Məhkəmə qərarları › İş №1(076)-261/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-261/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-261/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Dəllər qəsəbəsi nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən “Kənan” adlı kafedə xalası oğlu Zərərçəkmiş şəxs həmin kafedə keçirilən ad gününə gələrək bacısı Şahid2 ilə mübahisə yaratmasını bəhanə gətirərək kafenin mətbəxindən götürdüyü xarici əlamətləri istintaqla müəyyən edilməyən mətbəxt bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə vuraraq ona sol üst göz qapağının sıyrığı, sağ gözətrafı yumşaq toxumalaının dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Qeyd olunanlar məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən ibtidai istintaq orqanının mövqeyi ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 6 yaşlı qızı Havin və 15 yaşlı oğlu Siyavuşla birlikdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır. Rasmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun doğma xalası oğludur. Şəhanə onun xalasının gəlini olmuş, yoldaşı tutulduqdan sonra Dəllər qəsəbəsində yerləşən Şahin adlı şəxsə məxsus "Kənan" kafedə işləmişdir. Həmin kafeni Kamil icarəyə götürüb işlədir.xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şəhanə qızı Şəlalənin 15-ci yaşı tamam olması ilə bağlı ad günü olacağını deyib onuda oraya dəvət etmiş və ona köməklik etməsini xahiş etmişdir. O, həmin günü gedib Şəhanəyə köməklik etmiş, onlar məclisi kafenin birinci mərtəbəsində keçirilmiş, təxminən 15-20 nəfərlik masa olmuşdur. Həmin gün saat 17-18 radələrində məclis başlamış, orada tanıdığı Kamil, xalası qızı Samirə və Şəlalə olmuş, sonradan oraya kafenin sahibi Şahinin qardaşı Cavanşir gəlmiş, Cavanşir onu əyləşdiyi masaya dəvət etmiş və o, onunla oturmuş, saat 21 radələrində o, kafedə olan zaman xalası oğlu Zərərçəkmiş şəxs kafeyə daxil olmuş, Samirəni çağırdığını görmüş, Samirə ona Xəyalın onu çağırdığını və getmələrini bildirmiş, o da onunla razılaşmışdır. Onlar hazırlaşıb çıxmaq istəmiş, Samirə Xəyalın yanına yaxınlaşan zaman Xəyal onun saçından tutub yolmuş və çölə çıxarmışdır. O və tanışı Şahid1 ona yaxınlaşmış və Samirəni vurmamasını demişlər. Zərərçəkmiş şəxs onu nəlayiq ifadələr ilə təhqir etmiş, onu itələmiş və mətbəxə gedib bıçaq götürüb Xəyalın üzərinə getmiş, həmin vaxtı Samirəni kafenin həyətində görmüş, o, Xəyalın yanına çatan zaman o, Kamil ilə süpürləşdiyini görmüş, həmin vaxt Zərərçəkmiş şəxs tanışı Kamili itələmiş və Kamil ağzı üstə yerə yıxılmış, o, Kamil və Samirəni Zərərçəkmiş şəxs vurmasının qarşısını almaq məqsədi ilə əlində olan mətbəx bıçağının arxa hissəsi ilə onun sifət nahiyəsindən vurmuş, kafedən çıxıb Samirə ilə birlikdə kafeyə yaxın olan evinə gedən zaman əlində olan bıçağı yola atmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Barəsində şikayət etdiyi Təranə Ramiz qızı doğma xalası qızıdır, əvvəllər aralarında heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 14 noyabr 2023-cü il tarixdə saat 11 radələrində o, bacısı Şahid2 onlardan icazəsiz rəfiqəsi Şəhanənin övladının Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən “Kənan” kafedə keçirtdiyi ad günü məclisinə getdiyini Samirənin paylaşdığı statusdan görmüşdür. O, axşam saat 21 radələrində evdə olanda yenidən bacısının status paylaşdığını görüb hələ də kafedə olduğunu bilmiş və gec olduğuna görə Samirəni kafedən evə göndərmək üçün kafeyə getmişdir. "Kənan" kafeyə daxil olanda görmüşdür ki, Təranə təxminən 10-15 nəfər tanımadığı kişilər ilə oturub araq içir. Buna görə daha da əsəbiləşib bacısı Samirəni kafedən çölə dəvət etmişdir. Samirə onunla razılaşıb "Kənan" kafenin qarşısına çıxmışdır. O, Samirəyə öz iradını bildirib saçından tutub evə getməsini tələb etmişdir. Həmin vaxtı kafeni işlədən Kamil adlı qəsəbə sakini və orada olan xalası qızı Təranə ona yaxınlaşıb mübahisə etmişlər. Mübahisə zamanı o, Kamilin sinəsindən əli ilə geri itələyib çıxıb getməsini istəmişdir. Mübahisə yaranmış və birdən görmədiyi bir nəfər əynində olan gödəkcəni başına çəkmiş və 2- 3 dəfə baş nahiyəsinə zərbə dəydiyini hiss etmişdir. Zərbələrdən biri onun gözünə dəymiş və o, qışqırmışdır. Orada olanlar ondan uzaqlaşmış və o, evə getmişdir. Əynində olan gödəkcə cırılmışdır. Onu mübahisə zamanı Kamil və Təranə vurub xəsarət yetirmişlər. Evə gedən zaman qardaşı Elməddin Adıgözəlov göz nahiyəsindən xəsarət aldığını görüb 102 xidmətinə məlumat vermişdir. Eyni zamanda o, Şəmkir RPŞ-nə şikayət ərizələri ilə müraciət etmişdir. Təranə olan bilsin onu vurmuşdur. Mübahisə 10-15 dəqiqə davam etdi və ətrafa çoxlu insanlar toplaşmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onlarla aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. O, Şəmkir rayonu, Dəllər qəsəbəsində tanışı Şahin Yusibova məxsus "Kənan" kafeni icarə əsasında işlədir. Aylıq olaraq icarəyə görə Şahin Yusibova 200 manat pul ödəyir. xx.xx.2023-cü il tarixdə icarəyə işlətdiyi kafedə işçi olan X1 azyaşlı qızına ad günü məclisi keçirmiş, həmin məclisə Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs, onun xalası qızı Samirə Adıgözəlova, kafenin əsl sahibi Şahin Yusibov və Şahinin qardaşı Cavanşir Yusibov dəvətli olmuşdur. Məclis həmin gün saat 13 radələrində başlamış və adlarını çəkdiyi şəxslərlə birlikdə yemək yeyib araq içkisi qəbul etməyə başlamışdır. Onlar kafenin həyətində adlarını çəkdiyi şəxslərlə birlikdə əyləşib ad günü məclisində iştirak edən zaman saat 20 radələrində Zərərçəkmiş şəxs kafenin həyətinə daxil olaraq bacısı Samirə Adıgözlovanı uca səslə çağırmağa başlamış, Samirə onların yanından qalxıb onun yanına yaxınlaşmışdır.Kafenin giriş hissəsində Zərərçəkmiş şəxs bacısı Şahid2 qarşı söyüş edərək onun saçından tutub itələyərək Samirə giriş qapının tin hissəsinə dəyərək yerə yıxılmış, bu vaxt Xəyalın yanına yaxınlaşaraq ona nə üçün bu hərəkətləri etməsinə irad bildirəndə Xəyal ona söyüşlər edib əli ilə itələmiş və o, yerə yıxılmışdır. Bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində olan bıçağın arxa hissəsi ilə onun sifət nahiyəsindən vurub xəsarət yetirmiş, Zərərçəkmiş şəxs əli ilə gözünü tutub getmiş, sonra Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə kafenin içərisinə geri qayıtmış, sonra Təqsirləndirilən şəxs və qohumu Samirə çıxıb getmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs isə onun xalası qızıdır. Şəhanə onun xalasının gəlini olmuş, yoldaşı tutulduqdan sonra Dəllər qəsəbəsində yerləşən Şahin adlı şəxsə məxsus "Kənan" kafedə işləmişdir. Həmin kafeni Şahid1 icarəyə götürüb işlədir. xx.xx.2023-cü il tarixdə saat 22-23 radələrində rəfiqəsi Şəhanə qızı Şəlalənin 15-ci yaşı tamam olması ilə bağlı ad günü olacağını deyib onuda məclisə dəvət etmiş və ona köməklik etməyini xahiş etmişdir. O, həmin gün gedib Şəhanəyə köməklik etmiş, onlar məclisi kafenin birinci mərtəbəsində açmış, təxminən 15-20 nəfərlik masa açılmış, həmin gün saat 17-18 radələrində məclis başlamış, oraya gələn şəxsləri o, tanımamışdır. Həmin gün saat 21 radələrində kafedə olmuş, qardaşı Zərərçəkmiş şəxs kafeyə gəlmiş və onu çölə çağırmışdır. O, onun yanına getmiş, ona çatan zaman Xəyal onun saçından tutub yolmuş, çölə çıxarmış və nə üçün burada olmağını soruşmuş, həmin vaxtı Təranə gəlib Zərərçəkmiş şəxs onun saçını yolmasına görə iradını bildirəndə Xəyal onu söyüb təhqir etmiş, buna görə Təranə kafeyə daxil olmuş, həmin kafeni işlədən Kamil onlar yaxınlaşıb Xəyala nə üçün belə hərəkətlər etdiyini deyəndə Xəyal ona qarşı nəlayiq ifadələr söyləmişdir. Həmin vaxt Kamil qardaşı Xəyalın üzərinə gələrək onu onun əlindən almaq istəyən zaman Xəyal onu əli ilə itələmiş və Kamil geriyə doğru gedərək yıxılmışdır. Təranə bıçaq götürüb Xəyalın yanına gələrək onun sifət nahiyəsindən bıçağın arxa hissəsi ilə vurmuşdur. Bu vaxt qardaşı Zərərçəkmiş şəxs qışqırıb gözünü tutmuş və getmişdir. O isə Təranə ilə birlikdə kafedən çıxıb evlərinə getmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 1342 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol üst göz qapağının sıyrığı, sağ gözətrafı yumşaq toxumalaının dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma küt əşyaların təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İbtidai istintaq orqanının mövqeyinə görə isə Təqsirləndirilən şəxs 14 noyabr 2023cü il tarixdə saat 21:30 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən "Kənan" adlı kafedə xalası oğlu Zərərçəkmiş şəxs həmin kafedə keçirilən ad gününə gələrək bacısı Şahid2 ilə sözlə dalaşıb mübahisə yaratmasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, kafenin iş rejiminin pozulmasına, orada istirahət edən şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək kafenin mətbəxtindən götürdüyü xarici əlamətləri istintaqla müəyyən edilməyən mətbəxt bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol üst göz qapağının sıyrığı, sağ gözətrafı yumşaq toxumalarının dǝraltı hematoması və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə silah qismində istifadə olunan ǝşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin tərkibinin olmadığını göstərir. Ümumilikdə hadisələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs ilə hazırkı iş üzrə şahid qismində dindirilmiş şəxslər və zərərçəkmiş şəxs arasında qohumluq münasibəti olmuşdur. Eyni zamanda şahidlərin ifadələrindən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı münaqişənin məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs da iştirak etdiyi yaş mərasimində iştirak edən xalasıqızı Samirə və yaxın tanışı Kamil adlı şəxsləri vurmasından yarandığı müəyyən edilir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Adıgözəlov X4 ictimai yer olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən “Kənan” adlı kafesində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək döyməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki tədqiq edilmiş sübutlardan hadisənin şahidlərinin yalnız təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin qohum olması, onların ad günü məclisində olması, ərazinin yaşayış yeri olmamaqla ümumiyyətlə insanların toplaşdığı bir yer olmaması aydın görünür. Belə olan halda ictimai qaydanın hər hansı formada pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən ittiham aktında ümumi ifadələrlə hadisə yerinə çoxlu şəxslərin toplaşdığı bildirilsə də həmin şəxslərdən heç birinin müəyyən edilməməsi bu hadisənin həqiqətən də yalnız zərəçəkmiş şəxs və təqsirləndirilən şəxsin qohum və tanışların yanında baş verdiyini təsdiq edir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyməsi səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsin qohumuna zor tətbiq etdikdən sonra təqsirləndirilən şəxsdə yaranmış müdafiə hissi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət vəictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminin nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.3- cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyərək onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, şahidlər X2 və Şahid2 ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Bununla belə işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs bu maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİnin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş maddi və mənəvi ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs bu barədə şifahi olaraq məlumat verməklə yanaşı məhkəməyə eyni məzmunlu yazılı ərizə də təqdim etmişdir. Təqsirləndirilən şəxs oğlu əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı gündən sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar