Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-306/2025 13.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində İrmaşlı kəndi istiqamətində piyada hərəkətdə olan zaman yerdən tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamaqla yaşadığı qəsəbə ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdə, saat 22:34 dəqiqədə Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən üstü yoxlanarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01(bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 13,15 qram bitki mənşəli kütlə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır, evlidir. Rəsmi olaraq heç bir yerdə işləmir, işsizdir. Bir neçə dəfə narkotik vasitə istifadə etmişdir, narkotik vasitənin marixuana növündən istifadə etmiş, başqa növündən istifadə etməmişdir. 31 iyul 2025-ci il tarixdə, səhər saatlarında işə gedərkən yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində İrmaşlı kəndi istiqamətində piyada hərəkətdə olan zaman yolun kənarında olan sellofan torbacıq diqqətini çəkmiş, həmin sellofan torbacığı yerdən götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli kütlə olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün daha sonra istifadə etmək məqsədilə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu həmin sellofan torbacığı yerdən götürüb cibinə qoymuşdur. 31 iyul 2025-ci il tarixdə, saat 23 radələrində o, yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman dörd nəfər polis əməkdaşı onu saxladıb, özlərini Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğu bildirilmişdir, yerdən tapmış olduğu narkotik vasitə isə həmin vaxt üzərində olmuşdur. Üzərinə üst baxışı keçirmişlər, həmin proseslər fasiləsiz video çəkilişlə çəkilmişdir. Üst baxışı keçirilən zaman polis əməkdaşları cibində və üzərində nə varsa çıxarmağı ona təklif etmişlər. O, isə onsuzda ifşa olunacağını düşündüyü üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə olan marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə üzərindən 01(bir) ədəd “LD” markalı siqaret qutusu, 01(bir) ədəd alışqan, 13 (on üç) manat 80(səksən) qəpik pul aşkar olunmuşdur. Həmin 01(bir) ədəd sellofan bükümdə olan marixuanaya bənzər kütlənin çəkisi polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə cəkilmiş və 01(bir) ədəd sellofan torbacıqla birlikdə 13,35 qram olması məlum olmuşdur. Təqdim etdiyi kütlə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Üzərindən çıxan digər əşyalar ona geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirilmişdir. Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququnun olması izah edilərkən, o, maddi imkanının olmadığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Ona təqdim edilmiş siyahıdan o, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi seçərək, hüquqlarını müdafiə etməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 13,15 qram narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 13,15 qram narkotik vasitə olan marixuananı heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Həmçinin üzərində narkotik vasitə olan marixuananın olması ilə bağlı heç kimə bildirməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 13,15 qram narkotik vasitə olan marixuananı 31 iyul 2025-ci il tarixdə, səhər saatlarında işə gedərkən Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində İrmaşlı kəndi istiqamətində piyada hərəkətdə olan zaman yolun kənarından yerdən tapmışdır, əgər lazım olarsa həmin yeri göstərə bilər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa əlavə olaraq heç bir yerdə narkotik vasitə saxlamadığını və 31 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ona qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Zəyəm qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 31 iyul 2025-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid2, Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis leytenantı Şahid4, Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 31 iyul 2025-ci il tarixdə, saat 22:34 dəqiqədə əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla sonuncuya narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt polis nəfəri Şahid3 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı 31 iyul 2025-ci il tarixdə, səhər saatlarında Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman asfalt yolun kənarından yerdən tapdığını, daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir, həmin kütlə onun tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisinin 13,35 qram olması müəyyən edilmişdir, daha sonra həmin sellofan büküm içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 228 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “LD” markalı siqaret qutusu, 01(bir) ədəd alışqan və 13 (on üç) manat, 80 (səksən) qəpik pul aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirmiş və onun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı 01(bir) ədəd zərfi Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyevə təqdim etmişlər. Həmin zərf təhqiqatçı tərəfindən video görüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Vəliyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş şahidlər Şahid3 Ağalar oğlu, Şahid2, Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 31 iyul 2025-ci il tarixdə tərtib edilmiş protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən üstü yoxlanılaraq şəxsi axtarış aparılmış və onun üzərində 1 ədəd sellofan bükümdə bükümündə, təmiz çəkisi 13,15 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 01 avqust 2025-ci il tarixli, 16/689 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxsin üzərindən çıxan narkotik vasitəyə bənzər yad kütlə, bir sellofan büküm” yazı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 13,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Gəncə şəhəri Narkoloji Dispanserinin ambulator Məcburi Narkoloji-tibbi yoxlama ekspertizasının 09 avqust 2025-ci il tarixli, 1259 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir rayonu Zəyəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş ailə tərkibi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər uşaqları var, onlardan bir nəfəri azyaşlıdır. Cinayət işinin materiallarında olan Şəmkir rayonu Zəyəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan təqsiləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan mürixunanı Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində tapdığı yeri könüllü olaraq göstərmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin (bundan sonra CPM-nin) 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə CPM-nin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. CPM-nin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. CPM-nin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, CM-nin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı uşağının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. CM-nin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdırılan halların olmaması nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, X2 cəmiyyətdən tam təcdir olunmadan, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədə uyğun hesab edir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablandığından, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 20205-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ-nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil edir. CM-nin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablandığından, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, CM-nin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 131.1.2-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 13,11 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 3 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. CPM-nin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs oğlundan ekpertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, CPM-nin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. CPM-nin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 10 saat vaxt sərf etmişdir. Buna görə də 110 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, CPM-nin 344–349, 351–353, 356, 358 və 384–385– ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdən 02 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 13,11 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 3 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Mirzəliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə 10 saat hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(076)-306/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-306/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver