Məhkəmə qərarları › İş №1(076)-271/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-271/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-271/2025 26.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan və Şəmkir şəhəri, Q.Məmmədov küçəsi, ev 4-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə saat 17:15 radələrində Şəmkir şəhəri, Gülüstan küçəsində yerləşən “Bazarstore” mağazasının yaxınlığında yerdən tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaq Şəmkir şəhəri ərazisində üzərində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 19:25-də Şəmkir şəhəri, Gülüstan küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən üzərində yoxlama aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisindən ümumi təmiz çəkisi 6,19 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 iyun 2025-ci il tarixdə saat 17:15 radələrində Şəmkir şəhəri, Gülüstan küçəsində yerləşən “Bazarstore” marketin yaxınlığında küçə ilə piyada hərəkətdə olan zaman yerdə kibrit qutusu tapmış, baxdıqda içində qurudulmuş marixuana olmasını görmüş, şəxsi istifadəsi üçün şalvarının sağ cibinə qoymuşdur. Həmin gün, saat 19:25 radələrində o, Şəmkir şəhəri, Gülüstan küçəsində piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün onu saxlamışlar, videoçəkiliş ilə üzərində axtarış aparılacağını deyilmiş, o da bir qədər əvvəl tapdığı qurudulmuş marixuananı cibindən çıxarıb polislərə təqdim etmiş, tapdığını bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən Şəmkir rayon polis şöbəsinə aparılmış, rayon polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə şəxsi üzərində axtarış keçirilmiş, lakin qanunsuz hər hansı əşya aşkar olunmamışdırƏməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 11 iyun 2025-ci il tarixdə Şəmkir şəhəri, Q.Məmmədov küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin CAB-in rəisi Şahid2 rəhbərliyi ilə Şahid2, ondan, CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:25 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Gülüstan küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla Murada narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt CABin əməliyyat müvəkkili Şahid4 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Muraddan üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Murad əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmiş, marixuana olmasını və Şəmkir şəhərindəki “Bazarstore” marketin yaxınlığında, küçə yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Qeyd olunan kütlə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Daha son ra Muradı Şəmkir RPŞ-nə aparmışlar, polis şöbəsində Murad təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən ümumi təmiz çəkisi 6,19 qram narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusu təqdim etmiş, həmin narkotik vasitə Şəmkir RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən baxış keçirilərək götürülərək elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, həmin proseslər video çəkiliş edilməklə həyata keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. -“Şəxsi axtarış aparılması barədə” 11 iyun 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, baş leytenantı İbrahim Əliyev tərəfindən tarixdə Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış bir ədəd sellofan paketdə içərisində ümumi təmiz çəkisi 6,19 qram narkotik vasitə olan qurudulmuş marixuananın olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, foto və video çəkilərək materiala əlavə edilmişdir. - Məhkəmə-bioloji ekspertizasının 12 iyun 2025-ci il tarixli, 16/537 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş. 1 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə » yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,19 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2025-ci il tarixli, 997 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəzası 02 ay 26 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarın 2.4-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. -Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. -13 iyun 2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı 11 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, “Bazarstore” marketin yaxınlığından yerdən tapmasını bildirib hadisə yerini istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 13 iyun 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti tərəfimdən rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. -20 iyun 2025-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı 11 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, “Bazarstore” marketin yaxınlığından yerdən taparaq əldə etmişdir. Onun hər hansı bir şəxsə narkotik vasitə olan marixuananı satması müəyyən edilməmişdir. -Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanır. -“Şübhəli şəxsi tutma haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 13 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Şəmkir RPŞ MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi və həmin əməlin törədilməsində onun təqsirli olması öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, yaxud cəzadan azad edilməsinə əsaslar yoxdur. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran hal müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin69.30cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan- Şəmkir RPŞ Saxlanc anbarında saxlanılan 6,15 qram qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul ondan tutulub Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməli, hökmün icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 16 saat hüquqi yardıma görə 176 manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 6,15 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 16 saat hüquqi yardıma görə 176 (bir yüz yetmiş altı) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar