Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-27/2024 09.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992–ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 237.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin mart ayında gödəkçəsinin cibində tapdığı çətənə kollarının toxumlarını yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkməklə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş, xeyli miqdarda yəni, 03 (üç) ədəd dəmir vedrədə və 02 (iki) ədəd torpaqda, olmaqla cəmi 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 09 iyun 2023-cü il tarixdə saat 18:30 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindən 5 (beş) ədəd, xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs və ailə üzvləri ilə aralarında hər hansı ədavət, düşmənçilik nə də qohumluq əlaqəsi olmamışdır. 09 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz narkotik vasitələrin saxlaması və yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün Şəmkir Rayon Kür Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən bölmə rəisi vəzifəsini müvəqqəti icra edən Yasin İsmayılova raportla müraciət edildikdən sonra sonuncunun razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilmişdir. Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfərləri, polis serjantı Şahid5, polis serjantı Şahid3, polis serjantı Şahid4 və onun iştirakı ilə təşkil olunmuş əməliyyat qrupu daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evinə gedilmişdir. Onlar özlərini sonuncuya təqdim edərək yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatı yoxlanılması üçün evinə baxış keçiriləcəyini bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alındıqdan sonra Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Rəşad Xəlilov, aqronom alim Vaqif Dumanovun və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə girişdən sağ tərəfdə otların arasında 3 ədəd dəmir vedrədə əkilmiş çətənə kollarına oxşar bitkilər aşkar edilmişdir. Daha sonra X6 tərəfindən baxış davam etdirilərkən Təqsirləndirilən şəxs evinin həyətindəki meyvə ağaclarının arasında 2 ədəd çətənə kollarına oxşar bitkilər də aşkar edilmişdir. Aqronom alim Vaqif Dumanov baxış zamanı aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqro texniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş kollar ağ torbaya qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs məxsus evindən, evin otaqlarından, həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Bununla bağlı X6 tərəfindən protokol tərtib edilmiş, digər iştirakçılarla bərabər özü də həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə əkib-becərməsi, hər hansı şəxsə narkotik vasitə satması barədə ona məlumat daxil olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid6 da şahid X3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 və Şahid5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid5 da şahid X3 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 09 iyun 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Şəmkir rayonu, Mahmudlu kəndində Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilərkən sonuncunun əkib-becərdiyi 5 ədəd aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 10 iyun 2023-cü il tarixli 16/607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları.” adlar və imzalar olan sintetik kisədəki, 5 (beş) ədəd, ümumi təmiz çəkisi 345 qram bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) X5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 11 sentyabr 2023-cü il tarixli, 1504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixdən “Həşiş Narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə dispanser qeydiyyatda dayanır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilmiş və ona Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-136/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il azaldılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarının surətindən görünür ki, Gənə Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(104)-136/2021 saylı qararı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 03 gün hissəsinin iki günü bir gün azadıqdan məhrum etməyə bərabər hesablanmaqla 04 (dörd) ay 01 (bir) gür müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilmiş və ona Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-136/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il azaldılmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gənə Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(104)-136/2021 saylı qararı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 03 gün hissəsinin iki günü bir gün azadıqdan məhrum etməyə bərabər hesablanmaqla 04 (dörd) ay 01 (bir) gür müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur və hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Mahmudlu kənd İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 3 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, istintaq zamanı cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yəni azadlığın məhdulaşdırılması cəzasına məhkum edildiyində Cinayət Məcəlləsinin 18.4.4–cü maddəsinin tələbinə görə həmin məhkumluq cəza təyin edilməsi zamanı cinayətlərin residivi kimi müəyyən edilmir və nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4–cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 11 iyun 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bundan başqa cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtariş elan edilmişdir. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə Bakı şəhərində saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli isə həbsə alındığı gündən, yəni 07 iyul 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 05 ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən 11 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 05 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-27/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-27/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver