Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-285/2023 21.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi– X4 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2006–cı il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Qapanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 09 may 2023–cü il tarixdə, saat 19 radələrində Şəmkir rayonu, Qapanlı kəndində kəndarası yolda aralarında yaranmış şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs onu telefonla video görüntüyə çəkməsi səbəbindən baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onun baş nahiyəsinə bir dəfə əlində olan ağac ilə qəsdən vuraraq, ona təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, ailəsinin maddi vəziyyətinə görə dövlətin onlara sosial yardım kimi vermiş olduğu 23 baş qoyunları var, həmin qoyunları otarmaq üçün torpaq sahələri olmadığından onlar yolda və ya qonşularının həyətində qoyunları otarmışlar. 09 may 2023–cü il tarixdə saat 19 radələrində qoyunları həmkəndlisi olan Şahəddinin yerinin kənarında su arxının üzərində otara–otara yaşadığı evə gətirən zaman həmin yerdə istixanası olan, əvvəllər tanıdığı Şahəddinin qohumu olan Anar ona qoyunları orada otarmamağı demişdir. O da Anara “sən kimsən, bura sənin yerin deyil”– dedikdə Anar onun arxasınca gəlmişdir. Həmin vaxt qoyunlar da qaçaraq Şahədinin yerinə girmişlər. Anar isə ona təhqirəmiz sözlər demişdir. Bundan sonra o, Anardan qorxduğu üçün oraya yaxın getməmişdir. Anarın fəhləsi olan Sübhan qoyunları sahədən çıxartmış, o isə qoyunları aparıb oradan getmişdir. Evlərinin yaxınlığında atası ilə birlikdə qoyunları otaran zaman Şahəddinlə Anar hərəsi öz avtomobili ilə onların yanına gəlmişdir. Həmin vaxt Şahəddin atasına onun qoyunları özünün yonca sahəsinə salıb otardığını bildirmişdir. O isə Şahəddinə qoyunları onların sahəsinə salmadığını, kənarda otardığını demişdir. Bu zaman onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şahəddin Anara onları telefonla çəkməyi demişdir. Anar da cibindən telefonu çıxardıb onları çəkməyə başlamışdır. Atası isə Anara onları telefona çəkdiyinə görə irad bildirərək Anarın əlindən vurub telefonu yerə salmışdır. Həmin vaxt o da Anarın hərəkətlərinə əsəbləşdiyindən əlində olan ağacla bir dəfə Anarın başından vurmuşdur. Bu zaman Anarla gələn işçisi Sübhan ortaya girərək onları sakitləşdirmiş və aralamışdır. Həmin vaxt Anar əlini başına qoyaraq başından qan axdığını bildirmişdir. Bundan sonra Anarla Sübhan avtomobilə minərək oradan uzaqlaşıb getmişlər. Şahəddin də öz avtomobili ilə oradan getmişdir. Bir qədər sonra onları Şəmkir Rayon Polis X11 Bölməsinə çağırmışlar. Bu zaman onlar bilmişlər ki, Anar onların barəsində polisə şikayət etmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail ola bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu Tatarlı kənd tam orta məktəbində müəllim işləyir. Bundan başqa onun Şəmkir rayonu, Qapanlı kəndində özünə məxsus torpaq sahəsində istixanası olmuşdur. İstixananın yanında isə qohumu Şahid1 məxsus torpaq sahəsi olmuşdur. Şahəddin həmin torpaq sahəsində yonca əkmişdir. 09 may 2023–cü il tarixdə Qapanlı kənd sakini olan Camaləddinin oğlu Calalın qoyunlarını Şahəddinin yonca sahəsinə salaraq otardığını görmüşdür. Buna görə Calala irad bildirirək qoyunları oradan çıxarmağı demişdir. Calal isə ona həmin yerin ona məxsus olmadğını, Şahəddinin yeri olduğunu, qoyunları da oradan çıxarmayacağını deyərək ünvanına təhqirəmiz sözlər demişdir. O da bu barədə zəng edərək Şahəddinə məlumat vermişdir. Onun yanında işləyən Sübhan isə qoyunları Şahəddinin yerindən çıxartmışdır. Calal isə qoyunları oradan aparıb getmişdir. Bir qədər sonra Şahəddin həmin yerə gəlmiş, onlar qərara gəlmişlər ki, Calalın hərəkətləri barəsində valideyininə iradlarını bildirsinlər. Bu məqsədlə onlar hərəsi öz avtomobili ilə Calalın atası Camaləddinin yanına getmişlər. Həmin vaxt yanında işləyən Sübhan da onunla birlikdə olmuşdur. Camaləddinin evinin yaxınlığında oğlu Calal ilə birlikdə qoyunları otardığını görmüşlər. Şahəddin Camaləddinə yaxınlaşaraq oğlunun öz yonca sahəsinə qoyunları saldığını bildirdikdə Camaləddin onların ünvanına təhqirəmiz sözlər deməyə başlamışdır. Orada mübahisə yarandığından Şahəddin ona Camaləddinlə Calalın hərəkətlərini telefona çəkməsini demişdir. O, telefonu cibindən çıxararaq Camaləddinlə Calalın hərəkətlərini çəkmək istədiyində Camaləddinl yerdən daş götürərək onun üzərinə hücum etmiş və yumruqla vuraraq telefonu əlindən yerə salmışdır. O, əyilib yerdən telefonunu götürmək istədikdə Camaləddinin oğlu Calal yaxınlaşaraq onun başından əlində olan ağacla vurmuşdur. O, əli ilə başını tutduğu zaman isə Camaləddin gələrək əlində olan daşla onun çiyninə vurmuşdur. O, mübahisənin böyüməməsi üçün oradan uzaqlaşmış, Camaləddinlə oğlu isə ona daş atmışlar, lakin daşlar ona dəyməmişdir. Başından qan axdığından o, Şahəddinlə birgə xəstəxanaya getmişdir. Bundan sonra isə baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Həmçinin, qeyd edir ki, Camaləddinin onun telefonunu sındırması nəticəsində ona 300 manat məbləğində maddi ziyan dəymişdir və hesab edir ki, həmin ziyan Camaləddindən alınıb ona verilməlidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini, habelə mülki iddiasının təmin edilərək X1 300 manat maddi ziyanın alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Qapanlı kəndində istixanası olan Anar adlı şəxsin yanında fəhlə işləmişdir. 09 may 2023–cü il tarixdə saat 18 radələrində istixanada olduğu zaman Anar da orada olmuşdur. Həmin vaxt Anar qohumu olan Şahəddinin otlaq sahəsinə həmkəndlisi olan azyaşlı Calalın qoyunları saldığını görmüş və gedib qoyun çıxarmışdır. Həmin vaxt Calalla Anarın mübahisəsi yaranmış, o, istixanada işlədiyindən onların yanına getməmişdir. Calal oradan getdikdən sonra Anar mobil telefon vasitəsi ilə zəng edərək bu barədə Şahəddinə məlumat vermişdir. Şahəddin gələnə kimi Calal qoyunları oradan aparıb getmişdir. Bir qədər sonra Şahəddin gəlmiş, Anar yenə də Calalın Şahəddinin sahəsinə qoyunları saldığını bildirmişdir. Orada olan zaman Şahəddinlə Anar məsləhətləşmişlər ki, Calalın valideyinlərinin yanına gedərək bu barədə xəbərdarlıq etsinlər. X7 valideyinlərinin yanına getdiyində o da avtomobilə əyləşmişdir. Onlar Calalın atası evinin yaxınlığına çatdığında Calal və atası Camaləddinin evlərinin yaxınlığında qoyun otardığını görmüşlər. O, avtomobilin yanında dayanmış, Şahəddinlə Anar isə Calalla Camaləddinin yanına getmişlər. Anar Camaləddinə oğlunun etdiyi hərəkətə görə irad bildirdiyi zaman həm də telefon vasitəsi ilə video görüntü ilə çəkməyə başlamışdır. Bu zaman Camaləddin Anarın onu çəkdiyini görərək “mənimi çəkirsən”–deyərək Anarın üzərinə gəldiyində Calal əlində olan ağacla Anarın başından vurmuşdur. O, Camaləddingillə Anar arasında mübahisə yarandığını gördüyündən tez onlara yaxınlaşmışdır. Camaləddingil onun qonşuluğunda yaşadığından onların arasında hər hansı ciddi problem olmasını istəməmişdir. Ona görə də tez yaxınlaşaraq onları ayırmağa başlamışdır. Həmin vaxt Anarın başından qan axmasını görmüşdür. Anar oradan uzaqlaşıb tez avtomobilə oturmuş, o da Anarın avtomobilinə oturmuşdur. Anar onu yaşadığı evə düşürdükdən sonra getmişdir. O, sonradan Anarın Calalın onu vurması barədə polisə şikayət etməsini eşitmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdir ki, özünə məxsus 23 baş qoyunu olmuş, özünün torpaq sahəsi olmadığından həmin qoyunları yolda otarmışdır. Qoyunları həm o, həm də oğlu Calal otarmışdır. 09 may 2023–cü il tarixdə saat 19 radələrində oğlu Calalla birlikdə qoyunları qonşusunun həyətində otarırmış, həmin vaxt həmkəndlisi olan Şahəddin yanında qohumu olan Anarla birlikdə onun yanına gələrək oğlu Calalın qoyunları özünün torpaq sahəsinə salaraq otarmasına görə irad bildirmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə yaranan zaman Şahəddin Anara onları telefonla çəkməyi demişdir. Anar cibindən telefon çıxaraq onları çəkdiyi zaman Calal əxlaqsız sözlər demişdir. O, Anarın əlindən vuraraq telefonu yerə salmış və onları çəkdiyinə görə irad bildirmişdir. Calal da həmin vaxt əsəbləşdiyindən əlində olan ağacla Anarın başından bir dəfə vurmuşdur. Zərbədən Anarın başı qanamışdır. Anar əlini başına qoyaraq başından qan axdığını bildirmişdir. Anarı həmin vaxt yanında fəhlə işləyən Sübhan sakitləşdirərək orada sakitlik yaratmışdır. Bundan sonra Anarla Sübhan ayrı, Şahəddin isə ayrı avtomobilə minərək oradan uzaqlaşıb getmişlər. Bundan sonra X5rı polis əməkdaşları çağırdığında o, Anarın onlardan şikayət etdiyini bilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 11 may 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağacla vuraraq xəsarət yetirdiyi Şəmkir rayonu, Qapanlı kəndində kəndarası yola baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 11 may 2023–cü il tarixli 519 saylı “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– təpə ənsə nahiyəsinin əzilmiş yarası və sol çiyinüstü nahiyənin qançırı küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 09 may 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə təpə–ənsə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol çiyin üstü nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Qapanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin cəza təyin edərkən aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM–nin 128–ci maddəsinin sanksiyasında həm də cərimə, ictimai işlər və işlah işləri cəzası nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, məhkumun müstəqil qazancı olmadığından onun əmlak vəziyyəti cərimə cəzasının təyin edilməsinə uyğun deyildir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə ictimai işlər və ya işlah işləri cəzasının cəzasının təyin edilməsini də məqsədə müvafiq hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM–nin 85.2–ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Həmin Məcəllənin 85.3–cü maddəsinə əsasən ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müstəqil əmək haqqı və ya cəzanın icrasına yönəldilə bilən əmlakı olmadığından ona cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan cərimə, ictimai işlər və ya işlah işləri cəzasının məhkuma təyin edilməsi onu əlverişsiz hala sala və onun vəziyyətini çətinləşdirə bilər. Bu hal isə məhkuma təyin edilmiş cəzanın icrasını mümkünsüz edə bilər. Azərbaycan Respublikası CM–nin 86.1–ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2–ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2006–cı il təvəllüdlü olmaqla cinayət törədən zaman yetkinlik yaşına çatmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4–1– ci maddəsinin tələblərini rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4–1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən yaşayış yerini saat 23:00– dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilsə də, məhkəmə hesab edir ki, həmin iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.3–cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, mülki iddianın əsaslarını və məhz 300 manat məbləğində olmasını mötəbər dəlillərlə sübut edə bilməmiş, habelə mülki iddia verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi mülki iddiaçıya aid olduğundan və sübutetmə üçün sənədlərin təqdim edilməsi uzun müddət tələb etdiyindən, mülki iddianın hazırki cinayət icraatında araşdırılması cinayət işinin baxılmasının uzanmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3–cü maddəsinə əsasən zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3.–cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlansın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-285/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-285/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver