Məhkəmə qərarları › İş №1(076)-317/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-317/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-317/2023 18.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxx 1966–cı il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 10 iyun 2023–cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən əkin sahəsində həmkəndlisi Zərərçəkmiş şəxslə aralarında sonuncunun həmin ərazidə özünə məxsus əkin sahəsinə artezian suyunu açıq buraxdığı üçün suyun ona məxsus əkin sahəsini basdığına görə yaranmış şəxsi münasibətlər zəminində sözlə mübahisə zamanı onun ünvanına nalayiq sözlər işlətməsi səbəbindən ondan qisas almaq niyyətilə qəsdən ayağı ilə Zərərçəkmiş şəxs sol ayağına bir neçə dəfə zərbə vuraraq ona sol topuq nayihəsinin tış səthinin şişkinlik, qançır və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında normal münasibətləri yoxdur. Belə ki, artezian quyusu üçün verməli olduğu pulun üstündə aralarında narazılıqlar olmuşdur. Onun özünə məxsus və icarəyə götürdüyü Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən cəmi 36 hektar pay torpaq sahəsi vardır, həmin torpaqda arpa, yonca və fıstıq bitkiləri əkərək ayda 1 dəfə olmaqla həmin sahəni artezian suyu vasitəsilə suvarır. Jasim də növbəni pozaraq daha çox özünə 1 hektar torpaq sahəsini suvarmaqla məşğul olmuşdur. 10 iyun 2023–cü il tarixdə saat 09 radələrində Sarıtəpə kəndində özünə məxsus pay torpağına gəlmiş, sahəni kombaynla biçdirmək istəmişdir. Oğlu Rövşən də adını bilmədiyi kombayn sürücülərinin yanında olmuşdur. Sahəni suvardıqları artezian quyusu da onun torpaq sahəsinin baş tərəfində yerləşir. Onlar yoncanı biçdirmək istədikləri yerə su basdığını gördükdə kombayn torpağa batdığından artezianı söndürmək üçün Jasimin yanına tək halda getmişdir. Oraya getdikdə suyun tam şəkildə ona məxsus yonca əkilmiş torpaq sahəsinə getdiyini gördükdə artezianı söndürmüşdür. O, arteziandan aralaşanda Jasimin uzaqdan gəldiyini gördükdə artezianın yanına qayıtmış, Jasim ona qarşı nalayiq ifadə işlədərək artezianı nə səbəbə söndürdüyünü soruşmuşdur. O da cavabında suyun onun əkin sahəsini basdığını demiş, Jasim də ona borcunun olmadığını və yerə özü nəzarət etməli olduğunu deyərək artezianı təzədən qoşmaq istəmişdir. O, əsəbləşərək Jasimin ünvanına söyüş söydükdə oğlu Rövşən gəlmişdir. Rövşən Jasim ilə sözlə mübahisə etməyə başlamış, Jasimə görə əkinin məhv olması onu daha çox əsəbləşdirmiş, bu səbəbdən Jasimi itələmiş və o, yerə yıxılmışdır. Jasim yıxılanda sol topuq nahiyəsindən xəsarət almışdır. Oğlu Rövşən onları aralamış, sonra Jasim oradan uzaqlaşaraq getmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 10 iyun 2023–cü il tarixdə saat 09 radələrində Sarıtəpə kəndində özünə məxsus pay torpağına gəlmiş və sahəni suvarmağa başlamışdır. Həmkəndlisi Novruzəliyə məxsus yonca əkilmiş torpaq sahəsi isə artezian quyusundan 20–30 metr yuxarıda yerləşir. Arteziandan Novruzəliyə məxsus sahəyə su sızdığını görmüş, təxminən saat 09 radələrində sahəyə gələn suyun kəsildiyini gördükdə artezianın yanına tərəf getmiş, oraya çatdıqda yaxınlıqda Novruzəli ilə oğlu Rövşənin yonca əkilmiş sahələrində bir nəfər tanımadığı şəxsə otbiçən kombayn vasitəsilə yoncanı biçdirdiklərini görmüşdür. Rövşən onu artezian quyusunun yanında görən kimi nalayiq ifadələr işlədə–işlədə ona yaxınlaşmış, niyə suya baxmadığını deyərək yonca sahələrinə su axdığını bildirmişdir. O da danışığına fikir verməsini dedikdə aralarında mübahisə yaranmışdır. Onlar Rövşənlə bir–birinin üzərinə gedərək sözlə mübahisə etməyə başladıqda Novruzəli arxa tərəfdən ona yaxınlaşaraq sağ əli ilə boğaz nahiyəsindən tutmuş və möhkəm sıxmış, boğaraq onu yerə yıxmışdır. Yerə yıxılanda onun gözləri qaralmış, kürək və ayaq nahiyəsindən ağrılar hiss etmişdir. Novruzəli onun topuq nahiyəsinin üzərinə çıxmış və onun üzərindən durmuşdur. Ayağa durduqda isə sol ayağının şişdiyini görmüş, yeriyə bilməmiş və ayağının ağrısı azalması üçün yaxından gələn suya salmışdır. Daha sonra piyada yola çıxaraq tanımadığı taksi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmiş, orada ona tibbi yardım göstərilərək evə buraxılmışdır. Bundan sonra isə polis şöbəsinə gələrək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Lakin hadisədən sonra Novruzəli ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 10 iyun 2023–cü il tarixdə saat 09 radələrində Sarıtəpə kəndində özünə məxsus pay torpağına atası ilə birlikdə gəlmiş və sahəni kombaynla biçdirmək istəmişlər. O adını bilmədiyi kombayn sürücülərinin yanında olmuşdur. Sahəni suvardığı artezian quyusu da torpaq sahəsinin baş tərəfində yerləşmişdir. Onlar yoncanı biçdirmək istədiyi yeri su basdığını gördükdə kombayn torpağa batdığından atası Novruzəli artezianı söndürmək üçün Jasminin yanına getmişdir. Oraya getdikdə suyun tam şəkildə onlara məxsus yonca əkilmiş torpaq sahəsinə getdiyini görmüş və artezianı söndürmüşdür. Novruzəli arteziandan aralaşanda Jasimin uzaqdan gəldiyini görmüş, artezianın yanına qayıtmışdır. Jasim atası Novruzəliyə qarşı nalayiq ifadə işlədib niyə söndürdüyünü soruşmuş, atası Novruzəli də cavabında yonca əkdiyi sahəni su basdığını demişdir. Jasim də buna borcunun olmadığını və yerə nəzarət etməli olduğunu deyərək artezianı təzədən qoşmaq istəmişdir. Atası Novruzəli əsəbləşərək Jasimin ünvanına söyüş söymüş, o, onların yanına gələrək Jasim ilə sözlə mübahisə etməyə başlamış, Jasimə görə əkin sahəsinin məhv olması onu daha çox əsəbləşdirmişdir. Əsəblərini idarə edə bilmədiyi üçün Jasimlə sözlə mübahisə edərəkən atası Novruzəli Jasimin boyundan tutaraq yerə yıxmış, Jasim yıxılanda sol topuq nahiyəsindən xəsarət almışdır. O, dərhal onları aralamış və Jasim oradan uzaqlaşaraq getmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 14 iyun 2023–cü il tarixli 652 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sol topuq nahiyəsinin tış səthinin şişkinlik, qançır və ağrı halında əzniyi küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 10 iyun 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan 15 iyun 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyun 2023–cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən əkin sahəsində həmkəndlisi Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ayağı ilə sonuncunun sol ayağına bir neçə dəfə zərbə vuraraq ona sol topuq nayihəsinin tış səthinin şişkinlik, qançır və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar