Məhkəmə qərarları › İş №1(076)-318/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-318/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-318/2025 28.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990–cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 avqust 2025-ci ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən çayın kənarındakı meşəlik ərazidə yabanı halda bitən çətənə (kannabis) bitkisinin kollarından toplayıb yaşadığı evdə qurutduğu narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonunun ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən Təqsirləndirilən şəxs 19 avqust 2025-ci il tarixdə saat 19:50-də Şəmkir rayonu,Çinarlı qəsəbəsindən Şəmkir rayonu,Yeni Həyat kəndi istiqamətinə gedən asfalt yoldan 50 metr kənarda “Ana” heykəlinin yanında piyada hərəkətdə olan zaman yolun kənarında Şəmkir rayon polis şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən saxlanılaraq üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın arxa sağ cibindən ümumi təmiz çəkisi 7,85 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan tutulmamışdan təxminən 4 ay əvvəldır ki, siqaretə doldurma yolu ilə istifadə etmişdir. 17 avqustda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən çayın kənarındakı meşəlik ərazidə piyada hərəkətdə olarkən çətənə kolu aşkar etmişdir. Aşkar etdiyi həmin çətənə kolundan özü istifadə etmək üçün aparıb yaşadığı evdə qurutmuşdur. 19 avqust 2025-ci il tarixdə saat 19:50-də qurutduğu narkotik vasitə olan marixuananı istifadə etmək üçün yaşadığı evdən götürüb ağ rəngli kağız bükümə qoyduqdan sonra əynində olan qara rəngli şalvarın arxa sağ cibinə qoyduqdan sonra yaşadığı ünvanı tərk etmiş, ünvan 2tinə gedən asfalt yoldan 50 metr kənarda “Ana” heykəlinin yanında piyada hərəkətdə olarkən yolun kənarında mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqda şübbhəli olduğunu bildirib videoçəkilişlə üst başını yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl ona hüquqlarını izah etdikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyini təklif etmişlər. O, da 17 avqust 2025-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən çayın kənarındakı meşəlik ərazidə piyada gəzərkən aşkar etdiyi və sonradan qurutduğu ağ rəngli kağız parçasına bükülmüş marixuananı əynində olan qara rəngli şalvarın arxa sağ cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üstü yoxlandıqda əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) qutu “Vest” markalı tütün məmulatı və həmin şalvarın sağ yan cibindən “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Üstündən aşkar edilmiş narkotik vasitə hesab olunan marixuana elektron tərəzidə çəkilmişdir. Həmin kütlə ağ rəngli kağız ilə birlikdə 9.47 qram kütlə təşkil etmişdir. Sonra isə təqdim etdiyi ağ rəngli kağız parçası və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra iştirakçılarla birlikdə imza etmişdir. 1 (bir) ədəd siqaret qutusu isə ona geri qaytarılmışdır. Bundan sonra onu Şəmkir rayon polis şöbəsinin Kür PB-nə gətirmişlər və təhqiqatçı polis mayoru Ənvər Əkbərov hüquq və vəzifələrini izah etdikdən sonra ona dövlət hesabına Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunmuşdur. Müdafiəçi1 dəvət olunduqdan sonra onun iştirakı ilə fasiləsiz videoçəkiliş aparılmaqla üzərinə vəklin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Tədqiqat aparıldıqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş narkotik maddə hesab olunan marixuananın təmiz çəkisi 7,85 qram olmuşdur. O, üzərindən aşkar edilmiş narkotik maddə hesab olunan marixuananı 17 avqust 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən çayın kənarındakı meşəlik ərazidə piyada gəzərkən aşkar etmişdir, lakin həmin marixuanadan istifadə etməmiş, satmaq niyyəti olmamışdır. Şəmkir RPŞ-nə gətirilən zaman və şöbədə olanda ona qarşı hər hansısa bir formada fiziki və ya başqa formada zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayon, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 avqust 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlaması barədə etimad doğuran, məlum qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin X4 rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Kür PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi altında,onun, Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə nəfəri,polis baş serjantı Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:50-də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyat kəndinə gedən yolun sol hissəsində asfalt yoldan təxminən 50 metr kənarda “Ana” heykəlinin yaxınlığında piyada hərəkətdə olarkən tərəfimizdən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şahid3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibində saxladığı ağ rəngli kağız parçasından ibarət bükümü təqdim etmiş, içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər, Təqsirləndirilən şəxs həmin marixuananı üç gün əvvəl Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən çayın yaxınlığındakı meşəlik ərazidən yabanı halda bitən çətənə kollarından yığaraq qurutduğunu və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə Şahid1 tərəfindən elektron tərəzi ilə çəkilmiş, büküm ilə birlikdə 9,47 qram təşkil etmişdir və bundan sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) qutu “Vest” markalı tütün məmulatı və həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu aşkar edilmişdir. Üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. 1 (bir) ədəd ”Vest” markalı tütün məmulatı isə iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Üst və yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Kür PB-nə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu və Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 19 avqust 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixə, saat 19:50-də Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyət kəndinə gedən yolun sol hissəsində asfalt yoldan təxminən 50 metr kənarda “Ana” heykəlinin saxlanılaraq üstü yoxlanılmış və onun əynindəki qara rəngli şalvarın arxa cibindən ağ rəngli kağıza bükülmüş vəziyyətdə yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında” 22 fevral 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 22 fevral 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Ənvər Əkbərov tərəfindən Şəmkir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2025-ci il tarixdə, saat 21:20-də tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixində Şəmkir RPŞnin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2025–ci il tarixli 16/729 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “üzərində aşkar edilən kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 7.85 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 25 avqust 2025–cü il tarixli, 1335 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 745 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB-nın Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,85 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlinin törətməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Hikmət Mirzəliyevə CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Şəmkir RPŞ–də saxlanılan 7,81 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD-R disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22), hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 36 (otuz altı) saata görə 396 (üç yüz doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ–də saxlanılan, 7,81 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinim materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 396 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar