.500 manat pulu Şəmkir şəhərində Mahirə vermişdir. Mahir pulu göürdüyü zaman onun işində heç bir pronblem olmayacağını bildirmişdir. Ondan sonra o, dəfələrlə Mahirlə əlaqə saxladıqda Mahir ona müxtəlif bəhanələrlə sorğular verdiyini, sorğuların cavabını gözlədiyini, cavab gəldikdən sonra nəticəsi ola biləcəyini demişdir. O, Mahirin hərəkətlərindən şübhələnmiş və Mahirə zəng edərək onun işini dayandırmağı və pulunu qaytarmağı demişdir. Mahir isə ona işində problem olmadığını, işini düzələcəyini bildirmişdir. O isə iddiadan əl çəkdiyini və pulunu qaytarmasını tələb etmişdir. Bundan sonra 2022–ci ilin sentyabr ayının sonlarında Mahir onun kart hesabına 800 manat pulu göndərmişdir. Ondan sonra Mahirlə onun əlaqəsi kəsilmişdir. O, sonradan eşitmişdir ki, Mahir məktəb direktoru olan arvadından boşanaraq Şəmkir rayonundan getmiş, həmçinin Şəmkir rayonunda bir çox şəxslərin pulunu alaraq aldatmışdır. Bundan sonra o, Mahirin hərəkətləri barədə polisə müraciət etmişdir. Bununla belə dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən cəmi 1.100 manat ödənilmiş, 400 manat isə ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmədiyindən ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019–cu ilin yay aylarında atası Tahirin qonşusu Eyvazla yol üstündə prolemi və mübahisəsi olmuşdur. Həmin vaxt Eyvaz zəng edərək qohumlarını çağırmış, qohumları olan Ələkbər içkili vəziyyətdə onlara gələrək atasını və anasını vuraraq müxtəlif xəsarətlər yetirmişdir. Buna görə də onlar həmin vaxt polisə müraciət etmiş və X16 araşdırma getmişdir. Daha sonra isə işləri Şəmkir Rayon Polis X8 keçmişdir. Həmin vaxt onlar Ələkbərə verilmiş ittihamla razı olmamışdır. Ona görə də həmin vaxtlar onlar köməklik edəcək adam axtarmışlar. Bu zaman atasına tanışlardan biri qəsəbədə yaşayan Mahirin onların köməklik edəcəyini bildirmişdir. Onlar maraqlandıqda Mahirin Quba rayonundan olduğunu, qəsəbə sakini, həmçinin uzaq qohumu məktəb direktoru işləyən Ülviyyə müəllimənin əri olduğunu bilmişlər. Bundan sonra atası, o və arvadı Güləbətin ilə birlikdə Mahirin yaşadığı evə getmişlər. Mahirə söhbəti danışmış, Mahir bu işdə onlara köməklik edəcəyini, pozulmuş hüquqlarını bərba olunması üçün lazımi instansiyalara şikayətlər yazacağını, atasını döyən şəxsləri həbs elətdirəcəyini bildirmişdir. Onlar Mahirdən görüləcək işlərin xərcini soruşduqda Mahir onlara 5.000 manat pul lazım olduğunu bildirmişdir. Atası isə o qədər pul verə bilməyəcəyini, yalnız 3.000 manat verəcəyini, ilkin isə 1.000 manat, qalan pulu isə az–az verəcəyini bildirdikdə Mahir atası ilə razılaşmışdır. Onlar Mahirin həm onlara qohum olduğunu, həm də Ülviyyə müəllimənin əri olduğunu, onları aldadacaq şəxs olmadığını düşünərək Mahirlə razılaşıb gəlmişlər. Bundan sonra atası Mahirə ilkin olaraq 1.000 manat, daha sonra isə bir neçə ay ərzində 2.500 manat pul vermişdir. Bir müddət sonra onların işi Şəmkir Rayon Məhkəməsinin icraatına keçmiş, 2020–ci ilin may ayında Ələkbər barəsində hökm çıxmış və Ələkbər məhkəmə tərəfindən həbs olunmamış və Ələkbərə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Hökmün nəticəsindən onlar narazı olduğundan Mahirə bu barədə bildirmiş, Mahir Bakı şəhərində olduğunu bildirərək onları Bakı şəhərinə çağırmış və onlara atasını döyən şəxslər barədə məhkəməyə təzminat tələbi ilə müraciət edəcəyini, qarşı tərəfdən 20.000 manat təzminat alacağını bildirmişdir. Həmçinin, az vaxta Şəmkir rayonuna gələrək təzminat işi ilə məşğul olacağını demişdir. Onlar da razılaşaraq Şəmkir rayonuna qayıtmışlar. Mahirin dediyi vaxt onlar Mahirlə telefon əlaqəsi saxlamaq istəsələr də, Mahir onların zənglərinə cavab verməmiş, daha sonra isə telefonlarına zəng çatmamışdır. Bir müddət sonra isə onlar maraqlandıqda Mahirin Ülviyyə müəllimədən boşanaraq getdiyini, başqa şəxsləri də aldadaraq pullarını mənimsədiyini eşitmişlər. Həmin vaxt onlar Ülviyyə müəllimənin evinə getdiyində onları qarşılayan Ülviyyənin anası Mahirin Şəmkir rayonuna gəlmədiyini, baş vermiş hadisələrdən məlumatları olmadığını bildirmişdir. Bundan sonra onlar ərizə ilə polisə müraciət etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Quba RİHB–nın Quba şəhər nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012–ci il təvəllüdlü Əsnad və xx.xx.2015–ci il təvəllüdlü Əsma adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Baş beyin infaktı, sağ tərəfli hemparez” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan stasionar tibbi kartadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui–istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və hazırda onkolji xəstə olmaqla, səhhətində ciddi problemlərinin olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs səhhətində ciddi problemləri olmasını da nəzərə alaraq, cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Quba şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023–cü il tarixdə Bakı şəhərində saxlanılaraq, 01 mart 2023–cü il tarixdə Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 02 mart 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 11 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 28 fevral 2023–cü il tarixdən hesablanmışdır. Bundan başqa cinayət işinin materiallarında olan 04 aprel 2024–cü il tarixli qərardan görünür ki, Şəmkir rayon prokuoru tərəfindən təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 08 aprel 2023–cü il tarixdən hesablanmaqla, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət 01 ay 11 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlandığı 01 ay 11 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 02 ay 22 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 2.500 manat maddi ziyan, Zərərçəkmiş şəxs4 Ədil oğluna 3.000 manat maddi ziyan, Zərərçəkmiş şəxs3 5.000 manat maddi ziyan, Zərərçəkmiş şəxs2 3.500 manat maddi ziyan və Zərərçəkmiş şəxs5 isə 1.500 manat maddi ziyan vurulmuş, həmin ziyandan təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 2.000 manat, Zərərçəkmiş şəxs4 500 manat, Zərərçəkmiş şəxs3 500 manat, Zərərçəkmiş şəxs2 1.400 manat və Zərərçəkmiş şəxs5 1.100 manat pul ödənilmiş, qalan ziyan isə ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş şəxslərə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 23 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2023–cü il tarixdən 08 aprel 2023–cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 01 ay 11 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Quba Rayon Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 Ədil oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar