Məhkəmə qərarları › İş №1(076)-298/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-298/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-298/2023 05.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Ramada Plaza” otelinin yaxınlığından tapdığı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ və İİ siyahıları, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci və 2-ci bəndləri ilə müəyyən edilən, müvafiq olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Şəmkir rayonuna daşımış, Şəmkir Rayon Polis X7 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 30 iyul 2023-cü il tarixdə saat 16:50 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Ömər-Oruc” şadlıq sarayının yaxınlığında saxlanılaraq X8 gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,405 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 (bir) ədəd şəffaf polietilen torbacıqda olan şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,768 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış aparılması və götürmə aparılması barədə protokol, əlavə olunmuş fotocədvəl və videogörüntü və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ağrıları olduğu üçün əvvəllər narkotik vasitə və psixotrop maddə qəbul etmiş, lakin son zamanlarda o, narkotik vasitə və psixotrop maddə qəbul etməyi dayandırmışdır. 30 iyul 2023-cü il tarixdə günorta saatlarında o, işləri ilə əlaqədar olaraq Gəncə şəhərinə getmiş, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Ramada Plaza” otelinin yaxınlığında piyada gəzən zaman yerdə nə isə sellofan bükülü olduğunu görmüş, əyilib həmin bükülüyə baxan zaman həmin bükülünün içərisində patı adlandırılan metamfetamin və kokos adlandırılan heroin olduğunu görmüşdür. O, əvvəllər də narkotik vasitə və psixotrop maddə istifadə etdiyindən, həmin maddələri tanıdığından istifadə etmək məqsədi ilə həmin narkotik vasitəni və psixotrop maddəni cibinə qoymuş, oradan Gəncə şəhərində yerləşən Təzə Şəmkir avtovağzalına, avtovağzaldan da avtobusla Şəmkir rayonuna gəlmiş, avtobusdan Şəmkir rayonunda yerləşən “Ömər-Oruc” şadlıq sarayının yaxınlığında yerləşən marketə düşmüşdür. Bundan bir neçə dəqiqə sonra, polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu X8 dəvət etmişlər. X5 üzərinə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı narkotik vasitə istifadə edib etməməyi barədə sual verdikdə, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmaması soruşulmuş, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofana bükülmüş vəziyyətdə metamfetamini və heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəffaf sellofan polis əməkdaşı tərəfindən açılan zaman içərisindən sellofana bükülmüş vəziyyətdə metamfetaminə bənzər kütlə və heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr eleketron tərəzi ilə çəkilib neçə qram olması müəyyən olunmuş, təqdim etdiyi kütlələr ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Video görüntü vasitəsi ilə aparılan şəxsi axtarış barədə protokol tərtib edilmiş və o da imza etmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını və evli olmaqla ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində iki azyaşlı uşağı olması nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kür PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şöbəyə Sadiq adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat nəticəsində həmin şəxsin Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 30 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üstünə şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs Şəmkir-Çinarlı-Gəncə yolunun kənarında yerləşən “Ömər-Oruc” şadlıq sarayının yaxınlığında olması, üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞ-nin Kür PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin sahə polis nəfəri Şahid3 ilə birlikdə Şəmkir rayonunda yerləşən “Ömər-Oruc” şadlıq sarayının yanına getmiş, Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Şəmkir RPŞ-nin X8 dəvət etmiş, Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət edib təhqiqatçıya təhvil vermiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə 0,43 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədən bükümdə 1,89 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürüldüyü məlum olmuşdur. Məhkəmə iclasında iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib və həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. 30 iyul 2023-cü il tarixdə Şəmkir RPŞ-nin X5 xidmətdə olan zaman bölməyə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyi üçün ona məlumat verilmiş, bu zaman təhqiqatçı Müşfiq Şahmuradovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması, vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərə baxılan zaman bükümlərdən birində narkotik vasitə heroinə, digərində isə psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, çəkiləri müəyyən edildikdən sonra həmin kütlələr qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri 30 iyul 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən “Ramada Plaza” otelinin yaxınlığından tapdığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 iyul 2023-cü il tarixdə Şəmkir Rayon Polis X1 təhqiqatçısı polis kapitanı Müşfiq Şahmuradov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmiş və cinayət işinə əlavə edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının 31 iyul 2023-cü il tarixli 16/763 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki: - 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,405 qram maddə, kustar üsulla hazırlanmış narkotik vsaitə-heroindir. -01 (bir) ədəd şəffaf polietilen torbacıqda olan şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,768 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-161/2023 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1692 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Şəmkir RİHB Şəmkir rayonu, Çinarli qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu, Çinarli qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət xarakterli ərizə və şifahi məlumat daxil olmamaqla müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2018-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı var. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə, foto və videogörüntülərlə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hall kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və əməlini səmimi etiraf edərək peşman olmasını bildirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları (ağırlaşdıran hallar müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 30 iyul 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır, həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, məhkəmə xərci olaraq ekspertizası tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 1,718 qram küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,385 qram çəkidə narkotik vasitə olan kustar üzulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 42 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 05 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 08 (səkkiz) ay 10 (on) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş - Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,718 qram küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,385 qram çəkidə narkotik vasitə olan kustar üzulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman görüntülərin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 (qırx iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar