Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-280/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə Rusiya Federasiyası, Astraxan vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu Sarıtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində işlədiyi "xxxx" MMC-dən işdən qayıdarkən insanların gur toplaşdığı marşrut avtobusunun içərisində istifadəsində olan mobil telefonda musiqiyə yüksək səs verməsindən narahat olan iş yoldaşı Zərərçəkmiş şəxs avtobus sürücüsünə musiqinin səsinin azaldılması xahişinə sərt reaksiya göstərərək marşrut avtobusunda olan digər şəxslərin yanında onu heç bir əsaslı səbəb olmadan nalayiq ifadələrlə təhqir edərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, həmin vaxt işdən yorğun gələn marşrut avtobusunda olan şəxslərin 10-15 dəqiqə ərzində istirahət hüququnu və avtobusun hərəkət rejimini pozmaqla narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək əlləri ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə şillə ilə vuraraq sonuncuya burun yəhərinin, sol almacıq nahiyəsinin qançırları və cənə altı nahiyəninin və boyunun ön səthinin sıyrıqları ilə müşahidə edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir, 2 övladı var. Zərərçəkmiş şəxs işlədiyi yerdən tanıyır. Şahid1 da tanıyır, Zərərçəkmiş şəxs övladıdır. Qeyd edilən şəxslərlə aralarında düşmənçilik və ədavət yoxdur. İşdən çıxıb Rövşən adlı şəxsə məxsus mikroavtubusla yaşadığı ünvana getməyə hazırlaşmış, mikroavtobusa keçib əyləşdikdən sonra mobil telefon vasitəsi ilə yüksək səslə mahnı qoymuş və hərəkət etməyə başlamışdır. Yol gedərkən Vəfa Rövşənə bildirmişdir ki, mahnının səsini aşağı etsin. Rövşən isə Vəfaya mahnının səsini aşağı eləməyini özünün deməsini bildirmişdir. Vəfa isə ona işçilərin yanında yüksək səslə mahnının səsini almasını bildirmiş, o da musiqinin səsini azaltdıqdan sonra aralarında mübahisə yaranmışdır. Rövşən mübahisə olmaması üçün ondan mikroavtobusdan düşməsini istəmiş, o da avtobusdan düşmüş və piyada yoluna davam etmişdir. Bu səbəbdəndə özünü qeyd edilən ittihamla təqsirli bilmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X1 onunla birlikdə işləyir. İş avtobusundan gedən zaman musiqinin səsi yüksək olduğundan sürücü Rövşəndən səsin aşağı etməsini istəmiş, lakin sürücü Rövşən musiqini İlxam quyduğu üçün ona deməsini bildirmişdi. O avtobusun ağsaqqalı və yiyəsi olduğunu bildirmiş, həmin an İlxam onu vurmuş, o da İlxama müqavimət göstərmək istədikdə sərnişinlər imkan verməmişdir. Daha sonra avtobus sərnişinləri İlxamı düşürmüşlər. Əvvəllər İlxamla aralarında mübahisələr olmuşdur. Halhazırda onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə olan gün mikroavtobusun sürücüsü olmuşdur. Sərnişinlər mobil telefon vasitəsi ilə musiqiyə qulaq asırdılar. Vəfa musiqinin səsinin alınmasını istədikdə İlxam musiqini söndürdükdən sonra aralarında söz mübahisəsi olmuşdur. Sərnişinlər mübahisənin artmaması üçün onları sakitləşdirməyə çalışaraq İlxamın avtobusdan düşməyini xahiş etdilər və İlxam avtobusdan düşərək yolu piyada getmişdir. İlxamın Vəfanı vurmasını görməmişdir. Onların arasında əvvəllər mübahisələrinin olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Hadisə günü evdə olan zaman anası Vəfa gəlmiş, anasının gözünün göy olduğunu görmüş və hadisəni kimin etdiyini soruşmuşdur. Polisə getməyi bildirsə də İlxamın etdiyini bildikdən sonra əsəbi halda bıçağı götürüb İlxamın yanına gedib xəsarət yetirdi. Vəfa ilə İlxam arasında olan mübahisələri hadisədən sonra öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə olan avtobusda gedən zaman İlxam musiqi oxudurdu. Sərnişinlərlə bir yerdə Vəfa da musiqinin səsini aşağı etməsini istəmişdilər. Vəfa ilə İlxam arasında söz mübahisə yarandı, mübahisənin davam etməməsi üçün yolun yarısında avtobusdan düşürüldü. İlxamın Vəfanı vurmasını görməmişdir. Aralarında əvvəllər mübahisələrin olmasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəs ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Şahidin dindirilməsi haqqında” 25 aprel 2024-cü il tarixli və 13 iyun 2024-cü il tarixli protokollardan görünür ki, Şahid3 və Şahid5 şahid qismində ifadə verərək bildirillərki, avtobusda mübasihə olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli ilə vurmuşdur. Məhkəmə-tibbi ekspertizasının 13 aprel 2024-cü il tarixli, 334 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər –burun yəhərinin, sol almaçıq nahiyəsinin qançırları və çənə altı nahiyənin və boyunun ön səthinin sıyrıqları Küt əşyaların təsirindən törənmişdir, törəmə müddət 12 aprel 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqlar üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 604 saylı rəydən məlum olur ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda Kəllə- Beyin Travması nəticəsində davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış ) F0.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində məlumat tapılmamışdır. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Sarıtəpə kənd İnzaibati Ərazi Dairəsi üzrə nümayəndəsinin arayışı və xasiyyətnaməsindən görünür ki, himayəsində 2011 və 2013-ci il təvəllüdlü az yaşlı uşaq var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heş bir şikayət və tələbi yoxdur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndində qeyd edilirik, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə onu da diqqətə çatdırır ki, hazırda təqsirləndirilən şəxsin verdiyi ifadə onun özünü müdafiəsidir. İbtidadi istintaq zamanı təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs vurmasını bildirən şahidlər məhkəmə iclasında həmin halı açıq ifadə etməsələr də, hadisə barədə ifadə verən zaman təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs aralarında mübahisə baş verməsini bildirərək vurub vurmaması hissəsində vurmasını görmədiklərini bildirmişlər. Hazırda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, eləcə də Azərbaycan Respublikası ona həmin Məcəllənin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-280/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-280/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver