Məhkəmə qərarları › İş №1(076)-301/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-301/2025

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-301/2025 09.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminvəyli Firuzə Ramiz qızının katibliyi Xüsusi ittihamçı: X14, Təqsirləndirilən şəxs: X1 iştirakları ilə xx.xx.1956–cı il tarixdə Şəmkir rayonu, Qılıncbəyli kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qılıncbəyli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan X1 Azərbaycan Respublikası CM–in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X23 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X5 13.012025-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin 1 saylı zalında 11:00 radələrində keçrilən məhkəmə iclası zamanı hakim Taleh Musayevin, X7 (ünvan Tovuz rayonu Qovlar şəhəri S.Vurğun küçməsi ev 36), X6 (Şəmkir rayonu Dəllər qəsəbəsi S.Vurğun ev 33) və həmin vaxt məhkəmə iclasında olan digər şəxslərin qarşısında ona maşennik, sən elə şümürsən ki, və bu kimi sözlərlə təhqir etmiş və onun cəmiyyət içində olan işgüzar nüfuzunu alçaltmışdır. İşə baxan hakim bununla bağlı ona xəbərdarlıq etmişdir). Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM–in 148-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etməklə qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilməsinə dair ittiham hökmu çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, Rasim Bayramov onu dəfələrlə məhkəməyə verib və bununla bağlı məhkəmə qətnamələri vardır. onların aralarında olan mübahisənin səbəbi torpaq sahəsinin zəbiti ilə bağlı olmuşdur. xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin 1 saylı zalında 11:00 radələrində keçrilən məhkəmə iclası zamanı o, Rasim Bayramova maşennik, sən elə şümürsən ki, sairə bu kimi sözlərlə təhqir etməmişdir. Sadəcə onlar arasında mübahisə düşmüşdür. Belə ki, Rasim Bayramov dəfələrlə onun barəsində mülki qaydada məhkəməyə müraciət etmiş, onun iddiası təmin edilməmiş və bununla bağlı məhkəmə qətnamasi qəbul edilmişdir. Həmin qətnamə isə müvafiq olaraq apellyasiya və kassasiya instansiyaları məhkəmələrində qüvvəsində saxlanılmışdır. Xüsusi ittihamçı onunla olan mübahisəsinin həllini tapmaq əvəzinə əksinə ona qarşı hazırki ittihamla məhkəmədə çıxış edir və onunla olan mübahisəsini dahada uzadır. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X23 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərlə eyni məzmunlu ifadə verərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Xüsusi ittihamçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Şəmkir Rayon Məhkəməsində keçirilmiş açıq məhkəmə iclasında hakim Taleh Musayevin sədrliyi ilə olan prosesdə iştirak edən zaman təqsirləndirilən şəxs X3 xüsusi ittihamçı X17 təhqir edərək maşennik, sən elə şümürsən kimi sözlər deməsinin şahidi olmuşdur. Xüsusi ittihamçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Şəmkir Rayon Məhkəməsində keçirilmiş açıq məhkəmə iclasında şahid qismində iştirak etdiyi prosesdə təqsirləndirilən şəxs X3 xüsusi ittihamçı X17 təhqir edərək maşennik, sən elə şümürsən kimi sözlər deməsinin şahidi olmuşdur. Müdafiə tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, X5 ilə X17 münasibətləri yaxşı olmamışdır. Belə ki, onlar torpaq sahəsinə görə həmişə aralarında mübahisə etmişlər və bununla bağlı Rasim Bayramov məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən qətnamə çıxarılmışdır. O, xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin keçrilən məhkəmə iclası zamanı X1 Rasim Bayramov təhqir etməsinin şahidi olmamışdır. Müdafiə tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin keçrilən məhkəmə iclası zamanı X5 ilə X23 arasında mübahisə olmamışdır və işə baxılandan sonra məhkəmə iclasından çıxıb getmişlər. İş materiallarına əlavə edilmiş məhkəmə içlasında xüsusi ittihamçı tərəfin təqdim etdiyi DVD disk baxış keçirilən zaman X1 X17 təhqir etməsi müəyyən olunmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-203/2023 nömrəli iş üzrə 12 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh X23 iddiaçı X1 icarəsində olan, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən, ümumi sahəsi 382 (üç yüz səksən iki) hektar otlaq sahəsinin zəbt etmiş olduğu 27 (iyirmi yeddi) hektar hissəsindən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki gollegiyanın 15 yanvar 2024-cü il tarixli Qərardadından görünür ki, cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-203/2023 nömrəli iş üzrə 12 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki gollegiyanın 10 oktyabr 2024-cü il tarixli Qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(104)-403/2024 nömrəli qərardadından iddiaçılar X19 və X23 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X14 cavabdeh X2 qarşı əmlak tələbi əsassız olduğundan təmin edilməmişdir. İşdə olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2026-cı il tarixi rəyindən görünür ki, tədqiqat materialı olan “moşennik” sən elə bir şümürsən ki”-cümləsi təhqiredici məzmunlu olmaqla ünvanlandığı şəxsi, X17 neqativ qiymətləndirən, onun ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar hesab olunur. Həmin rəyə görə ekspertiza xərclərinə dair bildirşdən görünür ki, aparılmış tədqiqatın xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, Suliddin Abdullayevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi müəyyən edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna təminat nəzərdə tutmuşdur. İnsan hüquqlan üzrə Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikir ifadə etmək azadlığı) həyata keçirilməsi «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il «Mülki və Siyasi Hüquqlar Haqqında» Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf- cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olubolmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X14 təqsirləndirlən şəxs Suliddin Abdullayev tərəfindən təhqir edilməsi, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda sadalanmış qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilərdi. Xüsusi ittihamçı irəli sürdüyü ittihamda əks olunan təhqir faktının sübuta yetirilməsi üçün məhkəməyə heç bir mötəbər sübut təqdim edə edilməmişdir. Göründüyü kimi, Suliddin Abdullayevin təqsirli olmasına əsaslı şübhələr var və bu hal onun xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq etmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Suliddin Abdullayevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 -cü maddəsində göstərilmişdir ki, hər hansı bir şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X1 təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 100 manat pul vəsaiti xüsusi ittihamçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R disk cinayət işinin materiallarna əlavə edilib orada saxlanılmalıdır. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı CPM-nin 344-347, 349, 350, 352, 353.3, 353.5, 356, 358, və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Xüsusi ittihamçı X14 şikayəti ilə bağlı verilmiş ittiham üzrə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) məbləğində məhkəmə məsrəfi X13 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olan 01 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilib orada saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar