Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-277/2025 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “Polisi nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 17 iyun 2025-ci il tarixdə Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində yerdən tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaq Şəmkir şəhəri ərazisində üzərində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə, saat 17:25-də Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən üstü yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) sellofan büküm içərisindən ümumi təmiz çəkisi 5,90 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 17 iyun 2025-ci il tarixdə o, Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində yerləşən tədris mərkəzinin qarşısında yolun digər tərəfi ilə piyada hərəkətdə olan zaman yolun kənarında yerdə sellofan büküm olduğunu görmüş, diqqətini çəkdiyi üçün həmin sellofan bükümü yerdən götürərək içərisinə baxdıqda marixuana olduğunu görmüş və içərisində marixuana olan həmin sellofan bükümü daha sonra istifadə etmək məqsədi ilə əynində olan qara rəngli şalvarın cibinə qoyaraq yoluna davam etmişdir. Elə həmin gün 17 iyun 2025-ci il tarixdə, saat 18 radələrində Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində piyada hərəkətdə olan zaman mülki geyimdə olan dörd nəfər polis əməkdaşı onu saxladıb, özlərini Şəmkir RPŞ-nin Cinayət-axtarış bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğu bildirilmiş, həmin vaxt narkotik vasitə isə üzərində olmuşdur. Üzərinə üst baxış keçirilmiş, həmin proseslər fasiləsiz videoçəkilişlə çəkilmişdir. Üst baxışı keçirilən zaman polis əməkdaşları cibində və üzərində nə varsa çıxarmağı ona təklif etmişlər. O, isə onsuzda ifşa olunacağını düşündüyü üçün əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 01(bir) ədəd sellofan bükümdə olan marixuanaya bənzər kütləni və 01 (bir) ədəd “CORN” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Həmin 01 (bir) ədəd sellofan bükümdə olan marixuanaya bənzər kütlənin çəkisi polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və 0l (bir) ədəd sellofan bükümlə birlikdə 6,78 qram olması məlum olmuşdur. Təqdim etdiyi kütlə və 01 (bir) ədəd “CORN” markalı mobil telefon polis əməkdaşları tərəfindən ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılaraq möhürlənmiş və zərflərinin üzərinə imzalar çəkilmişdir. Bundan əlavə üzərindən 0l (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 02 (iki) ədəd 20 qəpiklik pul əskinazı və “Milliön” ödəmə terminalına aid qəbz aşkar olunmuşdur. Üzərindən çıxan digər əşyalar ona geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Şəmkir rayon Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququmun olması izah edilərkən, o maddi imkanının olmadığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi seçərək, hüquqlarını müdafiə etməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşuldu, olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,90 qram narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamışdır. Hazırda əməlindən peşmandır, həmçini 44 günluk Vətən müharibəsində iştirak etmiş və müxtəlif medallarla təltif edilmişdir. Göstərdiyi halları nəzərə alaraq, məhkəmədən barəsində amnistya tətbiq edilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 17 iyun 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixə, saat 17:25-də Təqsirləndirilən şəxs Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmış və onun əynindəki tünd göy rəngli cinis şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə barədə” xx.xx.2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 17 iyun 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Elşad Vəliyev tərəfindən Şəmkir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs olaraq tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18 iyun 2025–ci il tarixli 16/557 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd sellofan bükümdə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 25 iyun 2025–ci il tarixli, 1015 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 19 iyun 2025-ci il tarixli 490 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 29, 234.1 və 69.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzası başa çatmışdır. Şəmkir RİHB-nın Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşə əlavə edilmiş İ-2896 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşə əlavə edilmiş İ–30225 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun həmin əməli törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı sübut olunur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsin dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.2-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, həmçinin o, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində iştirak etdiyindən və medallarla təltif edildiyindən yuxarıda qeyd edilən amnistiya qərarının 1.2-ci və 5.1-ci bəndləri onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.2, 5.1-ci, bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,90 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 30.40 (otuz manat qırx qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (CPM-198.1). Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,90 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya çikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-277/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-277/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver