Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-283/2023 11.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986–cı ildə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, Azərbaycan olmayan, orta təhsilli, işsiz, evli, himayəsində beş azyaşlı uşaqları olan, Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 180.2.4–cü maddəsi əsasında təqsirli bilinib, 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində bıçaqdan istifadə etməklə, həmçinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 15 iyul 2023–cü il tarixdə saat 22 radələrində ictimai yer hesab olunan ünvan 1 ünvanında yerləşən yaşadığı çoxmərtəbəli yaşayış binasının qarşısında heç bir səbəb olmadan qonşusu Zərərçəkmiş şəxs2 ilə mübahisə edib sonuncunun ünvanına nalayiq söyüşlər söyərək sərxoş vəziyyətdə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, həmin vaxt ətrafa toplanmış şəxslərin 30–40 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 əli ilə qəsdlə vuraraq ona alın nahiyəsinin sol yarısının sıyrığı və qaşarası nahiyənin cuzi şişkinlik fonunda qançırı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyməyə davam edərkən həmin vaxt onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa, yəni ictimai qaydanın pozulmasının qarşını almağa çalışan qonşusu Zərərçəkmiş şəxs1 ona irad bildirməsindən hiddətlənib, Zərərçəkmiş şəxs1la səbəbsiz yerə mübahisə edərək özü ilə gəzdirdiyi, təsərrüfat–məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 üç dəfə qəsdən zərbə vuraraq ona sağ sağrı nahiyəsinin aşağı bayır kvadratının deşilmiş–kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən, həmçinin sağ budun yuxarı üçdə birinin bayır və arxa–bayır səthinin deşilmiş–kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək zərərçəkmiş şəxslərə zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 15 iyul 2023–cü il tarixdə saat 15 radələrində fəhləlik edib, daha sonra evinə getmiş, evə gəldikdən sonra arvadı Şahid1, bacısı Şahid2 və azyaşlı uşaqları ilə birgə Kür çayının kənarından ağac qırıqları toplamaq üçün getmiş, orada olduğu zaman pivə içmişdir. Həmin gün saat 22 radələrində evinə qayıtmaq üçün taksi ilə yaşadığı binanın həyətinə gəlmiş, binanın həyətinə çatdığında qonşusu Habilin və Şirin ləqəbli Sakitin binanın qarşısında çinar ağaclarının altında əyləşib söhbət etdiklərini görmüş, bu zaman Habilə iş təklifi üçün yaxınlaşmış, 13 ton buğda boşaltmaq lazım olduğunu, buğdanın hər tonuna 30 manat verəcəklərini demişdir. Eyni zamanda Habillə zarafatı olduğundan sonuncu ilə söyüşlə danışmış, Habil isə ona təhqirəmiz sözlər deyərək onu kənara itələmişdir. O, Habildən bunu gözləmədiyindən yerə yıxılmış, ayağa qalxaraq Habilin etdiyi hərəkətə görə irad bildirmiş, Habil onu vurduğu üçün sinəsindən tutub çəkmiş, bununla da aralarında dava–dalaş başlamış, o, Habili vurmuş, Habil də onu vurmuşdur. Bu zaman arvadı Maya, bacısı Ruhiyyə və Habilin arvadı Yeganə, həmçinin qonşular da onları aralamaq üçün gəlmiş, arvadı Yeganə Habili evə aparmış və ona işarə ilə Habilin içkili olduğunu bildirmişdir. Ancaq Habilin hərəkətini həzm edə bilməyib ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman qonşusu Tahirə də onu evinə aparmış, Tahirə onu sakitləşdirib təxminən yarım saat ərzində evində saxlamışdır. Daha sonra öz evinə getmək üçün Tahirənin evindən çıxmış, özü yaşadığı evə tərəf getmiş, bu zaman yolda Zərərçəkmiş şəxs1la rastlaşmış, Hidayət ondan nə baş verdiyini soruşduqda Habilin onu vurduğunu demiş və ucadan nalayiq söyüş söymüş, Hidayət isə söyüş söydüyü üçün ona irad bildirmişdir. O, Hidayətə “səni bu hala salsalar qəbul edərsənmi?”– sualı vermiş, Hidayət yox cavabı verdikdə onun söyüşlərini də qəbul etməsini demişdir. Hidayət binada qadın və uşaqların olmasını, buna görə söyüş söyməməsini bildirmiş, Hidayətin bu cür söhbətlər etməsi onun xoşuna gəlməmiş və Hidayətə kobud cavab verməklə getməsini bildirmişdir. Bu zaman Hidayətlə aralarında mübahisə yaranmış, Hidayətin üzərinə yeridikdə sonuncu onu əli ilə itələmiş, o isə müvazinətini itirib yıxılmış, bu zaman cibində olan fəhlə işlədiyi yerlərdə işlətdiyi bıçağı əlində olan sellofandan çıxardaraq Hidayətin ayağından üç dəfə vurmuş, Hidayətlə dalaşdığını görən arvadı Maya, bacısı Ruhiyyə və qonşuları onu aralamış, arvadı Maya onu evinə aparmışdır. Mübahisə təxminən 30–40 dəqiqə davam etmiş və ətrafa çoxlu insanlar toplaşmışdır. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 15 iyul 2023–cü il tarixdə Kür qəsəbəsində qohumu Elnurun toyunda iştirak etmiş, yemək yeyərək spirtli içki qəbul etmişdir. Həmin gün saat təxminən 22 radələrində ailə üzvləri ilə birlikdə toydan çıxaraq yaşadığı evə gəlmiş, ailə üzvləri yaşadığı evə qalxmış, o, isə həyətdə dayanaraq siqaret çəkmişdir. Onun yanında qonşuluqda yaşayan Şirin ləqəbli Sakit də olmuş, onlar orada oturduqdan sonra başqa bir qonşusu olan Rauf oraya gəlmiş və onun ayağına vuraraq “ölürəm”– demişdir. O. Raufun həmişə spirtli içki qəbul etdiyini, bu dəfə də içkili olduğunu başa düşmüş, ona görə də Raufa onu rahat buraxmasını demişdir. Həmin vaxt Rauf arxadan ona yaxınlaşaraq çiyninə vurub onu qaldırmış və söyüşlər söyərək ona araq almasını bildirmiş, Raufun onun ünvanına nalayiq söyüşlər söyməsindən əsəbləşmiş və kənara itələmişdir. Həmin vaxt Rauf yerə yıxılmış, Raufu vurmaq istədikdə tez Raufun arvadı, bacısı və orada olan kənar şəxslər onları aralamışlar. O, evə gedərək paltarını dəyişmiş və həmin vaxt çöldə səs–küy eşitmiş, çölə çıxmaq istəmiş, lakin ailə üzvləri onu evdən çıxmağa qoymamışlar. O, Raufla dalaşdıqdan sonra evə gəlmiş, bundan təxminən yarım saat sonra isə Raufun qonşusu Hidayətlə mübahisə edərək sonuncunu bıçaqla vurmasını eşitmişdir. Belə ki, Hidayət evinə gedən zaman Raufun əxlaqsız söyüşlər söyməsini eşidib iradını bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, həmin vaxt Rauf əlində olan bıçaqla Hidayətin ayağına xəsarət yetirmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 15 iyul 2023–cü il tarixdə Gədəbəy rayonuna bacısı oğlunun toy məclisinə getmiş, həmin gün saat təxminən 21 radələrində toydan çıxaraq özünə məxsus VAZ 2106 markalı avtomobillə yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsinə getmiş, saat 22 radələrində Kür qəsəbəsinə çatmış, binanın qarşısına çatdığında uşaqlarını evə yerləşdirdikdən sonra siqareti olmadığından siqaret almaq üçün evdən çıxmış və mağazaya getmişdir. Mağazaya gedib siqaret aldıqdan sonra yaşadığı binanın qarşısına çatdığında qonşuluqda yaşayan Rauf adlı şəxsin nalayiq söyüşlər söydüyünü görmüş və buna görə Raufa irad bildirərək binada bir çox ailələrin yaşadığını, buna görə də söyüş söyməməyi demişdir. Rauf ona söyüşlərin ona xoş gəlib–gəlməməyi soruşmuş, o, Raufa söyüşün kimsəyə xoş olmadığını, binada ailə üzvlərinin yaşadığını bildirmişdir. Bu zaman Rauf əlini onun boynuna salaraq onunla getməyə başlamış, Raufun onunla sakit halda getməsinə sevinmiş, lakin Raufla qol boyun getdiyi zaman Raufun cibindən nəsə çıxardığını görmüş, baxdıqda Raufun əlində bıçaq olmasını görmüş, bu zaman Rauf onu bıçaqla vurmaq istədikdə o, Raufun əlindən vurub kənara itələmiş və bununla da Raufla əlbəyaxa dalaşmışdır. Həmin anda Rauf onun sağ ayağından bıçaqla vurmuş, dava–dalaş zamanı Raufu yerə yıxaraq vurmağa başlamış, həmin anda qonşular oraya gələrək onları aralamışlar. Əvvəl qonşular onun Raufu döyməsini zənn etmiş, lakin qonşulara Raufun ona bıçaq vurduğunu bildirmiş, ayağında ağrı çox olduğundan dərhal xəsətxayanaya getmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi Səməd Vurğun 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, onu Şirin ləqəbi ilə tanıyırlar. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Həmin şəxslər yaşadığı binanın sakinləridir, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 15 iyul 2023–cü il tarixdə saat 21 radələrində kirvəsi İlyasın oğlunun toy məclisindən sonra yaşadığı evə gəlmişdir. O, yaşadığı binanın qarşısında əyləşib çay içərkən qonşusu Habil onu söhbət etmək üçün yanına çağırmış, Habillə binanın həyətindəki çinar ağaclarının altında əyləşib söhbət etməyə başlamışdır. Habillə deyib gülüb əylənərkən, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə taksidən düşüb onların yanınına gəlmiş, Habil də toy məclisində spirtli içki içdiyi üçün sərxoş olmuşdur. Rauf da onların yanına gələrkən sərxoşluğu hiss olunmuşdur. Rauf yanlarına çatanda Habilə təkrar–təkrar “Habil, mən ölürəm”– demiş, çoxlu spirtli içki qəbul etdiyi üçün ağır dərəcə sərxoş olduğunu demək istəmişdir. Rauf dəfələrlə ölürəm dediyi üçün Habil artıq əsəbləşmiş və “ölürsən cəhənnəmə öl, evinə get yat”–demişdir. Rauf isə Habilə cavab qaytarıb ona nalayiq söyüş söymüşdür. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Raufla Habil əlbəyaxa dalaşmış, bu zaman sinir xəstəliyi olan arvadı Turanə Abbasovanın kənardan mübahisəni görüb, huşunu itirməsini görmüş və dərhal arvadına kömək üçün getmişdir. Raufla Habili binanın həyətində olan digər şəxslər aralamışlar. O, isə arvadının yanına getdiyi üçün daha nələrin baş verdiyini görməmişdir. Təxminən 2 saat sonra evdən çıxıb mağazaya gedərkən Raufun Habildən sonra Hidayətlə dalaşdığını və Hidayəti bıçaqladığını eşitmişdir. Ancaq onlar arasında olan mübahisənin hansı səbəbdən baş verməsi barədə maraqlanmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 15 iyul 2023–cü il tarixdə saat 20 radələrində yaşadığı binanın qarşısında stul qoyub əyləşmiş, bu zaman binanın həyətindəki digər blokun qarşısında Raufla Habilin dalaşdığını görmüş, o da digər qonşular kimi Raufla Habili aralamaq üçün yaxınlaşmışdır. Raufla Habil bir–birilərinə yumruq və təpiklə zərbələr vurmuş, lakin Raufun arvadı Maya və Habilin arvadı Yeganə onları aralamışlar. Raufla Habil bir–birinə nalayiq söyüşlər söymüş, lakin sonuncuları araladıqdan sonra evlərinə aparmışlar. Təxminən yarım saat sonra evdə olduğu zaman binanın həyətində səs–küy eşitmiş, həyətə düşəndə Hidayəti avtomobilə əyləşdirib apardıqlarını görmüş, nə baş verdiyini soruşduqda Raufun Hidayəti bıçaqla vurub xəsarət yetirdiyini öyrənmişdir. O, qonşulardan davanın nə üstündə baş verdiyini soruşmuş, qonşular ona Raufun Habilin ünvanına ucadan nalayiq söyüşlər söyməsini eşidən qonşusu Hidayətin Raufa binada qadın və uşaqların yanında nalayiq söyüşlər söyməsinə görə irad bildirməsini, Raufun isə Hidayətin irad bildirməsindən əsəbləşdiyini və Hidayətlə mübahisə edərək bıçaqla vurub xəsarət yetirdiyini bildirmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs qonşusudur. O, Raufun mənfi xarakterizə olunan şəxs olduğunu, hər dəfə spirtli içki qəbul edəndə narahatçılıq yaradıb, müxtəlif şəxslərlə mübahisələr etdiyini bilmişdir. 15 iyul 2023–cü il tarixdə saat 20 radələrində əri Habillə birgə toy məclisindən çıxıb, evinə gələrkən yaşadıqları binaya çatanda Habil ona evə getməsini, özü isə binanın həyətində siqaret çəkəcəyini bildirmişdir. Lakin bir qədər sonra binanın həyətində səs–küy eşitdiyi üçün həyətə çıxmış, Habillə Raufun dalaşdığını, qonşuların isə onları araladığını görmüş, o, Raufla Habilin yanına gedib, Habili öz evinə aparmış, Habil evinə gedərkən Rauf dalınca ucadan nalayiq söyüşlər söymüşdür. Lakin Habillə birgə Raufa əhəmiyyət vermədən evinə getmiş, qonşular da Raufu da sakitləşdirib oradan aparmışlar. Daha sonra Raufun nalayiq söyüşlər söyməsini eşidən qonşusu Hidayətin Raufa binada qadın və uşaqların yanında nalayiq söyüşlər söyməsinə görə irad bildirdiyi, Raufun isə bundan əsəbləşib Hidayətlə mübahisə edərək sonuncunu bıçaqla vurub xəsarət yetirdiyini qonşulardan eşitmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 15 iyul 2023–cü il tarixdə saat 21 radələrində əri Rauf və baldızı Ruhiyyə ilə birgə yaşadıqları evə gəlmiş və binanın həyətində qonşusu Habillə rastlaşmışlar. Bu zaman Rauf Habilə 13 ton buğda boşaltmaq lazım olduğunu, buğdanın hər tonuna 30 manat verəcəklərini demişdir. Rauf Habillə zarafatlaşaraq söyüşlə danışmış, lakin Habil Raufa kobud cavab qaytarmış və əli ilə Raufu kənara itələmişdir. Habil onu itələdiyi üçün Rauf yerə yıxılmış, daha sonra Habil üzərinə cumub Raufu yumruqla vurmağa başlamışdır. O, Habili Raufdan aralamış, Habilin arvadı Yeganə də ərini oradan uzaqlaşdırmışdır. O, Raufu yerdən qaldırmış, onun sol qolunda və qarnının sağ tərəfində xəsarət aldığını görmüşdür. Qonşusu Tahirə də Raufu sakitləşdirib öz evinə aparmış, o, da öz evinə getmişdir. Təxminən yarım saat sonra evinin balkonuna çıxanda Raufun evlərinə tərəf gəldiyini, ancaq Hidayətin ona yaxınlaşıb nəsə dediyini, daha sonra onların mübahisə edərək yola tərəf getdiklərini görmüşdür. O, Raufla Hidayətin dalaşacağını başa düşüb baldızı Ruhiyyəni onları aralaması üçün göndərmiş və yenidən balkona çıxanda Raufla Hidayətin əlbəyaxa dalaşmalarını görmüşdür. O, dərhal qaçaraq Raufla Hidayəti aralamaq üçün getmiş, ora çatdıqda Hidayətin qolları ilə boğazını sıxaraq Raufu boğmasını görüb, Hidayətə Raufu buraxması üçün yalvarmışdır. Bu zaman Ruhiyyə də Hidayətin ayağından çəkərək Raufdan aralamağa çalışmışdır. Həmin vaxt hava qaranlıq olmuş, onlar arasında baş verən dava–dalaşa görə xeyli adam toplaşmış, ancaq heç kim Raufla Hidayəti aralamamışdır. Hidayətə yalvarandan sonra Raufu buraxmış, bundan sonra Hidayətlə Rauf aralaşmışlar. O, da Raufu aralamış, bir qədər uzaqlaşdıqda Raufun Hidayəti bıçaqla vurduğunu başa düşmüş, ancaq geri qayıtmamış, Raufu sakitləşdirib evinə aparmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında 16 iyul 2023–cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun 1 ünvanında yerləşən yataqxananın həyətində hadisənin baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi 1 ədəd bıçaq götürülmüş, fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 17 iyul 2023–cü il tarixli 814 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ sağrı nahiyəsinin aşağı–bayır kvadratının, sağ budun yuxarı üçdə birinin bayır və arxa bayır səthinin deşilmiş–kəsilmiş yaraları (cəmi 3 ədəd) deşici–kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 15 iyul 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ budun yuxarı üçdə birinin bayır və arxa bayır səthinin deşilmiş–kəsilmiş yaraları (cəmi iki ədəd) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ sağrı nahiyəsinin aşağı–bayır kvadratının deşilmiş–kəsilmiş yarası (cəmi bir ədəd) isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 17 iyul 2023–cü il tarixli 815 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin sol yarsının sıyrığı və qaşarası nahiyyənin cuzi şişkinlik fonunda qançırı küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 15 iyul 2023–cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 15 sentyabr 2023–cü il tarixli, 16/867 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 (iki) ədəd predmet kustar üsulla hazırlanmış, kəsici–deşici xassəyə malik olan təsərrüfat–məişət təyinatlı mətbəx bıçağının hissələridir– tiyəsi və dəstəyidir, soyuq silah hesab edilmirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi Publik Hüquqi şəxsin xx.xx.2023–cü il tarixli, 597 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10–cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1–ci maddəsinin təsiri altına düşmür və onun hal–hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal–hazırda da öz hərəkətlərini ölçüb–biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. – Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinin məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq etdiyi əməli tam dərk etmək qabiliyyətində olmuşdur və həmin hadisə barəsində düzgün ifadə verə bilər. Təqsirləndirilən şəxs əqli inkişafın geriləməsi əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs özündən uydurmaqla yalan danışmağa, başqalarının təsiri altında hərəkət etməyə meylli deyildir. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022– ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 180.2.4–cü maddəsi əsasında təqsirli bilinib, 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Cinayət işinin materiallarında olan Kür qəsəbə MTİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010–cu il təvəllüdlü Səbinə, xx.xx.2011–ci il təvəllüdlü Nuriyyə, xx.xx.2015–ci il təvəllüdlü Nuran, xx.xx.2018–ci il təvəllüdlü Nurlan və xx.xx.2023–cü il təvəllüdlü Adəm adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı–ayrılıqda yazılmış ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs silah qismində bıçaqdan istifadə etməklə, həmçinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3– cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011–ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM–nin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarının 2–ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221–ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin hərəkətləri ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasını, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsini, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlığı, habelə vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsini özündə ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində beş nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 180.2.4–cü maddəsi əsasında təqsirli bilinib, 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3–cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Göründüyü kimi Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 180.2.4–cü maddəsi əsasında təqsirli bilinib, 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinin tələbinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67–ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 01 il 04 ay 08 gün hissəsini qismən birləşdirməklə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 iyul 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 16 iyul 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 18 iyul 2023–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 16 iyul 2023–cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan 1 ədəd bıçaq dəstəyi və tiyəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 08 gün hissəsindən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 180.2.4–cü maddəsi əsasında təyin edilmiş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 08 günü qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2023–cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan 1 ədəd bıçaq dəstəyi və tiyəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-283/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-283/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver