Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-274/2024 19.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Şəmkir rayonu Zəyəm qəsəbəsində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayan, barəsində 07 avqust 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının əvvəllərində Şəmkir rayonu Düyərli kəndinin ərazisində “meşəlik” adlanan yerdə yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin yarpaqlarından toplayaraq qurutduğu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əvvəlcə Şəmkir rayonu, Düyərli kəndinin ərazisində saxlamış, sonra isə üzərində gəzdirərək Şəmkir rayonu, Zəyəm qəsəbəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə, 11 radələrində Şəmkir rayonu Zəyəm qəsəbəsində saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı qara rəngli polietilen paketdəki 1 (bir) ədəd ağ rəngli sellofan paketin içərisindən ümumi təmiz çəkisi 245 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində ailə üzviləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, Tovuz rayonunda fərdi əmək fəaliyyəti olaraq günəmuzd fəhləlik edərək dolanır. Narkotik vasitə qəbul edir. 2024-cü ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Şəmkir rayonu Düyərli kəndi ərazisində balıq tutmaq üçün qurd yığmağa getmiş, həmin vaxt meşəlik deyilən yerdə qurd yığan zaman yerdə marixuana bitkisini görmüş və özü də marixuana çəkən olduğu üçün marixuananı dərhal tanımış və öz istifadəsi üçün marixuananı yığıb qurutmaq üçün gizlətmişdir. 05 avqust 2024-cü il tarixdə yenidən həmin yerə getmiş və qurutmaq üçün ora yığdığı marixuananı özü ilə apardığı qara sellofan torbaya yığmış, yenidən yaşadığı qəsəbəyə qayıdıb evinə gedən zaman saat 11 radələrində Şəmkir rayonu Zəyəm qəsəbəsində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün onu Şəmkir rayon Polis şöbəsinə aparacaqlarını bildirmişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis şöbəsinə gəlmiş, Şəmkir rayon Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququnun olması izah edilərkən, o, maddi imkanının olmadığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, o, da təqdim edimiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili X1, hüquqlarını müadifə edilməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi X15 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olan marixuana olduğunu deyərək, əlində olan qara sellofan torbanı təqdim edib içərisində marixuana olmasını bildirmiş, bundan sonra isə üzərində pul, alışqan və mobil telefon çıxarılmışdır. Həmin narkotik vasitə olan marixuana elektron çəkilmiş və sellofan paket ilə birlikdə 0,320 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan marixuana qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 228 nömrəli möhürü ilə möhürlənmiş və o, da üzərini imza etmişdir. Üzərindən aşkar edilərək, götürülmüş 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 245 qram narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamışdır. Üzərindən aşkar edilərək, götürülmüş 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 245 qram narkotik vasitə olan marixuananı heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Həmçinin üzərində narkotik vasitə olan marixuananın olması ilə bağlı heç kimə bildirməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 245 qram narkotik vasitə olan marixuananı 2024-cü ilin iyun ayının əvvələrində Şəmkir rayonu Düyərli kəndində meşəlik deyilən yerdə yerdə görmüş və öz istifadəsi üçün yığıb qurutmuşdur. Saxlanıldığı tarixdə isə həmin marixuananı öz istifadəsi üçün evinə aparırmış. O, hər hansı bir şəxsə narkotik vasitə satmamışdır, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır və onda olan narkotik vasitə barədə heç kimə söyləməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu Zəyəm qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 05 avqust 2024-cü il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuş, daxil olmuş məlumat Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsinin əməliyyat müvəkkili, polis kiçikleytenantı Şahid3 və bölmənin polis sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 11:00 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisinə gedilərək, həmin tarixdə, saat 11:10 radələrində Təqsirləndirilən şəxs saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsinə gəlmiş, polis bölməsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ceyhun Ələkbərov tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmişdir. Vəkil X9 iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs isə əlində saxladığı qara rəngli sellofanı təqdim edib içərisində olan kütlənin narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmiş, həmin 01 (bir) ədəd qara rəngli sellofan paket Ceyhun Ələkbərov tərəfindən açılmış içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur, daha sonra elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab olunun marixuananı 2024-cü ilin iyun ayının əvvəllərində Şəmkir rayonu Düyərli kəndi ərazisində olan bitkilərdən topladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması haqqında” 05 avqust 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin Zəyəm polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əlində olan qara rəngli torbanın içərisində təmiz çəkisi 245 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 05 avqust 2024-cü il tarixli, 16/833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan qara rəngli polietilen paketdəki, bir ədəd ağ rəngli sellofan paketdə təmiz çəkisi 245 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 245 qram tədqiqata sərf edildi-0,08 qr, qalıq – 244,92 qram) Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 15 avqust 2024–cü il tarixli, 1378 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş 17 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva Vilayəti Jukovsk şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 163-cü maddəsinin 2-ci hissəsi, 325-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 03 il 10 ay azadlıqdan məhrum etmə, 20.000 RUBL cərimə cəzasına məhkum olunmuş, Moskva Vilayəti Məhkəmə Cinayət işləri üzrə Kollegiyanın xx.xx.2014cü il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanılmışdır. Şəmkir Rayonu İH Başçısının Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010, 2012 və 2020-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. “Şübhəli şəxsi tutma haqqında” 05 avqust 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X8 azad edilmişdir. Təqsirləndirilən şəxs, X4, X10, X13 və X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonunda günəmuzd fəhləlik edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri və işlədiyi Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2024-cü il tarixli, 1378 nömrəli rəyində Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması qeyd edilərək, Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 244,92 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 30.4 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 244,92 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonunun və Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Şəmkir rayonunun və Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 244,92 qram olan marixuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-274/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-274/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver